Aramızda olan dahi
Və ya 27 yaşında dünya
şöhrəti qazanan bəstəkar
Onu həmişə teatrların, konsert
salonlarının ön cərgələrində görmək
olur. Əhəmiyyətli, maraqlı gecələrin
iştirakçısı olmaq vərdişinə həmişə
sadiq qalır. Buna incəsənətə
olan böyük sevgisi, sənətinə olan hədsiz məhəbbəti
sövq edir. İndi qocalıb 84
yaşına çatsa da, əsa ilə yerişinə təkan
versə də, içindəki sənət eşqi sönən
deyil. 13 sentyabrda doğum
gününü qarşılayan Xalq artisti, Dövlət
Mükafatı laureatı, akademik Arif Məlikova telefon
açıb ad gününü təbrik edəndə sevindi:
"Yaxşı ki, xalqımız bu adətindən əl
çəkməyib. Zəng edirlər, təbrik edirlər...”.
Müsahibə üçünsə hələ gözləməyimiz
lazım gəldi. Görkəmli bəstəkar "bir az xəstəyəm”
dedi.
Qara
Qarayevin tələbəsi
Arif Məlikovun
həyat yoluna nəzər salanda ömrünü musiqi sənətimizin
inkişafına həsr edən bir insanın tərcümeyi-halı
ilə tanış olur və qürur
duyursan. A.Məlikov 1933-cü ildə Bakıda
anadan olub. Uşaqlıqdan musiqi ilə yanaş,ı rəssamlığa da meyl göstərib.
Hətta Rəssamlıq Texnikumuna daxil olmaq istəsə
də, musiqiyə olan maraq üstün gəlib. A.Məlikov
1948-ci ildə A.Zeynallı adına Bakı
Musiqi Texnikumunun tar sinfində oxuyarkən onda bəstəkarlığa
böyük həvəs oyanıb. Bu həvəs
onu 1953-cü ildə Konservatoriyanın bəstəkarlıq
fakültəsinə gətirib. Musiqi
ocağında o, görkəmli bəstəkar Qara Qarayevin
sinfində təhsil alıb və bu ünsiyyət bəstəkara
bir şəxsiyyət kimi formalaşmaqda, sənətdə
öz fərdi yolunu tapmaqda kömək edib. A.Məlikov həmçinin 1960-ci ildən bu təhsil
ocağında dərs deməyə başlayıb. Gənc
bəstəkarın hələ tələbəlik illərində
yazdığı bir sıra iri həcmli əsərlər:
simfonik orkestr üçün "Balet süitası”,
"Nağıl” faciəsi, fleyta və orkestr
üçün "Konsertino” və I simfoniya ilk dəfə
səsləndiyi gündən diqqəti cəlb edir və onun
böyük gələcəyindən xəbər verir.
27
yaşın uğuru
1959-cu ildə Q.Qarayevin məsləhəti ilə
Leninqrad Opera və Balet teatrı A.Məlikova N.Hikmətin
"Məhəbbət əfsanəsi” pyesinə balet
yazmağı təklif edir. 27 yaşlı bəstəkar
N.Hikmət, baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladze və
dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə
özünün şah əsərini yaradır. Premyeradan sonra əsər musiqi tarixində yeni
söz, yeni mərhələ kimi qiymətləndirilir. "Məhəbbət əfsanəsi”ndən sonra o,
"2 nəfər” (librettosu R.Rojdestvenskinin) və "İki
qəlbin dastanı” (Ş.Rəşidovun kinossenarisi əsasında,
librettosu A.Məlikova məxsusdur) baletlərini yazır. "İki qəlbin dastanı” baleti Daşkənd və
Kuybışevdə böyük müvəffəqiyyətlə
tamaşaya qoyulur. "Yaradıcılığı
parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnən
bəstəkar öz əsərlərində milli musiqi ənənələrini
XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək,
mütərəqqi təfəkkürə malik sənətkar
kimi çıxış edir. A.Məlikovun
yaradıcılığına yüksək ideya, dolğun məzmun,
obrazların dərin emosional-psixoloji ifadəsi xasdır”- deyə
musiqişünaslar onun yaradıcılığı
haqqında yazırlar.
Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında
yazdığı ilk böyük əsəri – "Məhəbbət
əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti
qazandırıb. 1961-ci ildə S.M.Kirov adına məşhur
Leninqrad Akademik Opera və Balet Teatrının səhnəsindəki
ilk tamaşadan dərhal sonra D.Şostakoviç
yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır,
onun musiqisi əsl peşəkar musiqidir. Partituranın
dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların
musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi,
orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi,
çoxlu tapıntılar bu gözəl musiqi əsərini
böyük maraqla dinləməyi məcbur edir”.
Bəstəkarın
sonrakı yaradıcılıq uğurlarından biri özbək
yazıçısı Ş.Rəşidovun "İki qəlbin
kitabı” əsəri əsasında yaratdığı
"İki qəlbin poeması” baletidir ki, rəqqasə Komde
və müğənni Modan haqqındakı qədim Şərq
əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə
zirvələrinə qaldırılaraq, sənətin əbədiliyinin,
qüdrətinin rəmzinə çevrilib. Arif Məlikovun əsərləri
dünyanın bir çox ölkələrində - Rusiya,
ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə,
Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand,
Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya,
Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan,
Moldova, Ukrayna və Gürcüstanda ifa olunub. 2016-cı
ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin
tam külliyyatı” çap olunub. A.Məlikovun
yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin
ən parlaq səhifələrindən birini təşkil edir.
Sənətkarın hər yeni əsəri həm
ölkəmizdə, həm də onun hüdudlarından qat-qat
uzaqlarda əks-səda tapır, maraqla qarşılanır.
Təməli dahi Üzeyir Hacıbəyli tərəfindən
qoyulmuş ənənələri davam və inkişaf etdirən,
Q.Qarayevin yaradıcı prinsiplərindən,
D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl
nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən
bəhrələnən A.Məlikov fərdi
yaradıcılıq üslubunu yaratmağa nail olub. Təsadüfü
deyil ki, o, bu gün də dünya miqyasında müasir Azərbaycan
musiqisini ləyaqətlə təmsil edənlərdən
biridir. Musiqinin ən müxtəlif janrlarında səmərəli
və məhsuldar işləyən bəstəkar "Məhəbbət
əfsanəsi” (N.Hikmət), "İki nəfər” (R.Rojdestvenski),
"İki qəlbin poeması” baletləri, "Vətən”
və "Dünyanın səsi” kantataları, VII
simfoniyası "Ləpələr” operettası, müxtəlif
janrlı kamera - instrumental əsərləri, xalq
çalğı alətləri orkestri üçün
süitaları, romans və mahnıları, film və
tamaşalara musiqisi ilə milli musiqi xəzinəmizi zənginləşdirib.
A.Məlikovun yaradıcılığında onun kinofilmlərə
və teatr tamaşalarına yazdığı musiqilər də
mühüm yer tutur. O, "Sehrli xalat”, "Ulduzlar sönmür”,
"Rüstəm və Söhrab”, "Axırıncı
aşırım” kimi filmlərə, "Natəvan”, "Atabəylər”
tamaşalarına, 5 seriyalı "Şahnamə” filminə
musiqi yazıb.
Novator bəstəkar
Həmkarları, sənət dostları Arif Məlikovu
dünya bəstəkarlıq sinfinin görkəmli nümayəndəsi
kimi dəyərləndirirlər.
"Arif
Məlikov zəmanəmizin görkəmli bəstəkarıdır”
-deyən Bəstəkarlar İttifaqının katibi Zemfira
Qafarova bildirdi ki, belə bir canlı klassiklə eyni vaxtda
yaşadığımız üçün fəxr etməliyik:
"Musiqi sənətimizin inkişafında Arif Məlikovun əməyi
çox böyükdür. O, bizim musiqi tarixinə görkəmli
bəstəkar, pedaqoq, ictimai xadim kimi daxil olub. Onun baletləri
təkcə öz yaradıcılığına deyil, həm
də ölkəmizin adına şöhrət
gətirib. Bəstəkar «Məhəbbət əfsanəsi»
baletini 27 yaşında ikən yazıb və bu gənc
yaşında ona dünya şöhrəti qazandırıb.
Bu balet 80 ölkədə tamaşaya qoyulub və
Azərbaycanı, o cümlədən Türkiyənin
böyük şairi Nazim Hikməti tanıdıb». Arif Məlikovun
yaradıcılığının çoxşaxəli
olduğunu deyən Z.Qafarova bəstəkarın əsərləri
içərisində irihəcmli simfonik əsərlərin,
simfoniyaların, romansların, kamera musiqi əsərlərinin
mühüm yer tutduğunu bildirir: "Arif Məlikov dram
tamaşalarına, filmlərə musiqi yazıb. Elə bir janr yoxdur ki, o, həmin janrda əsər
yazmasın. O, hər bir janrda novator kimi
çıxış edir. Arif müəllim
peşəkar pedaqoqdur, uzun illərdir ki, Bakı Musiqi
Akademiyasında çalışır, kafedra müdiridir,
çoxlu tələbələr yetişdirib. Həmin tələbələr Azərbaycan bəstəkarlıq
məktəbinin layiqli nümayəndələridir. Arif Məlikov ictimai işlərdə də həmişə
fəaldır. O, həmişə gənclərə
böyük dəstək verir. Mən xoşbəxtəm
ki, onun əsərlərinin premyeralarına tamaşa etmişəm,
əsərlərini dinləmişəm”.
Arif Məlikov vaxtilə Xalq artisti Faiq Sücəddinovun da konservatoriyada simfonik orkestr üçün aranjeman üzrə müəllimi olub. Faiq müəllim Arif Məlikovu zəmanəmizin korifey bəstəkarı adlandırır: "Mən ilk dəfə onun əsərini estrada orkestri üçün aranjeman etmişəm. «Gəl bizim dağlara» adlı həmin məşhur mahnını Akif İslamzadə oxuyur. Bu mahnını ilk dəfə mən royalda çalmışam. Arif Məlikovla mənim gözəl yaradıcılıq münasibətim olub: mən aranjemançı, o isə bəstəkar kimi birlikdə işləmişik. Arif Məlikov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olduğundan məhsuldar bəstəkar kimi tanınıb. Bu gün də onun əsərləri bütün dünyada ifa olunur”.
Arif Məlikovu təkrarsız bəstəkar adlandıran Xalq artisti Oqtay Rəcəbov müəlliminin operadan başqa musiqinin bütün janrlarında əsər yazdığını söyləyir: "Arif Məlikovun əsərləri içərisində dünya səviyyəli əsərlər var. Elə «Məhəbbət əfsanəsi»nin adını çəkmək kifayətdir. Əgər mahnı janrına müraciət etsək, keçən əsrin 60-70-ci illərində yazılan, bir sıra kino filmlərdə səslənən mahnıları bu günə kimi ifa olunur. Əgər bu əsərlər bu gün ifa olunursa, demək dəyərli əsərlərdir. Xalqımız onun mahnılarını dinləyir, yadda saxlayır və sevir. Gənc müğənnilərimiz də həmin mahnıları öz repertuarlarına daxil edirlər. Azərbaycan xalqı belə bir bəstəkarla fəxr etməlidir». Arif Məlikovu həmçinin gözəl pedaqoq kimi dəyərləndirən O.Rəcəbov onun çoxsaylı bəstəkarların yetişməsində rol oynadığını deyir: «Əgər mən orkestr üçün bir musiqi əsəri yazmaq istəyirəmsə, mütləq Arif müəllimə zəng edib onunla məsləhətləşirəm. Arif Məlikov təkrarı olmayan, dünya musiqi korifeylərinin sırasında dura biləcək bir bəstəkardır. Onu qorumaq və əsərlərini tez-tez televiziyalarda, radioda səsləndirmək lazımdır ki, böyüməkdə olan gənc nəsil həmin əsərləri eşitsin və mənəvi cəhətdən zənginləşsin”. Arif Məlikovun insani xüsusiyyətlərindən danışan O.Rəcəbov deyir ki, o, hamıya kömək etməyə çalışan, gənclərə daim dəstək olan böyük qəlbli insandır: "Arif müəllim uşaqla uşaq, böyüklə böyükdür. Azərbaycan xalqı belə bir bəstəkarının varlığı ilə fəxr etməlidir».
Görkəmli bəstəkarı biz də təbrik edir, cansağlığı arzulayırıq! Əfsanələr heç zaman bitmir – "Məhəbbət əfsanəsi” kimi...
Təranə Məhərrəmova
Kaspi.-2017.-14 sentyabr.-S.13