Dünyanın ən gözəl Karmeni
Təranə Məhərrəmova
Fatma Muxtarovanın peşəkarlığa, şöhrətə
aparan həyat və yaradıcılıq
yolu çox mürəkkəb və ağır olub
"Əgər
dünya vokal üslubu haqqında məsələyə tarixi
nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, Yaxın və Uzaq Şərq ölkələri arasında
bunu mənimsəyənlər
sırasında məhz
Azərbaycan müğənniləri
birincidirlər. Nadir ifa edilən partiyaların seçilməsində
Azərbaycan müğənnisi
Muxtarovanın nümayiş
etdirdiyi cəsarət
qiymətsizdir». Görkəmli
opera müğənnisi Fatma
Muxtarova haqqında hələ keçən əsrin əvvəllərində
qəzetlərdə yer
alan məqalələr
aktrisanın istedadını
parlaq əks etdirirdi.
Onun misilsiz istedadı və füsunkar xarici gözəlliyi bəstəkar
və musiqişünasların,
eləcə də musiqisevərlərin daim diqqətini çəkib. Ancaq tanınmış
opera müğənnisi Fatma
Muxtarovanın peşəkarlığa,
şöhrətə aparan
həyat və yaradıcılıq yolu çox mürəkkəb
və ağır olub.
Şarmankalı qız
Fatma Rzayeva 1893-cü 19 oktyabrda ildə Cənubi Azərbaycanın
Urmiya şəhərində
doğulub. İnqilaba qədər
azərbaycanlılar Cənubi
Azərbaycandakı ağır
həyat şəraiti
ilə bağlı acından ölməmək
üçün ailələri
ilə birgə qazanc dalınca ya Şimali Azərbaycana, ya da Rusiyanın müxtəlif şəhərlərinə
gedirdilər. Rzayevlər ailəsi
də 1905-ci ildə Volqa boyundakı şəhərlərdən birinə
köçüb (Saratov yaxınlığında).
Fatma uşaqlıqdan musiqi istedadına malik olub. Rəqs etməyi, oxumağı
bacarıb. Atasının ölümündən sonra,
onun atalığı
Səttar Muxtarov öz nəğmə və rəqsləri ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı qazanc dalınca demək olar ki, küçələrə
qovurdu. Zaman keçir, Fatma
böyüyür və
artıq o, (qatarda gizlənərək) Volqa boyunun Həştərxandan
tutmuş Yaroslavla qədər bütün şəhərlərini müstəqil
olaraq gəzə bilirdi. Bir qədər pul
toplayaraq özünə
xalq arasında nəvazişli "katerinka”
adlandırılan şarmanka
alır. Elə məhz
buna görə də şarmançı
Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başlayırlar.
1912-ci ildə
Saratovda musiqi məktəbinin bazasında
Konservatoriya yaradılanda
Katya Muxtarova musiqi təhsili almaq üçün ora müraciət etməyi qərara alır. «Saratov Konservatoriyasının bütün
professorları, şaxta
və istidə oxumaqdan xırıldayan səsimdən bir şey çıxmayacağını
deyərək, məni
öyrətməkdən imtina
etdilər» deyə gənc müğənni bildirirdi. Yalnız professor M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı
qərara alır.
Möcüzə elə göz
qabağında baş
verirdi, təbiətən
istedadlı olan qız heyrətləndirici
müvəffəqiyyətlər əldə edir, hər iki gündən
bir diapazonda növbəti not meydana gəlirdi. "Artıq iki həftədən sonra Mixail Yefimoviç məni öyrətməyi
öhdəsinə götürdü
və hələlik xəzinə hesabına oxumağa qəbul edildim”. Dərs ilinin sonunda
o, Rubinşteynin "Çöllər
qızı” operasından
ariyanı oxuyurdu.
Konservatoriyanın tələbəsi olduğu müddətdə,
Fatma hələ öz ailəsi ilə yaşayırdı.
Yay tətillərində Fatma
Muxtarova konservatoriyadan
qovulma təhlükəsi
altında qazanc dalınca müxtəlif antreprenyorlarla "Qaraçı
romansları və rus mahnıları ilə” qastrollara getməyə məcbur idi. Bakı ona müstəsna
müvəffəqiyyət gətirir
və burada şəxsinə xüsusi
diqqət yetirirlər.
Belə gəlişlərdən
biri haqqında 21 iyun 1913 il tarixli
"Kaspi” qəzeti xəbər verir: "Dünən Həştərxandan
Bakıya yolüstü
Zakaspiysk və Türküstan diyarında,
Pavoljyedə məşhur
olan xalq müğənnisi Muxtarova,
xalq müğənnisi
Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi
təxmin edirlər.
Povoljye qəzetlərinin yazdıqlarına
görə, onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək”. Bir neçə gündən
sonra "Kaspi” qəzetində yenə bir elan verilir:
"Məşhur müğənni
Katya (Fatma xanım) Muxtarova yenə bir konsert
verəcək (kontralto)».
Konsertlə bağlı şəhərdə
vurulan afişalarda şarmankanın sədaları
altında süzən
füsunkar qız təsvir edilir. Bakıda verilən konsertlərlə
yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi
yer tuturdu, onlar müsəlmanların
vokal sənətinə
cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb
edirdilər. Ancaq,
musiqi tənqidçisi
Katya Muxtarovanın çıxışına, müğənninin
vokal qabiliyyətləri
və səhnə ustalığını kifayət
qədər təfsilatla
təhlil edir: "Xanım Muxtarovanın vokal vasitələri nə qədər zəngindirsə, zövqü
bir o qədər yoxsuldur. Bu, onun
bizə təqdim etdiyi repertuardan bəllidir. Repertuarda xalq mahnıları
və qaraçı coşqunluğu ilə ifa edilən romanslar üstünlük
təşkil edir.
Ceyran otu kimi incə
kontralto reqistrlərini
nümayiş etdirmək
imkanı olan yerdə, müğənni
şübhəsiz öz
səsinin zənginliyini
dəyərsizləşdirərək boğaz səsinə keçir”. Daha sonra Muxtarovanın
ünvanına "O, Saratov Konservatoriyasındakı sistematik
təhsilini konsert səhnəsinə çox
erkən dəyişdi”-
deyə məzəmmət
səslənirdi. Bununla belə,
müğənninin müvəffəqiyyətləri
də qeyd edilirdi.
Fatma Muxtarovanın konsertinə
Azərbaycan incəsənətinin
qabaqcıl xadimləri
-M.Maqomayev və H.Sarabski diqqət yetirir və gənc müğənninin
ağır vəziyyəti
barədə xəbər
tutaraq ona kömək etməyi qərara alırlar. Müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə
çox enerji və işgüzarlıq
göstərir. Fatma Muxtarovanı
H.Z.Tağıyevin bağına
gətirirlər, o bağın
təmtərağına heyran
qalır və H.Z.Tağıyev üçün
akkompanement altında bir neçə mahnı oxuyur. Opera müğənnisi Şövkət
Məmmədovanın İtaliyada
təhsil alması üçün əvvəlcə
təqaüd ayıran,
sonralar isə kəskin tənqidlərə
görə yardımını
kəsməyə məcbur
olan milyonçu Tağıyev acı təcrübədən sonra
gənc müğənniyə
Saratov Konservatoriyasında oxumaq
üçün təhsil
haqqını ödəməkdə
yardım göstərməkdən
imtina edir».
Onda H.Sarabski digər Bakı mesenatına - Murtuza Muxtarova müraciət etməyi qərara alır. F.Muxtarova Bakı neft milyonçusu və onun xanımı Liza xanımla tanış olur. M.Muxtarov Bakı neft istehlakçısı kimi deyil, həm də öz xalqının rifahı üçün yardım göstərən səxavətli insan kimi tanınmışdı. O «Nicat» müsəlman xeyriyyə cəmiyyətinin sədri kimi gənc müğənniyə imtina edə bilmir və Muxtarovanın təhsilini davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürür.
F.Muxtarova Saratov Konservatoriyasını müvəffəqiyyətlə bitirərək Moskvaya köçür, orada ərinin qohumlarının köməyi və məsləhəti ilə məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. "Gənc müğənnini dinləyən F.I.Şalyapin onun vokal imkanları barədə çox yüksək fikir söyləyir və onu Moskva opera teatrlarından birinin sahibkarı S.Ziminlə tanış edir. Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi, baş rolda Şalyapinin çıxış edəcəyi, V.Serovun "Yudif” operasında ona Oloferni partiyasını ifa etməyi tapşıranda baş verir. Bu, Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı idi və onun taleyi bu kiçik roldan asılı olacaqdı. "Səhnəyə çıxandan sonra o, özünü yüngül və sərbəst hiss edir tamaşanın bütün iştirakçılarının diqqətini cəlb edən metso-soprano səsini bütün gözəlliyi ilə nümayiş etdirməyi bacarır. Fasilədə onu alqışlayanlar arasında Şalyapin də var idi. Bu tamaşadan sonra o, Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda işləyir.
Qüvvətli metso-soprano səsə malik müğənni çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. "Qaratoxmaq qadın” operasından Polinanın partiyası, "Mazepa” operasından Lyubovun partiyası, "Çereviçki” operasından Saloxanın partiyası, "Qar qızı” operasından Baharın partiyası, "Çar gəlini” operasından Lyubaşanın partiyası, "Xovanşina” operasından Marfanın partiyası, "Faust” operasından Zibelin partiyası və bir çox baş rollar onun ifasında tamaşaçıları məftun edirdi.
Fatmanın "Karmen”i
Müğənninin yaradıcılığında Azərbaycan səhnə sənəti tarixinə daxil olan "Karmen” obrazı xüsusi yer tutur. «Bir dəfə 1923-cü ildə Bakıya gələn gözəl rus rəssamı İ.Brodski opera teatrında J.Bizenin "Karmen " tamaşasında iştirak edir. O, Karmen rolunu Muxtarovanın ifasında dinləyərək, müğənnini "dünyanın ən gözəl Karmeni” adlandırır. Azərbaycan teatr səhnəsində 15 il ərzində Fatma Muxtarova ilə çıxış edən artist Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı) öz xatirələrində yazırdı: "Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub getmişdir. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova, qəhrəmanın daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi”. "Karmen” operası ilk dəfə Azərbaycan dilinə gözəl Azərbaycan şairəsi Nigar Rəfibəyli tərəfindən tərcümə edilir və Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında "Karmen”i Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Q.Qarayev, "Karmen”in Azərbaycan dilinə tərcüməsinə yüksək qiymət vermiş, eyni zamanda F.Muxtarovanın vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi.
1928-ci ilə qədər Fatma Muxtarova öz istedadının pərəstişkarlarını, eləcə də dostlarını sevindirmək üçün hərdən Bakıya da gələrək Rusiyanın müxtəlif şəhərlərinə qastrol səfərlərini davam edirdi. Bu gözəl müğənninin sənəti barədə mətbuatda yazılar işıq üzü görür.
"Muxtarovanın Karmeni xalq içindən çıxan, ehtiraslı temperamentə, kəskin xarakterik hərəkətlərə, gah yuxarıya can atan, gah da pıçıltı kimi donub qalan səsə malik əsl qaraçı qızıdır”- deyə «Perm» qəzeti yazırdı. "Karmen – səliqəli fransız müğənnisi (Bizedə), Muxtarovanın ifasında əsl qaraçı qızına çevrilir. Bu ənənədən ayrılma və Merimenin Karmen obrazına qayıtma fövqəladə dərəcədə qiymətlidir. Rostovun "İzvestiya” qəzeti müğənnini belə dəyərləndirirdi.
1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər Opera Teatrında işləyir.
Sonralar
Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti fəxri
adına layiq görülür.
Buna baxmayaraq, onun nəvəsi
Svetlana Kuroçkinanın sözlərinə
görə, Fatma xanım ömrünün
son günlərinə qədər nə öz dostlarını (Müslüm
Maqomayevi, Hüseynqulu
Sarabskini), nə ən ağır günlərində
onun köməyinə gələnləri,
nə də öz hamisi
– Murtuza Muxtarovu
(Murtuza Muxtarov öz
ölümünə - 1919-cu ilədək daimi
maddi köməyini ondan
əsirgəməmişdi) unutmurdu.
Kaspi 2017.- 19 oktyabr.- S.7.