İran şeirinin ən
parlaq imzalarından olan
Məhəmməd Şəms Ləngərudinin şeirlərini
təqdim edir.
Həsrət
Həsrət
qara üzüm salxımıdır.
Tapdala onu yaxşıca!
Tapdala!
Ağzını bağla, qoy qalsın.
Gör, necə məst edəcək səni bu kədər.
Gecikmisən
Əlifba yağır sanki
qəzet köşkünün damına.
Bir neçə hərf, bir dəstə də gül götürüb
yolunu gözləmək
keçir könlümdən.
Axşamüstü yağan yağış
vəznli, qafiyəli.
Yağır...
yağır...
yağır...
incə-incə,
aram-aram
və sən
gecikmisən.
Güllər
tələyə düşmüş
quşlar kimi
çırpınır ovucumda.
Sən gəlməyəcəksən.
Bu şeirsə
uçmağı sevən,
amma
qanadları olmayan
bir quş haqda nağıldır.
***
Kəsdiyimiz o duz-çörəyin hörmətinə
Çörəyi sən apar
Yolun uzundur
taqətinsə az!
Duzu saxla mənim üçün!
İstəyirəm bu yara
Həmişə təzə qalsın!
***
Eşq bir dükandır
sahibi illərdir ki, ölüb
Və sən hüznlü bir halda
bir tikə çörəyi
onun gözünün
önündə oğurlayırsan.
***
İnsanların sevincinə etimad
etmə,
Qar!
Yağan
zaman nemətsən!
Elə ki yerə oturdun
Sən sadəcə bir lənətsən!
Sən də bir gün
Və bir gün sən də qocalacaqsan.
Mənsə bundan artıq qocalan deyiləm daha
Həyatımın bir anında dayanmışam.
Gözləyirəm gələsən,
qarşımdan keçəsən.
Qəşəng, qocalmış
və üzündə
zülmətimdən əsirgədiyin
nur.
Sənin eşqin
Səni
sevirəm
Və eşqin adımdan süzülür
ziyarətgahın həyətində
gövdəsi yaralanmış
tənha ağacın
şirəsi kimi...
Möcüzələr dövrü keçib artıq
Gecikmisən, Musa!
Möcüzələr dövrü keçib.
Əsanı ver Çarli Çaplinə,
bir az gülək.
Düşmək zamanı
Külək əsir,
meyvə isə bixəbərdir.
Onun düşmək
zamanıdır bu gün.
Çətindir
Çətindir qar adamı,
çətindir.
Günün aydınlığını sevirsən,
amma tərəddüd
edirsən, nə badə gələ.
Şəms Ləngərudi ilə
Mən axı qığılcım
kimi
atəşdən qaçmışdım.
Azadlıq havasında
Külə çevrilirəm.
Fars dilindən tərcümə
edən: Ariz Tarverdiyev
Kaspi 2016.- 30 sentyabr - 2 oktyabr.-
S.20.