“Etiraf”dan
doğan etiraf
“O illərdən bir qərinəyəcən vaxt
keçib, amma...”
Elə insanlar var ki,
onların məziyyətlərini,
vətəninə, millətinə
etdiyi xidmətin dəyərini demək üçün söz axtarışında acizlik çəkirsən.
Mənim
çoxdan tanıdığım
tibb elmləri doktoru, professor, gözəl
həkim, cərrah Çərkəz Cəfərov
haqqında neçə
dəfə yazmaq istəmişəm, amma onun mənəvi portretini yaratmaqda qələmimdən razı
qalmamışam. Təbiətdə olduğu kimi, görünür söz gülüstanının da
öz baharı varmış. Bu yaxınlarda
özünün mənə
avtoqrafla bağışladığı "Etiraf” adlı kitabı sanki bu yazıya bir dəstək oldu. Əvvəlcə istərdim ki, qəhrəmanımın özü
haqqında oxuculara
ətraflı məlumat
verim. Sonra isə müəllifin
böyük qədirbilənliklə
qələmə aldığı
"Etiraf”ın məzmunundan,
mövzusundan, söylədiklərinin
əhəmiyyətindən söz açım.
Çərkəz Cəfərov 1942-ci ildə
Şərur rayonunun Dəmirçi kəndində,
sadə bir ailədə anadan olub. Orta məktəbi
doğma kəndə bitirdikdən sonra indiki Azərbaycan Dövlət Tibb Universitetində ali
təhsil alıb. Həkim kimi ilk əmək
fəaliyyətinə 4 saylı
Bakı şəhər
kliniki xəstəxanasında
başlayıb. Elmi işi
ilə bağlı iki dəfə - 1971-ci və 1982-ci illərdə
Rusiyaya ezam olunub. 1995-ci ildə tibb elmləri doktoru kimi müsabiqə yolu ilə doğma
universitetin ümumi cərrahlıq kafedrasına
müdir seçilib. Bu gün
də işini ləyaqətlə davam etdirir. 250-dən çox
elmi əsərin, o cümlədən 2 dərsliyin,
2 monoqrafiyanın, 2 ixtiranın,
1 patentin, 5 səmərələşdirici
təklifin müəllifi
olan Çərkəz
Quliyevin rəhbərliyi
altında onlarla namizədlik, doktorluq dissertasiyası müdafiə
edilib. Xəstələrə
həkim məsuliyyəti,
insanlıq həssaslığı,
özünəməxsus diqqət , qayğı ilə və təmənnasız
yanaşması qəlblərdə
böyük sevgi doğurub, ona inamı artırıb. Çərkəz Quliyevin adı
çəkiləndə onu
tanıyanların çöhrəsində
razılığı əks
etdirən xoş bir təbəssüm yaranır.
Sağlamlığımızın keşiyində fədakarlıq
və ürəyinin hökmü ilə dayanan bu ləyaqətli
insanın kitabı da elə mənəviyyatının
güzgüsüdür. Azərbaycan tibb
elminin inkişafında,
tədrisində, kadrlar
hazırlanmasında, eləcə
də ümumi cərrahlıq kafedrasının
təşkilində böyük
xidməti olan şəxsiyyətləri, müəllif
ehtiramla yad edərək, onları bir daha bizə
tanıdır. "Unutma ki, unudulmayasan!”
deyiminə hər kəsin əməl etməsi çox vacibdir. Bu qədirbilənlik
həyatimizin devizinə
çevrilsə, ömrün
faydalı olmasından
insan bir təsəlli tapar: həqiqətən də yaxşılıq, mərhəmət,
xeyirxahlıq unudulmur.
Tibb fakültəsi
ötən əsrin
20-ci illərində Bakı
Dövlət Universitetinin
nəzdində olub. Fakültənin
ümumi cərrahlıq
şöbəsinə də
əvvəlcə qeyri
millətin nümayəndələri
rəhbərlik edib.
Onları da ehtiramla
xatırlayan müəllif
bu həkim-alimlər barəsində də oxuculara ətraflı məlumat verib. F. K. Finkelşteya, A. İ. Okinşeviç
kimi həkim-cərrahların
adlarını hörmətlə
çəkən, onları
minnətdarlıqla yad
edən Çərkəz
Cəfərov 1915-ci ildə
Kiyev Universitetinin tibb fakültəsini bitirmiş Əbülfət
Talışinskinin, 1938-ci ildən
ömrünün sonuna
kimi (1971-ci il) Azərbaycan Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasının
müdiri vəzifəsində
çalışmış professor Zülfüqar
Məmmədovun, həmin
kafedranın əməkdaşları
Gülbala Qurbanovun, Rza Ələkbərovun, Aslan Tahirovun fəaliyyətlərindən söz
açaraq, onların
bu sahədəki fədakarlıqlarından həmkar həssaslığı ilə
məlumat verir.
Müəllif öz müəllimlərini
də dərin hörmət hissi ilə xatırlayır. Bu sırada Hüsniyyə Diyarova haqqındakı fikirləri maraqlı təsir bağışlayır.
Mahmud Bəhrami, Mustafa Əlikişiyev,
Qəşəm Məmmədzadə
və digər müəllimlərini də
məhəbbətlə yada
salan Çərkəz
Quliyevin bu kitabı əslində, bir ensiklopediyadır. Ümumi cərrahlıq kafedrasının
yarandığı gündən
indiyə kimi göstərdiyi fəaliyyət
və onun qurucuları, əməkdaşları,
rəhbərləri barəsində
geniş məlumat almaq mümkündür.
Hətta
bu kafedrada nə vaxtsa çalışmış erməni
həkimin də adı çəkilir.
Doğrudur, mən bunu
təqdir etmirəm, amma bir müəllif
kimi onun öz haqqıdır.
Görünür ki,
biz həmişə humanistliyimizə,
vicdanımıza sadiqik.
Bir də biz heç zaman həqiqəti gizlətmirik. Əlbəttə,
bu da şərtdir
ki, ensiklopedik mahiyyət daşıyan kitabın da hazırlanmasının öz
cəhətləri və
tələbləri var.
"Təhsil” nəşriyyatında çap edilmiş bu kitabın missiyası qaneedicidir. Tibb elmləri doktoru Çərkəz Cəfərova bir daha təşəkkürlər ki, o böyük bir işə müəlliflik edib. Məsuliyyət və həssaslıqla oxucusunun diqqətini sağlamlığımızın keşiyində dayanmış və bu gün də bu işi ləyaqətlə davam etdirən ağxalatlıların müqəddəs bir amalına yönəldib. Həkimin təkcə xalatı deyil, mənəviyyatı və daxili aləmi də ağappaq olmalıdır. Yaxşı ki, bizim belə həkimlərimiz çoxdur. Elə bu müqəddəs istəklə də, biz Azərbaycanda tibb elmimizin inkişafında, tədrisində, kadrların hazırlanmasında böyük rolu olan Azərbaycan Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının təşkili və inkişaf tarixini işıqlandıran "Etiraf” adlı kitabı maraqla oxuduq. Yəqin ki, bizim etiraflarımız da həm müəllifi, həm də oxucuları qane edəcəkdir.
Burada professor
Çərkəz Cəfərovla bağlı bir
xatirəni də yada salmağı
özümə borc bilirəm. O, Azərbaycanın
tanınmış şairi və görkəmli
publisisti Cavad
Cavadlının kürəkənidir. Mən on beş il bu unudulmaz şəxsiyyətlə bir redaksiyada - "Azərbaycan
müəllimi” qəzetində
çalışmışam.
Cavad müəllim mənim
şöbə müdirim olub. Həmişə
istedadlı gənclərə xüsusi
qayğı göstərərdi. Heç
unutmuram, yaxın rəfiqəmin anası
ağır xəstələnmişdi. Cərrahiyyə əməliyyatı
üçün
maddi imkan tələb
olunurdu. Mənim kədərli olduğumu sezən Cavad
Cavadlı ovqatımla maraqlananda rəfiqəmin vəziyyətini ona danışdım. Dərhal kiməsə zəng edəndən
sonra mənə dedi : "Qadını mütləq Çərkəz
həkimin yanına aparın, qızım Jalənin həyat
yoldaşıdır. Bacarıqlı cərrah və dürüst insandır. Rəfiqənə də
de ki , narahat
olmasın. Qara qəpiyi də
çıxmayacaq.” Həqiqətən də taleyin
dolaylarında həyat yoldaşını itirərək
balalarını yetimliklə böyüdüb,
ərsəyə çatdıran o
qadını - biçarə ananı Çərkəz Cəfərov
ölümdən xilas etdi.
Mən ilk dəfə idi ki, bu
dərəcədə təmənnasız və mərdliklə
xəstəsinin aylarla
qayğısını çəkən həkim görürdüm. İndi o illərdən bir qərinəyəcən
vaxt keçib, amma əsil həkim olan və
bu peşəsinə insanlığı
ilə şərafət gətirən Çərkəz
Cəfərovun mərdliyini
unutmamışam . Bu da mənim etirafım...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi $g 2017.- 14-16 oktyabr.-
S.7.