HƏYATA GERÇƏKÇİ BAXIŞIN LİRİK ÇALARLARI

 

Rəssam Firudin Quliyevin sənət dünyası...

 

Çağdaş rəssamlıq məkanımızda cərəyan və üslubların baş tutan  mübarizəsinin sənətin inkişafına xidmət etməsi birmənalıdır. Amma ölkəmizin müstəqillik qazanmasından sonra daha çox güclənən bu tendensiyanın Azərbaycan təsviri sənətinə duyulası canlanma gətirməsinin qarşılığında, ənənədən müasirliyə bu keçidin həm də Qərb rəssamlıq estetikasının məkanımıza süni şəkildə daşınmasına köklənməsi bir qədər narahatlıq doğurur. Nə qədər zamanın hər şeyi yerbəyer edəcəyinə ümid bəsləsək də, rəssamlığımızın XX əsr mənzərəsini tənzimləyən bədii şuraların yoxluğunun incəsənətin keyfiyyətinə mənfi təsir göstərməsi hələ ki, duyulmaqdadır. Yaradıcılığı təsviri sənətin vurğuladığımız təzadlı inkişaf mərhələsinə təsadüf edən rəssamlardan biriFirudin Quliyevdir.

1968-ci ildə Bakıdakı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirəndən sonra praktiki fəaliyyətini əsrarəngiz təbiətə malik olan doğma  Astara ilə bağlaması ona müşahidəçi  rəssam və qayğıkeş pedaqoq kimi bütün yaradıcı potensialını üzə çıxarmağa imkan vermişdir. Yaradıcılığının müxtəlif mərhələlərini əhatə edən mənəvi-dini motivli əsərlər, cənub bölgəsinin gözəlliyini əks etdirən mənzərələr, ünsiyyətdə olduğu insanların peşə xüsusiyyətlərini  insani keyfiyyətlərini tərənnüm edən lövhələr onun müxtəlif mövzulara özünəməxsus münasibətini əyaniləşdirməklə yanaşı, Azərbaycan təsviri sənətinin müasir inkişaf mərhələsinə layiqlə xidmət etdiyini təsdiqləyir. Əsərlərinin müxtəlif miqyaslı sərgilərdə uğurla nümayişi, onların ötən illər ərzində müxtəlif mükafatlara layiq görülməsi    onun halal yaradıcı-sənətkar qazancı kimi qəbul olunur.

Xalqımızın uzaq-yaxın  tarixi keçmişinə və koloritli adət-ənənələrinin yaşadılmasına, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın, o cümlədən Aprel şəhidlərinin obrazlarına diqqəti onun  həm də yurd sevgisini və vətənpərvərliyini təsdiqləyən və başqaları üçün də nümunə ola biləcək amillərdəndir.

Firudin Quliyevin illər ərzində uşaq yaradıcılığına xüsusi diqqəti, Astarada sənət həvəsli uşaqlardakı istedadın daha da inkişafına səy göstərməsi  onun mənalı ömrünün yaddaqalan səhifələrindəndir. Onun tələbələrinin vaxtaşırı beynəlxalq və respublika sərgilərində uğur qazanmaları da çəkdiyi zəhmətin hədər getmədiyini təsdiqləyən faktdır...

Onun həyat və yaradıcılığına bu qısa ekskursdan sonra ərsəyə gətirdiyi müxtəlif mövzulu və janrlı əsərlərin ilk növbədə səmimiyyətə köklənmiş estetikaya malik olduğunu vurğulamaq istərdik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  ötən yüzilliyin səksəninci illərində Astarada olarkən Firudin Quliyevin çəkdiyi portretlərə heyranlığını bildirmiş, onun yaradıcı potensialından rayonun ictimai-mədəni işlərində istifadə  olunmasını tövsiyə etmişdi. Ədalət xatirinə demək lazımdır ki, elə o vaxtdan Bakının cazibəsini  Astarayaməhəbbətlə əvəzləyən rəssam yerli tədbirlərin bədii tərtibatı ilə yanaşı, həm də müstəqil yaradıcılıq nümunələri ilə həm ölkədə, həm də onun hüdudlarından çox-çox uzaqlarda təşkil olunan müxtəlif miqyaslı sərgilərin daima  iştirakçısı olmuşdur.

Həmin sərgilərdə rəssama uğur gətirən rəngkarlıq nümunələrinin sırasında portret janrında  çəkilən əsərlər xüsusi yer tutur, desək, yanılmarıq. Onun ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, digər peşə adamlarına həsr etdiyi portretlərdə fərqli insan xarakterlərinə tutulan "bədii güzgü”də görünənlər ilk növbədə onların müəllifinin gerçəkçi sənətin bədii-estetik prinsiplərinə incəliklərinə kimi bələdçiliyini nümayiş etdirir. Rəssamın Qarabağ müharibəsinin iştirakçılarına, xüsusilə də Aprel döyüşlərinin qəhrəmanların obrazlarına müraciəti, təmənnasız olaraq onların portretlərini yaratmasını onun rəssam-vətəndaş mövqeyini əks etdirməklə, hər cür təqdirə layiqdir...

Firudin Quliyevin çoxşaxəli yaradıcılığında dini-mənəvi mövzuların xüsusi yeri vardır. Onun son illərdə müqəddəs "Qurani-Kərim”i ilham qaynağı seçməsini və oradakı surələrə bədii görkəm verməsini bunun təzahürü saymaq olar. Etiraf edək ki, rəssamın bu müraciəti Azərbaycan təsviri sənətində yeni səhifədir. Hələ orta əsrlərdən başlayaraq məşhur fırça ustalarımız müqəddəs-səmavi kitabın çox məşhur motivlərini miniatür üslublu əsərlərində əks etdirsələr də, bu müraciət o qədər də əhatəli olmayıb. Firudin Quliyevin bu mövzunu daima diqqətdə saxlaması  indiyə qədər "Qurani-Kərim” ünvanlı çoxsaylı əsərlərin yaranmasını şərtləndirmişdir. Rəssam bu mövzu üzərində işini davam etdirməklə bütün surələrə bədii tutum vermək əzmindədir. "Kəbə”, "Möcüzə, "Əshabi-kəhf”, "Qurban”, "Nuhun gəmisi”, "Mağara”, "Beşik”, "Böyük xəbər”, "Loğman” və s. lövhələri artıq ərsəyə gətirilmiş nümunələr arasında bədii həllinin özünəməxsusluğu ilə seçilir. Bu əsərlərin diqqətçəkən məziyyəti müəllif nüfuzu sayəsində tutumuna görə çoxqatlı olduğu danılmaz olan müqəddəs kitabın müxtəlif surələrində hifz olunan dəyərli fikirlərə əyanilik gətirməsi, sözlə təsvirin duyğulandırıcı vəhdətini əks etdirməsidir. Bir qayda olaraq gerçəkçi bədii ifadə üslubuna üstünlük verən rəssam, bununla da dini-mənəvi məzmunu insanı düşündürən əbədiyaşar surələrə daha cəlbedici və təsirli görüntü vermək arzusunda olduğunu sərgiləmişdir...

Onun mənzərə janrında çəkdiyi əsərlərin timsalında Azərbaycan təbiətinin zənginliyinə və füsunkarlığına əmin olmaq mümkündür. "İlandağ”, "Meşə motivi”, "Çay kənarı”, "Qış mənzərəsi”, "Şindan”, "Qədim körpü” və s. tabloları dediklərimizi təsdiqıləyir. İlingünün ən müxtəlif çağlarında müxtəlif təbiət motivlərinə göz qoyan rəssam, özünəməxsus baxışı və rəng duyumu ilə çox vaxt gözümüzdə adiləşən guşələrin yaddaqalan bədii tutum almasına nail olmuşdur.

İncə müşahidə qabiliyyətinə malik olan Firudin Quliyeviın müşahidə etdiyi hadisələrə yaradıcı münasibəti də cəlbedicidir. Onun "Gəlin aparırlar”, "Güləş”, "Qartal” və digər lövhələrində kompozisiyaları təşkil edən irili-xırdalı bədii ayrıntıların tamaşaçını duyğulandırmaq gücündə olduğunu görmək mümkündür. 

Rəssamın təbiətin nemətlərinə də özünəməxsus bədii münasibəti var. Bunu onun bütün yaradıcılığı boyu yaratdığı çoxsaylı natürmortlarda müşahidə etmək olar. Ərsəyə gətirilən əsərlərdə Firudin Quliyevin çoxəsrlik tarixə malik olan bu janrın estetikasına fərdi cizgilər əlavə etmək istəyi duyulur. İlk baxışda donuq görünən meyvə-tərəvəz və saxsı-metal əşyalarda hifz olunan funksionallığın rəssam təfsirində qürurdoğurucu qaynağa çevrilməsi sözsüz ki, onun yaradıcısının uğuru sayılmalıdır.

Yuxarıda qeyd etmişdik ki, Firudin Quliyev dəfələrlə Azərbaycan təsviri sənətinin digər ölkələrdə böyük müvəffəqiyyətlə təmsil etmişdir. 2011-ci ildə Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən VI beynəlxalq simpoziumda onun "Altın çiçək” medalına və Tatarıstan Respublikası Mədəniyyət Nazirinin xüsusi diplomuna layiq görülməsi bunun təsdiq edən faktlardandır. Rəssamın bir-neçə əsərinin Tatarısatan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil edilməsi də onun sənətkarlığına verilən dəyərin göstəricisidir. Müəllifin üç əsərinin Naxçıvandakı Heydər Əliyev Mərkəzinin kolleksiyasına daxil edilməsi də onun Azərbaycan xalqının ümummilli liderinin yaddaqalan obrazının yaratmaq istedadının təqdiridir.

Firudin Quliyevin əsərlərinin Astara Dövlət Qalereyası və Astara Tarix-Diyarşünaslıq Muzeyində nümayişi isə ona davamlı yaradıcılıq sevinci gətirməkdədir. Belə ki, bu dəyərləndirmə doğulub boya-başa çatdığı yurdda həm də sənətkar "mən”ini təsdiqləməyinin göstəricisidir. Bu ayın əvvəllində Astarada onun 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını da həmin təqdirin birmənalı təsdiqi saymaq olar...

 

Kaspi 2017.- 30 sentyabr - 2 oktyabr.- S.24.