Kənan Hacı

 

Qarğaların dünyası

 

Zahid Sarıtorpağın "Qarğa marşrutu" romanı haqğında qeydlər

 

  Yazıçının nəsrdən şeirə keçid etməsinə rast gəlməmişik, amma şairin şeirdən soyuyub (bəlkə usanıb, yorulub, tükənib də demək olar) nəsrə keçməsi çox təsadüf olunan haldır. Bütün ömrü boyu şeirə sadiq qalan şairlər də var, ömründə bir şeir belə yazmayan yazıçılar da tanıyırıq. Uzun illər şair kimi tanıdığımız yazıçı Zahid Sarıtorpaq demiş, "təki deməyə sözün olsun”.

  Ötən əsrin 60-cı illərində yaradıcılığa şeirlə başlayıb qısa bir zamanda şair kimi tanınan və sevilən Vaqif Nəsib, Mövlud Süleymanlı, Seyran Səxavət sonralar nəsr yazmağa başladılar və Azərbaycan nəsrinin gözəl nümunələrini yaratdılar və özlərini yazıçı kimi təsdiq etdilər. Hər iki xətti yaradıcılıqlarında davam etdirənlər də oldu; Azər Abdulla, Dilsuz və digərləri. Dilsuz ədəbi camedə şair kimi tanınsa da, "Yolpovesti Azərbaycan nəsrinin maraqlı nümunələrindən biri kimi bu gün də xatırlanır. Mərhum xalq şairi Qabilin "Ömür həbləri” romanı dövrün həqiqətlərini əks etdirmək baxımından 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində böyük marağa səbəb olmuşdu. Ramiz Rövşənin "Daşpovesti və hekayələri İsa Muğanna ilə başlanan yeni nəsr epoxasının 70-ci illərdə də davam edən azadlıq havasından doğulmuşdu. Belə nümunələr çoxdur.

  Umberto Ekonun məşhur bir fikri var, o deyir: "İki cür şair var: öz şeirlərini on səkkiz yaşında yandıran yaxşı şairlər və ömrü boyu şeir yazan pis şairlər”. Eko yaradıcılığa on altı yaşında şeirlə başlayıb və qısa müddət şeir yazıb. Görünür, sonralar yazdığı şeirləri məhv edib. Mübahisəli fikirdir. Bizdə şeiri nəsr kimi yazan və nəsri şeir kimi yazan yazarlar var. Azərbaycan ədəbiyyatının maraqlı isimlərindən biri olan Zahid Sarıtorpaq uzun müddət poeziya ilə məşğul oluböz dəst-xətti ilə seçilən, özünəməxsus obrazlar sistemini yaradan bir şair kimi tanınıb. O, həmişə aynaların görünən deyil, görünməyən üzünü yazıb, aynanın o biri üzündəki gizlinləri sözə çevirib. Əslində, elə ədəbiyyat aynada gördüklərimiz deyil, aynada əks olunanların o biri üzünü göstərmək sənətidir. Şair, yazıçı metafizik qatlarda "arxeoloji qazıntılar” aparan söz kimyagəridir.

  Bu yazıda Zahid Sarıtorpağın poeziyasını təhlil etmək fikrim yoxdur. Hərçənd, onu da təəssüf hissi ilə qeyd edim ki, onun poeziyası lazımınca araşdırılmayıb, tədqiq olunmayıb. İnsan şüurunun əşyaları mənalandırmaq qabiliyyəti, predmetə fərqli baxış tərzi barmaq izləri kimidir, yəni eyni deyil. Yaradıcı adamların isə öz dünyası olur, paralel dünyalar kimi. Zahid Sarıtorpağın poetik dünyası sanki ədəbi ərazimizə başqa planetdən gəlmiş yadplanetlilərdən ibarətdir. Yaşının müdrik çağında qəfildən nəsrə keçən şairin romanlarındakı obrazlar da sanki bu dünyanın adamı deyillər; başqa bir dünyadan gəlib bu kainatı "sahmana salmaq” istəyən varlıqlardır. "Qarğa marşrutu” romanının qəhrəmanı Nihat kimi.

 

  Zahid Sarıtorpaq özü demiş, "ömrü inqilablara təsadüf etmiş” bir ədəbi nəslin nümayəndəsidir ki, bu nəsli haqlı ya haqsız "itirilmiş nəsil” adlandırırlar. Bu "itirilmiş nəsil” özünü səksəninci illərdə deyil, iki mininci illərdə tam mənada təsdiq edə bildi. Əslində, itirilmiş zamandan söhbət getməlidir. Bir ictimai formasiyadan başqa bir ictimai formasiyaya keçid ədəbiyyata da öz dağıdıcı təsirini göstərdi və bədbəxtlikdən bu dövr onların ədəbiyyata gəldiyi zamana təsadüf etdi. "Nəsil” ifadəsi dövrlərarası bölgü aparmaq üçün lazım olan şərti bir deyimdir. Ədəbiyyatda itmiş nəsil olmur, heç itmiş mətn də olmur. Yazıçını yazıçı edən mətndir. O ya var ya yoxdur. "Dərdin sarı çəpkəni” də, "Kül” də, "Qarğa marşrutuda o itirilmiş zamanın ağrılarından yarandı. Bu üslubu da zaman özü diktə etdi, xaotik zamanın həqiqətlərini oxucuya realist dildə çatdırmaq, bəlkə də, mümkünsüz idi. Artıq 50-ci, 60-cı illər deyildi, birqatlı, konfliktsizlik nəzəriyyəsinin şikəst etdiyi əsərlər yeni dövrə keçə bilmədi. Ədəbiyyat bu mürəkkəb zamanı ifadə edə bilmək üçün insanın daxili dünyasına, mistik qatlara endi və insanın içindən görünən dünyanı təsvir etməyə başladı.

  "Qarğa maşrutumistik elementlərlə zəngin bir əsərdir. Atalığının ögey münasibətindən bezib anasının yalvarışlarına baxmayaraq şəhərə işləməyə gələn Nihat qohumu Şamilin köməyilə Binə bazarında xaçapuri satmağa başlayır bazar mühiti ilə tanışlıq onun içindəki etiraz alovunu körükləyir. Ağlasığmaz hadisələrlə üzləşir. Nihatı başqa adamlardan ayıran qeyri-adi bir xüsusiyyəti var; o, harda haqsızlıq görürsə, dişlərinin ucu sızıldayır, onun bütün gücü dişlərindədir. Atasının ölümü, anasının ona qarşı soyuqluğu, atalığının amansızlığı onun uşaq ürəyinə çalın-çarpaz dağlar çəkib. Cəmiyyət isə belə köməksiz, arxa-dayağı olmayan insanlara qarşı daha artıq rəhmsizdir. Əsərin sosial məzmunu bundan ibarətdir.

 

  Nihatın bazarda gördüyü qoca isə romanın ən maraqlı obrazlarındandır. Qocanın onu gölə səsləməsi, göldə baş verən mistik hadisələr isə çirklənən dünyanın aqibətinə bir işarədir. Suyun üstüylə yeriyən qoca bir az İsa Məsihi xatırladır. Qoca Nihatı arxasınca səsləyir, amma Nihat batacağından qorxub onun arxasınca gedə bilmir. Lökbatan gölündən eşidilən qurd ulartısı, qeybdən gələn səslər dünyanın nizamının pozulmasından xəbər verir. Nihat bu səsləri anlamaq iqtidarında deyil. Göldə baş vermiş partlayış əvvəlki hadisələri də magik haləyə bürüyür. Doğrudanmı dağda vulkan püskürmüşdü? Doğrudanmı qoca o göldə batmışdı? Bəs bazarın girəcəyində qalstuklu məmurun mazut qusması nəyə işarədir? Qarğalar öz marşrutu ilə günbatana doğru uçmağındaydı...

  Məncə, azacıq ədəbi fəhmi olan oxucu hər şeyi anlayacaq. Zahid Sarıtorpağın "Qarğa marşrutu” və eləcə də digər üç romanı Azərbaycan nəsrində magik realizmin ən maraqlı nümunələridir. Estetik yöndən yanaşsaq, bənzərsiz təsvirlər, orijinal təhkiyə tərzi, gözlənilməzlik effekti, yazıçının dilə qarşı aşırı həssaslığı romanın dadını-duzunu bir az da artırır. Müəllifin heyrətamiz fantaziyası əsərin dinamikasını artırır. Bu, artıq yeni estetik paradiqmanın məhsuludur. Zahid Sarıtorpağın uğuru da mətnini məhz bu yeni estetik paradiqma üzərində qura bilməsidir.        

 

Kaspi.-2017.-28-30 oktyabr.-S.16.