İnsan taleyini
özü yaradır
Nurəddin Mehdixanlı: “Bilet alıb
tamaşalarımıza baxırlarsa, hər tamaşanın
sonunda alqışlar qopursa, deməli, boşuna
yaşamamışıq”
Ruhuna "Ruhani” çalınıb bu millətin. Sözü də
dəlidir, sazı da. Hərə bir
cürə başı havalıdır. Mənə
düşən də o havalıları tapmaqdı... "Sən tək deyilsən, səndən biri də,
biriləri də bu yanda var” deməkdi. Dərdi
hər nədirsə sözlə söylətməkdi.
Müsahibim bu günlərdə 61 yaşı tamam olan
sevimli aktyorumuz Nurəddin Mehdixanlıdır. Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında, ona aid kiçik qrim
otağında üzünə baxıram və
düşünürəm ki, o boyda adam bu
boyda otağa necə sığışıb? Təəccübümü
sonraya saxlayıb, halını soruşuram:
– Xoş gördük Nurəddin bəy.
Necəsiniz? Necə gedir həyat?
–
Çox sağ olun. Xoş gəlmisiniz,
həyatı necə tutursansa, elə də gedir. Bəzi korrektələr eləmək şərtilə.
– Korrektələr etmək
mümkündürmü?
–
Mümkündür. Deyirlər ki, insanın
taleyi alnına yazılıb. Mən buna
inanmıram. İnsan öz taleyini
özü yaradır.
– Bəs onda Allahın rolu
hardadır?
–
Allahın rolu odur ki, insanı yaradıb. Və
deyib ki, səni faili-muxtar yaratdım, ağlın,
şüurun, əlin-ayağın varsa get yaşa, həyatını
özün rənglə, özün qur.
– Yaşamağı
bacarırsınızmı?
– 61
yaşım tamam oldu. Bu qədər illər
keçdisə, deməli, nələrisə bacarmışam.
– Nə keçdi? Bu
altmış bir ildə nə oldu?
–
Çox şey oldu. Dərs keçdim, bir az
həyatı tanıdım, nələrsə öyrəndim
öyrəndikcə başa düşdüm ki, əslində,
heç nə öyrənməmişəm. Sən
demə, yaşa dolduqca hər şey sıfırlanır,
bildiklərin sənə yetərli olmur.
– Nəyi
bilmək istədiniz?
– Nəyə
gəlmişəm dünyaya? Missiyam nədir?
Kainat, bu canlılar... bunların işi nədir?
– Missiyasını bilməyən
adamın teatrda nə işi var?
–(gülür)
Teatr bir oyun məkanıdır. Burda
insanların duyğuları, hissləri, talelərilə
oynayırsan. Oynayıb onları da
aldadırsan, özünü də aldatmağa
çalışırsan. Bu, müqəddəs
aldatmadır. Deyirlər, ömür
çox qısadır, xeyr. Ömür
uzundur. Bu ömrü nə eləməliyik?
Oyunlar qurub, başımızı
qatırıq.
Biri var dağıdıcı aldanışlar biri də
var qurucu yalanlar. "Müqəddəs yalanlar” deyirlər
onlara. İnsan bəzən də aldanmaq, o
aldanışda dünyanın
ağrısından-acısından təsəlli tapmaq istəyir.
İlahi aldanışlarla insani
aldanışların da fərqi var. Mən bu barədə
çox düşünürəm, dünyaya niyə gəldim,
niyə getməliyəm?
– Nurəddin
bəy, dünyaya niyə gəldiyini sorğulayan bir adam bu balaca otağa necə sığır?
– Bu otaqda
Ağasadıq Gəraybəyli, Həsənağa Turabov,
Əlabbas Qədirov və mən oyuna
hazırlaşmışıq. Özümü
demirəm. Görürsünüz, nə
böyük dahilər bura sığıblar. Deməli, əsas məkanın
ölçüsü deyil, ruhudur. Burda Ağasadıq Gəraybəyli,
Həsənağa Turabov dünyasını dəyişdi. Məndən
gənc olmasına baxmayaraq İlham Əsgərov... Növbə mənimdi.
– Qorxmursunuz ölümdən?
–
Ölümdən qorxmaq lazım deyil. Elədiyi
əməllərdən peşman olanlar qorxar ölümdən.
Amma özünü insanlara həsr edən,
pislikdən, qeybətdən uzaq duran, hər gün vicdanına
hesabat verən adamların qorxmağına ehtiyac yoxdur.
– Birindən soruşurlar ki, niyə
olanını bu qədər dağıdırsan? Deyir,
varımıydı, verdim. Nəyiniz varıydı, kimə
verdiniz?
– Allah mənə
bir əmanət vermişdi. Ömrümü.
Onu paylamaqla məşğulam.
– Ömrünüzə ömür
qatanlar olmadımı?
– Bu,
mümkün deyil, sadəcə, bir az xoş yaşamağa səbəb
olanlar var. Ailən, sevdiklərin, dostların, ölkən,
torpağın, kəndindəki bulağın,
ayağını əzən
daşlı-çınqıllı yollar...
–
Yaradıcı adamlar həddindən artıq darıxan olur. Darıxırsınızmı?
– Mənim
buna vaxtım yoxdur. Gördüyüm və
görəcəyim işlər həddindən artıq
çoxdur. Amma desəniz ki,
yaradıcı adamlar yaşa dolduqca tənhalığa meyl
edirlər, orda həqiqət var. Darıxmaq deyil, əslində,
özünü dərk eləməyə çalışmaq
və orda ilişib qalmaqdı. O ilişib qalmaq bir
çıxılmazlıq halı yaradır. Bu,
yol axtarmaqdır.
– Tapırsınızmı o yolu?
– Hər
halda, bura qədər gəlmişəmsə deməli, bir
yolum var.
– Mənə
elə gəlir ki, Azərbaycan sizə dar gəlir. Şəxsi
fikrimdir...
– Azərbaycan
kiçik olduğu qədər də böyükdür. Mənim üçün ölçü metrlər,
santimetrlər olmayıb. Bilirsiniz, zahid
balaca bir qübbədə bütün dünyanı anlaya və
dərdləri daşıya bilər. Bütün
dünya dediyimiz onun qübbəsindən baxanda çox balaca
görünər. Sənət mənasında,
bəli, mən çox işlər görə bilərdim.
Ömrümüz Sovetlər vaxtına
düşdü, sonra da oturuşduq. Biz
türklər miqrasiyaya bağlı xalq deyilik. Dağılmağı xoşlamırıq. Yurd, torpaq, ata qəbri, ana qəbri... bəzən
deyirlər bu qəbiristanlıqlar nəyə lazımdır.
Hətta İslam dinində də məzarın
itib-batmağı məqbul hesab olunur. Mən
bunun qətiyyən əleyhinəyəm. Gedin Avropaya, o
yeddinci, səkkizinci əsrin qəbirlərinin
hamısını qoruyub saxlayırlar. O torpağın onlara məxsus
olduğunu sübut eləmək üçün. O məzarlar,
əslində, canlı abidələrdir. Min illər
boyu mənim babalarım bu torpağa tapşırılıb və
bu torpaq ona görə dəyərlidir. Yiyəsiz
qoyub getmək olmaz. Bu mənada, mən bu
torpağa bağlı adamam.
– Nə çatmır?
–
Çatmayan çox şey var. İstəyirəm, millətimin
uşaqları öz kimliklərini bilsinlər və
tanısınlar. Dünyada danışılan
bütün dilləri öyrənsinlər. İki Azərbaycan türkü bir-biri ilə əcnəbi
dildə danışmasın. Mənim
ölkəmin övladları milli kimlikləri ilə fəxr
eləsinlər və bilsinlər ki, dünya göbəyi kəsilən
gündən türkə tapşırılıb. Qiyamətə
bir canlı qalacaq, Qurd! Ona görə deyiblər
"Qurdla qiyamətə qalmayacaqsan ki”. Deməli,
qiyamət günündə qurddan başqa canlı heç nə
qalmayacaq. Qurd isə türk deməkdir.
Dünyanın doğuluşunda da biz vardıq, sonunda da biz
olacağıq! Bu millətin övladları bunu
bilməlidirlər, özlərini tanımalıdırlar.
Özünü tanıyan milləti qul eləmək
olmaz. Özünü tanıyan bir millətin
gənci başı yerdə gəzməz. Göyü görməyi öyrənməliyik.
Yerdəki hər şey bəllidir,
görünür, amma oranı axtarsan artıq ora getməlisən.
Mənim millətimin övladları ən
yüksək təhsil alsınlar, çünki bir millətin,
bir dövlətin taleyi onun məktəblərində
yetişdirdiyi uşaqlardır. Onlara nəyi,
necə öyrədirlər? Bir millətin
məktəbi o millətin hər şeyidir. Çünki o tədris ocaqlarında gələcəkdə
dövlət idarə edəcək insanlar yetişdirilir.
Necə yetişdiririksə bu dövlətin və
millətin taleyi də elə olacaq. Ona
görə də mən çox istəyirəm ki, bizim məktəblərimizdə
milli duyğuları üstün olanlar meydan oxusunlar. Yaxşı mənada. Uşaqlarımıza
dövlət idarə etməyi, milləti qorumağı, silah
tutmağı öyrədək. Mən istəyirəm
mənim millətimin övladları bu görülən
işləri, bax bu çəkilən yolları, asfaltı,
ağacları qorusunlar, "mənimdir” deyib, sahib
çıxsınlar. Bu millətə
istiqlalı qazandıran gənclər vardı ha,
qanlarını tökdülər, biz Şəhidlər
Xiyabanı qazandıq, o xiyaban isə bizim azadlığımızı
və müstəqilliyimizi qazandırdı. Bugünkü nəsil onlardan daha iddialıdır.
Azərbaycanın iqtisadi, siyasi, coğrafi mənada
ölçüləri bu formada qalmamalıdır və
qalmayacaq. Mən buna inanıram. Azərbaycan böyüyəcək, genişlənəcək,
daha böyük ərazidə xəritəsini
formalaşdıracaq. Dünya təkrarı
sevir. Dəyişikliklərə hazır
olmalıyıq. Bu mənada, Azərbaycan gənci
öz vətənini, öz torpağını sevməlidir.
Biz dünən müstəqil deyildik, nə
deyilirdi onu edirdik, amma keçdi o dövr, indi bura bizim öz
evimizdir. Kişinin də borcudur öz evini
qorumaq, sahib çıxmaq, təmiz saxlamaq. Biz
bir-birimizin əlindən tutmasaq, heç kim
bizim əlimizdən tutmayacaq, arxamızdan itələyəcəklər.
Gənclərə deməyim odur ki, kişinin evi olar! Eviniz
var! Azərbaycan adında...
– Sizə Azərbaycan teleməkanı
ilə bağlı sual ünvanlamaq istəyirəm. Çox böyük dəyərlərimiz
var, amma nədənsə biz bu səmimiyyəti ekranlara
daşıya bilmirik. Problem nədədir?
– Əgər bir insan zahiri görkəminə çox
fikir verməyə başlayıbsa, ondan uzaq gəzin. Çünki
onun içərisində hamıdan gizləməyə
çalışdığı xoş olmayan nələrsə
var. Mənə belə gəlir ki, Azərbaycan
televiziyalarının cəmiyyətə münasibətdə
verdiyi müsbət enerjiylə bağlı xoş olmayan
şeylər də var. Həmsöhbəti seçmək məsələsi.
Orda bir müəllimin, bir alimin bir aktyorun aparıcı
ilə həmsöhbət olması, əslində, bir
televiziya kanalının həmsöhbət olmasıdır.
Televiziya kanalları buna diqqət etməlidirlər.
Bu problemin birinci tərəfi. Şəxsi müşahidələrimdən deyim,
son zamanlarda bir neçə dəfə. Tv-lər
şou proqramları qazanc məqsədilə elədiklərini
deyirlər. Amma millətin əxlaqından
qazanc ummağa çalışmaq olmaz. Əxlaqsız
davranışlara yol vermək olmaz, televiziya hər birimizin
evimizdədir. Televiziya bir ideoloji vasitədir.
– Nurəddin
bəy, sizin bir duruşunuz var və o heç bir rolunuzda dəyişmir.
Siz hər rolunuzda Nurəddin
Mehdixanlısınız. Bu soyun
kökü haradır?
– Təbii
ki, hər rolu elə Nurəddin Mehdixanlı ifa edir. Avşarıq biz. Mənim ulu
babalarım Güneydəndir, babam Mehdixanın məzarı
çayın o tayındadır. Ulu babam
Qulu bəy Əfşar Məhəmməd Xudavəndənin
şah qvardiyasının rəisi olub. Əşfarlar
daim at belində, qılınca qurşanan savaş adamları
olub. "Avşar” sözünün mənası
da "yaxşı döyüşçü” deməkdir.
Mən bax, həmin o soydan gəlirəm.
Sonra ara bağlanıb yarı o tayda,
yarı bu tayda qalmışıq. Hər Novruz
bayramında atam bizi Qazan köşkünə aparırdı.
– Harda yerləşir?
– Cəlilabad
rayonunda. Hülaki xanın, Qazan xanın
köşkləridir. Oradan bizim Azərbaycan
tərəfə baxanda Xəzər, o tərəfə baxanda
bütün Güney görünür. Babamın
sərdabəsi ilə aramızda 500 metr var. Ara
açılandan sonra getdik, qəbri ziyarət elədik,
qohumlarımızı tapdıq. Biz sərhəd
uşaqlarıyıq, başqalarından daha çox o
ağrı-acını hiss edirdik. Yaz
vaxtı bizi aparardılar sərhədə, orda yaşlı
kişilər dəryaz vurardılar, üzləri bu tərəfə.
Həmişə o tayda camaat çayın
aşağısına düşərdi, üzlərini bu tərəfə
tutub qohum-əqrəbanı soraqlaşardılar. Bəlkə
də içimizdəki o paralanmış dünyamızı
biz daha çox hiss edirdik.
– Heç o tayda səhnəyə
çıxdınızmı?
– Xeyr. Amma çox oldum, hər yeri gəzdim.
Saqqız, Xorasan, Şirazi, Ardahan, Urmiyə...
– Nə
qoxuyur orası?
– Gəncə
qoxuyur, Cəlilabad qoxuyur, Bakı, Şamaxı, Şuşa, Qazax qoxuyur. Təbrizdə
oturanda hərdən orda elə bir külək əsir,
Bakıda olur e, əsəndə bədənindən xoş
bir gizilti keçir, ona "cənnət küləyi” deyirlər,
bax, ondan. Sərhədi keçəndən
sonra yad yerdə deyilsən, o dağ-daş, ağaclar, kol-kos
belə bir-birinə taydır.
– Biz Azərbaycanı niyə bu qədər
ağrılı sevirik?
– Səni
doğradıqları, yaraladıqları tarixi sənə
bayram kimi təqdim eləmişdilər. Bizə
tədris olunurdu ki, Azərbaycanın uğrunda şəhid
olan qəhrəmanlar düşməndir. Amma bu millət
üçün o qanlar tökülməsəydi, o qanda
yaşayan savaş havası olmasaydı, bu müstəqillik
qazanılmazdı... Beyinlərdə,
şüurlarda bu gün də savaş gedir. Dünənə qapanıb qalanlar, dünəndən
ayrılmaq istəməyənlər var. Çünki dünən
həmin o "yan”lardan yazılan elmi işlər var. Sadəcə
unudurlar ki, Azərbaycan artıq müstəqillik yoluna qədəm
qoyub və dünyanın bir parçasına çevrilib.
– Azadlıq nədir?
–
Azadlıq öz evi, öz qapısı, öz ocağı
olmaqdır. Öz dilində ürəkdolusu
danışmaqdır. Öz torpağı
üstündə dayanmağı bacarıb səhər
Tanrısına dua eləməkdir. Öz
qadınının gözünə kişi
kimi baxmaqdır, azadlıq. Öz oğlunun çiyninə
qollarını kişi kimi qoymaqdır,
azadlıq. Öz övladının, öz
qızının ocağını qurmaqdır.
Qoldakı deyil, ruhdakı zəncirləri qırmaqdır! Azərbaycan
dövlətinin ayağına badalaq olanlar bilməlidir ki, bu qatar artıq yola çıxıb.
– Nurəddin bəy, Kərkükü
nə qədər tanıyırıq?
–
1994-cü ildə Kərkükdə olmuşam. Üç
gün üç gecə.
– Ora
haradır sizdən ötrü?
– Bölünmüş Azərbaycanın bir
parçasıdır. 2 milyon 865 min kv/km olan Azərbaycan Səfəvi
dövlətinin İraq ərazisində qalmış
torpağıdır. Türkmən deyirlər
onlara. Onlar isə özlərinə Azərbaycan
türkləri deyirlər.
– Ab-havası necədir?
– Bura necədirsə,
ora da elədir. Davranışları, nəğmələri,
dilləri eynidir. Gəncəliylə
bakılının danışığı arasında fərq
nə qədərdirsə, kərküklü ilə
bakılının arasında fərq də o qədərdir.
Biz türk millətinin taleyinə məzhəb
müstəvisindən baxmamalıyıq. Bu
gün Türk millətinin içərisində məzhəb
ayrı-seçkiliyi çox ciddi bir problemə çevrilib.
Kərkükün müəyyən mənada
köməksiz buraxılmasında məzhəbi
yanaşmanın rolu var. Bizi Allah türk yaradıb. Milli mənsubiyyətimizlə dünyaya gətirib,
sonra biz dinimizi seçmişik. Deməli,
öncə mənim milliyyətimdir. Məzhəb
müstəvisində mənim millətimi parçalayıb
üz-üzə qoyan inancdan imtina edirəm. Məni bütövləşdirən, bir görən,
xor görməyən din mənimdir. Məni sünniyə,
şiəyə, bölürsə bir din, o mənlik deyil! Onda nədən yerdəki bəndələr
Allahın yaratdığı bir milləti parçalayıb
birinə yardım edib birini köməksiz qoyur? Kərkük bütün türk
dünyasının problemidir. Fəryad
qoparır.
– Gəlin bir az da
ədəbiyyatdan danışaq. Sözlə
aranız necədir?
– Ədəbiyyatı sevirəm. Klassik ədəbiyyatımızın
nümunələrini mənim bu otaqdakı kitab rəfimdə
görə bilərsiniz. Fizuli, Nizami, Cəfər
Cabbarlı, Hüseyn Cavid...
– Hansı daha çox dilimizdədir?
–
Hamısı! Onların hamısı mənim
dilimdə yazıblar. Mənim dilimdə
danışırlar. Əgər biz türk kimliyimizi
anlamaq istəyiriksə, Hüseyn Cavidi, Azərbaycan türkcəsinin
özəlliyini və gözəlliyini görmək istəyiriksə,
Cəfər Cabbarlını, dərdlərimizin hardan
başladığını bilmək istəyiriksə, Cəlil
Məmmədquluzadəni oxumalıyıq. Dünya
xalqları içərisində özümüzə layiq
olan yeri tutmaqdan ötrü nələrdən imtina eləməyik,
bunu bilmək istəyiriksə Üzeyir Hacıbəylini
öyrənəcəyik. Bizim böyük dahilərimiz
və mənbələrimiz var. Günümüzdə
çox sevdiyim Salam Sarvan, Aqşin Yenisey, Qan Turalının,
Mirmehdi Ağaoğlunu, Şərif Ağayarın, Cavid
Zeynallının əsərlərini oxuyuram, çox gözəl
yazırlar. Və Sona Vəliyevanın
kitabını oxuyuram – "Arazbarı”nı. Demək olar, hər gün mən bu kitabdan nəyisə
təkrar-təkrar oxuyuram. Burda elə məqamlar
var ki, sənin duyğularını təzə saxlayır,
çirklənməyə qoymur.
– Bu
kitabdan ən çox sevdiyiniz şeir hansıdır?
– "Sərçənin yurd sevgisi”. Siz fikir vermisiniz onlar necə
ev tikirlər? (Şeri oxuyur...) Bunu
dünyanın ən böyük cinayətkarına oxu,
ağlamasa, tövbə eləməsə mənə nə
deyirsiniz deyin. Ədəbiyyat budur. Ədəbiyyatın gücü budur.
– Tamaşaçıdan nə
gözləyirsiniz?
– Zəhmətimə
dəyər verməyi. Tamaşaçıdan mənim
zəhmətimə və öz vaxtına dəyər verməyini
gözləyirəm. Razıyam onlardan.
Hər şeyə rəğmən, bu gün gəlib
Akademik Milli Dram Teatrında bilet alıb tamaşalara
baxırlarsa və hər tamaşanın sonunda alqışlar
qopursa, deməli, biz boşuna yaşamamışıq. Bax, o tamaşaçılar Azərbaycan
teatrının fədailəridir. Teatrı
anlamaqdan ötəri xüsusi mədəni səviyyəyə
ehtiyac var.
– Teatr möcüzəvi şeydir, eləmi?
– Yüzlərlə
adamın eyni vaxtda susduran, eyni vaxtda ağladan, eyni vaxtda
güldürüb, ayağa qaldıran sənətdir.
Bu, bir dini ibadət mərkəzlərində
olur, bir də teatrda.
– Olubmu
ki, səhnədə oyunun ən zirvəsini
yaşamısınız və çıxmısınız
teatrdan, getməyə yeriniz olmayıb...
–
Çox olub. İnsan anlaşılmamaqdan qorxur,
bölüşməyə kimsəsi olmadığından
qorxur. Təsəvvür edin,
çıxırsan çöldə yağış
yağır, səni gözləyən tamaşaçı da
gedib, bir dünya var, bir də sənsən.
– Bu, dəhşətlidir...
– Amma
gözəldir. Allah da təkdir və mənə
elə gəlir ki, Allah da tək qalanda tək qoyduğu
adamlarla dərdləşir. Çünki
onu ancaq onlar anlayar.
– Sizi ən pis hala sala biləcək
gün hansı olar?
– Azərbaycanın
Qarabağdan imtina elədiyi gün! Hər
şeyin sonudur. Mənim üçün də, hər
bir azərbaycanlı üçün də, Azərbaycan
üçün də!
– O
gün olmayacaq!
– Bilirəm
o gün olmayacaq. Ona görə də ürəyimi
partlatmaq fikrində deyiləm. Hələ
mənim görəcək işlərim var. İnsanın
gücü fiziki deyil, ruhunun gücündədir.
– Nəyin
hesabatını verə bilərsiniz? Ailənizə,
tamaşaçıya və özünüzə. Ümumiyyətlə, siz neçə yerə
bölünürsünüz?
– Mən
30 ildir hər gün yoldaşımı işə aparıb-ətirirəm.
Uşaqlarımı da eləcə. Əvvəl məktəbə, sonra işə.
Özüm isə teatra gəlirəm. Və hər gün özümə hesabat verirəm.
61 yaş isə artıq deyir ki, bu
hesabatların cəmini çıxar, əsas yerə
hazırlaş. Həyatımın müəyyən
dağılmış hissələrini toplayıb orada hesab
verməyə hazırlaşıram. İnsan
onun bir zərrəsidir ayrıldı gəldi, indi
qayıdıb qovuşacaq ona.
– Ən çox nə vaxt
xoşbəxt olmusunuz?
– Xoşbəxtlik
anlardır. Saniyə də deyil. Ailə
qurduğum gün, xoşbəxt olduğum an
qızım Ayturanın, oğlum Ərturanın dünyaya gəlməyi...
Oğlum doğulan gecə səhərə qədər
Rüstəm Behrudi ilə xəstəxananın
qabağında qaldıq, sonra da başladıq şəhəri
piyada gəzməyə. Eləcə də
qızım Alagözün doğulması.
– Səmimi söhbət
üçün minnətdaram, Nurəddin bəy. Bizə
sözünüz varmı?.
– Mən
"Kaspi”ni izləyən və oxuyan adamam. Sizin
135 illik yubileyinizdə iştirak etmişəm. 136 ildir insanlar "Kaspi” adına qələm
çalıblar. "Kaspi” yaşayırsa
sənin sözün, sənin qələmin yaşayır.
Biz millətimizin nə
düşündüyünü, nə istədiyini məhz
yazılanlardan bilirik. Qələm sahiblərinin,
söz sahiblərinin üzərində millətin üzünə
qapıları açmaq, bayraq olmağı bacarmaq kimi
çox böyük və müqəddəs bir missiya var.
Bayrağın ardınca getmək qəhrəmanlıqdır,
bayrağın özü olmaq isə qəhrəmanlığın
heykəlidir. Bayraq ona görə öndə
gedir ki, hamıdan böyükdür. Rəhmətlik
atam deyərdi, kişinin başı onun bayrağıdır,
hər gələnin önündə əyməzlər.
"Kaspi” qəzeti Azərbaycan mətbuatında
özünün bayrağını qaldırıb, 135 ildir
yol gedir. Mən ona bundan sonra da neçə
135 illər arzu edirəm. "Kaspi” Azərbaycan
ziyalılarının və işıqlı
adamlarının qəzetidir. Heç vaxt
işığınız əskik olmasın.
Çox sağ ol, təşəkkür edirəm,
Nigar. Milli kimliyinə sahib olan, ona dəyər
verən, torpağına, bayrağına, dövlətinə
sevgisi, sədaqəti olan adamları çox sevərəm.
Böyük sevgilərin təməli torpağa
Vətənə, Anaya, dilə, mövcudluğuna olandır.
O biri sevgilər məhz bunların üzərində qol-qanad
açır. Artıq neçə ildir
bir-birimizin ruhuna, duyğularına bələd olan
adamlarıq. Hər adamla bu söhbəti
eləmək olmur. Xoşbəxt adamlarıq
ki, bu duyğuları bölüşməyə kimimizsə
var.
Nigar
İSFƏNDİYAR
Kaspi $g 2017.- 14-16 oktyabr. - S.12-13.