Film festivalları ölkənin təbliğatı
baxımından böyük önəm
daşıyır
Bəxtiyar Qaraca: “Digər ölkələrin
nümayəndələri məndən soruşurdular ki, sizdə
hansı festivallar var...”
Festival bir
bayramdır deyirlər. Bayram
yaradıcı insanları bir-biri ilə
görüşdürürsə, bu, ikiqat bayrama çevrilir. Yaradıcılıq mübadilələri
başlayır, tanışlıqların əsası qoyulur və daha nələr,
nələr. Beynəlxalq festivallar bu mənada yaradıcı insanlar
arasında bir vasitəçi rolu oynayır. Bu
baxımdan 27-30 sentyabr tarixində İstanbulda keçirilən "6 ölkə,
13 ekran, 1 festival”
şüarlı festival da
xüsusi əhəmiyyət kəsb edirdi. İstanbul Universitetinin Böyük Salonunda başlanan festival türkdilli
xalqları ətrafına cəm etmişdi.
Türk Dünyası Jurnalistlər
Federasiyası tərəfindən türk
mədəniyyətini tanıtmaq məqsədilə təşkil
edilən I Türk Dünyası Sənədli
Film Festivalı 2016-cı ildə "5
ölkə, 7 şəhər, 1 festival”
şüarı ilə yola
çıxıb. Bu il
hədəfini böyüdən II Türk
Dünyası Sənədli Film
Festivalı 5 deyil, 6 ölkə ilə yola davam edib.
Türk Dünyası Sənədli
Film Festivalı Bəxtiyar Qaracanın gözü ilə
Festivalda münsif heyəti qismində Azərbaycanı təmsil edən tanınmış telejurnalist, yazıçı-publisist Bəxtiyar Qaraca redaksiyamızın qonağı oldu. O, II Türk Dünyası Sənədli Film Festivalı ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. Müsahibimiz deyir ki, keçən il dünyasını dəyişmiş azərbaycanlı rejissor Tofiq İsmayılovun adına təsis edilən xüsusi mükafat bu ildən etibarən sözügedən festivalda təqdim edilir. 2017-ci ildə Tofiq İsmayılov xüsusi mükafatına Başqırdıstandan Kirsten Qainetin "7 Maidens Theatre” filmi layiq görülüb.
B.Qaraca bu tip festivalları təqdirəlayiq hesab edir. Deyir ki,
məhz belə festivallar sayəsində
biz öz haqq səsimizi beynəlxalq arenada daha asan
şəkildə eşitdirə
bilərik: "Sentyabrın
27-30-da İstanbulda olduq. "6 ölkə, 13 ekran, 1 festival” layihəsində
bir-birindən maraqlı
insanları, rejissorları,
mütəxəssisləri tanıdıq. Tədbir yüksək
səviyyədə təşkil
olunmuşdu. Açılışı da, bağlanışı
da maraqlı keçdi. Bağlanışda millət vəkilləri,
Türkiyənin tanınmış
ziyalıları iştirak
etdilər. TRT kanalından çəkiliş
oldu. Mən ötən festivalda
"İşığın düşmə bucağı”
filmim ilə iştirak etmişdim.
Bu il isə
tamam fərqli formada, münsif kimi iştirak edirdim. Festivalın qaydaları belədir
ki, ilk olaraq Türkiyədə keçirilir,
filmlər müəyyənləşdirilir.
Sonra Kiprdə, Azərbaycanda, Qazaxıstanda,
Qırğızıstanda bu
layihə davam etdirilir. Yəni bu festivalda iştirak edən ölkələrin paytaxtlarında
bu layihə davam edir. Festival barədə böyük jurnal çap olunub. Bu jurnalda
festivalla bağlı bütün informasiyalar dərc edilib”.
Festivalın iştirakçıları və orada nümayiş
olunan filmlər barədə hazırlanan kitabı vərəqləyib,
filmlərlə tanış olduqdan sonra söhbətimizə davam edirik.
Layihə barədə bizi məlumatlandıran yazarın
sözlərinə görə,
festivala bir çox ölkələrdən
filmlər göndərilib. Həmin
filmlər ilkin baxışdan keçib münsiflər heyətinə
təqdim olunub: "Festivala təqdim olunan filmlər arasından 3 mükafat müəyyənləşdirdik. Burada peşəkarlarla yanaşı,
tələbələrin də
filmləri nümayiş
olunurdu. Onun üçün
ayrı bir nominasiya təşkil edilmişdi. Tələbə
yaradıcılığı ilə tanış
olmaq bizim üçün də maraqlı idi. Nominasiyada Qırğızıstandan olan
tələbələr var
idi ki, onlardan
biri birinci, digəri üçüncü
yerə sahib oldu.
Festivalda əsasən xalqların
etnoqrafik adət-ənənələrini
göstərə bilən
filmlər nümayiş
olunmuşdu. Həqiqətən də gənclərin
gözü ilə filmlərə baxmaq maraqlı idi. Onlar daim inkişafda, daim axtarışdadırlar”.
Məlumat üçün deyək ki, festivalın münsiflər heyətinin
üzvləri sırasında
Hocakulu Narlıyev (rejissor, Türkmənistan),
Əhməd Yeşiltepe
(rejissor, Türkiyə,
NTV Xarici Yayımlar Bölümü), Əbdülhəmid
Avşar (rejissor, Türkiyə, TRT İstanbul)
Albina Nafiqova (rejissor, Tatarıstan), Məmməd Gülərüz
(rejissor, Türkiyə,
SETEM-in təsisçisi), Artıkbay
Süyündukoy (rejissor,
Qırğızıstan), Zeynel
Koç (Türkiyə,
TRT İdarə Heyətinin
əvvəlki üzvü)
kimi tanınmış
kinorejissor və prodüserlər var idi.
Festivalda birinci yeri Türkmənistandan
"Ağ vərəq”,
ikinci yeri Qırğızıstandan "Manas” filmi tutub. Üçüncü yeri Türkiyədən
"Sirac” adlı film
qazanıb.
13 oktyabrda Bakı Dövlət Universitetində
tələbələrlə görüş keçirdiklərini
deyən B.Qaraca, burada II Türk Dünyası Sənədli
Film Festivalının ən
yaxşı üçüncü
filmi - türkiyəli
rejissor Gülşan Sarunun "Sirac” filminin nümayiş olunduğunu bildirdi: "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Dünya
kinosu və Azərbaycan kinosunun bugünkü inkişafı”
mövzusunda tələbələrlə
görüşümüz oldu. BDU Jurnalistika fakültəsinin
dekanı Vugar Zifəroğlu, məruzəçilər
Oqtay Mirqasımovla söhbətimiz maraqlı
keçdi. Orada iştirak
edən tələbələr
bildirdilər ki, onlar hər zaman diqqət mərkəzimizdə olan Qarabağ problemi ilə bağlı film çəkib, həmin festivala göndərə bilərlər. Mən orda
da qeyd etdim
ki, filmləri elə çəkmək lazımdır ki, tamaşaçı onu
hiss edə bilsin.
Müharibədə iştirak edən
hər hansı qəhrəmanı ekran qarşısına gətirib
onu danışdırmaqla,
bu həll olunası məsələ
deyil. Mənim özümün də nə qədər elə filmlərim var.
Qarabağ mövzusunu insanların
rahat anlayacağı tərzdə və gözəl şəkildə
təqdim etmək lazımdır. Gənclərin
məsələyə yanaşma
tərzi bir az fərqli
olmalıdır. Türkiyədə olan azərbaycanlı tələbələr qısa
müddətdə Xocalı
ilə bağlı qısametrajlı film çəkmişdi.
7 dəqiqəlik qısametrajlı film o qədər
təsiredici idi ki, istər-istəməz insan bir anlıq
sarsılırdı. Söhbət festivalda yer tutmaqdan getmir, əsas odur ki, çəkdiyin film insanlara nə aşılayır, sən
onunla nə demək istəyirsən.
Festivala göndərilən filmin hər bir detalı
önəmlidir, xüsusilə
də onun çəkilişi, ssenarisi,
rejissor işi, mövzunun aktuallığı”.
Söhbətimiz o qədər maraqlı və axıcı alınır ki, bir də o zaman
ayılıram ki, artıq müsabiqədə
üçüncü yerə
layiq görülən
"Sirac” filmin izləyirəm. Bəxtiyar Qaraca filmdəki
özəllikləri o qədər
ustalıqla qeyd edir ki, bu
filmə hər kəsin baxmasını tövsiyə edirik. Sənədli film min il əvvəl Orta Asiyadan Anadoluya
köç edən, Oğuz boylarından biri olan, Bəydili
tayfasına məxsus Sirac türkmənlərindən
bəhs edir. Anadolunun dağlıq bölgələrində
yaşayan siraclar ata-baba mədəniyyətini
qoruyub-saxlayan bir türk tayfasıdır.
Türkiyənin Tokat rayonunun
Zile qəsəbəsinin
Karacaören kəndində
aparılan çəkilişlərdə
sirac türkmənlərinin
adət-ənənələri əks olunub. Sənədli film Tokat, Zile, Karacaören, Karşıpınar və
Almus qəsəbəsinin
Hubyar kəndində çəkilib.
Filmimizin
iştirak etmədiyi
festival
Müsahibimizlə söhbətdən öyrənirik
ki, o, eyni vaxtda Adana Film Festivalına
da dəvət alıb. Ancaq seçim etmək qarşısında
qalıb: "Həmin
festivalda mənim filmlərim nümayiş olunacaqdı. Hər iki festivalın
təşkilatçıları biletlərimi alıb göndərmişdi. Mən seçim
etmək məcburiyyətində
qaldım. II Türk Dünyası Sənədli Film Festivalında
münsif heyəti olduğum üçün
orada iştirak etməli oldum. Ümumiyyətlə dünyada ildə
1500-ə yaxın belə
festivallar keçirilir.
Sənədli film həm aktuallıq,
həm də təsir baxımından maraqlıdır”.
Festivalda
münsif olan müsahibimiz deyir ki, gənclər onları öz filmləri ilə çox təəccübləndirsələr
də, onların içərisində Azərbaycan
filmi iştirak etməyib: "Bizim gənclər təəssüf
ki, bu dəfə
iştirak etmədilər.
Ümid edirik ki, növbəti
ildə biz onları da bu layihədə
görə biləcəyik”.
Müsahibimizə "Bəs nə üçün Azərbaycanda da belə festivallar keçirilmir?” - deyə sual etdik. Cavabı çox gecikmədi: "Bu çox ağır bir prosesdir. Elə şeylər var ki, o tək bizim özümüzdən asılı deyil. Bunun üçün müəyyən təşkilatlar bir yerə yığışmalı, bir layihə təqdim etməli və bunun üçün çalışmalıyıq. Belə ki, bu işdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, kino ittifaqları, televiziyalarımız və digər təhsil ocaqlarımız da iştirak etməlidir. Əgər biz belə bir festival keçiririksə, onu yüksək səviyyədə etməliyik. Qonaqların dəvət olunması, onların yerləşdirilməsi, filmlərin təbliğ olunması - bunların hamısı məsuliyyətli işlərdir. Festivalda digər ölkələrin nümayəndələri məndən soruşurdular ki, sizdə hansı festivallar var və biz həmin festivallara filmlərimiz necə göndərə bilərik? Açığı, bu suala cavab vermək mənim üçün çox çətin idi. Təbliğata bu qədər ehtiyacın olduğu bir vaxtda film festivallarının keçirilməsi təbii ki, yerinə düşərdi. Digər ölkələrdə belə festivalların sayı hədsizdir. Bu həm tələbələr, həm də istedadlı rejissorlar arasında keçirilməlidir. Çox sevindirici haldır ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun və millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə "Ocaq” festivalının keçirilməsi planlaşdırılır. Hətta iştirakçı olduğum festivalın dəstəkçilərindən biri də Türkiyə mətbuat şurasıdır. Onların dəstəyini də biz hiss edirdik”.
Bu tip festivalların faydasından danışan B.Qaraca sonda bildirdi ki, ölkəmizin təbliğatı baxımından bu festivalların böyük rolu var. Bunun üçün biz də əlimizdən gələni etməliyik.
Qeyd edək ki, II Türk Dünyası Sənədli Film Festivalı Türkiyədən sonra 6-7 oktyabrda Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada keçirilib. 12-15 oktyabrda Azərbaycanın paytaxtı Bakıda baş tutan festival, 26-27 oktyabrda Qazaxıstanın paytaxtı Almatıda, 30-31 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə, 9-10 noyabrda Makedonyanın paytaxtı Skopyedə (Üsküp) davam edəcək. Noyabrın 18-də isə İstanbulda başa çatacaq.
Xəyalə Rəis
Kaspi 2017.- 17 oktyabr.- S.12.