80 il səhnədə olan aktyor
Ağasadıq Gəraybəyli 91 yaşında
səhnəyə çıxanda,
artıq gözləri
də görmürdü...
"Hər dəfə
Ağasadığı səhnədə
görəndə həyatın
özü, yaratdığı
obrazın canlı təsvirləri gözlərim
önündən keçir. Onun timsalında
həyatla səhnə
arasında sıx əlaqə görürəm”.
Xalq şairi Səməd Vurğunun görkəmli aktyor Ağasadıq Gəraybəyli haqqında
söylədiyi bu fikirlər böyük aktyorun yaradıcılığını
vərəqləmək üçün
gözəl başlanğıcdır.
Görkəmli teatr xadimi Mehdi Məmmədovun:
"Aktyorluq onun alın yazısıydı.
1940-cı ildə respublikanın
Xalq artisti fəxri adına
layiq görülmüşdü.
Onu bir dəfə də olsun özündən
razı görmədim.
Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə
nüfuz qazanmışdı.
Can deyib, can eşidərdi”
- sözləri isə
A.Gəraybəylinin insan
kimi xarakterini açmağa kömək
edir. Böyük aktyor və
gözəl insan – onun haqqında yalnız belə deyirlər.
Aktyor milli teatrımızın və
kinomuzun səhifələrinə
qızıl hərflərlə
yazılan obrazlar qalereyası yaradıb. O, 200 müxtəlif
rolda səhnəyə
çıxıb. Nəriman
Nərimanovun "Nadir şah”,
Üzeyir Hacıbəyovun
"Arşın mal alan”,
Cəfər Cabbarlının
"Sevil”, "Od gəlini”, "1905-ci ildə”,
Səməd Vurğunun
"Vaqif”, "Həyat”,
"Xanlar”, "Fərhad
və Şirin”, Cəlil Məmmədquluzadənin
"Ölülər”, Qoqolun
"Müfəttiş”, Mirzə
İbrahimovun "Həyat”
əsərlərində oynadığı
rolların hər biri milli teatrımızın
zənginləşməsinə xidmət edib. Görkəmli aktyor 1933-cü ildən
ömrünün son gününə
qədər Azərbaycan
Dövlət Akademik
Dram Teatrında fəaliyyət
göstərib.
11 yaşlı aktyor
Ağasadıq Gəraybəyli uşaqlığı,
gəncliyi, aktyorluq sənətinə sevgisindən
maraqla danışarmış:
"1897-ci ildə, Novruz
bayramı qabağı
Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim.
Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya
bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin
dedikləri hələ
də qulaqlarımda səslənir: "Get, a bala,
canın zəlzələdən
qurtaracaq. Əlin Allahın ətəyində
olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Sahibsiz uşaq
idim. Tanımadığım bir darvazanı
döydüm. Gülərüz,
mehriban baxışlı,
nurani, ahıl bir kişi
qapını üzümə
açdı. Elə bil məni çoxdan
tanıyırdı: "Gəl
görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu
ona danışdım.
Qəfil dilləndi:
"Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət
göndərib”. Həmin gündən
Əlisəttar kişidən
atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm.
Məktəbə gedəndə də
bəxtim gətirdi.
Sonralar yazıçı-dramaturq kimi
tanınan Cəfər
Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı
Hüseyn Ərəblinskidən
çox mətləbləri
öyrəndim. Mirmahmud Kazımovskinin
təşkil etdiyi teatr dərnəyinə gedərdim. Dərslərimi pis oxumurdum.
Ancaq yatanda da yuxuda
teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin
sayəsində "Nicat”,
sonra "Səfa” həvəskar teatr dərnəklərinə getdim”.
Ağasadıq Gəraybəyli səhnəyə
ilk dəfə 1911-12-ci illərdə
Hüseyn Ərəblinskinin
truppasında işləyən
rejissor qardaşı Ağayarın köməyi
ilə çıxıb. Ona qız
rolunu oynamaq tapşırılanda, ağlayaraq
razılaşmaq istəməyib.
Qardaşı və Hüseyn
Ərəblinski ona xeyli dil tökdükdən
sonra səhnəyə
çıxıb. Rolunu
oynayıb başa vurandan sonra isə "bir daha qız rolunda
oynamayacağam” - deyib. Elə o ildən balaca aktyor teatra vəsiqə
alıb. A.Gəraybəyli professional
səhnəyə 1921-ci ildə
Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının
səhnəsindən başlayır
və 1932-ci ilə kimi bu teatrda
çalışır.
A.Gəraybəyli dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə gəlir. Üzeyir Hacıbəyov,
Əbdürrəhim bəy
Haqverdiyev, Cəfər
Cabbarlı kimi
nəhəng şəxsiyyətlərin
müasiri olması Ağasadıq Gəraybəylinin
ən böyük xoşbəxtliyi idi:
"1921-ci ildə Cəlil
Məmmədquluzadənin "Ölülər” pyesində
kefli İsgəndərin
monoluqunu söyləyib
səhnədən düşəndə
məni yanına çağırdı. Əllə görüşdü,
üzümdən öpdü,
saçımı tumarladı.
"Sənin kimi azərbaycanlılarla fəxr
etmək lazımdır”
– dedi. Üzeyir bəyin qayğısı
sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım,
mənə birotaqlı
mənzil verdilər.
Ailə qurdum. Toy günü
xeyirxahımın dediyi
kəlamı dönə-dönə
xatırlayıram: "Ailə
qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”. Dahi bəstəkardan söhbət
düşəndə aktyor
onu böyük məhəbbətlə anırdı:
"Üzeyir bəy peyğəmbər xislətli
şəxsiyyət, düha
sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı,
musiqisi, teatrı ilə dünyada tanınsın”.
Dillər
əzbərinə çevrilən
ifadələr
Ağasadıq Gəraybəylinin istedadı
kino rejissorlarının
da diqqətindən yayınmır. Onu ilk dəfə çəkiliş
meydanına yaxın dostu Cəfər Cabbarlı dəvət edir və səssiz
"Sevil” filmində ona Balaş rolu tapşırılır.
İzzət Orucovanın
Sevili, Ağasadıq Gəraybəylinin Balaş
və Mustafa Mərdanovun
Atakişi rolları o
qədər güclü
təəssürat oyadır
ki, bu səssiz
filmin səsləndirilməsinə
heç bir ehtiyac duyulmur.
Aktyorun sonralar çəkildiyi "Ulduzlar sönmür”,
"Leyli və Məcnun”, "Fətəli
xan”, "Poçt qutusu”, "Qızmar günəş altında”,
"O olmasın, bu olsun”, "Bəxtiyar”,
"Bizim küçənin
oğlanları” filmləri
kino tariximizin qızın fonduna daxil edilib. A.Gəraybəylinin ən yadda qalan rolları "Bəxtiyar” filmində oynadığı klub müdiri Ağabala və "O olmasın, bu olsun” filmindəki
Rüstəm bəy obrazlarıdır. "Bəxtiyar” musiqili filmində aktyor klub müdiri Ağabalanı - mənfi,
daha çox komik obrazı elə məharətlə
canlandırır ki, hətta həmin filmdə işlətdiyi əksər ifadələr
tamaşaçıların dilində əzbərə
çevrilir.
Bəxtiyar rolunun ifaçısı
Rəşid Behbudov deyərmiş: "Bəxtiyar”
filmində çəkiliş
meydançasında Ağasadığı
klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o insan kimi də, aktyor kimi də əsil
xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı
elə həvəslə
oynayırdı ki, sanki kamera qarşısında
deyildi, ekranda görünənlərə real təsvirlər təki baxılırdı”.
A.Gəraybəyli saysız-hesabsız gözəl
və uğurlu rollar ifa etməsinə
baxmayaraq, aktyorun ən böyük sevinci dahi Üzeyir
Hacıbəyovun eyniadlı
operettası əsasında
ekranlaşdırılan "O olmasın, bu olsun” musiqili komediyasındakı Rüstəm
bəy rolu idi. İstedadlı aktyor rolu elə
inandırıcı oynamışdı
ki, görkəmli teatr və kino
xadimi Adil İsgəndərov: "Əgər
Ağasadıq Gəraybəyli
təkcə Rüstəm
bəy rolunu oynasaydı belə, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı” - demişdi.
Ömrünün son gününə qədər
səhnəyə çıxan
aktyor
A.Gəraybəyli həm də komedik rolların mahir ifaçısı kimi sevilib. Görkəmli
yazıçı Sabit
Rəhmanın uzun müddət səhnədən
düşməyən və
böyük auditoriya toplayan "Xoşbəxtlər”, "Əliqulu evlənir”, "Nişanlı
qız” və s. əsərlərində oynadığı
komik obrazlar tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb. Həmin əsərlərdə
aktyora baş rollar etibar edilib
və böyük sənətkar müəllifin
ideyasını tamaşaçılara
məharətlə çatdıra
bilib. O illərdə
tamaşaçılar bu
səhnə əsərlərinə
bilet almaq üçün hər gün uzun növbələrə
durarmışlar...
"Mən hələ məktəbdə oxuyanda Ağasadıq Gəraybəylinin komedik rollarını görmüşəm. Şekspirin «12-ci gecə»sində, Sabit Rəhmanın «Xoşbəxtlər» əsərlərindəki rolları çox maraqlı idi. O, yeganə aktyor idi ki, faciə, dram və komediyada oynadığı rollarda səhnədə bu qədər başqalaşmağı bacarırdı. Demək olar ki, onun oynadığı bütün rollar uğurlu idi” - deyə Xalq artisri Rafiq Əzimov xatırlayır: "Ağasadıq Gəraybəyli ömrünün son gününə qədər səhnəyə çıxan nadir aktyorlardandır. Artıq gözü də görmürdü. Onun arxasınca evə gedib maşınla gətirir, əlindən tutaraq səhnəyə çıxarırdılar. Çətini səhnəyə çıxana qədər idi. Biz səhnədə qətiyyən onun gözünün görmədiyini hiss etmirdik. Yaddaşı elə idi ki, bütün nizamları bilirdi və buna uyğun səhnədə hərəkət edirdi. Bu, sənət sevgisi idi”. R.Əzimov danışır ki, İlyas Əfəndiyevin «Xurşudbanu Natavan» əsərindəki Knyaz rolunu A.Gəraybəyli 91 yaşında oynayıb: "O, rolunu çox gözəl oynadı. Aktyor səhnəyə daxil olanda bütün tamaşaçılar ayağa qalxıb onu alqışladılar”.
R.Əzimov Ağasadıq Gəraybəylinin kinodakı fəaliyyətindən danışaraq oynadığı rolların tamaşaçıların yaddaşına həmişəlik yazıldığını deyir: "Kinonun səssiz dövründən tutmuş, ta ömrünün son illərinə qədər bir çox filmlərə çəkilib. Cəfər Cabbarlının «Sevil» əsərindəki Balaş surəti ona məhz C.Cabbarlının tövsiyəsi ilə verilib. O, Politexnik Texnikumunda oxuyanda Cəfər Cabbarlı ilə birlikdə təhsil alıb. Dostluqları da həmin məktəbdən başlayıb. Ağasadıq Gəraybəylinin sevimli rejissoru Lətif Səfərov idi. «Leyli və Məcnun», «Bəxtiyar», «Görüş» filmlərində oynadığı rollar həmişə tamaşaçılar üçün yenidir. O heç bir rol oynamasaydı belə, təkcə «Bəxtiyar» filmindəki Ağabala rolu onun kino aləmindəki ən möhtəşəm rolu olacaqdı. Lətif Səfərovun çəkdiyi elə bir film yoxdur ki, orada Ağasadıq Gəraybəyli oynamasın. Bəlkə də rejissor intihar etməsəydi, A.Gəraybəylinin kinoda yaratdığı rollar daha çox olacaqdı”.
91 il yaşayan Ağasadıq Gəraybəyli bir çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülüb. Bu il aktyorun anadan olmasının 120, səhnə fəaliyyətinin 90 illiyi tamam olur.
"Ulu öndər Heydər Əliyev də Ağasadıq Gəraybəylinin xətrini çox istəyir, sənətini yüksək qiymətləndirirdi” - deyə R.Əzimov xatırlayır: "Yadımdadır, ulu öndər Milli Dram Teatrının 100 illik yubileyinə gələndə Ağasadıq Gəraybəyli haqqında çox gözəl fikirlər səsləndirdi. Ağasadıq Gəraybəyli bu sözlərə layiqli sənətkar idi. O, Milli Dram Teatrının tarixində yeganə aktyordur ki, 80 il mütəmadi teatrda çalışıb”.
Təranə Məhərrəmova
Kaspi .-2017.- 26 oktyabr.- S.7.