“Hiss etdim
ki, insanların dualarında yaşayıram”
Könül Xasıyeva: “Həkimlərin
dediyi o günü gözləyirəm”
Heydər
Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı
ilə fond tərəfindən
xalq artisti Könül Xasıyevaya ev hədiyyə
edildi. Onurğa iflici xəstəliyindən
əziyyət çəkən
ifaçının səhhəti
günü-gündən yaxşılığa
doğru dəyişir. Azərbaycan musiqi aləmində öz dəsti-xəttini yaradan, böyük tamaşaçı kütləsi
qazanan K.Xasıyeva mənzil aldıqdan sonra "Kaspi” qəzetinə eksklüziv
müsahibə verdi. Üçotaqlı, tam təmirli mənzillə
mükafatlandırılan xalq
artisti yeni evinin Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşdiyini
deyir. Deyir ki, ulu öndərimizin adını
daşıyan məkana
yaxın olması xüsusilə xoş ovqat yaradır.
- Könül xanım, sizi mənzil almağınız münasibəti
ilə təbrik edirik.
- Təşəkkür edirəm.
Mətbuat nümayəndələri məni daima diqqət mərkəzində
saxlayıblar, siz də həmçinin.
Var olun! Allah bizim
Birinci vitse-prezidentimiz
Mehriban Xanım Əliyevaya uzun ömür versin. O, bizim mələyimizdir. Arzularımızı həyata keçirən
mələk.
- Biz sizə də uzun ömür arzulayırıq.
- Çox sağ
olun. Var olasınız, Allah hər birinizdən razı olsun.
- Sizə ev veriləcəyini
gözləyirdiniz?
- Bəli, gözləyirdim.
Çünki biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizin
rəhbəri həmişə
sənət adamlarına
böyük diqqət
və qayğı göstərib. Bunu danmaq
olmaz, çünki bu, göz qabağındadır.
Hər zaman dövlət başçımızın
diqqətini üzərimizdə
hiss etmişik. Ona görə sizdən heç nə gizlətməyəcəyəm, mən ev
alacağımı gözləyirdim. Leyla Əliyeva şəxsən
mənim müalicəmlə
tez-tez maraqlanır, zəng etdirir, halımı xəbər alır. O, tapşırıqlarını verir,
müalicənin yaxşı
getməsi üçün
əlindən gələni
edir. Bizim dövlətimiz bütün
bunları öz sənətkarına qarşı
edir. Bizim həqiqətən də gözəl dövlətimiz var. Mən
dövlət başçımıza,
onun həyat yoldaşına öz minnətdarlığımı bildirirəm.
- Hazırda səhhətiniz necədir?
- Səhhətimə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım xüsusi diqqət ayırır. Heydər Əliyev
Fondu da maliyyə ayırıb, yardım edir. Onlar da mənim sağlamlığım
uğrunda çox əziyyət çəkirlər.
İnsan
ona dəyər verildiyini görəndə
çox şad olur, sevinir. Sevincinin həddi-hüdudu olmur.
Həkimlərimizin mənə deyirlər
ki, səni Heydər Əliyev sarayında konsert verəcəyin günə
qədər sağaldacağıq.
Mən də həkimlərin dediyi o günü gözləyirəm. İnanıram ki, bir gün
sağalacaq və o səhnədə konsert proqramı ilə çıxış edəcəyəm.
Sizi əmin edirəm ki, jurnalistlər orada ön sırada
olacaqlar. Onlar mənim
başımın tacıdırlar.
Mən sizə öz konsertimdən reportaj yazmağı arzulayıram.
Siz mənim məxsusi qonağım olacaqsınız.
- Könül xanım, ürəyinizdə
qalan hər hansı arzunuz varmı?
- Əlbəttə ki,
arzular tükənməzdir. Mən Kazım
balamın toyunu görmək istəyirəm.
Allahdan tək arzum can sağlığıdır.
Mən oğlumun xeyir işini görüm və onun boynuna
kəlağayı salım.
Noyabrın 17-də Kazımın 10 yaşı tamam olur. Onun toyunu görmək
inşallah mənə
nəsib olsun. Allah ömür nəsib
etsin ki, mən o günü görüm. Onun əlini
həyat yoldaşına
həvalə edim, sonra özləri bilsin. Ona çox möhtəşəm
bir toy keçirmək
istəyirəm. Ən böyük
arzum odur ki, Kazım dövlətimizə ləyaqətli
bala kimi yetişsin. Fərqi yoxdur, hansı
sahədə çalışacaq.
Adi sürücü də olsa belə, ləyaqətli və vicdanlı olsun. İnsanları sevsin, dövlətini,
vətənini, torpağını
sevsin. Onu gələcəkdə belə bir övlad
kimi görmək istəyirəm. Allah hamımıza övladlarımızın
xoş gününü
yaşatsın.
- İnsan
dostunu da, düşmənini də dar və xoş
günündə tanıyır. Siz həyatın bütün
sınaqlarından üzüağ
keçdiniz. Xoş və
dar gününüzdə
dost-düşməninizi tanıya
bildinizmi?
- Mən insanları çox sevirəm. Qəlbimdə zərrə qədər
də olsa kin-küdurət yoxdur. Allahın yaratdığı insanı
istəməməyə ixtiyarım
yoxdur. Hər kəs mənim
dostum, can-ciyərimdir.
Elə şeylər ağlımın
ucundan da keçmədi ki, mən insanları sınaqdan keçirim.
Belə bir şeyi etmədim.
Hiss etdim ki, insanların dualarında yaşayıram. Bu gün həyatdayamsa o, insanların duaları sayəsindədir. Xalqın duası
məni ayağa qaldırdı. Mən bütün
xalqıma təşəkkürümü
bildirirəm. Ona görə
ki, onlar məni pis günümdə
də, xoş günümdə də tək qoymadılar, hər zaman yanımda oldular, onların dualarından əskik olmadım. Şükür Allahın bu
gününə. Oktyabrın 24-ü həyatımda duaların
qəbul olunduğu gündür. Həmin
gün mənə ev hədiyyə
edildi. O günü heç vaxt unutmayacağam. Bu tarix mənim
həyatımda qızıl
hərflərlə bir
tarix yazdı.
- Səsiniz hələ də yerindədirmi?
- Səhhətimdə problem olmasına
baxmayın, səsimdə
heç bir problem yoxdur. Allah mənim
boğazıma sanki bir aparat qoyub.
Onu məndən yalnız
Allah ala bilər. İndi
bir az
zəifləmişəm, inşallah
bunun da öhdəsindən gələcəyəm.
- Bizim ailədə sizə böyük hörmət var. Sizin
səhhətinizlə bağlı
yayılan xəbərlər
bizi çox məyus etdi.
- Mənim adımdan məni soruşan, mənə görə narahat olan hər
kəsə deyin ki, Könül Xasıyevanın səhhəti
yerindədir, heç
bir narahatlığa əsas yoxdur. Məni xalqın sevgisi yaşadır, sağ olsun xalqım. Allah onlara dəyməsin.
Məni ayaqda tutan xalqımın
xeyir-duasıdır. Mən özümü
şanslı ifaçılardan
hesab edirəm. Bütün ağsaqqallarımıza,
ağbirçəklərinizə məndən salam
çatdırın.
- Bundan əvvəl haqqınızda
"Xərçəng xəstəliyindən
əziyyət çəkir”
məlumatı yayılmışdı.
Bu məlumat doğru
idi?
- Xeyr, əsla. Bir müddət mətbuatda yanlış məlumatlar getdi. Dedilər ki, guya xərçəng xəstəsiyəm. Hətta ölüm xəbərim belə yayıldı. Nə qədər xərçəng xəstəliyindən əziyyət çəkən insan varsa, Allah onlara kömək olsun. O xəstəlikdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Doğmalarına səbir arzulayıram. Şükür ki, məndə bu gün o xəstəlik yoxdur. Düzdür, insanın sabaha təminatı yoxdur ki, həyatda olacaq, yoxsa yox. Kimin nə qədər yaşayacağını Allah bilir. Yazıya pozu yoxdur. Ancaq elə şey olmayıb. Bu, yanlış informasiya idi.
- Bu xəbərlər psixoloji
olaraq sizə təsir etdimi?
- Əlbəttə ki, etdi. Bir müddət mətbuatda mənim haqqımda ölüm xəbərim yayılmışdı. İnternetdən bu xəbəri oxuyanda bir müddət özümə gələ bilmədim. Belə şey olarmı? Telefonun dəstəyini qaldıran kimi mənə başsağlığı verirdilər. Elə bilirdilər ki, dəstəyi götürən mənim hansısa qohumumdur. Bu, dəhşətdir. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Telefonu kimə açırdımsa deyirdilər ki, bəs deyirlər sən ölübsən. Ancaq bilmirdilər ki, dəstəyi mən qaldırıram. Saysız başsağlığı SMS-ləri alırdım. Əlbəttə ki, bu, psixoloji olaraq mənə pis təsir edirdi. Bir insanı ölü kimi təqdim etmək təbii ki, təsirsiz ötüşmür. Mən də çox əzab çəkirdim. Bilmədən, xəbəri olmadan, maraqlanmadan, araşdırmadan jurnalistin, söz adamının yanlış yazması bağışlanılmazdır. Mən mətbuata açıq adamam, onlar mənimlə əlaqə saxlasaydılar, həyatda olduğumu deyərdim. Əgər jurnalist işinin peşəkarıdırsa, o, məlumatı dəqiq şəkildə öyrənməli, mənimlə əlaqə saxlamalı, sonra yazmalıdır. Xalqla bizim aramızda körpü rolunu oynayan məhz jurnalistlərdir. Mən istəməzdim ki, insanların hissiyyatı ilə bu qədər oynasınlar. İnsanlar da onların yazılarını oxuyub məyus olmuşdular. Xalqa hər zaman düzgün məlumat ötürmək lazımdır. Bu, onların vəzifə borcudur. Düzdür, jurnalistlərin içində peşəkarları da var, bu sözlərimi hər jurnalistə aid etmirəm. Ancaq istənilən halda düzgün deyildi.
- Sizə el arasında "bala
Şövkət” deyə xitab edirlər. Bu ləqəb necə verilib?
- Deyirlər ki, xarici görkəminizdə oxşarlıq var. Mənim anamla bir şəklim
var. Evdə göz önünə qoymuşam. Kim bizə
gəlirsə, deyir ki, sən eynilə
Şövkət Ələkbərovaya bənzəyirsən.
Hətta
şəklə baxıb,
"Şövkət xanımın
sizdə şəkli hardandır” soruşanlar da olur. Deyirəm ki, bu, mənəm,
Şövkət xanım
deyil. Mən onları inandıra
bilmirəm ki, o xanım mənəm.
Ona görə mənə "Balaca Şövkət”
deyirlər. Sizə bir şəkil
göndərəcəyəm, baxandan sonra o sualın cavabını özünüz tapacaqsınız.
Xəyalə Rəis
Kaspi 2017.- 26 oktyabr.- S.14.