Gənc azərbaycanlı sirk ustasının növbəti uğuru

 

7-10 sentyabr tarixlərində Moskvadakı Y.V.Nikulin adına sirkdə keçirilən gənclərin XVI beynəlxalq sirk festival-müsabiqəsində azərbaycanlı jonqlyor Anar Cəbrayılov “Bürünc fil” mükafatına layiq görülüb. Bu ilki festivalda Rusiya, ABŞ, Avstraliya, Fransa, Almaniya, Moldova, Efiopiya, Tayvan, Belarus, Çinbaşqa ölkələrin yüzdən artıq ən güclü sirk ustaları çıxış edib. Iştirakçıların çıxışları sirk dünyasının ən tanınmış xadimlərinin, o cümlədən Monte-Karlo festivalının prezidenti, Monako şahzadəsi Stefaniyanın da üzv olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Gərgin mübarizə şəraitində keçən müsabiqədə “Şlyapalarla jonqlyor” nömrəsinin ifaçısı, həmyerlimiz Anar Cəbrayılov yüksək məharət, maraqlı səhnə obrazı nümayiş etdirərək, “Bürünc fil” mükafatını qazanıb. Qeyd edək ki , bu, Anarın ilk uğuru deyildir. Gənc olmasına baxmayaraq, Anar artıq tanınmış sirk ustalarındandır. O, hələ 15 yaşında ikən Ukraynanın Luqansk şəhərində keçirilən “Sirkin gələcəyi” festivalının qalibi olub. Yorulmadan məşq edərək, ifasını gündən-günə cilalayan Anar, 2011-ci ildə istedadlı sirk rejissoru Ruslan Qaneyevin köməyi ilə nömrəsini “Artist” adı ilə yeni quruluşda hazırlayıb. Bu nömrədə ifa etdiyi mürəkkəb tryuklarla yanaşı, şən, heç vaxt ruhdan düşməyən bir gənc obrazını yaradan Anar öz müsbət energetikası ilə dərhal tamaşa salonunu ələ ala bilib. Həmin il Rusiyanın İjevsk şəhərində keçirilən beynəlxalq sirk sənəti festivalında Anarın bu ifası Udmurtiya Dövlət Sirkinin xüsusi mükafatına layiq görülüb.

 

2015-ci ildə Aşdod şəhərində keçirilən I İsrail beynəlxalq sirk festivalında qalib gələrək qızıl mükafat qazanan Anar, az sonraİlin artisti” nominasiyasında Rusiyanın “Master” (“Ustad”) Birinci beynəlxalq sirk mükafatına layiq görülmüşdü. 2016-cı ildə Anar Cəbrayılov çox nüfuzlu, Böyük Moskva Dövlət Sirkində keçirilən “İdol-2016” IV Ümumdünya sirk sənəti festivalında Böyük Moskva Dövlət Sirkinin xüsusi mükafatını qazanıb.

 

Gənclərin XVI beynəlxalq sirk festival-müsabiqəsində daha bir həmyerlimiz, Moldovanı təmsil edən “Şüvüllə akrobatlar” nömrəsinin üzvu Əbülfəz Abdullayeviştirak edib. Çox təəssüf ki, son illər bu tendensiya ilə tez-tez qarşılaşırıq. Dünya miqyasında uğurla çıxış edən sirk artistlərimiz xarici ölkələri təmsil edir.

 

Anar Cəbrayılovun bu festivalda ilk dəfə olaraq əhliləşdirilmiş meymunlarla ifa etdiyi məzəli “Matador” nömrəsi də tamaşaçıların böyük marağına səbəb olub. Gənc həmyerlimizə daha böyük qələbələr, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Rəcəb Məmmədov

Kaspi.-2017.-14 sentyabr.-S.10.