Qocalmaqdan qorxmayan Cavan...
Cavan Zeynallı: “Sevdiyim qızlar məni
atıb qaçırdı”
Həyatının
hər anını doya-doya
yaşadığını deyir. 72 illik ömründəki itirdikləri də
qazandıqları kimi ona
doğmadır. Onun üçün
illər ömürdən getmir. Hələ
də özünü cavan
və gümrah hiss edir. Deyir ki,
əgər daxilində uşaqlıq hissini
öldürməyibsənsə, 100 yaşında olsan belə, uşaqsan...
MüsahibimizAzərbaycan
caz musiqi sənətinin
tanınmış nümayəndəsi, ötən əsrin
70-80-ci illərində estradamızın ən məşhur qrupu olan "Qaya”nın üzvü Cavan
Zeynallıdır.
"Ay Cavan, zəmanə dəyişib”
1945-ci ildə Bakıda, ziyalı ailəsində anadan olub. Müharibənin böyütdüyü uşaqlardan deyil. Elə özü də, ikinci dünya müharibəsi bitdikdən sonra dünyaya gəldiyi üçün özünü xoşbəxt sayır. Uşaqlıq illərinə səyahət edərkən, dərindən ah çəkir: "Atam Bakıda 18 nömrəli məktəbin direktoru idi. O zaman həyat o qədər qəribə və gözəl idi ki... İnsanların bir-birinə münasibəti indiki kimi deyildi. Bir-birini tanımayan bir neçə insan belə bir evi bölüşə bilirdi. Yadımdadır, atama 3 otaqlı ev vermişdilər. Bizim otaqların birində əmim öz ailəsi ilə, bir otağında da rus ailə qalırdı. 3 otaqlı evdə 3 ailə mehribancasına yaşayırdıq. Hətta evdə sayımızın çox olduğuna görə sevinirdik. O vaxt insanlar çox səmimi idi. Hətta evdə bişən yeməyi belə, hamı bir-birinə aparırdı. İndi o münasibətlər qalmayıb. Hər kəs özü üçün yaşayır. Biz belə dövrdə yaşadığımız üçün indiki mühiti bəzən qəbul edə bilmirəm. İnsanların eqoistliyini görəndə əsəbiləşirəm. Sonra öz-özümə deyirəm ki, Ay Cavan, zəmanə dəyişib, bunu qəbul et”.
"O kişi, dahi Üzeyir
Hacıbəyli idi...”
Atası səhər gedib, axşam gəldiyi üçün o, günün çox hissəsini anası ilə keçirib. Anası Şəfiqə xanımın gözəlliyinin vurğunu olub: "Atam bütün həyatını məktəbə vermişdi. Anam atamdan çox cavan idi. Aralarında 25 yaş fərq var idi. Anamın gözəlliyi hələ də gözümün önündədir... Musiqini də mənə məhz anam sevdirib. Yadımdadır ki, bizdə balaca radio var idi. Radioda musiqi gedəndə, anam gözlərini bağlayıb qulaq asırdı. O, Koroğlu operasını çox sevirdi. Alman, rus, fransız mahnılarına diqqətlə qulaq asırdı. Anamın dinlədiyi musiqilərlə böyüdüm və 7 yaşımda məni musiqi məktəbinə apardılar”.
Həmsöhbətimizin anası Şəfiqə
Məcidova opera müğənnisi olub və dahi bəstəkar
Üzeyir Hacıbəylinin kollektivində
işləyib: "Bir dəfə anamla xalam yolda
gedərkən bir kişi
onlara yaxınlaşıb və deyib ki, operada
xorda oxuması üçün
cavan qadınlar axtarır. Əgər iştirak etmək istəsəniz, sabah opera teatrına gəlin,
səsinizə qulaq asım. Anam və xalam evdə demədən
gediblər. Kişi pianinoda
ifa edib, anam oxuyub. Anamı xor qrupuna götürüb.
Bu kişi dahi bəstəkar Üzeyir
Hacıbəyli olub. 1937-ci ildə Moskvada Azərbaycan incəsənəti
günləri keçirilməli idi.
Ü. Hacıbəyli də məhz orada iştirak etmək üçün
azərbaycanlı xanımlar axtarıb. Stalinin
də iştirak etdiyi
tədbirdə Koroğlu operası oxunub və anam da orada iştirak
edib. Daha sonra babam bildi
və anama operada oxumağa icazə vermədi. O vaxt qadınların oxumasına
icazə vermirdilər”.
"Hər kəs pul qazanmaq
hayındadır”
Həmsöhbətimiz deyir ki, uşaqlıqda çox sakit və sözəbaxan olub: "Sakit uşaqlıq keçirmişəm.
Kimsə
şuluqluq edəndə
qaçıb sakitlikdə
otururdum. Çox utancaq
idim. Hətta məktəbdə də bildiyimi danışmırdım. Heç bir
söz-söhbətə qoşulmurdum.
Bizi yayda Mərdəkana, Şüvəlana aparırdılar.
O vaxt ağacda əncirlər çox idi. Heç kim fikir
vermirdi. Hamı istədiyi vaxt
ağacdan əncir dərib yeyirdi. Mən keçən dəfə Mərdəkana gedəndə
gördüm ki, hər qapının ağzında vedrədə
əncir satırlar.
Bu, mənə o qədər
qəribə gəldi
ki... İndi şəhərdə yaşayan uşaqlar ağacdan meyvə dərib yeməyin ləzzətini bilmirlər.
Müasir dövrdə hər
kəs pul qazanmaq hayındadır”.
Müsahibimiz musiqi məktəbində
ilk dəfə skripka üzrə təhsil alsa da, zəif
olduğu üçün
bu sahəni davam etdirə bilməyib: "Skripkada ifa çox çətindir. İki əlin də
hərəkətdə olmalıdır.
Mən də zəif uşaq idim. Skripkada ifa etmək məndə alınmadı.
Müəllim məni
direktorun yanına apardı və dedi ki, bundan
skripkaçı olmaz.
Çox
pis oldum ağlayırdım. Direktor daha
sonra məni pianinoya göndərdi.
Mən pianinonu çox sevdim və bütün günü sakitliyə çəkilib
ifa edirdim”.
"Mən hara, Rəşid Behbudov hara...”
Müsahibimiz 1967-ci ildə A.Zeynallı
adına musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının vokal
fakültəsinə qəbul
olunub. 21 yaşında
yolu Rəşid Behbudovla kəsişib:
"3-cü kursda oxuyanda
mahnı teatrından məni Rəşid Behbudovun görüşünə
çağırdılar. Fikirləşdim
ki, mən hara, Rəşid Behbudov hara... Həmin il qəzetdə
Rəşid Behbudov adına mahnı teatrının yaranması
və cavan oxuyanların axtarılması
ilə bağlı elan gedib. Rəşid Behbudov
bütün sovet ölkələrində nömrə
bir idi. Çox məşhur idi. Qorxa-qorxa onun qarşısında əyləşdim. Çox zəhmli
idi. Məndən oxumağımı istədi. Dedim ki, Rəşid müəllim, pianist lazım
deyil, özüm çalıb oxuyaram. Əllərim ayaqlarım əsirdi.
Həyəcandan özümü idarə
edə bilmirdim. Səsimi bəyəndi və mən 5 il Rəşid
Behbudovun ansamblında
işlədim”.
"Qızlar məni atıb qaçırdı”
Pozitivliyi, gülərüzlülüyü ilə seçilən həmsöhbətimizin sevgi həyatı acı sonluqlarla nəticələnib. Özünün dediyi kimi, sevdiyi bütün qızlar onu atıb qaçıb: "Mən surətpərəst, gözəllik aşiqiyəm. Lakin ilk sevgim uğursuz olub. Bir iki dəfə istədim ürəyimi verim, gördüm ki, alınmır, qızlar qaçır. Qəribəsi odur ki, mən istəyəndə yox, mən unutduqdan sonra qayıdıb gəlirdilər. Həmişə belə olurdu. Nəyi istəyirdim alınmırdı. Sonra başa düşdüm ki, Allah özü bilir kimə, kimi yazır. Türkiyədə işləyəndə bir qadına rast gəldim. O, türk idi, amma rus mahnılarını sevirdi. Onunla münasibət qurduq. İki uşağı var idi. Mən subay olsam da, onunla ailə qurmağı da planlaşdırdım. Maddi imkanı məndən dəfələrlə artıq idi. Mən də onun evinə köçmüşdüm. Bir dəfə həmin qadın dedi ki, Bakıya gedək. Bakıya gəldik və burada olduğumuz müddətdə qadın mənə məktub yazıb qaçdı. Məktubda "bir daha görüşməyək” yazılmışdı. Mənim də bütün paltarlarım, pullarım hamısı onun evində idi. Sonra həyat yoldaşım Röya xanımla rastlaşdım və anladım ki, həyatımın qadınını tapdım. Röya çox ağıllı, faydalı və düzgün insandır”.
"Qoxuram ki, 5 il sonra
ac qalam...”
C. Zeynallı Röya
xanımın gözəlliyinə,
evdarlığına, dadlı
yemək bişirmək
qabiliyyətinə vurulub. Lakin son
vaxtlar həyat yoldaşının internetdən
axtarış verib fərqli yeməklər bişirməsi onu narahat edir: "İnternet həyatımızı
ələ alıb. Hətta yeməklərinin vurğunu
olduğum yoldaşım
belə, fərqlilik etmək üçün internetdən istifadə edir. Deyirəm ki, Röya,
o yeməklər lazım
deyil. Sən nə bişirirsən,
o ləzzətlidir. Mən ənənəvi
yeməklərimizi sevirəm.
Qəlbini qırmaq istəmirəm,
amma özü necə bilirsənsə, elə bişirməyini istəyirəm. Qorxuram
ki, 5 il
keçəndən sonra
öz yeməklərimizdən
dada bilməyəm, ac qalam
(gülür: A.Ə).
Sonda gənclərə məsləhət
verən müsahibimiz
vurğuladı ki, həyat mübarizədir və bu mübarizədə
səbirli, güclü
olan hər vaxt qazanır: "Həyatın sənə verdiyi hər şeyi sev və
qəbul et. Şərin də arxasında mütləq xeyir yatır. Həyatda hər anın
öz ləzzəti
var. Bəzi adamlar deyirlər ki, Cavan, qocalıbsan. Qocalmağın nəyi pisdir ki... Həyatın hər anı gözəldir. Qocalıqdan qorxmuram.
Adam özünü daxilində
necə hiss edirsə,
elədir. Mən indi də uşaq kimiyəm. Daxilin uşaq olduqdan sonra qocaldın, qocalmadın, fərq etməz”.
Aygün ƏZİZ
Kaspi.-2017.-27 oktyabr.-S.12.