ABŞ prezidenti olmaq istəyən azərbaycanlı xanım

 

Emilya Qurbanova: “Hava limanında bir qədər problem yaşadıq, çünki anam özü ilə samovar, aşsüzən, oxlov, çömçə aparırdı”

 

"Xaricdəki soydaş” rubrikamızın qonağı gənc diplomat Emilya Qurbanovadır. Müsahibimiz ABŞ-ın Kaliforniya ştatında yerləşən "University of Californiya Los Angeles” Universitetində "Beynəlxalq əlaqələr” ixtisası üzrə təhsil alır. Gələcəyə doğru hədəfləri isə daha böyükdür. Deyir ki, ölkəmizin haqq səsini eşitdirmək üçün məhz dünyanın ən çox tanınan universitetlərinə müraciət edib. Bunun üçün "University of Californiya Los Angeles” ən ideal təhsil ocağıdır. O, uşaqlıqdan qarşısına məqsəd qoyduğunu və bu məqsədə doğru addım-addım irəlilədiyini deyir. Çünki həyatda hər şeyin məhz məqsəddən başladığını bildirir. Amerikada yaşasa da, ürəyi hər zaman Azərbaycanla döyünür. Beləliklə, ABŞ-da təhsil alan gələcəyin diplomatı ilə daha yaxından tanış olaq:

 

- 2000-ci ildə,  martın 19-da Bakı şəhərində anadan olmuşam. 8 nömrəli orta məktəbi bitirmişəm. Məktəb illərində asudə vaxtımı səmərəli şəkildə keçirmişəm. Belə ki, özümü tanıyandan bədii gimnastika ilə məşğul olmuşam. Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində pianino ixtisası üzrə 6 il təhsil alıb və müxtəlif tədbirlərdə iştirak etmişəm. Bundan başqa, bal rəqslərinə getmişəm. 2012-ci ildə "Şərq ulduzları” telelayihəsində aparıcı qismində çıxış etmişəm. 2013-cü ildə "Qatillə görüş” bədii filmində baş rollardan birini canlandırmışam. Davamlı olaraq reklam çarxlarında çəkilmişəm. Ancaq mən bu ixtisasların heç birində özümü tapa bilmirdim. Öz potensialımı özümə sübut etmək üçün şahmat dərsləri ilə məşğul olmağa başladım. Bu, mənə daha maraqlı gəlirdi. Bu idman növü ilə dərindən məşğul oldum. Nəticədə, ölkə üzrə keçirilən olimpiadalara qədər gedib   çıxışdım. 

 

- Şahmatda sizi cəzb edən nə idi ki, məhz bu idman növündə özünüzü tapdınız?

- Çünki şahmat oyununu bir siyasətə bənzədirəm. Burda da siyasi manevrlər və taktika böyük rol oynayır. Qarşı tərəfin də səninlə hansı taktika ilə oynayacağını öncədən bilmədiyin üçün hazırlıqlı olursan və istər-istəməz beyninin bir hissəsini işlətmək məcburiyyətində qalırsan. Mən hər zaman texniki fənlərlə məşğul olmuşam və texniki fənlərə böyük marağım olub.

 

- Ahsil almaq üçün məhz "beynəlxalq əlaqələr” ixtisasını seçdiniz?

- Biz uşaqlıqdan "Fəryad”, "Haray”, "Ağ atlı oğlan”, "Ümid”, "Girov”, "Arxada qalmış gələcək”, "Qırmızı qar”, "Biz qayıdacağıq” və s. bu kimi filmlərə baxa-baxa böyümüşük. Bu filmlər bizə öz keçmişimizi, xalqımızın başına gətirilən hadisələri göstərirdi. Atam həmişə deyirdi ki, bu filmlərdəki  hadisələr bir həqiqətdir. Bundan başqa, bizim dərsliklərdə Qarabağda baş verən hadisələr geniş şəkildə əks olunurdu. Valideynlərimiz Azərbaycanın tarixi barədə tez-tez danışırdı. Atam işğal olunmuş torpaqlarımızın necə bərəkətli, mənzərəli bir yer olduğunu deyirdi. Bizim uşaqlığımız onların işğal olunmuş torpaqlarımızın mənzərələrini təsvir etməyi ilə keçib.  İstər-istəməz bu, mənim qəlbimdə bir qədər qəzəb hissi oyadırdı.  Hələ uşaq yaşlarımdan düşünürdüm ki, niyə mənim torpaqlarım işğal altında olmalıdır? Deyirdim ki, böyüyəndə əsgər olacağam və vətənimi xilas edəcəyəm. Böyüdükcə, gördüm ki, əsgər olmaqdansa, diplomat olsam, torpaqlarımızın azad olunmasına daha çox faydam toxunar. Məhz bunun üçün idmanla məşğul olurdum. Artıq hər şeydən anlayışım olduqdan sonra kitablara ikiəlli sarıldım və qarşıma məqsəd qoydum ki, diplomat olacağam. Düşündüm ki,  əgər təhsilimi öz ölkəmdə davam etdirsəm, mənim beynəlxalq arenada haqq səsimizi deməyə gücüm çatmayacaq. Özüm deyib, özüm də eşidəcəyəm. Ancaq dünyaca məşhur, nüfuzlu bir universitetdə təhsil alsam, onların beynəlxalq təşkilatlarla əlaqələrindən faydalansam, onda daha tez bizim haqq səsimiz eşidilər və mən ölkəmiz üçün daha faydalı ola bilərəm. Məsələyə məhz bu aspektdən yanaşdım. Bunun üçün də 10-cu sinifdə oxuyanda uzun sürən bir axtarış etməli oldum. Dünyanın bir çox universitetlərinin səhifələrini izlədim. Hansı universitetlərdə, hansı ölkələrin tələbələri üstünlük təşkil edir, bu təhsil ocağında nə qədər tələbə təhsil alır kimi məsələlərə daha çox önəm verirdim. Nəhayət, Amerikada kifayət qədər nüfuza malik olan  "University of Californiya Los Angeles” universitetinin üzərində dayandım. Bu universitetdə mənim axtardığım hər şey var idi. Düşündüm ki, öz istədiklərimi məhz bu universitetdə ala bilərəm. Düzdür, bu universitet çox bahalıdır. Valideynlərimə belə bir istəyimin olduğunu dedim və onlar da məni dəstəklədirlər. Valideynlərimiz bizi sərbəst böyüdüb. Uşaq yaşlarımızdan müstəqil şəkildə qərar vermək imkanımız olub. Onun üçün də içim rahat idi. Qərar verərkən düşünürdüm ki, onlar mənim bu istəyimi biləndə, nəinki qarşı çıxar, hətta məni dəstəkləyərlər. Elə də oldu. Mənim belə bir fikrimin olduğunu biləndə, anam çox sevindi.

 

- Amerikaya gəlmək, orda məskunlaşmaq, əcnəbilərlə dil tapmaq çətin olmadı?

- Mənə o qədər də çətin gəlmədi. Çünki qərarımı eşidər-eşitməz, anam öz çamadanlarını məndən qabaq  hazırladı. O da bizimlə gəldi. Bacım Elvina da mənimlə bərabər eyni universitetdə təhsil alır. Biz burda ABŞ-ın yox, anamızın bişirdiyi Azərbaycan mətbəxinin yeməklərini yeyirik. Hərdən qrup yoldaşlarımı Azərbaycan yeməklərinə qonaq edirik. Onları şəkərbura, paxlava, qoğalla, digər şirniyyatlarımızla tanış edirik. Amerikalılar ən çox bizim plovumuzu, kababımızı, dolmamızı sevirlər. Anam da onları pis öyrədib, tez-tez şirniyyatlar bişirir və biz də universitetə aparırıq. Anam Azərbaycandakı bu xüsusiyyətini hələ də tərgidə bilməyib. Biz Amerikaya gələndə hava limanında bir qədər problem yaşadıq. Çünki anam özü ilə samovar, aşsüzən, yuxayayan, oxlov, çömçə aparırdı. Hava limanında isə belə şeyləri keçirməyə icazə verilmədiyini dedilər.  Ancaq anam onları inandırdı ki, övladlarım ancaq Azərbaycan mətbəxinin yeməkləri ilə qidalanırlar və bunlar da o yeməklərin hazırlanması üçündü. Beləcə, apardığı əşyaların hamısını aeroportdan keçirə bildi.  Tez-tez burda qutabın müxtəlif növlərini  bişirir. Biz hələ indiyə qədər mağazadan çörək alıb yeməmişik. Çünki yediyimiz çörəyi belə, anam özü bişirir. Deyir ki, təki oxuyun və xalqımıza layiqli övlad olun.

Qaldı Amerikaya öyrəşməyə, bizim əcnəbilərlə münasibətdə olmağa o qədər də vaxtımız olmur. Dərslər o qədər ağır və çətindir ki, güclə çatdırırıq. Üstəlik, anam nəinki bizə, dostluq etdiyimiz bütün rəfiqələrimizə nəzarət edir.

 

- Gələcəyə doğru hədəfləriniz nələrdir?

- Gələcəyə doğru hədəflərim çox böyükdür. Bəlkə də bu sizə bir az gülməli görünəcək, amma mən gələcəkdə Amerikada nazir, hətta prezident vəzifəsinə qədər yüksəlməyi planlaşdırıram. İstəyirəm ki, böyük millətlərin iştirak etdiyi siyasi məclislərdə mənim də deməyə sözüm olsun. Bunun üçün güclü olmaq lazımdır.

 

- Azərbaycandakı təhsil sistemi ilə Amerikada təhsil sistemi arasında hansı fərqlər var?

- Təhsil aldığım Kaliforniya ştatında təhsil sistemi ölkəmizdən fərqlidir. Burda əsasən seçdiyin peşə üzrə təhsil alırsan. Yəni burda sənin seçdiyin peşəyə ən çox hansı fənlər aiddirsə, onları da oxuyursan. Əlavə heç bir fənn proqrama salınmayıb. Mən indi ikinci kursda oxuyuram. İl ötdükdə dərslərin ağırlığı daha  da artır. Amerika universitetlərində də qış və yay semestrləri olur. İldə iki dəfə imtahan verməli olursan. Ancaq Amerikada nə qədər istəsən dərs götürə bilirsən. Hər şey sənə təqdim olunan cədvəldən asılıdır. Bizdə ali təhsil müəssisələri Boloniya sisteminə üstünlük verir. Amerikada isə belə deyil, onlar azad  təhsil sistemi ilə çalışırlar. Bizdə nəzəri biliklərə daha çox üstünlük verirlər. Burda isə nəzərli biliklərlə yanaşı, praktikaya da üstünlük verilir. Nə qədər mükəmməl oxuyursan oxu, əgər praktikada öyrəndiklərini tətbiq edə bilmirsənsə, onda bu qədər biliyə yiyələnməyinin bir faydası da olmur. Bir də amerikalılar insanın istedadına, bacarığına daha çox üstünlük verirlər, nəinki nəzəri cəhətdən əzbərlədiklərinə.

 

- Hazırda yaşadığınız Los-Anceles dünya film sektorunda ən çox tanınan və bu sahə üzrə inkişaf edən bir ölkədir. Keçmişdə filmə çəkilən, aparıcılıq edən biri kimi, o sahəyə meyl göstərirsinizmi?

- Bəli, Hollivud kino industriyası üzrə dünyada bir nömrədir.  Hətta 1920-ci illərdən indiyədək fəaliyyət göstərən "Metro-Goldwyn-Mayer”, "20th Century Fox”, "Paramount Pictures”, "Warner Brothers”, "Columbia Pictures” və s. kino şirkətləri burada təşkil edilmişdir. ABŞ kinematoqrafiyasının başlıca xüsusiyyətləri Hollivudda formalaşıb. Dünyaca məşhur ulduzların gözü məhz Hollivuddadır. Onlar bu şəhərə "Xəyallarının şəhəri” kimi baxırlar. Maraqlısı isə odur ki, Los-Ancelesdə yaşayan gənclər bu sahəyə maraq göstərmirlər. Bəlkə də bu, onlara əlçatandır deyə, uzaq gəzirlər, maraqlanmırlar.  Burada gəncləri daha çox maraqlandıran həkimlik, vəkillik proqramçı kimi peşələrdir. Çünki Amerikada bu peşələrin sahibləri ən varlı insanlardır. O ki qaldı mənə, bura gələndə qarşıma böyük məqsəd qoymuşam. O məqsədlərimin arasında isə belə bir istək olmayıb. Dərslərim mənim üçün hər şeydən önəmlidir.

 

Xəyalə Rəis

Kaspi 2017.- 28 sentyabr.- S.14.