Yorulmuş ürəyi ilə söz “yoğuran” şair
Əbülfət Mədətoğlunun son illərdə nəşr etdirdiyi kitablardan, onların məram və məqsədlərindən, şairin sözə poetik don biçməyindən, ülgü vurmasından xəbərdarıq. Əbülfətin hər dəfə yeni nəşr olunmuş kitablarından onun yazdıqlarının estetik çəkisi də gözlərimiz önündə boy verməkdədir. Əbülfət Mədətoğlu Allahdan "mədəd” diləyərək buğum-buğum inkişaf edir, özünəməxsus üslub daşıyıcısına çevrilir, şeirlərini öz içində müəyyənləşdirdiyi ölçüləri ilə ortaya qoyur, maraqlı bədii-estetik assosiasiyalara meydan verir.
Əbülfət 2012-ci ildə "Mənim kimi sevə bilsən”, 2015-ci ildə "Ürəyim sənlə danışır” kitablarından sonra bu il "Cəzayam sevdiyim qıza” (Bakı, Heroqlif, 2017, 224 səh.) əsəri ilə oxucu ictimaiyyətinin görüşünə gəlib. Bu kitabda onun topladığı şeirlərin məzmunu, mahiyyəti, estetik qayəsi, oxucuya təsir gücü, fikrimizcə, daha üstün bədii qiyafədədir. Əbülfət getdikcə sözü "yoğurmağı”, "kündələməyi”, "yapmağı” yaxşı bacaran şair kimi gözümüz önündə dayanır.
Əbülfətin son dövrlər poeziyası "həyata sarılan”, onu rəngləyən, amalını oxucu içində dirildən, təbiətin, insanın, sevənin ruhunu oxşayan, romantik duyğularla ruhaniyyat yaradan, bəzən cəmiyyət və həyatla antaqonizmdə olan kəsərli "silah” təsiri bağışlayır. Əbülfət söz qarşısında boyun əymir. Onun eynindən keçməyən, ağıla gəlməyən invariantlarını yaradır. "Cəzayam sevdiyim qıza” kitabının mayasında şairin məhz belə hissləri, düşüncələri yer alır. Əbülfət şeir yazarkən ürəyi ilə danışmaqla, onunla mükalimə etməyə daha böyük üstünlük verir. Şairin kövrək duyğuları sözə çevrilib, təklikdə öz özünə pıçıldayan sevgi çiçəyinə bənzəyərək puçurlayır. Adını çəkdiyimiz bu kitabda Əbülfət, demək olar ki, hər yerdən və hər şeydən uğurlu danışır. Burada ali hisslərin pərvaz etməsi də var, vətənsizliyi onun özünə dərd etməsi də. Dünyayla söhbətinin tutmaması da var, ümidinin ölməsi də. Ürəyinin ağrısından yorulması da var, ovunaraq hisslərinin daşlaşması da. "Çuxası söküldüyündən” Allahından zülmünü yerdən götürməsini xahiş etməsi də var, Qarabağın daşına əlini gəzdirməyib, gözlərini öpməməsi də, dərdinə bürünüb gözlərini qurutması da var. Ürəyinə nə qədər dərdlər verildiyini söyləməsi də var, onu necəgəldi vuranları duyması da var, xəyallarına güc gəlib, dünyanı dolaşması da, dünyasından şikayətlənməsi də və s.
Deyirlər şair olmaq fərqli istedad olub, Allahı sevənlərin və Allahın özünün sevdiyi insanların işidir. Burada bəlkə romantik hiss və duyğuya daha çox söykənilsə də, hesab edirik ki, inandırıcı, sınaqdan keçirilmiş məqamlar da nəzərdən qaçırılmamalıdır. Məsələn, Nobel mükafatı laureatı Orxan Pamuk yaradıcılığa şeirlə başlayıb, onun bu janrda əsərləri çap üzü görsə də, özü də izah edə bilməyəcəyi səbəblər ucbatından şairlikdən uzaqlaşmışdı. Çünki, onun fikrincə, əsil şair olduğuna inanılan insanın belə bir üstünlüyü var: ona gizli bir səs "Sən bunu yaz” deyə pıçıldayar, o da yazar, amma yazıçıya heç kimsə bir söz pıçıldamaz. O.Pamuk daha sonra "şeir Allahın özəl qullarına pıçıldadığı kəlmələrdir. Mənə pıçıldamadı”, - deyərkən nəzmin fitri istedadla bağlı olduğunu israrla bildirmişdi.
Əbülfət Mədətoğlu da Allahın özəl qullarına pıçıldadığı kəlmələri qələmə alıb, kağıza köçürüb bizlərə çatdıranlardandır. Şairin kitabının xeyli səhifələrini əhatə edən "Trabzon şeirləri”ndə onun ürək ağrılarının döyüntüsü eşidilməkdə, az qala oxucunun qulağında cingildəməkdədir. Ona görə də o, həkimin onun ürəyini necə müalicə edəcəyi ilə bağlı:
amma
ürəyimizi
unudanları –
onu hardan,
necəgəldi vuranları
seçib görə
bilməyəcək...
ürəyimizin
dilindən
xəbərsiz həkim
ürəyimizdəkilərin
yanından
sakitcə ötüb
gedəcək ( s.24) - nigarançılığını
bizə çatdırır.
Yaxud türkiyəli kardioloq-professor
Mustafa Gökçəyə ithaf etdiyi yenə
də ürəklə
bağlı fikirlərini:
Böyük loğmandı...
deməli,
ürəyimin
içini görəcək!
məni
heç vaxt
yaşamadığım
bir həyəcan
əsir aldı...
əlim ürəyimin
üstə qaldı...
( s. 26) - şəklində
dilə gətirəcəkdir.
Əbülfət sözlərə ənənəvi
naxış vurmağı
o qədər də məqbul saymır. Buna görə
də o, sözləri
öz düzümünə
uyğun olaraq sıralamağa daha çox meylli olur:
Dolaşıram dünyanı
Xəyallarımın gücüylə...
Yaşayıram hər anı -
Bu günlərin köçüylə! (s.33) - deyərək cərgələməkdən
xoşu gəlir.
"Qarabağım, Qarabağ”
şeirində biz Əbülfətsayağı
daha çox düzüm görürük:
Əlim
daşını öpmür,
Zirvənisə gözlərim...
Mən nə qədər uzaqdan
Baxa-baxa
közərim -
Qarabağım Qarabağ?! Qarabağım, Qarabağ - (s.18) – deyə
hayqırır və Qarabağın günəşinin
buludlaşmasından, Qara
dərdimizi daimi göynədən Qarabağımızın
unudulmasından şikayətlənir. Bu yanğı
"Yerim” şeirində
daha çox giley-güzara çevrilir.
Elə bil şairin ümidi ölür, elə "Ümid
öləndə” şeirində
olduğu kimi:
Ağ qaraya ləkə olur,
Dərd
sevincə ləkə
olur,
Nağıl duzsuz kökə olur,
Ümid
öləndə... (s. 7) - qənaətinə
gəlir.
Bütün bunları biz Əbülfət
Mədətoğlunun söz
xatirinə, poetik biçim, fikir bütövlüyü yaratmaq
xatirinə işlətdiyi,
qurub-qoşduğu ibarələr
yox, içindən, içinin içindən
boy verən dərdin közərtisi kimi dəyərləndiririk. Bəzən
elə olur ki, şair perik
düşmüş duyğularının
burulğanında var-gəl
edir, elinin, obasının əlindən
çıxdığına vaysınır:
Nə kəndim var, nə evim,
Hansı qapını döyüm?
Neçə günlük qonağam
-
Nə bilim, necə deyim?!(s. 4) - şəklində fikirlərini
ifadə edir.
Belə bədbinləşməni biz Əbülfət
Mədətoğlunun şeirlərində
sonra da görürük. Bu, şairin ruhuna hakim kəsilən hissləri ilə əlaqədardır:
Allahım, yoruldum daha
Dincəlmək keçir içimdən...
Yır-yığış eyləyən ruhum -
Sakitcə köçür içimdən!
(s. 38) - deyərkən oxucunun düşüncəsində
insanın (bizim təqdirdə Əbülfət
Mədətoğlunun) özünün
emosional halını,
psixoloji vəziyyətini
ortaya qoyur. Belə psixoloji hal, belə emosional vəziyyət şairin ürəyində daha sağalmaz yaraların baş qaldırmasına səbəb olur. Ona görə də:
Yoruldum ürəyimin
Qarşısında durmaqdan.
And içib sağ əlimi –
Mən üzümə vurmaqdan
(s. 9) - fikirləşərkən Əbülfət giley-güzarını
səngitmir. Belə vəziyyətdən şair
cana doyur
və öz poetik obrazına xoşagəlməz hala düşdüyünə görə
onu ovutmağa cəhd etmə kimi məsləhətləri
ortaya çıxır:
Məni
ovutmağa cəhd etmə, gülüm,
Ovunmaq hissim də daşlaşıb artıq,
Qələm götürəndə titrəyən əlim,
Hisslər də mənimtək
yaşlaşıb artıq!.. (s.10)
Bizə
belə gəlir ki, Əbülfət təhlilə cəlb etdiyimiz kitab üçün zahiri baxımdan hər hansı bir düşünülüb-daşınılmış
kompozisiya müəyyənləşdirməyib,
mündəricat tərtib
etməsə də, burada təqdim olunmuş şeirlərin təhtəlşüurda,
mətnin alt qatında
oturmuş mükəmməl
bir sistem, ardıcıllıq, biçim,
şairin poetik məninin zühur etmə konsepsiyası var. Bunu biz həmin nümunələrin ideya-məzmun
özəlliyində, mətləblərə
uyğun mövqedən
yanaşma kontekstində
yaxşı görüb
hiss etmişik. Kitabda müraciət
etdiyimiz parçalar düşünmək üçün
yetərincə əsas
verir. Baxın, görün Əbülfət
yuxarıdakı giley-güzarlarını
aşağıdakı parçada
necə davam etdirir:
Göz önündə şam kimi
Sönəsən, görməyələr ...
Yıxılıb adam kimi -
Öləsən görməyələr... (s. 12) - fikri ilə
oxucunu nostalji və bədbin nota kökləyir.
Tez-tez belə
bir fikri vurğulayırlar ki, ümid sonuncu ölür. Əlbəttə, yəqin belə
olması daha yaxşıdır. Çünki insanı (oxu şairi) həyata nikbinliklə baxmaq, daha çox işlər görməyə,
yaşatmağa və
yaşamağa sövq
edir. Əbülfətin
şeirlərindən gələn
pessimizm, bədbinlik, fikrimizcə, bir yandan Vətənin müəyyən hissəsinin
itirilməsi ilə bağlıdırsa, digər
tərəfdən, Qərbi
Avropa və rus romantiklərinin fikirlərinin həyata bağlılığı ilə
əlaqəli nəzərdən
keçirilməlidir. Əbülfət sanki poetik obrazın
fərdi keyfiyyətlərini,
onun daxili aləmini daha çox diqqətdə saxlamağa meyl edərkən sanki ruhi düşkünlüyə
düçar olub, tənhalıqda var-gəl
etməyə üstünlük
verirsə də, bu, heç də bütün hallarda onun rasional
təfəkkürünü zədələmir. C.Bayron, U.Bleyk,
V.Hüqo, F.Şatobrian,
A.Puşkin, A.Batyuşkov,
V.Jukovski və M.Lermontovsayağı öz
fikirlərini içində
yaşatmaq istəyir.
Görün, bu tipli hisslərini Əbülfət oxucuya necə çatdırır:
Daşa
çırpıram özümü
Ağrımır əzilən yerim...
Yaman qorxudub gözümü -
Allahdan üzülən yerim!... (s.12) - deyir.
Lakin şair nə qədər ümidsiz olsa da, əlini
heç vaxt Allahının ətəyindən
üzmür:
Sökülüb çuxam, Allah
Bəlkə də yoxam,
Allah!
Bu mənim yaxam, Allah -
Ruhumu yerdən götür!.. (s. 14) - deyərək,
içini sanki sufilərlə yaxınlığına
kökləyir, ruhunun
uçub pərvaz edəcəyi səmtə
yönəldir.
Əbülfətin şeirlərindən onun Allahdan, Ulu Yaradandan
qorxduğunu görmək
o qədər də çətin deyil. Zənn edirik
ki, bu, şairin
haqqa, ədalətə
bağlılığının göstəricisi kimi dəyərləndirilməlidir. Buna görə də:
Ah çəkib ahı sayıram
Etdiyim günah qədərdir ...
Yatdığım gecənin sayı
–
Açdığım sabah
qədirdir (s. 47) - deyib
dillənərkən, şairin
həm də özünün özü
qarşısında, vicdanın
önündə hesabat
verdiyini görməkdəyik.
Kim bilir? Bəlkə şair:
Mən hərdən öz içimin
Zindanına düşürəm.
Əlimdəki qələmlə -
Ürəyimi deşirəm! (s. 52)
- deməklə içindəki
haqq-hesabı, əzab-əziyyəti
nəzərə çarpdırmaq
istəyir.
Əbülfət Mədətoğlunun nəzərdən
keçirdiyimiz kitabında
biz şairin fərqli
intonasiyasının, poetik
obrazlarının və
biçimlərinin daha
çox şahidiyik. Əbülfətin şeirlərinin mayasında
onun fərdi duyğularında yer almış özündən
narazılığın rəngləri
aydın görünməkdədir.
Bu isə sənətkarın
sənət qarşısında
cavabdehliyinin meyarı
olaraq dərk edilməlidir.
Nizami Tağısoy
Kaspi 2017.- 21-23 oktyabr.- S.22.