Fərqli xarakterlərin qurduğu yuva

 

Könül Əliyeva-Cəfərova: “Bəxtim onda gətirib ki, Elçinin ürəyinə gedən yol mədəsindən keçmir”

 

Elçin Cəfərov: "Düşündüm ki, mənim kimi adama ancaq o dözə bilər”

                                                                                           

Onlar üçün ailə hər şeyini paylaşmaq deməkdir: sevgini də, nifrəti də, sevinci də, kədəri də, aqressiyanı da, əsəbi də, ürəyinin döyüntüsünü də, həyəcanını da, lap elə yediyin tikəni də...

Bu dəfə Cəfərovlar ailəsinin qonağıyıq. Müsahiblərimiz Yuğ Dövlət Teatrının mətbuat katibi, AMEA Memarlıq və İncəsənət İnstitutunda "Teatr, kinoteleviziya” şöbəsinin elmi işçisi, teatrşünas Könül Əliyeva-Cəfərova və Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllimi Elçin Cəfərovdur. Həmsöhbətlərimizin iki övladı var: Altay 6, Vaqif  3 yaşındadır.

 

"Bütün qrupun qarşısında Elçin məndən üzr istədi”

 

Tanışlıqları təfərrüatına kimi xanımlar daha yaxşı yaddaşlarına həkk etdiyindən Könülə söz veririk: "İlk tanışlığımız, filmdə deyildiyi kimi, Mitya, sən təsəvvür edə bilməzsən, bu lap min bir gecə nağılı idi (gülür – L.M.). Biz 15-16 il bir qəsəbədə yaşamışıq, qonşu məktəblərdə oxumuşuq, eyni tədbirlərdə çıxış etmişik, eyni olimpiadalarda yerlər tutmuşuq, amma heç vaxt bir-birimizə rast gəlməmişik. Nəhayət, bir universitetə, hətta bir qrupa qəbul olmuşuqbir qrupun içində düz bir ay rastlaşmamışıq. "Hanı o oğlan, onu mənə göstərin”, "hanı o qız, onu mənə göstərin” deyib axtarmışıq bir-birimizi. Bir dəfə qrupda onun bir yazısını tənqid etdim. İndi düzünü etiraf edim ki, çox yaxşı yazı idi. Qrupdan bir qız da özünü saxlaya bilmədi və mənim haqsız tənqid etdiyimi dedi. Üstəlik, əlavə etdi ki, biz həmişə bir-birinizdə səhv axtarırıq. Elçin də qayıtdı ki, mən onda səhv axtarmıram, o, başdan-ayağa səhvdir. İlk dəfə idi ki, bir adamın, hətta bir oğlanın sözünün altında qaldım, cavab verməyə söz tapmadım və başladım ağlamağa. Düzdür, buna görə, müəllimimiz Məryəm Əlizadə bütün qrupun qarşısında Elçini məndən üzr istəməyə məcbur etdio andan bizim düşmənçiliyimiz başladı. Necə deyərlər, böyük eşqlər davayla başlar. Sonralar bu nifrətin necə dostluğa çevrildiyini heç özüm də bilmədim. Məryəm xanım bizi Yuğ teatrına aparırdı tez-tez. 3-5 tələbə bu teatrın daimi tamaşaçısına çevrildik. Teatrın yaradıcısı, bizim ustadımız Vaqif  İbrahimoğlu Elçini Yuğ Teatrına ədəbi hissə müdiri vəzifəsinə işə götürdü. Mən də öyrənmək məqsədilə hər gün Elçinlə işə gedib-gəlirdim. Axırda Vaqif müəllim dedi ki, onsuz hər gün səhərdən axşama qədər burdasan, yazıqsan, gəl, götürüm ştata, heç olmasa maaş al (gülür – L.M.). Allah ona qəni-qəni rəhmət eləsin. Uzun müddət Yuğ Teatrında birlikdə işlədik. 4-cü kursun sonunda, dəqiq tarixi də yadımdadır - 28 aprel, 2007-ci ildə Elçin mənə öz sevgisini etiraf etdi. Dedi ki, daha sənin dostum olmaq istəmirəm, sənə olan hisslərim artıq dostluq deyil, həyatda nə deyildiyini bilmirəm, amma bədii ədəbiyyatda buna sevgi deyirlər...”.

 

 

 

Könül, Elçinin sevgisini etiraf edəcək qədər cəsarətli və komplekssiz biri olduğunu  gözləmirmiş: "Çünki  çox qaraqabaq, "ağır otur, batman gəl”, "köhnə kişilər” kimi idi. Mən də özümü həmişə qınayırdım ki, gör, mənim kimi küçələrdə oxuya-oxuya gəzən, səhər dayanacaqda 175 gəlsə, Axundov kitabxanasına, 132 gəlsə, "Yuğ” Teatrına, 103 gəlsə, universitetə gedən bir qız gedib dünyanın ən qaradinməzini sevib. Bir dəfə ona dedim ki, sənin toyunda oynamayacam da, yeməyəcəm də, gülməyəcəm də. Oturub pis-pis gəlinə baxacam. Uşaq ağlımla bu sözü ağzımdan çıxardandan sonra mənasının nə anlama gəldiyini anlasam da, artıq gec idi, demişdim. Mənə elə gəlir ki, Elçin mənim bu sözümdən sonra cəsarətləndi. Amma hələ də Elçinə başa sala bilmirəm ki, o sevgi etirafı deyil, sadəlövh, ruhu göylərdə uçuşan bir qızın şıltaqlığı idi”.

 

Tamam fərqli insanlar

 

Könülü qaraqabaq oğlana "hə” deməyə vadar edən səbəblər isə bunlardır: "İlk dəfə özümdən ağıllı, güclü, intellektual bir oğlan gördüm, ilk dəfə biri qarşısında məğlub olduğumu etiraf elədim, ilk dəfə onu hər bir cəhətdən özümdən üstün hesab elədim, bəlkə də bu səbəbdən ona vuruldum”.

Elçinsə Könülə evlilik təklif etməsində xanımının hansısa xüsusiyyətinin rol oynamadığını bildirdi: "Könülə hansısa xüsusiyyətlərə malik olduğu üçün evlilik təklifi etməmişəm. Sadəcə, düşündüm ki, mənim kimi adama ancaq o dözə bilər. Düşündüm ki, bu qızla bir damın altında yaşamağa dəyər. Bəlkə də ona görə evlənməyə qərar verdik ki, ikimiz də evlilikdən başqa hər şey barədə düşünürdük.

Bizi tanıyanların çoxu deyir ki, Könüllə biz tamam fərqli insanlarıq. Həqiqətən də bəzi xüsusiyyətlərimizə görə fərqli qütblərdə dayanırıq. Bəlkə də münasibətimizi fizikanın qanuna görə mənfi və müsbət işarəli yüklərin bir-birini cəzb etməsi ilə izah etmək olar. Könülə hər şeydən əvvəl bir insan kimi, bir dost kimi çox dəyər verirəm. Bu gün də illər öncə başlayan dostluğumuz davam edir və düşünürəm ki, bu, bizim ailəmizin ən gözəl xüsusiyyətidir. Əgər Könülün mütləq hansısa müsbət keyfiyyətini qeyd etməli olsam, belə deyərdim: səmimiyyət, mərdlik və ədalət duyğusu. Könüldə bu günə qədər heç kəsdə görmədiyim ədalət hissi var”.

 

 

 

"Mən axmaq toydan əvvəl də bilirdim axı bunları”

 

Beləliklə, 2003-cü ilin oktyabrında bir-biri ilə tanış olan cütlük 2009-cu ilin oktyabrında ailə quraraq həyatlarının qalan hissəsini birlikdə yaşamağa qərar verirlər.  Sevgili, nişanlı olmaqla evlənmək, eyni damın altda yaşamaq etiraf edək ki, eyni şey deyil. Ailə qurandan sonra adətən cütlüklər qarşı tərəfin "sürpriz” xasiyyəti ilə rastlaşırlar. Bəs, həmsöhbətlərimiz hansı "sürpriz”lərlə qarşılaşıblar?

Könül Elçini kifayət qədər tanısa da, bəzi xüsusiyyətlərinin kiçik sürpriz olduğunu deyir: "Elçin yatdığı yerdə elə bil dissertasiya müdafiə eləyir. Fizikanı, kimyaya, kimyanı ədəbiyyata, ədəbiyyatı qeyri-səlis çoxluqlar nəzəriyyəsinə bağlayır (Gülür – L.M.) Bu, əslində sayıqlama da sayılmaz, əməlli-başlı problem həll eləyir. Bir də xörəyin içinə çörək doğrayıb onu da çörəklə yeməsi məni "şok” eləmişdi. İstənilən mövzuda doğru məsləhətlər verən, çətin anlarda ən düzgün qərarı qəbul edən, bir gecəyə 90 sualı öyrənib, imtahanlarda müəllimləri "ağzı açıq” qoyan, qeyd-şərtsiz hər şeydə örnək olan birini pomidor almağa göndərsəniz, pomidor adına kartof alıb gəlsə, bilin ki, o adam Elçindir”.

Elçin üçünsə Könülün heç bir hərəkəti sürpriz olmayıb: "Bu o demək deyil ki, Könülün pis xüsusiyyətlərini sadalaya bilmərəm. Sadalayaram, lap o yana da keçərəm. Məsələ burasındadır ki, hansı pis xüsusiyyət ağlıma gəldisə, baxdım ki, mən axmaq toydan əvvəl də bilirdim axı bunları” (gülür – L.M.).

 

 

 

"Əsas odur, biri "odolanda, o biri "benzinolmasın”.

 

Davasız-şavasız, mübahisəsiz ailənin olması mümkünsüzdür. Elə həmsöhbətlərimizin aradabir kiçik "müharibə”ləri olur. Könül deyir ki, mübahisə adətən onun başqalarının işinə qarışıb, kömək etmək məqsədilə "qaş düzəltdiyi yerdə, vurub göz çıxartdığıhallarda olur. Amma sözləri çəp düşəndə biri od olursa, o biri mütləq odun üstünə su səpməyi bacarır: "İkimiz od olsaydıq, yəqin çoxdan boşanmışdıq”.

Elçinin fikrincə, kim bacarırsa, o su olmağa çalışmalıdır: "Əsas odur, biri "odolanda, o biri "benzinolmasın”.

 

"Mətbəxdə tam bir faciəyəm

 

Azərbaycan ailələrinin əksəriyyətində qadın düz desə belə, mütləq kişinin sözü keçməlidir. Bəs bizim həmsöhbətlər necə, bu ənənəyə sadiqdirlər?

Elçin: "Deyirlər, toya qədər kişi deyir, qadın eşidir, toydan sonra qadın deyir, kişi eşidir, körpə dünyaya gələndən sonra uşaqlar deyir, ikisi qulaq asır. Bu gün bizim ailədə ən çox Altayla Vaqifin sözü keçir. Bir müdriklər deyib ki, qadının hər dediyinə qulaq as, amma bildiyini elə. Mən ənənələrə çox bağlı adamam”.

Ənənələrə sadiq qalan Elçin ev işlərində çox yarıtmaz olduğunu deyir: "Düşünürəm ki, kişinin ev işlərində xanımına kömək etməsi çox normal, hətta gərəklidir, sadəcə, Könülə növbəti mübahisələrdə istifadə edə biləcəyi "kozor” verməmək üçün bu barədə danışmayacam”. 

Bu məsələ xanım müsahibimizin də "yaralı” yeridir: "Elçin mənə ev işlərində çox az, hətta sayılmayacaq qədər az yardım edir. Amma onu da deyim ki, ev işlərində ikimiz də bir-birimizdən yarıtmazıq. Mətbəxdə tam bir faciəyəm. Bəxtim onda gətirib ki, Elçinin ürəyinə gedən yol mədəsindən keçmir”.

 

"Hər gün evləri yığışdırmaq məcburiyyəti hiss etsəm...”

 

Kaspi.-2017.-13 yanvar.-S.13.