Burda da kitablar
var
İndiyə kimi Bakının mərkəzində işıq
saçan bir çox kitab dükanları, kitabxanalardan
yazdım. Bu gün
yolum şəhərdən
nisbətən kənaradır.
Kitab yolçusu olaraq mərkəzdən aralıda
kitab satışının,
mütaliənin və
ümumiyyətlə, həm
də kitab zövqünün nə yerdə olduğunu bilmək niyyətindəyəm.
İstiqaməti Yeni Əhmədli
qəsəbəsinə doğru
götürdüm. Fərqli-fərqli, irili-xırdalı kitab – dəftərxana ləvazimatları
dükanları var. Mənimsə
diqqətimi Bakıda xeyli məşhur olan, 2012-ci ildən fəaliyyət göstərən
Kitabevim.az mağazalar şəbəkəsinin
Əhmədli filialı
çəkdi. Mağaza Ukrayna
dairəsi yaxınlığında
Məhəmməd Hadi
küçəsində yerləşir.
Bu görkəmli Azərbaycan şairinin adını daşıyan
küçədə bir
müddət öncə
yenicə açılmış
kitab dükanında satışın hansı
səviyyədə olduğunu,
mərkəzdən kənarda
yaşayan vətəndaşların
kitab seçiminin nə cür olduğunu öyrənmək
fikrindəyəm.
Bundan başlayım
ki, Kitabevim.azın digər dükanları kimi, bu filialı
da çox gözəl, çox təmiz, çox səliqəlidir. Janrlara görə kitablar
bölmə-bölmə rəflərə
yığılıb. Bir şey diqqətimi cəlb etdi ki, kitablar təkcə
janrlara uyğun deyil, həm də janrın içində rənglərinə,
ölçülərinə, görünüşlərinə görə də çox harmonik şəkildə düzülüb.
Yəni rəng çalarları elə gözəl seçilib yığılıb
ki, ilk təəssürat
fikrində göy qurşağını canlandırdı.
Kitablar göz oxşayır.
İstər-istəməz kitabların rəng
ahənginə dalırsan,
diqqətini çəkir,
maraqlanırsan. Məncə, bu özü də kitaba və kitab alıcılarına
böyük diqqət
və sevgidir. Hər şey xırda bir detaldan başlayır.
Veber deyir ki, iki dəfə
oxunmağa layiq olmayan kitabı heç bir dəfə də oxumağa dəyməz. Bəs, görəsən,
burda heç olmasa bir dəfə
oxunan kitablar hansılardır. Kim nə oxuyur, hansı kitablar dəbdədir və hansı kitablar dəbin üstündədir?!
Dediyim kimi kitablar janrlar üzrə müəyyən
ardıcıllıqla düzülüb. Klassik və
müasir ədəbiyyat
nümunələri, detektivlər,
özünüinkişaf kitabları,
uşaq ədəbiyyatı,
idmanın müxtəlif
sahələriylə bağlı
kitablar, elmi kitablar, dərslik və metodik vəsaitlər rəflərdədir.
Çeşid, həqiqətən də, çoxdur. İstənilən səviyyədə oxucu üçün kitab var. Azərbaycan, rus, ingilis dillərində,
Türkiyə türkcəsində
müxtəlif yaş
və intellekt səviyyəsində hər
bir oxucu axtardığı kitabı
tapa bilər. İnanmıram ki, hər hansı bir oxucu gələ bu tavanından döşəməsinəcən kitab – mütaliə ab-havasında olan dükana, özünə,
düşüncələrinə, istəyinə uyğun bir kitab tapmaya.
Həm də ki, dükanın
əla məsləhətçiləri
var. Alıcını səbirlə
dinləyir, nəylə
maraqlandığını öyrənir. Rəflərdən münasib kitabları seçib verir. Və ya oxucunun arzu
etdiyi kitab onun yaş səviyyəsinə
uyğun deyilsə, ona daha münasib
kitab seçib təklif edir. Həmin bu peşəkar
məsləhətçilərdən söhbət əsnasında
öyrəndim ki, dükanın çox az müddətdə
fəaliyyətdə olmağına
baxmayaraq, müştəri
toplaya bilir. Bunu elə özüm də şahid oldum. Düzü alıcıların ən çox məktəb ləvazimatları,
dərsliklər, dərsliklərə
əlavələrlə maraqlanırdılar.
Müxtəlif fənlər üzrə,
qiymətləndirmə testləri,
ensiklopediyalar, atlaslar,
lüğətlər və
s. alırdılar. Amma
Dostoyevskinin "Qumarbaz"ını
soruşub alan
olduğu da gözümdən yayınmadı.
Gənclər daha çox özünüinkişaf kitabları
alırlar. Bu cür
kitablar oxumaq indi gənclər arasında çox dəbdədir. Söhbətləşdik xeyli onlarla. Niyə bu kitablara bu
qədər meylli olduqları ilə maraqlandım. Napoleon Hillin "Düşün
və varlan" kitabının oxucusu bu kitabda özü
üçün yeniliklər
aşkarladığını, doğrudan da, heç nəyə sahib olmadan necə varlanmağın yollarını
öyrəndiyini danışdı.
Dediyinə görə,
bu tip kitablar insanda mənəvi zənginlik hissi doğurur, həyat bir az rahatlaşır onda. Satıcı
bildirdi ki, Robin Şarmanın "Ferrarisini
satmış rahibdən
liderlik dərsləri"
(Uzaqgörən liderin
səkkiz ritualı) kitabı satışda elə liderlik edir. Bu kitab,
ümumiyyətlə, dünyada
altı milyondan çox satılıb.
Bundan başqa gənclər Vintsas Krevenin "Azəristan ölkəsi"
kitabı, Xan nəşriyyatının çap
etdiyi Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsi" kitabı da ən çox satılanlardandır. Demək olar
ki, rəflərdə
qalmır heç.
Satışda olduqca gözəl klassik ədəbiyyat nümunələri olsa da, onların liderlik etdiyini deyə bilmərəm. Amma alıcısı-oxucusu mütləq
şəkildə var. Lev Tolstoy, Fyodor Dostoyevski, Viktor Hüqo,
Remark, Heminquey, Saramaqo,
Cek London, Markes, Mirzə Fətəli Axundov, Cəlil Məmmədzuluzadə, Cəfər
Cabbarlı, Mikayıl
Müşfiqin kitabları
müəyyən qədər
satılır.
Detektivlər düzülən bölmə
də xeyli diqqətimi cəlb etdi. Yenə də liderlik
Xalq yazıçısı
Çingiz Abdullayevdədir.
Hər iki dildə Çingiz müəllimin
kitabları ən çox sevilən, satılandır. Ondan sonra
Müşfiq Xan, Varis, Elxan Elatlı
ilk üçlükdədirlər. Dünya detektivlərindənsə, əlbəttə,
ki, Aqata Kristi, Konan Doylun əsərləri sevilir və alınır.
Xalid Hüseynin
"Çərpələng uçuran"ı, "Min möhtəşəm
günəş"i hələ
də oxucuların maraq dairəsindədir. Bundan başqa, Coco Moyesin "Səndən öncə mən", "Səndən
sonra" və "Bir üstəgəl bir" kitabı da dəbdədir.
Dükanda uşaq ədəbiyyatına
geniş yer ayrılıb. Əvvəllər daha çox
rus dilində olan uşaq ədəbiyyatı daha ana dilimizdə çap olunan bir-birindən maraqlı kitablarla əvəz edilib. İndi bu bölməni
daha çox ana dilimizdə olan, rəngarəng kitablar bəzəyir.
"Altun” nəşriyyatı
müxtəlif irihəcmli
əsərlərin kiçildilmiş
variantında kitablar çap edib ki, həm qiyməti
münasibdir, həm görünüşü və
həm də içindəkilər də
maraqlıdır. "Qanun” nəşriyyatının
da uşaq ədəbiyyatı seriyasından
kitabları satışda
var və alınır. Uşaqlarçün kitablar həm rəng, həm mətn, həm şəkil baxımından
mütləq yüksək
səviyyəli olmalıdır.
Tərcümə edilmiş nağıllar,
əfsanələr uşaqlarımızın
dünyagörüşünə, qavrama qabiliyyətinə, yaşam tərzinə uyğun olmalı və bugünlə ayaqlaşmalıdır. Bir müddət
əvvəl dirçəlməyə
başlayan uşaq ədəbiyyatı çapı,
deyəsən, gözəçarpacaq
qədər irəliləyib.
Vərəqlədiyim kitablar şəxsən
məni qane etdi.
Kitab dükanın
rus dilində çap olunmuş kitablar bölməsində
də olduqca maraqlı kitablar olduğunu gördüm. Klassik ədəbiyyatın,
demək olar ki, istənilən nümunəsini burada asanlıqla tapmaq olar. Bu filialda
alıcılar arasında
rusdilli təbəqə
üstünlük təşkil
edirmiş. Tələbat olduğundan rəflər boş qalmır. Türk dilində çap olunan əsərlər də burada az
satılmır. Orhan Pamukun "Mənim adım qırmızı",
"Məsumiyyət muzeyi",
"Qırmızı saçlı
qadın" əsərləri
çox alınır.
Amma ümumiyyətlə, götürsək,
bu yazıçının
əsərlərinə əvvəlki
kimi maraq qalmayıb.
Kitabevim.az mağazalar şəbəkəsinin şüarı
"Mütaliənin ən
rahat ünvanı"dır. Həqiqətən də, ürəklə, mübaliğəsiz demək
olar ki, bura mütaliənin doğma ünvanıdır.
Dükandan ona görə
xoş təəssüratlarla
ayrılıram ki, kitab oxuyan var
və onlar üçün bu cür gözəl məkanlar açılır,
istifadəyə verilir.
Hesab edirəm ki, tezliklə uşaqlıq illərimizdəki "kitab
oxumaq dəmi" yenidən dəbə düşəcək.
Fyodor Dostoyevskinin belə bir məşhur fikri var: "Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun.
Qalan şeyləri həyat özü edəcək".
Ciddi kitablar oxuyaq, xanımlar və cənablar! Qalanını həyat özü
yoluna qoyar. Və bir də bunu
deyim ki, bəzi dəbdə olan kitabların adlarını eşidəndə
istər-istəməz Oskar Uayldın "Əvvəllər
kitabları yazıçılar
yazardı, oxucularsa oxuyardı. İndi kitabı oxucular yazır, ona görə də heç kim
kitab oxumur!" aforizmi yadıma düşdü...
Hazırladı:
Xanım AYDIN
Kaspi 2017.- 21-23 oktyabr.- S.17.