“İnsan insanı başa düşsə,
müharibə olmaz”
Kamran Əliyev: “Dünya romantizmi
Azərbaycanda başa çatmışdır”
Yaxın günlərdə dəyərli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev redaksiyamızda qonağımız oldu. Onunla folklor məsələləri, ədəbiyyatşünaslıq problemləri, eləcə də müasir ədəbi proseslə bağlı maraqlı söhbət etdik.
– Professor Məmməd
Qocayevin romantizmlə realizmin yerinin dəyişik düşməsi
ilə bağlı bir məqaləsi var. Orada belə bir fikir
söylənilir ki, dünya ədəbiyyatında əvvəlcə
romantizm meydana gəlib, sonra realizm yaranıb. Bizim ədəbiyyatda
isə əksinədir. Əvvəlcə Mirzə Fətəli
Axundzadə kimi realist gəlir, sonra Məhəmməd Hadi,
Abbas Səhhət və s kimi romantiklər. Sizcə, bizim ədəbiyyatdakı
bu yerdəyişmənin səbəbi nədədir?
– Birinci onu demək istərdim ki, ədəbi cərəyanlar elm adamlarının kəşfidir. Onlar öz işlərini daha yaxşı qaydaya salmaq üçün cərəyanları yaradıblar, sonradan sənətkarlar da buna əməl ediblər. Yaradıcılıq cərəyanları müəyyən bir dövrdə sənətkarları öyrənmək üçün vasitə olmuşdur. Mənim fikrimcə, bizim ədəbiyyatşünaslığın əsas problemlərindən biri ədəbi cərəyanları əlahiddə formada – dünya ədəbi prosesindən ayrılmış şəkildə öyrənilməsidir. Bu, yanlışdır. Azərbaycan ədəbi prosesini dünya ədəbi prosesinin tərkib hissəsi kimi qəbul etmək və araşdırmaq lazımdır. Məsələyə belə yanaşdıqda, mənzərə dəyişir. XVIII əsrin sonlarında Almaniyada fəlsəfi cərəyanların təsiri altında romantizm formalaşmağa başladı. Bundan sonra romantizm digər Avropa ölkələrinə, eləcə də XIX əsrin əvvəllərində Rusiyaya keçdi. Bu keçid mərhələləri hər ölkədə fərqli oldu. Məsələn, Rusiyada sentimentalizmdən romantizmə keçid baş verdi. Biz çox vaxt romantizmi yalnızca ədəbiyyat faktı kimi qəbul edirik. Axı, romantizmin hakim olduğu digər sahələr də mövcuddur. Məsələn, romantizmin ən çox ifadə olunduğu sahələrdən biri musiqidir. XIX əsrin axırlarında yaranmış Vaqner musiqisi əsl romantizm idi. Bizim ədəbiyyatda isə bu hadisə XX əsrin əvvəllərində "Leyli və Məcnun” operası ilə təkan götürdü. Buna görə məni ittiham edəcəklər ki, "Leyli və Məcnun”dan əvvəl 1905-ci ildə "Həyat” qəzetində Abbas Səhhətin "Təzə şeir necə olmalıdır?” adında məqaləsi çıxmışdı. Abbas Səhhət sualı qoyurdu və cavabında təzə şeirin nümunəsini də verirdi ki, məhz belə olmalıdır. Eləcə də 1906-07-ci illərdə "Füyuzat” jurnalında da bu cür məsələlərə yer ayrılmışdı. Lakin bir məsələ heç vaxt nəzərdən qaçmamalıdır ki, həmin dövrdə mətbuatın yayılma arenası nə qədər geniş idi? Biz bir çox əsərləri təhlil edərkən bunları unuduruq. Bəzən tarixi öyrənərkən də belə yanlışlığa yol verirlər. Tarixə aid tədqiqatlarda çox vaxt tarixi coğrafiyanı nəzərə almırlar. Tutaq ki, X əsrdə baş vermiş bir hadisənin tarixi şərhini müasir coğrafiyaya əsasən izah edirlər. Eləcə də, mətbuatda çap olunan hər hansı bir əsərin təsir gücünü anlamaq üçün onun yayılmasını, həmin mətbu orqanın tirajını nəzərə almaq vacibdir. Bu baxımdan romantizm "Leyli və Məcnun” operasında musiqi nümunəsi kimi daha sürətlə yayıldı. Azərbaycanda bu cərəyanın inkişafı məhz bununla da bağlıdır. Biz hər zaman "Koroğlu” operasından danışırıq, amma bir dəfə də demirik ki, bu əsərdə romantik düşüncə var. Yəni həmin romantik düşüncə Hüseyn Cavidin "Səyavuş”, "Xəyyam” əsərləri də daxil olmaqla 30-cu illərə qədər gəlib çıxdı və 1941-ci ildə Hüseyn Cavidin ölümü ilə başa çatdı. Demək ki, romantizm dünya ədəbi prosesində XVIII əsrin sonlarında Almaniyada, Avropada meydana çıxmış, daha sonra digər ölkələrdə də öz təsdiqini tapmışdır. Nəhayət, dünya romantizmi Azərbaycanda başa çatmışdır. Yəni ölkəmizdə baş verən hər hansı bir hadisəni dünya ədəbi prosesi ilə vəhdətdə öyrənsək, heç bir problem yaranmayacaq. Romantizmə də bu cür yanaşmaq lazımdır. Bu gecikmiş məsələ deyil. Ardıcıl baş verən bir prosesdir və burada heç bir qeyri-adilik yoxdur.
– Kamran müəllim,
siz ədəbi yaradıcılıqla da məşğul
olursunuz. Amma daha çox alim kimi tanınırsınız.
Hekayələriniz daha çox uşaqlığınızla,
keçmişinizlə bağlı yaddaş hekayələridir.
Sanki daxili dünyanızı, yaddaşınızı bədii
ədəbiyyatla ifadə etmək istəyirsiniz. Bu, doğru
müşahidədirmi?
– Mən yazıçı deyiləm, belə bir fikrim də yoxdur. Amma deyə bilərsiniz ki, onda bəs niyə yazırsınız? Bununla bağlı bir sirrimi sizə açıqlamaq istərdim. Mən uşaqlıq və gənclik illərimdə şeir yazmışam. Bu şeirlərin heç birini məcburiyyətdən qələmə almamışam. Həmin dövrdə sanki poeziyaya bir maraq var idi. Lakin mən sonradan bir-iki istisna nəzərə alınmaqla, həmin şeirlərin çapı ilə məşğul olmadım. Çünki şeiri poeziyanın mahiyyətini öyrənmək üçün yazırdım. Bu, mənə elm adamı kimi şeirin arxitekturasını bilmək üçün lazım idi. Əgər mən şeir yazmağı bacarmasaydım, romantizmdən elə bir dissertasiya yaza bilməzdim. Bunun sayəsində şeirin əlifbasını öyrəndim. Hekayə də belədir. Hekayə insanın öz daxili dünyasını ifadə etməyin bir formasıdır. Mən də öz dünyamı bu vasitə ilə ifadə edirəm və bəzən bu, yaxşı alınır. İlk çap olunan hekayəm "Dağlı məhəlləsi”dir. Bu hekayənin dərcindən sonra onlarla, yüzlərlə insan mənə zəng edirdi. O dövrdə mənimlə bir vaxtda tələbə olmuş insanlar mənə zəng vururdular ki, bu, bizim gördüyümüz hadisələrdir. Amma səmimi etiraf edirəm ki, mən yazıçı olmaq istəməmişəm. Sadəcə hekayəni, nəsri daha yaxşı başa düşmək üçün yazıram. Yəni nəsr yazmamışdan əvvəl oxuduğum əsərlərə tamam başqa cür yanaşırdım. Mən bu məsələlərlə məşğul olduqdan sonra bütün ədəbiyyatşünaslara və tənqidçilərə, bir sözlə, özümüzə yazığım gəlir. Çünki heç nəyin mahiyyətinə tam olaraq vara bilmirik. "Yalquzaq” povestimi başa çatdıranda bunu daha yaxşı anladım. Orada Hacı Murad adlı bir obraz var ki, iki arvadını da götürüb Arazdan o taya keçmək istəyir. Arazın üstünə gəlib çatanda arvadlarından biri deyir ki, "Hacı, qoy mən qalım, getməyim”. Əslində, arvad evdən çıxandan bəri bu sözləri təkrarlayır. Yola çıxanda Hacı Murad hər iki arvadın qızıl payını bölüb özlərinə verir. Özü ilə təkcə bir başqa adamın əmanəti olan qızıl kəməri saxlayır. Arvad bir də belə deyəndə Hacı Murad onun qalmaq istəyinin səbəbini soruşur. Arvad deyir ki, qalıb sənin var-dövlətinə yiyə duracağam. Kişi ona istehza ilə baxıb, "Hacıya qalmayan var-dövlət sənə necə qala bilər?” deyərək, arvadı itələyib Araza salır. O biri arvadı ilə çayı keçəndən sonra geriyə doğru dönür və deyir: "Kənddə hamı bilirdi ki, səni mənim kimi heç kəs istəmirdi, Salatın”. Salatın kənddə qalan bir qadındır. Hacı Murad yalnız Arazı keçəndən sonra anlayır ki, kənddə qalan Salatını hamıdan çox istəyirmiş. Mən əsəri yazıb bitirənə qədər bilmirdim ki, o, Salatını istəyir. Əgər bilsəydim, povesti başqa cür yazardım. Mən yalnız həmin anda Hacı Muradın səsini eşidib, onu kağız üzərinə köçürdüm. Bu, yaradıcılıq psixologiyasıdır. Düşünürəm ki, yaradıcılıq psixologiyasına yaxşı bələd olan ədəbiyyatşünaslar daha yaxşı məqalə yaza bilərlər.
– Biz Hüseyn Cavidi romantik kimi qəbul
etmişik. Amma çox vaxt onu neoromantik də
adlandırırlar. Buna münasibətiniz
maraqlıdır?
– Bu, əslində,
bayaqkı fikrin davamıdır. Bizim alimlər
ona görə Hüseyn Cavidə neoromantik deyirlər ki,
dünya ədəbiyyatında romantizm bitdikdən sonra Azərbaycanda
yenidən romantizmin başlanması fikrindədirlər. Bu, belə deyil. Romantizm davam
edirdi, bitməmişdi və heç bir neoromantizmdən
söhbət gedə bilməz. Hətta vaxtilə bizim ədəbiyyatımızda
romantizmi iki yerə bölüblər: mütərəqqi və
mürtəce. Bu, yanlış mövqedən irəli
gəlir. Müasir həyatdan yazanları
mütərəqqi, mövzularını digər
coğrafiyalardan götürənləri isə mürtəce
adlandırırdılar. Amma
düşünmək lazımdır ki, Bayronu romantik edən
nə idi? Əlbəttə ki, Şərq
poemaları. Eləcə də, fransız
romantiklərinin çoxu öz əsərlərinin
mövzusunu Latın Amerikasından götürürdülər.
Ümumiyyətlə, romantizmin əsas əsərlərinin
mövzuları başqa ölkələrdən və
başqa coğrafiyalardan götürülən əsərlərdir.
Ona görə də belə mövzularda
romantizmi ittiham etmək olmaz. Bu barədə
müxtəlif söhbətlər olsa da, həmin terminlər
ilk dəfə 1980-ci ildə mənim "XX əsr Azərbaycan
romantiklərinin ədəbi-nəzəri görüşləri”
adlı namizədlik dissertasiyamda aradan götürüldü.
– "Mirzə Fətəlidən
Hüseyn Cavidə qədər” adlı əsəriniz var. O
baxımdan belə bir sual vermək istərdim. Mirzə Fətəlini həmişə
Molyerlə müqayisə edirlər. Amma əsərlərin
dərininə gedəndə onun Molyerlə çox az oxşar cəhətini tapmaq olar. Sizcə, Axundzadəni Volterlə müqayisə etmək
daha məqsədəuyğun olmazdımı?
– Axundzadənin Molyerlə müqayisə
olunmasının birinci səbəbi xəsis obrazı ilə
bağlıdır. "Hacı Qara” klassik əsərdir.
Ona görə ki, onun mövzusu əsl bədii ədəbiyyat
mövzusudur. Mənim Hacı Qara obrazı
ilə bağlı məqaləm də var ki, məqaləni
bu obrazın Axundzadə yaradıcılığında
hansı təkamül yolunu keçməsinə həsr
etmişəm. Hacı Qara göydəndüşmə
obraz deyil. Məhz bu obraza görə
çox vaxt onu Molyerlə müqayisə edirlər. Bu, niyə belədir? Çünki bizim ədəbiyyatşünaslarımız
çox vaxt yazıçılarımızı daha mükəmməl
şəkildə tanıtmaq, bir az da
şöhrətini artırmaq üçün onları ya
Avropa, ya da rus ədəbiyyatının hansısa nümayəndəsi
ilə müqayisə edirlər. Müqayisə
nəticəsində onun şəxsiyyətini ucaltmağa
çalışırlar. Hüseyn Cavidə
də Azərbaycan ədəbiyyatının Şekspiri
deyirik. Müqayisəli yanaşmada
çox vaxt səthiliyə yol verilir. Məsələn,
Axundzadə ilə bağlı belə bir fikir
formalaşıb ki, o, ateist idi və öləndə rus əsgərləri
tərəfindən dəfn olunmuşdu. Halbuki,
Axundzadə Tiflisdə bütün mollaların başında
duran şeyxlə dostluq edirdi. Eləcə
də o, ilahiyyatçı alimlərə deyirdi ki, Avropada bir
filosof var, islamı tənqid edib, siz ona yaxşı cavab verə
bilmirsiniz. Amma baxın, görün, mən
ona necə cavab verəcəyəm. Və
ona cavab yazaraq İslamı müdafiə edir. Axundzadənin əsərlərində 50 yerdə
Allahın adı çəkilir.
– Bəs "Kəmalüddövlə
məktubları”?
– O, əsərin
bir yerində yazır ki, "mən külli ədyanı
puç və əfsanə hesab edirəm”. Biz
Axundzadəni yenidən təhlil etmədikcə, bu fikirdə
qalacağıq. Nə qədər ki, biz
"Kəmalüddövlə məktubları”na fəlsəfi
traktat deyəcəyik, bu fikir də öz qüvvəsini
saxlayacaq. Amma mən deyərdim ki, bu əsər
fəlsəfi traktatdan daha çox bədii əsərdir.
Çünki buradakı fikirlər Axundzadənin
birbaşa özünün yox, obrazın dilindən deyilir.
Dünya ədəbiyyatı nümunələrində
də bədii əsərlərdən fəlsəfi fikirlər
meydana çıxır. Bu əsər də
elədir. Sovet dönəmində Azərbaycandakı
əksər fəlsəfə elmləri namizədləri və
doktorları öz dərəcələrini Azərbaycan ədəbiyyatındakı
fəlsəfi fikirlərə əsasən qazanıblar. "Kəmalüddövlə məktubları”nı
fəlsəfi traktat kimi yox, bədii əsər kimi təhlil
etsək və müzakirələri bir az da dərinləşdirsək,
Axundzadə barədəki fikirlərimiz daha da dəqiqləşər.
Bu, öz vaxtını və tədqiqatçısını
gözləyir...
– Məşhur qırğız
yazıçısı Çingiz Aytmatov əsərlərində
xalq yaradıcılığından peşəkarcasına
yararlanır. Bizim də kifayət qədər zəngin xalq
yaradıcılığımız var, sizcə, bizim müəlliflər
niyə bu mövzuya müraciət etmirlər? Söhbət
xalq yaradıcılığı motivlərinin yenidən
işlənməsindən deyil, əsərdə o detallardan
istifadə olunmasından gedir?
–
Çox maraqlı və tədqiqatını gözləyən
bir mövzudur. Deməliyəm ki, Çingiz
Aytmatovun əsərlərinin uğuru daha çox onların
miflə əlaqəli olmasındadır. Yəni
o, əsərlərində miflərə qapı
açdıqdan sonra böyük yazıçı kimi
tanınmağa başladı. Çox
maraqlı bir detalı qeyd etmək istərdim ki, bir
çoxları Çingiz Aytmatovun əsərində işlədiyi
"manqurt” anlayışının haradan gəlməsini
bilmirlər. Bu yaxınlarda Türkiyə
prezidenti Rəcəb Təyyub Ərdoğan
çıxışlarının birində həmin
sözü işlətdi. Sual yaranır: necə olur ki,
bir siyasət adamı ədəbiyyatdan gələn bir termindən
öz nitqində istifadə edir? Cavabı isə sadədir: bu
ifadə folklordan gəldiyinə görə, daha yüksək
tribunaları fəth edə bilir. "Manqurt”
termini "Manas” dastanından gəlib. Çoxları
bunu bilmir və yazmır... Yəni bu danılmaz
bir faktdır ki, folklordan gəlmə məfhumlar bizə daha
doğma və yaxın olur. Əgər bir
filmdə və ya əsərdə hər hansısa bir obraz,
surət və ya ifadə bizə daha çox təsir edirsə,
demək ki, o mütləq folklorla əlaqəlidir. Bu,
aksiomdur...
Mən Çingiz Aytmatovun əsərlərini, məqalələrini,
müsahibələrini tələbəlik illərindən
başlayaraq oxumuşam. Müsahibələrinin birində ondan
soruşmuşdular ki, dünyanın hansı nəhəng sənətkarlarının
adlarını çəkə bilərsiniz? O da dünyanın
7-8 nəhəng yazıçısının adını
çəkmişdi. Lakin onların arasında
Qabriel Qarsiya Markesin adı yox idi. Bircə
bu fakt Çingiz Aytmatovu təpədən dırnağacan
başa düşməyə əsas verir. Çünki aralarında yaradıcılıq rəqabəti
var idi. Hər ikisi
yaradıcılıqlarında mifdən istifadə edirdilər.
Yəni fikrimi ona gətirmək istəyirəm
ki, Çingiz Aytmatov dünya ədəbi prosesində miflə
ədəbiyyatın vəhdətini davam etdirən
yazıçılardan idi. Ona görə
də uğur qazandı. Çünki onun
yaradıcılığının ilk nümunələrinə
diqqət yetirsək, görərik ki, onlar Sovet ədəbiyyatının
adi əsərləridir. Bəs bizim ədəbiyyatda
niyə bu baş vermir? Bizə aydındır ki, folklorun
ədəbiyyata gəlişi Füzulidə də, Nizamidə
də var... Həmişə də olub, amma
element kimi. İndi mifologizm və folklorizm
anlayışları tez-tez işlədilir. Bu, yazılı ədəbiyyatın folklora
bağlılığının daha dərin olmasının
göstəriciləridir. Mif ədəbiyyata
gələndə bədii əsərin strukturu ilə
qaynayıb qarışmalıdır. Həm
də süni xarakter daşımamalıdır, bu artıq sənətkarlıq
məsələsidir.
– Onda belə demək olar ki, bizdəki
müəlliflər sənətkarlıq baxımından kifayət
qədər formalaşmayıblar?
– Təbii
ki, bizdə Çingiz Aytmatov, Markes kimi miflə ədəbiyyatı
peşəkarcasına bir-birinə qarışdıran,
onları bir-birinin içində əridə bilən müəlliflər
yoxdur. Lakin qəti şəkildə demək olmaz ki, bizim ədəbiyyatımız
mifdən kənardadır...
– Amma mifdən
səthi istifadə daha çoxdur. Obrazları, strukturu yenidən
işləyib yazırlar, lakin çoxları dediyiniz kimi
onları birləşdirə, bir-birinin içində əridə
bilmirlər...
– Yox, əslində,
birləşdirirlər də, lakin o səviyyədə
alınmır. Tutaq ki, 70-ci illərdə
yazılmış Mövlud Süleymanlının
"Şeytan” əsərində hadisələr əvvəldən
axıra kimi şeytan obrazının üzərində
qurulub. Onun içində də mifologiya
var. Həmin vaxt hələ Mövludun "Dəyirman”,
"Köç” əsərləri yaranmamışdı.
Çox yaxşı da əsərdir, oxuculara da
yaxşı təsir bağışlayır. Lakin biz ona Çingiz Aytmatovun əsəri
baxımından yanaşa bilmirik. Onu Ç.Aytmatovun
hansı əsəri ilə müqayisə etmək olar?... Amma bu müəllifləri
müəyyən mənada tam olaraq müqayisə etmək də
düzgün deyil. Çünki bizim bədii
əsərlərimiz öz ədəbiyyatımızın
fonunda dəyərləndirilməlidir.
– Kamran müəllim, bəs bu aspektdən
yanaşanda, Xalq yazıçısı Anarın "Ağ
qoç, qara qoç” əsərində folklor motivlərinin
işlənməsi barədə nə deyə bilərsiniz?
– Bəli,
Anarın "Ağ qoç, qara qoç” əsəri də
belə yazılmışdır. Nağıldakı
əsas qəhrəmanın adı da müasir dövrə
uyğunlaşdırılmışdır. Nağıldakı Məlikməmməd romanda Məlik
Məmmədliyə çevrilmişdir. Bu
əsərin maraqlı cəhəti isə yalnız
obrazın adının deyil, obrazların özlərinin
çevrilməsindədir. Çünki
mifologiyanın çevrilmə – başqalaşma adlı bir
motivi var. Bu əsərdə həmin motiv uğurla işlənib.
Çevrilməyən jurnalist – Məlik Məmmədli,
çevrilən isə onun xanımı, qızı və
oğludur. Anarın yazma gücü bundadır... Mən anlayıram ki, oxucular Ç. Aytmatovun qəhrəmanları
kimi obraz axtarırlar, çünki bu baxımdan bizim
folklorumuz da xeyli zəngindir. Lakin əvvəlcə
onu qeyd etmək lazımdır ki, bizim müəlliflərimiz
heç müasir dövrün qəhrəmanını da yarada
bilməyiblər. Hansı əsərdə
həmin müasir qəhrəmana rast gələ bilərik?
Heç birində. Ona
görə də arzuladığımız böyük əsər
də yoxdur. Azərbaycan ədəbiyyatının
böyük əsəri o vaxt yaranacaq ki, onu o adam
yaradacaq ki, o həmin qəhrəmanı tapa bilsin...
– "Kitabi-Dədə
Qorqud” dastanı ilə bağlı kitabınızda Oğuz
elinin xanımlarını rəqəmlərə əsasən
haradan olduğunu yazınsınız. Səyrəyin xanımının sayma
prosesində 6 rəqəmində dayandığı
üçün kafir elindən olduğunu deyirsiniz.
Maraqlıdır, sizcə, "Kitabi-Dədə Qorqud”
dastanını numerologiya baxımından təhlil etmək
bizə hansı yenilikləri qazandırar?
–
Dünya folklorşünaslığında "sakral rəqəmlər”
adlı bir anlayış var. Bütün dünya ədəbiyyatında
üç rəqəm üstünlük təşkil edir:
3, 7, 40... Yəni hansısa əsərdə
sakral rəqəmlər olanda şifrəni tapmaq asan olur.
Amma bunların hardan gəlməsinin daha ciddi tədqiqatlara
ehtiyacı var. Məhəmmədhüseyn Təhmasib
"Kitabi-Dədə Qorqud”la bağlı yazısında rəqəmlərdən
söhbət açıb. O, qeyd edir ki, türk elində
ata bir, ana iki, övlad üç rəqəmi ilə
bağlıdır. Onları toplayıb
alınmış 6 rəqəmini dördə vurduqda 24
alınar – bu, Oğuz elinin tayfalarının sayını təşkil
edir. Elin, yurdun qaydalarına görə
müəyyən vaxtlarda kəsilən heyvanın əti
altı hissəyə ayrılar və bölünmək
üçün 6 yerə göndərilərdi. Yəni rəqəmlər oğuz tayfaları
üçün həmişə əhəmiyyət kəsb
edib.
Daha bir maraqlı nümunə çəkmək olar. Mənim diqqət
mərkəzimdə olan məsələlərdən biri heca
vəzninin necə formalaşması idi. Bilirik
ki, əruz vəzni ərəblərdə yaranıb və
bunu dəvənin yerişi ilə
uyğunlaşdırırlar. Düşündüm ki, ərəblərdə
əruz dəvənin yerişi əsasında
formalaşıbsa, bizdə də bu, yalnız at ola bilər. Bununla bağlı
araşdırmalara başladım və Orxan Şaiqdə bir
fakt rastıma çıxdı. O, "Kitabi-Dədə
Qorqud”la bağlı nəhəng tədqiqatında
yazmışdı ki, atın on bir yerişi var. Mən də
düşündüm ki, bu yerişlər heca vəznli
şeirin struktur və qafiyə sisteminin yaranmasında əsas
olmuşdur. Orxan Şaiq bircə bu cümləni
deməmişdi. Bunu demək mənə
qismət oldu. Atın yerişi əsasında heca vəznindəki
şeirin daxili strukturunu, qafiyə quruluşunu,
bölgüsünü də müəyyənləşdirmək
çətin deyil və bunları "Açıq kitab –
"Dədə Qorqud” monoqrafiyamda açıqlamışam.
Kitabda o rəqəmlərlə bağlı
yazdığım yazı "Oğuz elinin xanımları”
adlanır. O
yazını iki ilə yaxın müddətdə
yazmışam. Onu da deyim ki, oğuz
qadınları ilə bağlı çoxlu məqalələr
çap olunub. Amma məni bir məsələ
daha çox maraqlandırırdı. Dastanda 6 qadın
obrazı var. Bu qadınlarının beşinin kimliyi bəllidir,
birindən – Səyrəyin xanımından başqa... Məni də belə bir sual
düşündürürdü ki, əgər bu mükəmməl
dastandırsa, həmin qadının da kimliyi məlum
olmalıdır. Çoxlu
araşdırmalardan sonra diqqəti rəqəmlərə
yönəltdim. Dastanı yenidən
oxumağa başladım. Oxuduqca
özüm üçün statistika aparırdım. Bitirdikdən sonra məlum oldu ki, 3 rəqəmi
Oğuzun rəqəmidir. Məsələn, deyir ki, Uruz
üç yüz igidlə yurda keşik çəkir,
Əyrək səfərə çıxanda onun yanına
üz yüz igid cəm olur, Qaraca Çoban sapandı
üçyaşar dana dərisindəndir,
atdığı daşın düşdüyü yerdə 3
il ot bitmədi. Bu nümunələrdən sonra
qəti qəbul olundu ki, üç oğuzun rəqəmidir.
Amma altı rəqəmi kafirlərin rəqəmidir.
Burada da maraqlı bir fakt var. Aruzun xəyanəti
sonuncu boyda bilinir. Lakin dastanın "Qazan
xanın evinin yağmalanması” boyunda yazılıb ki, Aruz
altı ərkəc dərisindən tikilmiş papaq və
altmış ərkəc dərisindən
hazırlanmış kürk geyinmişdi və s. Demək ki,
dastanı söyləyən hələ ikinci boydan Aruzun
düşmən olmasına işarə verir. Bundan sonra Səyrəyin xanımının kimliyinin
müəyyənləşməsi üçün açar
tapıldı. Səyrək qardaşının
xilası üçün Əlincə qalasına gedərkən
xanımına deyir:
"Bir il gəlməsəm gözlə, iki il gəlməsəm
gözlə, üç il gəlməsəm yas
çadırımı qur”. Bu üç
Oğuzun rəqəmidir.
Xanımı
isə ona cavab verir: "Bir il gəlməsən
gözləyərəm, iki il gəlməsən gözləyərəm,
üç il gəlməsən gözləyərəm,
dörd il gəlməsən gözləyərəm, beş
il gəlməsən gözləyərəm, altı il gəlməsən
yas çadırını quraram...” Buradan mənə
məlum oldu ki, Səyrəyin xanımı da kafir elindəndir.
Demək ki, rəqəm həm "Kitabi-Dədə
Qorqud” dastanın sirrini açmağa, həm də Səyrəyin
xanımının kimliyini təfəkkür hadisəsi kimi
meydana çıxarmağa imkan verir. Dastanın
mətni bu dərəcədə möhtəşəm və
mükəmməldir.
– Sufizmdə Şeyx Sənanı, adətən,
utanc nümunəsi kimi xatırlayırlar (rəvayətə
görə, Şeyx Sənan məşhur bir Sufi şeyxinin
qarşısında baş əyməkdən imtina edir. Tanrı da onu cəzalandırır. Sevdiyi qıza görə donuz otarmağa razı olan
Sənan kafirin donuzunu boynunda gəzdirdiyinə görə həmişə
başı aşağı əyilmiş vəziyyətdə
gəzir). Sizcə, Hüseyn Cavid niyə
onu ilahi zirvəyə ucaltdı?
–
Zaman-zaman Şeyx Sənanın tarixi şəxsiyyət
olub-olmaması ilə bağlı müzakirələr olub. Romantizmin əsaslarından biri odur ki, dünyanı
ideyalar idarə edir. Əgər belədirsə,
o zaman əsərin baş qəhrəmanı tarixi şəxsiyyət
olsa, daha möhtəşəm olar. Tarixi
şəxsiyyət olmasından, hansı mənsəbə
qulluq etməsindən asılı olmayaraq, bədii əsərin
qəhrəmanını bədii qəhrəman kimi qəbul
etmək lazımdır. Onu tarixlə,
tarixi şəxsiyyətlə bərabər qoymaq olmaz. Yəni
Hüseyn Cavidin Şeyx Sənan obrazına "Şeyx Sənan”
əsərinin qəhrəmanı kimi baxmaq lazımdır. Orada sufizmə və ya hər hansı əfsanəyə
gedən xətləri yersiz qabartmaq yanlış olar. Hər şeydən əvvəl Şeyx Sənan bədii
obrazdır. Ona görə də deyirlər
ki, romantizmdə baş qəhrəman
yazıçının ideyalarını çatdırma
vasitəsidir. Eləcə də, romantizmin
qəhrəmanı monumental olmalıdır. Ümumiyyətlə, mən düşünürəm
ki, bədii ədəbiyyatın qəhrəmanı Şeyx Sənan,
Knyaz, Səyavuş kimi monumental qəhrəman
olmalıdır. Bu, mənim nəzəri
düşüncəmdir. Şeyx Sənan
ona görə monumental qəhrəmandır ki, Hüseyn Cavid
öz ideyasını onun dili ilə ifadə edirdi. Hüseyn Cavid deyirdi ki, eşq dini etiqad üzərində
hakim olmalıdır. Lakin o, eşq deyərkən
dünyəvi məhəbbəti yox, ilahi sevgini nəzərdə
tuturdu. Hüseyn Cavidin dahiliyi də bunda
idi. "Şeyx Sənan” tamamilə sufi əsərdir.
Mən hər zaman deyirəm ki, Azərbaycan ədəbiyyatının
üç nəhəng nümayəndəsi var ki, onlar
üçü də bir-birindən 4 əsr fərqlə
yaşayıblar: Nizami, Füzuli və Hüseyn Cavid. Və bu üç ədibi nəhəng edən
xüsusiyyətlərdən biri də onların sufizmə
bağlılıqlarıdır.
– Bir alim, elm adamı kimi, adətən,
gənc alimlərə ən çox verdiyiniz məsləhət
nə olur?
– Mənim
böyük arzumdur ki, Azərbaycanda savadlı alimlər
yetişsin. Həyatda peşə
baxımından elm qədər gözəl olan ikinci bir
şey yoxdur. Amma gərək elmin o gözəlliyinin
içinə daxil ola biləsən.
Bacarmasan, boş şeydir... Bəzən olub ki,
hansısa bir elmi yenilik tapanda uşaq kimi səhərə qədər
yata bilməmişəm. Məqaləmi
çapa göndərəndə səbirsizliklə gözləyirəm
ki, nə vaxt çıxacaq. Çıxan
kimi də səhər tezdən gedib o qəzeti ilk məqaləmi
aldığım həvəslə alıram və oxuyuram.
Hər məqaləm çıxanda ilk məqaləm
çıxanda nə qədər sevinmişdimsə, o qədər
sevinirəm.
– Maraqlıdır, ilk məqaləniz
nə vaxt çıxıb?
– İlk məqaləm altıncı sinifdə oxuyanda,
bu, publisistik məqalə idi və orta məktəbi qurtarana qədər
40-a qədər belə məqalə yazmışdım. Ədəbiyyata
dair ilk məqaləm isə hələ tələbə olarkən,
1973-cü ildə "Ədəbiyyat və incəsənət”
qəzetində çap olunub.
– Gənc alimlər haqqında danışırdınız...
– Elmə gələn gənc adam elmin dərinliyə baş vurub orada yaxşı mənada "xəstələnsə”, onda anlayacaq ki, həyatın ləzzəti nədən ibarətdir. Müasir gəncliyə ən çox vermək istədiyim məsləhət isə dil bilgilərini artırmalarıdır: Dil öyrənmək, dil öyrənmək, yenə də dil öyrənmək... Çünki müasir dövrdə artıq bilik ikinci plana keçib. Keçmiş zamanda hər kəs bir-biri ilə biliyi vasitəsilə yarışırdı və biliyi ilə üstünlük qazanırdı. İndiki dövrdə isə bütün biliklər bizim mobil telefonlarımızda, kompüterlərimizdə – müasir texnologiyalarda toplanıb. İnformasiya bolluğu olan bir vaxtda həmin bilikləri yenidən beyinə yükləmək lazım deyil. Onda sual yaranır ki, bəs müasir dövrün insanı hansı yolla üstünlük qazansın? Bunun yeganə cavabı çox dil bilmək bacarığıdır. Müasir dövrdə çox dil bilən adam qalib gələcək. Çünki hal-hazırda dünyanın ən böyük problemi ünsiyyət problemidir. Müharibələrin də, digər münaqişələrin də səbəbi insanların bir-birlərini başa düşməməsindən irəli gəlir. İnsan insanı başa düşsə müharibə olmaz. Ona görə də əgər hansısa dili öyrənmək istəyirsinizsə, bu gün axşam öyrənməyə başlayın, sabah gecdir...
– Tərcümə sahəsinə diqqət yetirsək, görərik ki, bir mütərcim bir-birinə yad estetikada olan müəllifləri tərcümə edir... Eyni tendensiya elm sahəsində də müşahidə olunur. Bir adam 40 ayrı-ayrı adam haqqında yazı yazır. Sanki bir istiqamətdə formalaşmaqdan qaçırlar. Bu məsələyə münasibətiniz necədir?
– Tərcümə bir sənətdir, yaradıcılığın xüsusi bir növüdür. Əlbəttə, kimsə tərcüməyə dırnaqarası baxırsa, başlayacaq hər şeyi dilimizə çevirməyə. Mən namizədlik dissertasiyasını yazarkən belə bir fakta rast gəldim ki, Abbas Səhhətin Avropa və rus ədəbiyyatından 40-50 tərcüməsi var. Mən axtardım ki, niyə məhz o mətnləri tərcümə edib. Nəhayət, tapdım. Abbas Səhhət romantizmin məsləyinə xidmət edən əsərləri tərcümə edirmiş. O, bir tərcüməçi kimi öz qəlbinə yaxın olan mətnləri dilimizə çevirirmiş. Əgər insan qəlbinə yaxın olmayan bir mətni tərcümə edirsə, o, uğursuz alınacaq.
Məsələnin elm tərəfi də belədir. Son dövrlərdə ədəbi əsərlər də primitivləşib. Struktur, süjet bir müəllifin bütün əsərlərində eyniyyət təşkil edir. Yəni, yazı texnikası sadələşib. Mən ədəbi orqanlarda hər hansı yeni müəllifin, imzanın yazısını oxuyuramsa, mütləq ikinci yazısını da oxuyuram. Üçüncü yazını oxuduqdan sonra yenilik görmürəmsə, o müəllifi bir də oxumuram. Bununla artıq mən o müəllifin nə yazdığını bilirəm. Bundan sonra 50 yazısı da çıxsa eyni cür yazacaq... Həmin adamın ədəbiyyatşünaslıqla bağlı yazıları da eyni mahiyyət daşıyacaq... Tənqidçinin böyüklüyü ondadır ki, yazıçının özünün bilmədiklərini yaza bilsin.
Söhbətləşdi: Fərid
Hüseyn, Cahan Seyidzadə, Aysu Kərimova
Kaspi 2017.- 30 sentyabr.-2
oktyabr.- S.12-13.