“Azərbaycan Qafqazın
incisidir”
Meksikanın
Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini BMT Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı qətnamələrinin icra edilməsini
arzulayır
İlk
baxışdan maraqlı adam təsiri
bağışlayır. Ünsiyyət qurmaqda
da heç bir problemi yoxdur. Nitqində
tez-tez Azərbaycan dilindən sözlər işlətməsi,
ölkəmizə heyranlığını gizlətməməsi
səmimiyyətini daha da artırır. "Səfir
danışır” layihəsinin növbəti qonağı -
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Xuan
Rodriqo Labardini ilə görüş maraqlı gün kimi
"Kaspi”nin tarixinə yazıldı.
Bütün
dünya üçün turizm
- Siz bu
yaxınlarda yerli səyahət agentlikləri ilə
görüş keçirərək Meksikanın turizm
imkanları barədə məlumat vermisiniz. Ölkənizin
turizm imkanları barədə məlumatlar heç
şübhəsiz, Meksikanı görməyənlər
üçün maraqlıdır. Yeri gəlmişkən,
«Sehirli kəndlər» konsepsiyası haqda nə deyə bilərsiniz?
-
Düzdür, mən keçən həftə Azərbaycandakı
turizm şirkətlərinin nümayəndələri ilə
görüşüb Meksikanın turizm imkanları barədə
söhbət açdım. Son illər ərzində Meksika
iqtisadiyyatı böyük inkişafa nail olub. Bu
inkişafın əsas istiqamətlərindən biri də
turizm sahəsidir. Belə ki, turizm sahəsi
ölkənin ümumdaxili məhsulunun 9 faizini təşkil
edib. ÜDM-in həcmi 1,3 trilyon dollar
təşkil edir. Bu da Rusiyanın ÜDM-ə yaxın
göstəricidir. Meksikanın turistlərə
təklif edəcəyi bir çox məkanlar - çimərliklər,
piramidlər, müstəmləkə dövrünün abidələri,
ispanların gəlişindən əvvəlki dövrə aid
tarixi yerlər var. Həmçinin ləzzətli Meksika təamlarını
təqdim edə bilirik. Bu təkliflər əsnasında
Meksika hazırda dünyanın ən çox ziyarət olunan
8-ci ölkəsidir. Keçən il
ölkəyə gələn turistlərin sayı 35 milyon nəfərə
çatıb. Bu il Meksikanı ziyarət
edən turistlərin sayının 37 milyon olacağı
ehtimal edilir. Gələn turistlərin 86 faizi yenidən
Meksikaya qayıtmaq istəyir. Meksikanın 11 min
kilometr məsafəni əhatə edən çimərlikləri
var. Ölkəyə gələn turistləri cəlb edən
cəhət çoxşaxəlilikdir. Siz
Meksikaya gələndə həm müasir, həm müstəmləkə,
həm qədim dövrlərə aid şəhərlərə,
tarixi məkanlara rast gələ bilərsiniz. Meksikada metro xətləri çəkilərkən
qazma işləri aparılanda çox vaxt piramidlərə
rast gəlinir. Hal-hazırda da vəziyyət
belədir. Meksikada 200 mindən çox
arxeoloji məkan var. Meksikanı cəzbedici edən tərəflərdən
biri də dediyim kimi onun ləzzətli təamlarıdır.
Meksikanın asteklərə aid mətbəxi
YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi
İrsi siyahısına daxil edilib. Azərbaycanlılar
Meksikaya gedəndə yeni mədəniyyətlə tanış olurlar. Onlar ölkələrimiz
arasında mübadilə apara, oxşar olmayan cəhətləri
öyrənə bilərlər. Mən həmişə
bu ifadəni təkrar edirəm: biz reallığı mədəniyyət,
təbiətin bizə verdiyi nemətlər vasitəsilə qəbul
edirik. «Sehirli kəndlər»ə gəlincə,
hər bir kənd turistlərə müxtəlif təkliflər
edir. Bir «Sehirli kənd»də turistlər
müstəmləkə dövrünə, həmçinin
ispanların gəlişinə qədərki dövrə aid
abidələrə rast gələ bilərlər. Maraqlı festivallar keçirilən bu yerlərdə,
çimərliklərlə əhatə olunan məkanları
gəzmək və bir çox mədəni zənginliklərə
rast gəlmək olur. Meksikada 111 «Sehirli kənd»
mövcuddur. Bu kəndlər ölkəmizin
turizmində əsas yer tutur. Turizmin bu sahəsinin
inkişafına görə 2 milyon meksikalı ailə mənfəət
görür. Bu, sırf «Sehirli kənd»
anlayışına aiddir. Ümumilikdə isə bu kəndləri
hər il ziyarət edənlərin sayı 4 milyondan
çoxdur və həmin sahənin illik gəlir göstəricisi
6 milyard Meksika pesosu (təxminən 330 milyon ABŞ dolları)
cıvarındadır. «Sehirli kənd»lər
yalnız cənubda və şimalda deyil, ölkənin
bütün ərazində yerləşir. Bəzi "sehirli kəndlər”də müasir
texnologiyalardan uzaq insanlar yaşayır, onlar təsərrüfata
sıx bağlıdırlar. Həmin yerlərə
səyahət edəndə gündəlik həyatımıza
daxil olan bu texnologiyalardan qaça bilərik. Mexiko şəhəri də «Sehirli kənd»
adını daşıyır. Biz bu şəhərdə
həm müasirliyin, həm də qədimliyin vəhdətini
görürük: qalalar, piramidlər, ləzzətli təamlar,
abidələr…
- Siz həmişə
deyirsiniz ki, ölkələrimizin mətbəxi arasında
oxşarlıq var. Araşdırsaq bəlkə də tarixi
yaxınlığımızın daha dərin kökləri
mövcuddur?
- Sizinlə
razıyam... Mən mətbəxdən ona
görə söz açdım ki, təamlar həyatımızın
önəmli hissəsindən biridir. Həm Azərbaycanda,
həm də Meksikada biz ləzzətli təamları yeməsək
yaşaya bilmərik. 2 il əvvəl mən
Bakıya gələndə burada "tərxun” gördüm. Bizdə isə buna "estraqon” deyirlər. Siz tərxundan sərinləşdirici içki,
limonad hazırlayırsınız. Biz isə
ondan ədviyyat kimi istifadə edirik. Mən
"Yaşıl bazar”da "pərpətöyün”
gördüm, biz ona "verdolagas” deyirik. Bizdə
daha çox bu bitkinin yarpağından istifadə olunaraq isti,
sizdə isə gövdəsindən soyuq qəlyanaltı
hazırlanır. Biz Meksikada azərbaycanlılara tanış olan təamları bir qədər
fərqli şəkildə təqdim edə bilərik. Bu cür oxşarlıqlar əsnasında biz iki
xalqın bir-birinə daha yaxın olmasının şahidi
oluruq. Xaçmaz və Qəbələ
şəhərlərində keçirilən dolma və
mürəbbə festivallarında iştirak etdik. Biz dolma festivalında azərbaycanlılar
üçün "tamal” deyilən təamı təqdim
etdik. Biz ona "Meksika dolması” deyirik.
Bu, ya qarğıdalı, ya da banan
yarpağına bükülmüş və xəmirin
içinə əlavə olunmuş içlikdir. Festivala gələn qonaqlar bu təamla
maraqlandılar və onun "dolma” olduğunu hesab etdilər.
Qəbələ rayonundakı mürəbbə
festivalı da bizim üçün çox maraqlı idi.
Mən 6 mürəbbə bişirdim. Meksika mürəbbələrini Azərbaycanda əldə
edilən tərəvəzlər və meyvələr vasitəsilə
hazırladım. İçərisində
Çili bibəri də var idi. Bizdə
bir çox şirniyyatlarda çili bibərindən istifadə
olunur. Qırmızı və yaşıl
rəngli acı bibərlərdən də istifadə etdim.
Qonaqlara qarpız, alma və Çili bibəri
mürəbbələri təklif olundu. Onlar
çili mürəbbəsini dadmaqdan bir qədər ehtiyat
edirdilər. Ancaq sonra mürəbbənin
şirin olduğunu gördülər. Biz
Azərbaycan ictimaiyyəti üçün bu təamları təqdim
etmək istəyirik. Düzdür, onlarda
acılıq var, ancaq bizim üçün artıq onlar normal
təamlara çevrilib. Biz yerli Azərbaycan
məhsulları əsasında dadlı Meksika təamları
hazırlaya biləcəyimizə əmin olduq. Biz Meksikada bütün göy-göyərtini salat
şəklində qəbul etməyə öyrəşmişik.
Mən Azərbaycanda masalara bütöv şəkildə
tərəvəzlər qoyulduğunu gördüm. Əvvəlcə bunun bəzək üçün olduğunu
düşündüm. Sonra ətrafdakıların
həmin tərəvəzlərdən daddıqlarını
gördüm. Mən artıq Meksikaya gedəndə
oradakı dostlarıma göyərtiləri və digər tərəvəzləri
bütöv şəkildə təqdim edirəm.
Xaricilər
üçün 1800-dən çox təqaüd proqramı
- Cənab
səfir, müsahibələrinizin birində Meksikada Azərbaycanla
əməkdaşlıq etmək istəyən ali
məktəblərin olduğunu söyləmiş, hətta,
«Tələbə və müəllim mübadiləsi etmək
mümkündür» - demisiniz. Bu sahədə
hansısa addımlar atılıbmı? Azərbaycan
tələbələri üçün təqaüd proqramları
varmı?
-
Artıq Azərbaycan və Mexiko universitetləri arasında
yaxınlıq hiss olunur. Meksikanın Anauak del
Sur (Anáhuac del Sur) Universiteti artıq Azərbaycandakı 6
universitetlə təmasdadır. Bu ilin yanvar
ayında həmin universitetdə yaxın Şərq və
Qafqaz Regionunun Öyrənilməsi Mərkəzi
açılıb. Hazırda o universitetlə
Azərbaycandakı universitetlər arasında əməkdaşlıq
sazişləri hazırlanır. Artıq
bir saziş imzalanıb. Azərbaycan Turizm
və Menecment Universiteti Meksika tərəfindən bir çox
universitetlərin diqqətini cəlb etdi. ADA Universiteti,
İqtisadiyyat Universiteti, Bakı Dövlət Universitetlərinin
də adlarını çəkə bilərəm. Məhz
bu universitetlərlə Meksikanın ali məktəbləri
arasında əməkdaşlığın qurulmasında
yardımçı oluruq. Meksikada azərbaycanlılar
üçün təqaüd proqramları mövcuddur. Artıq bir azərbaycanlı tələbə
Meksikada tibb üzrə təhsil alır. Bu
cür təqaüdlərin alınması müəyyən
bir sistem vasitəsilə həyata keçirilir. Tələbə universitetə müraciət edərək
oradan müsbət cavab almalı, sonra da təqaüd
üçün müraciət etməlidir. Sonra da Elm və Texnologiya üzrə Milli Şura
adlanan müvafiq quruma müraciət olunmalıdır. Digər bir sistem də əvvəlcədən təqaüdün
alınması və sonra universitetlərə müraciət
edilməsi ilə bağlıdır. Birinci
sistemlə qəbul olunanların sayı daha coxdur. Hazırda Meksikada xarici vətəndaşlar
üçün 1800-dən çox təqaüd proqramı
var. Xaricilər müxtəlif sahələr üzrə təhsil
alırlar. Bizim ölkədə
iqtisadiyyat, tibdən başqa, başqa ölkələrdə
tez-tez rast gəlinməyən "Dəniz elmləri” sahəsi
də tədris olunur. Bu cür təqaüdlər
magistratura və doktorantura pillələri üzrə yönəlib.
Bakalavr pilləsi üzrə qəbul olmaq üçün tələbə
gərək istədiyi universitetlə əlaqə saxlasın
və həmin ali məktəbin təklif
edəcəyi imkanlar barədə xəbər əldə
etsin (embazerbaiyan@sre.gob.mx). Bizim Meksika Milli Muxtar Universiteti (UNAM) dünyanın ən
böyük təhsil ocaqlarından biri sayılır. Burada tələbələrin sayı 350 min, müəllim
heyəti isə 50 min nəfərdir. Bu, nəhəng
bir universitetdir. Onu da deyim ki, biz artıq səfirliyə
daxil olan zənglərdə Meksikada magistraturaya daxil olmaqla
bağlı istəklərin şahidi oluruq. Biz onları müvafiq təhsil ocaqlarına yönləndirməyə
çalışırıq.
- Təbii
ki, iki ölkə arasındakı münasibətlərdə
iqtisadiyyat böyük rol oynayır. Azərbaycanla
Meksika arasındakı iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?
Gələcəklə bağlı hansı
planlar düşünülür?
- İkitərəfli münasibətlərdə müəyyən
inkişaf baş verib. 2015-ci ildən bəri ikitərəfli
ticarət, turizm əməkdaşlığı üç dəfə
artıb. 1993-2015-ci il ərzində ikitərəfli ticarət
üzrə orta illik göstərici 1,5
milyon dollar həcmində idi. Azərbaycan tərəfinin
təqdim etdiyi statistik göstəricilərə əsasən,
2015-ci ildə ikitərəfli ticarətin həcmi 22 milyon
dollardan çox idi. 2016-cı ildə də
oxşar rəqəm qeyd olunmuşdu. Əsas
odur ki, illik həcm artıb. Meksikanın
xarici ticarəti 800 milyard dollardan çoxdur. Hər dəqiqə
ərzində 1,5 milyon dollar həcmində
ticarət həyata keçirilir. Siyasi əlaqələrə
gəlincə, ölkələrimiz arasında sazişlər
üzərində çalışırıq. Bir neçə sazişin hazırlanmasının
son mərhələsindəyik. Əsas
odur ki, iki ölkə arasında yaxınlaşma var,
bir-birimizdən xəbərdarıq. Bu, sadəcə
bir-birimizi tanımaqdan ibarət deyil. Bir-birimizə
tərəfdaş gözü ilə baxırıq. Mədəniyyət sahəsində əlaqələri
inkişaf etdirmək üçün 2015-ci ildə rəssamlıq
sərgisi təşkil etdik. Bu sərgi təkcə
Bakı üçün deyildi. Mən
bütün Azərbaycan üzrə səfirəm. Ona görə Gəncə, Mingəçevir,
Şamaxı və Qəbələ şəhərlərində
də həmin rəssamlıq incilərini təqdim etdik.
2016-cı ilin oktyabrında Heydər Əliyev Mərkəzində
məşhur meksikalı heykəltəraş Xorxe Marinin
«Varlığın canlanması» adlı sərgisinin
açılış mərasimini keçirdik. Həmin
sərgi çərçivəsində 10 əsər təqdim
olundu ki, hər bir əsərin çəkisi 3,5
tondan çox, hündürlüyü də 2 metrdən
artıq idi. Əslində bu sərgi mart
ayına kimi davam etməli idi. Ancaq
marağı nəzərə alaraq sentyabrın 15-ə kimi
uzandı. Bundan əlavə, Azərbaycanda
Meksika filmlərindən ibarət festival həyata
keçirdik. Meksikanın "Mariaçi”
musiqisini tanıtmaq da mədəni tədbirlərimiz
sırasındandır.
Uzun
sürən münaqişə
- Cənab
səfir, siz Meksikanı dünya sivilizasiyasının mərkəzlərindən
biri adlandırdınız. Yeri gəlmişkən,
Azərbaycan da bu kateqoriyadan olan ölkələr
sırasındadır. Məsələn, Füzuli rayonundakı Azıx
mağarasının 350-400 min yaşı var. Çox təəssüf
ki, həmin mağaranın yerləşdiyi ərazi Ermənistanın
işğalı altındadır. Bu kontekstdən
çıxış edərək Azərbaycan-Ermənistan
münaqişəsinin nizamlanması ilə bağlı sizin
fikirlərinizi bilmək istərdik.
- Meksika beynəlxalq hüquq tərəfindədir.
Biz BMT Təhlükəsizlik Şurasının
münaqişə ilə bağlı 4 qətnaməsinin icra
edilməsinin tərəfindəyik. Şəxsən
mənim üçün bu, həddindən artıq uzun
sürən bir münaqişədir. Biz
münaqişənin tezliklə sülh yolu ilə həllini
tapmasının tərəfdarıyıq. İstərdim ki, bu münaqişə ölkələrin
ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə
tanınan sərhədlər çərçivəsində
həllini tapsın.
Tanrılarla
görüş
-
Dünyanın hər bir ölkəsinin qədim şəhərləri
vardır. İçərişəhər də
Bakının qədim şəhəridir. YUNESKO-nun maddi irs
siyahısındadır. Siz İçərişəhərin
dar küçələrində gəzmisinizmi? Orada bişirilən təndir çörəyindən
dadıb, samovar çayından içmisinizmi?
- Mən
Azərbaycana iki il öncə gəlmişəm.
Tədricən ölkədaxili səyahətlər
əsnasında Azərbaycanı tanımağa
başlamışam. Mənim
üçün Azərbaycan Qafqazın incisidir. Bəli, İçərişəhəri gəzmişəm,
Şirvanşahlar sarayını görmüşəm. İçərişəhər əsrarəngiz bir
yerdir. Azərbaycanın turistlərə təklif edə
biləcəyi gözəl məkanlar çoxdur:
Altıağac, Şamaxı, Sumqayıt, Qəbələ,
Şəki, Lənkəran, Mingəçevir, Qax, Gəncə,
Quba, Qusar... Qaxdan 15 dəqiqə aralıda yerləşən
İlisuya getmişəm. Kimsə orada
olmayıbsa, mütləq getməlidir. 15 dəqiqə
ərzində dağa qalxırsan, orada qədim və
yarımdağılmış bir qala var. Həmin dağdan
düzənliklər görürsən və təbiətlə
bilavasitə əlaqədə olduğunu hiss edirsən. Ora, mənim üçün sanki tanrılarla bir
görüş yeridir. İlisu əsrarəngiz
bir yerdir. Qobustan da çox xoşuma gəldi.
Qobustandan sonra mən 15 dəqiqə avtomobillə
getməklə palçıq vulkanlar məkanına
çatdım. Burada özümü digər planetdəki
kimi hiss etdim. Bilirsiniz, hər gün bu gözəllikləri
və zənginlikləri görəndə onlara öyrəşirik
və onlara diqqət yetirmirik. Məsələn,
mən artıq Meksikaya qayıdanda özümü Mexiko şəhərində
turist kimi hiss edirəm və müstəmləkə
dövrünə aid abidələrə heyranlıqla
baxıram.
Oxumaq,
yazmaq, fotoqrafiya...
- Dil təfəkkür
hadisəsidir. Hər dil yeni təfəkkür
forması deməkdir. Bir neçə
ölkənin eyni dildə danışması onların
müxtəlif təfəkkür formalarını məhdudlaşdırmır
ki?
- Bir
xalqın mədəniyyətini tanımaq üçün
onun dilindən başlamaq lazımdır. Baxmayaraq
ki, müxtəlif xalqlar ispan dilində ünsiyyət qurur,
ancaq hər bir xalqın milli koloriti mövcuddur. Dialektlər müxtəlifdir və bunların əsasında
biz milli koloriti itirmirik. Həmçinin dillər
arasında qrammatik sistemlər fərqli ola
bilər. Danışdığımız dil
bizə digər dilləri tanımağa imkan yaradır.
Bioloji xüsusiyyətlərə keçdikdə,
dilləri öyrənmək insan üçün faydalı
prosesdir. Xüsusən çoxlu dilləri
bilən insanda altsheymer xəstəliyinin olması riski
azalır.
- Bu yaxınlarda Nobel mükafatçılarının adı açıqlandı. Ədəbiyyat üzrə Nobel mükafatına yaponiyalı yazıçı layiq görüldü. Meksikanın da yenidən bu mükafata iddiası varmı?
- Ədəbiyyat üzrə Meksikanın Nobel mükafatına layiq görülən yazıçıları var. Məşhur Oktavio Paz bu mükafatı 1990-cı ildə alıb. Sülh mükafatına 1982-ci ildə layiq görülən digər məşhur meksikalı Alfonso Qarsiya Roblesdir. Həmçinin kimya və fizika üzrə bu mükafata layiq görülən meksikalılar hazırda Amerikada yaşayırlar, onlardan biri Mario Molinadır. Əslən kolumbiyalı olan, ancaq həyatını Meksikada keçirən Qabriel Qarsia Markes uzun müddət bizim ölkədə yaşayıb-yaradıb. Sizin ölkənizdə olduğu kimi, bizim üçün də ədəbiyyat çoxəsrlik tarixə malikdir. Əsas mövzular eşq, drama və s. mövzulardır. Sizdə «Leyli və Məcnun», «Əli və Nino» əsərləri var. Bizim «Sadəcə Mariya», «Varlılar da ağlayır» kimi əsərlərimizi hamı tanıyır. Sizin Nizami kimi dahi şairiniz var. Bizdə isə Sor Juana İnes de la Kruzun adını çəkə bilərəm. Ədəbiyyat hər bir xalqın mədəniyyətini və tarixini insanlara çatdıran vasitədir. Meksika yazıçılarının Azərbaycan dilinə tərcümə olunan əsərləri də var.
- 1986-cı ildə Meksikanın futbol üzrə dünya çempionatına etdiyi ev sahibliyi hələ də yaddaşlardadır. Gələn il dünya çempionatı Azərbaycanla qonşu olan Rusiyada keçiriləcək. Meksika yığması artıq o çempionata vəsiqə qazanıb. Sizin futbola münasibətinizi öyrənmək bizim üçün maraqlı olar. Komandanızı dəstəkləmək üçün Rusiyaya gedəcəksinizmi?
- 1970 və 1986-cı illərdə Meksika dünya çempionatına ev sahibliyi edib. Meksika yığması nəyi bacaracaqsa, gələn il onlardan o nəticəni də gözləyirəm. Əlbəttə, çox istərdim ki, dünya çempionluğunu qazansınlar. Hətta istərdim ki, finalda Meksika ilə Azərbaycan oynasın. Bu cür oyun olsa, əlbəttə ki, orada mütləq iştirak edərəm. Ümumiyyətlə, idmandan xoşum gəlir.
- Cənab səfir, hobbiniz nədir,
boş vaxtlarınızda nə ilə məşğul
olursunuz?
- İdmanla məşğul oluram. Üzgüçülüklə, futbolla məşğul olmağı xoşlayıram. 4 ay əvvəl futbol oynayarkən ayağımı sındırmışam. Hər gün piyada bir kilometr məsafəni qət etməyə çalışıram. İnanıram ki, iki həftə ərzində yenidən qaçışa başlayacağam. Çünki futbolda ayağımı sındırandan sonra uzun müddətdir, piyada gəzməyə ara vermişəm. Əsas məşğuliyyətlərimdən biri də ədəbiyyatdır – oxumaq və yazmaq. Artıq tərcüməçi bir əsərimi Azərbaycan dilinə tərcümə edib. «Yoxluq» deyilən bir hekayə yazmışam. Poetik proza da adlandırmaq olar. Həmçinin fotoqraf kimi şəkil çəkməyi xoşlayıram.
Təranə Məhərrəmova
Kaspi 2017.- 18 oktyabr.- S.8-9.