“Kim desə
gənclikdən doydum,
inanma...”
Əli Nurzadəyə həmişə
qızlar eşq elan edib
Ömrün hər yaşında aktiv həyat tərzi ilə yaşıdlarından seçilib. Onun üçün "çətin, mümkünsüz” deyə bir məfhum yoxdur. Vaxt azlığı belə, ona mane ola bilməyib. Zamanla yarışır və etmək istədiyini mütləq vaxtında həyata keçirir. Müsahibimiz aktyor, əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Nurzadədir. Həmsöhbətimizlə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq...
"Bala Paris”dən başlayan həyat hekayəsi...
1948-ci ildə Ağsu
rayonunun Bico kəndində anadan olub. Uşaqlığını keçirdiyi kənddən
danışarkən kədərlənir:
"Kəndimiz gözəlliyi,
böyüklüyü, müasirliyi
ilə seçilirdi. Bizim kəndə "Bala Paris”
deyirdilər. Orada nəhəng
ağaclar var idi. Mən həmişə o ağacların başına
çıxırdım. Rayonda ilk böyük klub, ən böyük xəstəxana bizim kənddə tikilmişdi.
İldə 5-6 dəfə klubda
tamaşalar oynanırdı,
konsertlər verilirdi.
Sirk pəhləvanları, ölkənin
məşhur aktyorları
kəndə gəlib tamaşa göstərirdilər.
Zal dolu olurdu, insanlar
tamaşaya baxmaq üçün pəncərədən
boylanırdılar”.
"İş heç vaxt bitmirdi”
9 uşaqlı ailədə
böyüyən Əliyə
nənəsi baxıb. Deyir ki, insanların işgüzarlığı, aclıq
illərindəki dözümlülüyü
xatirəsindən silinmir:
"Uşaqlıq illərimdə
insanlar çox işləyirdi. Camaat aclıq çəkirdi.
İşləyib, bütün qazancını
dövlətə verirdi.
Şamaxı şəhərindən kəndə həftədə
bir dəfə qara, iri çörək
gətirirdilər. O çörəklər
15 -20 gün, bəzən
də bir ay qalırdı. İnsanlar karvanla gəlib
növbədə dayanırdılar.
O çörəyi pendirlə
yeyirdik, elə ləzzətli olurdu ki... İnsan əməyindən çox istifadə olunurdu. İnsanlar kombayn kimi işləyirdilər. İş heç
vaxt bitmirdi. Çətinlik var idi, amma çox maraqlı idi. Şairlər bizim kəndə
gəlirdilər. Uşaqdan böyüyə,
hamı səfərbər
olurdu. Mən də nənəmlə
tək qaldığıma
görə, səhər
tezdən inəyi otlağa aparırdım.
Buzovu bağlayır, qoyunları
örüşə ötürürdüm.
Və sonra dərs oxumağa gedirdim. Dərsdən gələndə sonra isə tövləni təmizləyirdim”.
"Xaş-xaş əkirdik”
Həmsöhbətimiz deyir ki, o vaxt
göyərtilər, yaşıl
bitkilər əkilirdi. Hətta
indi xaş-xaş kimi tanınan narkotik bitki ətirli olsun deyə, o zamanlar çörəyin üstünə
çəkilirmiş: "Biz bilmirdik ki, o narkotikdir, çörəyin
üstünə vururduq.
Üzüm bağımız var idi, onların
dibini sulayırdıq.
Həm oxuyurdum, həm də kömək edirdim. Bütün qış boyu
meşədən odun
gətirir, toyuq-cücəyə
dən verirdim. Mən orta məktəbdə fəal idim, idmanla da məşğul
olurdum. Səhər həyətdə idman edirdim, mənə qəribə baxırdılar ki, kolxozda işləmək elə idmandır da, bu niyə
özünü yorur.
Biz yuxu yatmırdıq.
Hava işıqlanmamış dururduq
ki, heyvan-qaranı sahmana salaq. Həyət-bacanın bütün təmizliyinə
mən baxırdım.
Aprel ayında bizim kəndin qırağında
ucu bucağı görünməyən qızıl
güllər olurdu.
O gülləri sulayır,
qoruyurduq”.
"Atam aktyor olmağıma
razı deyildi”
Balaca Əlinin
uşaqlıqdan mütaliəyə
marağı olub. Bədii əsərləri,
şerləri əzbər
bilib və tədbirlərin aparıcılığını
özü edib. Deyir ki, o qədər
tamaşalara baxıb,
şerlər deyib ki, artıq 7-ci sinifdə qərar verib ki, aktyor
olacaq: "Atam aktyor olmağımı istəmirdi. Ömrünün sonuna qədər
buna qarşı çıxdı. Lakin mən
bu sənətin vurğunu idim. Hüseyn Cavid deyirdi ki,
mən şair olmasaydım aktyor olardım. Şekspir dünyanı səhnəyə,
insanları isə aktyorlara bənzədirdi.
Aktyorluq uca, ülvi sənətdir”.
"Sənin ərin meymundan əmələ gəlib”
Məktəb illərində hazırcavablığına
görə, ən sevdiyi müəllimlərlə
belə problemləri olub: "Müəllim bir gün sinifdə
dedi ki, insan meymundan əmələ gəlib. Mən etiraz etdim: xeyr insanı
Allah yaradıb. Əlində açarla başıma vurdu. Başım yara oldu.
Nənəm dedi başın niyə belədir? Mən hadisəni ona
danışdım. Nənəm
ağacı götürüb
getdi məktəbə
və müəllimə
dedi ki, sənin uşaqların, ərin meymundan əmələ gəlib, mənim nəvəmlə
işin yoxdur (Gülür-A.Ə) .
Daha sonra Əli tamaşalarda şerlər
oxumağa başlayıb:
"Fəal şagird
idim. Dram dərnəklərində
şerləri oxuyurdum.
Məktəbin divar kağızını
buraxırdım. Rəssamlıq qabiliyyətim olduğu üçün məktəb
binasının divarlarına
yağlı boya ilə şəkillər işləyirdim. Hamı elə
bilirdi ki, rəssam olacağam.
Amma tarixçi də ola
bilərdim. Bütün fənləri mükəmməl
bilirdim. Böyüklərlə, yaşlılarla oturub-dururdum.
Ədəbiyyatı poeziyanı çox
sevirdim”.
"Kəndin ən gözəl qızını
sevirdim”
İlk sevgisi də məktəb illərində
olub: "Məktəb
vaxtında kəndin ən gözəl qızını sevirdim. Bizə Leyli-Məcnun deyirdilər.
Qollarıma, sinəmə onun
adını döydürmüşdüm.
Qız mənə eşq elan etmişdi. Maraqlısı odur ki, mən heç bir qıza eşq
elan etməmişəm.
Həmişə mənə qızlar
eşq elan edirdi. Amma alınmadı. Mən 10-cu sinifdə, o, 7-də oxuyurdu.
O, təhsil almadı amma mən oxumalı
idim. Bu səbəbdən
mən Bakıya gəldim, o isə kənddə qalıb ailə qurdu”.
"Həm tələbə, həm müəllimim idim”
Həmsöhbətimiz orta məktəbi bitirən kimi universitetə sənəd vermək üçün Bakıya
gəlib: "İncəsənət
Universiteti o vaxt Teatr İnstitutu idi. Gəldim dedilər ki,
gecikmisən. 1 il Neft-Kimya İnstitutunda oxuduqdan sonra, növbəti il İncəsənət Universitetinə qəbul oldum. Birinci dəfə idi
ki, İncəsənət
Universitetinin aktyorluq fakültəsinə 10 qız,
10 oğlan seçilmişdi.
Universitetdə də fəal
tələbə idim.
İkinci kursda məni
institutun komsomol təşkilatına katib seçdilər. Tədbirlərdə çıxışlar edirdim.
Kursda həmişə baş rolları oynayırdım.
Universitetdə səhnə danışığından
birinci kurslara dərs deyirdim. Həm tələbə, həm də müəllim idim”.
Əli Nurzadə
savadlılığı, mütaliəsi
ilə həmyaşıdlarından
seçilib. Deyir ki, məhz bu
keyfiyyətinə görə,
o, dostları arasında
maraqlı həmsöhbət
kimi tanınırdı:
"Hamı yatanda gecələr araşdırmalar,
mütaliələr edirdim.
Hətta
bir dəfə yasda mollanın səhvlərini düzəldirdim.
Həsənağa Turabov
dedi ki, sən niyə bu qədər bilirsən. Nəyinə lazımdır bu
qədər bilmək?
Əbülfəs Qarayev məni
İskəndəriyyə kitabxanası
adlandırırdı. Özümü tanıyandan kitabxanalardan
çıxmayıb araşdırıb
oxuyurdum. Qastrollara mənimlə
gedəndə oxuduğum
kitablardan, dahi insanların şəxsiyyətlərin
çap olunmayan həyatlarından danışırdım.
Bütün insanlar yatanda
mən səhərə
qədər mütaliə
ilə məşğul
olurdum”.
Müsahibimiz həm oxuyub, həm də fəhləlik edib pul qazanırmış. İlk maaşını isə dostları ilə birlikdə xərcləyiblər:
"İşdən əlavə
48 manat təqaüd alırdım. Səhər dərsdə olur,
axşam fəhləlik
edirdim. Ceyhun Mirzəyev, Fuad Poladov, Yaşar Nuriylə, Səməndər
Rzayevlə birlikdə
yeyib-içirdik”.
"Bütün zal ağlayırdı”
Daha sonra həmsöhbətimiz Sumqayıt Teatrında işləməyə başlayıb. Deyir ki, tamaşalarda əsasən baş qəhrəmanları oynayıb: "1982-ci ildə biz Moskvada qastrolda olduq. O zaman Heydər Əliyev tamaşaya baxdı. Mən General Şıxlınskini oynayırdım. Heydər Əliyev qeyri-adi şəxsiyyət idi. Bütün kinonu, mədəniyyəti, teatrı bilirdi. 20 Yanvar ərəfəsində Qabilin mərsiyyəsini deyirdim bütün zal əlində dəsmal ağlayırdı. Hətta şerimi dedikdən sonra Heydər Əliyevin də gözündən yaş gəldiyini gördüm. Bu anı heç vaxt unutmuram”.
"Gənclik qaynar həyatdır”
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gənclik illəri ömrün ən gözəl çağıdır və onun hər saniyəsinin qədrini bilsinlər: "Həyat dedikləri baldan şirindir, Kim desə həyatdan doydum inanma. Gənclik özü hər vüsaldan şirindir. Gənclik ömrün baharıdır, günəşidir, həyatın ən qızğın çağıdır, insanın dəli dolu vaxtıdır. Gənclik mübarizədir. İstərdim ki, bütün gənclik Azərbaycanın müstəqilliyini qorusun. Gənclik elmdir, qaynar həyatdır. Mən qaynar həyatın önündə gəncləri görmək istəyirəm”.
Aygün ƏZİZ
Kaspi 2017.- 29 setyabr.- S.12.