“Evi işə, işi evə “gətirməməyə”
çalışıram”
Günel Fərzəliyeva:
“Uğurun sirri çətinliklərə “yox” deməyi
bacarmaqdadır”
İşləməyi də, öz işini də sevir və gördüyü bütün işləri böyük həvəslə icra etdiyini deyir. Ümumiyyətlə isə, işsiz qalmağı sevmir, deyir ki, əgər qısa müddətlik boş vaxtı olarsa belə, özünə məşğul olmağa nə isə iş tapacaq. Ailəli xanım olduğu üçün hələ işdən əlavə, ailə məsuliyyəti də üzərindədir. Ona görə, işə və evə sərf edilən enerjilər tamam fərqlidir. Bu səbəbdən də birinin digərinə mane olduğunu düşünmür. Müsahibimiz "Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevadır.
- Jurnalistika üzrə təhsil alsanız da, bu gün marketinq
sahəsindəsiniz. Jurnalistika öz
seçiminiz olmuşdu?
- Bəli, jurnalistika öz istəyimlə seçdiyim fakültələrdən
idi. Bəzən abituriyentlərin ixtisas seçimi valideynlərə bağlı
olur, lakin məndə tam əksinə,
valideynlərim həm
bu məsələdə,
həm bir çox digər məsələlərdə seçimlərimə
etibar edib və dəstəkləyiblər.
Seçdiyim bütün ixtisasları
düşünərək qeyd etmişdim. Hansı sahədə özümü
görürəmsə, çalışa
bilərəmsə, onları
yazmışdım. Universiteti bitirəndən
sonra jurnalistika üzrə magistr təhsili də aldım. Amma diplom işlərim
PR və mətbuat xidməti sahəsi ilə bağlı olub. Daha sonra ADA Universitetinin
"Maastricht School of Management”i ilə birgə EMBA proqramı üzrə təhsilimi davam etdirmişəm.
- Jurnalist kimi çalışmamısız?
- Xeyr, çalışmamışam.
Lakin fakültənin arxivində
hazırladığım bir
çox süjetlər,
reportajlar, hətta qısa sənədli film də var. Televiziya jurnalistikasına marağım
böyük idi.
Ancaq ixtisas seçiminə daha praktiki prizmadan yanaşıb ictimaiyyətlə
əlaqələr və
marketinqi öyrənməyə
başladım və elə o sahə üzrə də iş həyatımı davam etdirdim.
- Marketinq sahəsinin maraqlı tərəfi nədir ki, sizi bu
sahəyə çəkib
gətirib?
- Fikrimcə, hər hansı şirkətin, məhsulun aynası, üzü marketinqdir. Bu sahə elə
sahədir ki, hərəkət və inkişaf tələb edir. İdeya aparatı gərək
daim işləsin.
Maraqlı tərəf yəqin
ki, odur. Həm də bazarla (istehlakçılarla) işləmək
maraqlıdır. Bu prosesdə hər gün bir yeniliklə
rastlaşırsan, öyrənirsən.
- Pozitiv auranız var. Maraqlıdır,
iş rejimi gərgin olanda bu pozitivlik qalırmı?
- Bu suala yəqin ki, həmkarlarım məndən yaxşı cavab verə bilərlər. Ancaq çalışıram ki, gərgin olan situasiyanı neqativ əhval-ruhiyyə ilə daha da
gərginləşdirməyim. Ümumiyyətlə, bizim sahəmiz
elədir ki, çoxlu ünsiyyət olduğumuz və eyni zamanda ictimaiyyətlə
işlədiyimiz üçün
həm də böyük məsuliyyət
tələb edir.
Mənim üçün
müsbət ab-hava, əhval ruhiyyə iş prosesinin ayrılmaz tərkib hissəsidir. Lakin bu, elə bir xüsusiyyət deyil ki, istədiyin
vaxtı yandırıb
söndürə biləsən
və ya peşə deyil ki, sonradan öz
üzərində işləyib
yiyələnə biləsən.
Pozitivlik
daha çox xasiyyətə bağlıdır.
Sadəcə bir qayda olaraq, marketinq sahəsində daha çox məhz pozitiv insanlarla rastlaşmışam.
- Marketinq əslində kənardan bir az əyləncəli
iş kimi görünür. Bəs iş prosesində gərginlik olurmu?
- Hər bir işin
öz məsuliyyət
yükü var. Bizim sahədə bu məsuliyyət təkcə
şirkət qarşısında
deyil. Layihələrimiz bir qayda olaraq ictimailəşir və bu da
özlüyündə böyük
məsuliyyətdir. Təbii ki,
gərginlik var və bəzən çox yüksəkdir.
Xüsusilə böyük layihələr
çərçivəsində.
- Bir çox sahələrdə belədir
ki, çətinlik, gərginlik təzə işə başlayanda olur, çünki təcrübə olmur. İlk iş yeriniz hansı olub, necə bir mühitdə işləmisiniz?
- İş təcrübəmə
ilk olaraq "Azpetrol” şirkətində başlamışam. Orada çox müsbət ab-hava varıydı və növbəti iş həyatımda mənim üçün yaxşı bünövrə
oldu. Təbii ki orada işə başlayanda universiteti yeni bitirmişdim və həmin vaxt üçün olan bilik və təcrübəmi
işimə tətbiq
edib paralel olaraq öyrənirdim.
Yaş, təcrübə artdıqca,
maraq dairəmiz genişlənir, öyrənirik,
öyrəndiklərimizi tətbiq
edirik, püxtələşirik.
- İşlərinizə
rəhbərlərin reaksiyası
necə olub? Heç nəyi bəyənməyən
"tiran” direktorlarla qarşılaşmısınızmı?
- "Azpetrol”u qeyd
etdim. 6 ilə
yaxın "Embawood” şirkətində çalışmışam.
4-cü ildir ki,
Kapital Bankdayam. Bu müddət ərzində
həm mütəxəssis
olaraq, həm də rəhbər olaraq işləmişəm.
Lakin heç vaxt rastıma "tiran” direktor çıxmayıb.
Bəxtimdən rəhbərlərim proqressiv düşüncə
tərzinə malik insanlar olub. Hazırda da belədir. Məsələnin digər bir
tərəfi də var ki, işləməyi
də, öz işimi də sevirəm və böyük həvəslə
görürəm.
- Marketinq elədir ki, ictimaiyyətə seçilmiş,
ən gözəl ideya təqdim olunur. Bəs bu ideyalar necə
seçilir, sizin öz fikirləriniz olur?
- Hər hansı ideyanın uğurunun arxasında heç vaxt bir nəfər
dayanmır. Əgər kimsə layihəni
təkbaşına gördüyünü
deyirsə, səmimi deyil. Sadəcə olaraq, komandada
işləyən insanlar
bir-birinə yaxın olduqda, qarşılıqlı
anlaşma mühitində
işlədikdə, ortaya
həqiqətən də
uğurlu layihələr
çıxır. İdeyalar konseptlərə
çevrilir, konseptlər
düşünülür və arasından potensialı böyük olan seçilir. Bu proses təbii ki, təkmərhələli
deyil. Fikirlər, ideyalar, konseptlər
bir neçə süzgəcdən keçir
və yalnız bundan sonra tətbiq
olunur.
- Keçmişə baxanda uğursuz qiymətləndirdiyiniz
ideya, yaxud işlər olub? O mənada ki, indi baxanda daha
yaxşı edə biləcəyinizi düşünürsünüz...
- Məncə, insan hər zaman özünə "daha yaxşısını edə
bilərdimmi?” sualını
verməlidir. Əgər həqiqətən
də çatışmazlıqlar
olubsa, onların səbəb-nəticəsini mütləq
təhlil edib növbəti dəfə təkrar etməmək lazımdır. Hər yeni
işdə isə mövcud səviyyəni pillə-pillə artırmaq
lazımdır. Bu nəzər nöqtəsindən
yanaşanda "uğursuz”
deyə biləcəyim
işlər yoxdur.
Amma mənə əlavə dəyər – bilik, bacarıq, təcrübə
qazandıran işlər
çoxdur.
- Hər kəsin sahəsi ilə bağlı işindən
əlavə kömək
istəyənlər çox
olur. Sizdən də yəqin ki, ideya istəyərlər...
- (Gülür) Çox
olur. Hərdən o ideyanın gəlmədiyi
məqamlar da olur. Lakin əgər insan kömək, fikir, iş üçün müraciət edirsə, mütləq müraciətə
maksimum açıq olmağa çalışıram.
- İş çox olanda yəqin ki, yorularsınız...
- Hərdən elə olur ki, işdən
sonra müəyyən
bir vaxt ərzində sükut istəyirəm. Çünki, işin spesifikliyi
belədir ki, çox ünsiyyət tələb edir. Ancaq bu, gözəl yorğunluqdur, keçib gedir.
- Ailəli
xanımsınız, övladlarınız var.
İşlə yanaşı, ailəni də idarə edə bilirsinizmi?
- Əlbəttə. Məncə, işə və evə sərf etdiyimiz enerjilər tamam fərqlidir. Bu səbəbdən biri digərinə mane olmur. Düzdür, bizim sahə bəzən həftə sonu da, iş sonrası da müdaxilələr tələb edir. İmkan daxilində evi işə, işi isə evə "gətirməməyə” çalışıram.
- Ev
işlərini görməyi, yemək bişirməyi
bacarırsınız?
- Yəqin ki, bunu bacarmayan xanım yoxdur. Hər birimiz ailəmizin rahatlığını düşünür,
evimizdə müsbət
ab-hava yaratmağa çalışırıq. Evlə bağlı işlər də məhz belə rahatlığı
yaratmaq üçün
vacibdir. Ancaq ev işləri,
yemək bişirmək
daxil eyni tipli gündəlik iş olduğu üçün çox da sevmirəm. Çünki bütövlükdə
gündəlik təkrarlanan
eyni işlərdən
tez yoruluram.
- Uğurlu bir xanım olmaq çətindir?
- Bilmirəm (gülür). Uğuru hər birimiz müxtəlif kriteriyalar əsasında təyin edirik. Əgər özümüz üçün qoyduğumuz
hədəfləri, kriteriyaları
yerinə yetirmişiksə,
yəqin ki, müəyyən mənada
uğur əldə etmiş oluruq. Uğurlu olmaq həm də öz üzərimizdə çalışmaq
və hər dəfə kiçik də olsa qələbələr
əldə etməkdir.
Uğurlu olmaq dəyişmək
və inkişafda olmaq deməkdir. Məncə, bu proses heç də asan deyil.
- Sizə görə uğurun sirri nədir?
- Yəqin ki, çətinliklərə "yox” deməyi bacarmaqdadır. Məqsədyönlü olmaq, hara getdiyini bilmək və çətinlikləri aşmaq lazımdır. Birinci maneəni görüb geri çəkilməmək lazımdır. Bir də istənilən bir işə müsbət emosiyalarla yanaşmaq lazımdır. Ən azı, bu, mənə çox kömək edir.
Aygün Asimqızı
Kaspi 2017.- 27 oktyabr.- S.8.