“Ümidlərlə yaşayırıq...”
Ramiz Həsənoğlu:
“İş olmaması o demək deyil ki, mən
dayanmışam”
Azərbaycan
Televiziyasının səksəninci illərdə ekrana
çıxan televiziya tamaşalarının əksəriyyətində
onun imzası var. Sovet dövrünün
tamaşaçıları onun televiziya tamaşalar ilə
böyüdü. Tarixi, həyatı, sevgi dramlarını o əsərlərdən
öyrəndi. Xalq artisti Ramiz Həsənoğlunun peşəkar
dəst-xətti ilə ərsəyə gələn
teletamaşaları bu gün "təqvimdə
qırmızı gün” kimi gözləyirlər. Rejissor
özü də həmin dövrün keçdiyinə təəssüfünü
gizlətmir.
O qatar getdi...
- Azərbaycanda televiziya tamaşaları deyəndə rejissor kimi həmişə sizin adınız yada düşür. Hətta televiziya tamaşalarının "qızıl dövrü”nü sizin adınızla bağlayırlar. "Qatarda”, "Topal Teymur”, "Evləri köndələn yar” və s. kimi tamaşalar xatırlanır. İndi ssenari yoxdur, yoxsa həmin aktyor nəsli daha yetişmir?
- Yəqin ki, bu bir az tamaşaçının qavrayışı ilə bağlıdır. Ümumiyyətlə, dünyada televiziyanın öz tendensiyaları var. Bu tendensiyaların içində son illər seriallar özünə yer tapıb. Bu gün tamaşaçının marağını o seriallarla ödəməyə çalışırlar. O serialların bədii keyfiyyətinin tamaşaçı təbəqəsinin zövqünə nə dərəcədə uyğunluğu məsələsi də var. Amma onu deyim ki, zamanla tamaşaçı təbəqəsinin sayı çoxalıb. O tamaşaçıların içərisində isə müxtəlif dünyagörüşlü adamlar var. Ola bilsin ki, o təbəqələrin içərisində yüksək səviyyəli zövqə malik insanlar var və onları indiki vəziyyət qane etmir. Və ola bilsin ki, istər-istəməz vaxtilə mənim və yoldaşlarımın çalışıb ərsəyə gətirdiyi işlərə daha çox üstünlük verirlər. Azərbaycan televiziyası da bu mənada dünya televiziyasının bir qoludur. Bu mənada "tamaşalar niyə yoxdur” deyəndə tendensiyanı bununla bağlayardım.
- Eyni prosesləri biz Rusiya teatr və
kinosunda da görürük. Aktyor və
tamaşaçılar "qızıl dövr keçdi” deyə
təəssüflənirlər. O dövrü qaytarmaq
mümkündürmü?
- O qatar getdi... İndiki qatarın sərnişinləri,
rejissorları, başqa adamlardır. Amma nə
qədər ki bəşəriyyət var, sənət də
yaşayır. Qobustan qayalarına həkk
olunan heroqliflər də sənət növləridir. İnsanlar o vaxtlar hələ mağara içərisində
özlərindən sənət uydururdular və bununla təsəlli
tapırdılar. Kriteriyalar zaman
keçdikcə dəyişir, yeni texnologiyalar gəlir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində
kinematoqrafiya, XX əsrin ortalarında televiziya gəldi və sənət
kütləviləşdi. Kütləvi sənətin
içində yüksək səviyyəli iş görmək
asan olmadı. Amma görülən işlər
yadda qaldı.
- Siz son illər "Sübhün səfiri”,
"Cavid ömrü” filmlərini çəkmisiniz. Bu gün təqdim olunan filmlərin arasında
yaddaqalan ekran əsərinə də rast gəlinmir. Bu nədir - ətalət?
- Ola
bilsin ki, yadda qalası filmlərin sayı azalıb. Amma bu maraqlı filmlərin, rejissorların
olmaması anlamına gəlmir. Son 5-7 ildə
ortaya çıxan filmlərimiz də var. Məsələn,
"Nabat” filmini qeyd edim. Rejissoru Elçin Musaoğludur.
O, vaxtilə Azərbaycan Dövlət Televiziyasında
çalışıb. Zamanla inkişaf edib,
"Azərbaycan Telefilm" Yaradıcılıq Birliyində
filmlər çəkib, tamaşalar qoyub. Yavaş-yavaş
addımlayaraq böyük kinoya keçib və burada çox
uğurlu addımlar atıb. "40-cı qapı”,
"Nabat” filmi ilə... "Nabat” filmi
Qarabağ hadisələrinə həsr olunub. Son 5-7 ildə Elçin kimi bir rejissor ortaya
çıxıbsa, buna artıq sevinmək lazımdır.
Təkcə Elçin yox, daha başqa gənclər
də var. Fariz Əhmədovu deyə bilərəm. Sənədli filmlər rejissorudur. Bu yaxınlarda film də çəkməyə
hazırlaşırdı, amma deyəsən, maddi problemlər
oldu. Ondan əlavə,
festivallarda yer tutan filmlərimiz var. Onların
rejissorlarından Şamil Əliyev, Elxan Cəfərovun
adını çəkə bilərəm.
- Yəni, az, amma
keyfiyyətli iş olsun?
-
Yaxşı olsun, çox olsun. Bizdə
bütün sferalarda ən böyük problem peşəkarlıqdır.
Sənətini, işini bilən adam gərək
işinin başında dursun. Hansısa səbəbdən
bu olmayanda gördüyümüz mənzərə
yaranır. İstər sənətdə, istər
yolların çəkilməyində, istərsə də
şəhərin işıqlandırılmasında və s.
Həyatın bütün sahələrində bunu
yaşayırıq... Peşəkarların
yetişməsi üçün münbit şərait,
dövlət qayğısı lazımdır. Tutaq ki, vaxtilə bizdə burda da rejissorluğu
bitirib sənətə gələnlər varıydı.
Amma bura ilə kifayətlənməyib, Moskvada, Sankt-Peterburqda
və başqa şəhərlərdə sənətə
yiyələnmək istəyənlər az
deyildi. Mən Sankt-Peterburqda Teatr, Musiqi və Kinematoqrafiya
İnstitutunu bitirmişəm. Burdakı Mədəniyyət
və İncəsənət Universitetinin (O vaxt Teatr
İnstitutu adlanırdı) mədəni maarif fakültəsini
bitirəndən sonra Az.TV-də çalışırdım,
hətta rejissor kateqoriyam da varıydı. Amma
bu, kifayət etmədi, gördüm ki, çabalayıram, təcrübə
toplamaq üçün daha çox bilik, geniş meydan
lazımdır. Buna görə Rusiyada təhsil
almağa qərar verdim. Heç kim
anasından mütəxəssis kimi doğulmayıb, hamı
bir sahəyə gedir, hansısa təcrübə yolu
keçir. Xüsusilə, rejissorluğu bitirənlər... Rejissorluq elə bir sənət növüdür ki,
son dərəcədə hazırlıqlı olmalısan.
Çünki sənin gördüyün işə
milyonlar baxır.
- Necə bilirsiniz, hazırda çəkilən
seriallar bugünkü tamaşaçının
zövqünü təmin edirmi?
-
Bilirsiniz, mən öz adımdan danışa bilərəm. Sənətin içindən gələn bir
tamaşaçı olduğum üçün məni cəlb
etmək bir qədər çətindir, amma əsas
tamaşaçı kütləsi onlara baxır və yəqin
ki, görmək istədiyini alır. Mənim kriteriyam
bir az başqa cürdür. Ssenaridən
tutmuş, aktyor oyununa, rəssam işinə və s. ən
xırda detallara da fikir verirəm. Bu cəhətdən
yanaşsaq, dediklərim bir az sərt də
ola bilər. Amma bu gün çəkilənləri
bəyənən tamaşaçı kütləsi də var,
bəyənməyənlər də. Bütün
kanallarda çalışan, serial çəkən rejissorların
hamısının peşəkar səviyyəsinin daha
yüksək olmasını istəyirəm. Heç kimi qaralamaq istəmirəm, sadəcə bu,
mənim istəyimdir. Onu da deyim ki, bu
gün serial çəkənlər arasında çox bəyəndiyim
rejissorlar da var. Məsələn, "Vicdan haqqı”
serialını ərsəyə gətirən Rövşən
İsax çox ciddi, üzərində çalışan,
materiala müdaxilə edən, peşəkardır. Düzdür, serialın mövzusu səni cəlb
etməyə bilər, amma baxan kimi işi görənin
mütəxəssis olub-olmadığı bilinir. Digər kanallarda da bu cür rejissorların
çalışmasını istəyərdim. Burda
söhbət ssenaridən getmir, aktyorları seçmək,
onları ortaya çıxarmaq, operatorla işləmək və
s. kimi işləri gözəl yerinə yetirənlər
çox azdır.
- Belə
çıxır ki, peşəkar nöqteyi-nəzərdən
baxanda çox az filmdən zövq
alırsınız. Hər detalına fikir verirsiniz...
- Təbii.
Mən təkcə adi
tamaşaçının baxıb gördüyünə
deyil, başqa bir çox məqamlara fikir verirəm. Çəkilən kadr, aktyor seçimi, onların
oyunu və s. Aktyorun tamaşaçını
inandırması önəmlidir. Sənətin
gücü ondadır ki, sən izləyərkən
özünü unudursan, real olduğuna inanırsan. Bu mənada
çox az filmdən zövq alıram. Lakin elə məqamlar olur. Bütün
gün televiziya izləmirəm, amma baxanda da nəyə
baxdığımı seçirəm. Filmlərə
baxmağı çox sevirəm. Rus, Avropa, Amerika və
bizim rejissorların filmlərini sevirəm. Artıq
dünyasını dəyişmiş rejissorlarımız var
ki, onların filmlərinin vurğunuyam. Arif Babayev,
Şamil Mahmudbəyov kimi rejissorların yaxşı filmləri
var və biz bu gün də onları izləyirik. Gözəl filmlərimiz olub, ümid edək ki, gələcəkdə
də olacaq.
50 ildir sənətdəyəm
- Siz teatrda
böyümüsünüz. Ananız Ətayə
Əliyeva hələ kiçik yaşlarınızda əlinizdən
tutub teatra aparıb. Bu gün həmin məbədə
gedirsinizmi?
- Maraq
doğuran tamaşa haqqında eşidəndə gedib izləməyə
çalışıram. Prosesin içində olmaq, heç
olmasa, aktyorlara baxmaq üçün... Müxtəlif
teatrlarda çalışan fərqli aktyorlar var. Mənim
üçün maraqlıdır ki, ərsəyə gətirilən
yeni tamaşa onların inkişaf etməyində hansı rola
malik oldu? Öz-özünə fikirləşirsən
ki, mən filan əsəri səhnələşdirəcəyəmsə,
bu aktyoru filan rola dəvət edə bilərəm.
- O vaxtları, ananızın sizi
teatra apardığı dövrü necə
xatırlayırsınız? Kimlər səhnədə
idi, hansı tamaşalar daha maraqla qarşılanırdı?
- O vaxt yaşım çox az olduğu üçün sənət haqqında düşüncələrim də uşaq yanaşması ola bilər. Mən formalaşdıqca, düşüncə tərəfdən həddi-buluğa çatdıqca, sənətlə bağlı fikirlərim də püxtələşdi. 20 yaşımda televiziyaya gəlmişəm. Bu mühitə düşəndən sonra mənim ustadlarım olub. Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov kimi ustadların əlinə, işinə baxmışam, öyrənmişəm, oxumuşam. Zamanla formalaşdıqca hardasa elə bir məqam gəlib çatıb ki, başa düşdüm ki, mən bu sənətsiz yaşaya bilmirəm. Mənim üçün yaşamaq həm də sənətimlə məşğul olmaqdır. O zamandan hiss edirəm ki, artıq sənətlə bağlı olan düşüncəm ona olan münasibətlərimi aydınlaşdırır.
- Siz hər gün televiziyaya işə gəlib-gedirsiniz, əvvəlki illərdəki kimi. Ona görə gəlirsiniz ki, bura sizin iş yerinizdir? Yoxsa, o zamankı qədər işiniz yenə var?
- Bura
doğma iş yerim, doğma otaqdır. İş
olmaması o demək deyil ki, mən dayanmışam. Şübhəsiz ki, düşünürəm,
çalışıram, oxuyuram, ümidlərlə
yaşayırıq. Hər zaman kəsiyində
insanın ümidləri korşalmır. Mənim
çox maraqlı düşüncələrim var. Ümid
edirəm ki, onlar nə vaxtsa öz həllini tapacaq.
- Əvvəlki şərait
və aktyor heyəti olsaydı nəyi çəkərdiz?
- İstər televiziyada, istər kinoda olsun, Cəfər
Cabbarlı haqqında maarifçi bir film çəkmək
istəyərdim. İdeya yazıçı Anardan gəlib.
Onun ssenarisi var, biz bu haqda
danışmışıq da. Onun həyatı
mənim üçün çox maraqlıdır. Keşməkeşli həyat yaşayıb. Dünyadan tez getməyinə baxmayaraq, geniş
yaradıcılığı var.
Yaradıcılığı ilə yanaşı, maraqlı
tale yaşayıb. Onun taleyi haqqında film
çəkməyə imkan verir. "Fatehlərin
divanı”nın davamını çəkmək istəyirəm.
Orda məkan belədir ki, Oğuz xan, Atilla, Alp
Arslan Qazi türk dünyasının ən maraqlı şəxsiyyətlərini
divana çağırırlar. Biz Teymurləngdən
başladıq, 4 seriya çəkdik. İdeyalar
çoxdur. 50 ildir sənətdəyəm.
Adamlar var ki, 20 il sənətdə
işini görəndən sonra əl-ayağını
yığır ki, işimi gördüm, çəkilirəm
kənara. Mən o mənada çox acgözəm.
Çünki mənə elə gəlir ki,
deyiləsi sözlər və o sözləri, işləri
gözləyənlər var.
Aygün Asimqızı
Kaspi 2017.- 18 oktyabr.- S.11.