“Rəqabət motivasiyamı
artırır”
Niderlandda
çalışan həmyerlimiz Emin Ələsgərova
görə, ən ciddi iş insanın şəbəkə
qurmasıdır
Dediyinə görə, çalışdığı sahə ondan sonsuz öyrənmə prosesi tələb edir. Hər gün ortalığa yeni nə isə çıxır və o kitabı açıb o haqda oxuyur, hansısa bir yeniliyi araşdırıb öyrənir. Buna görə də düşünür ki, ömür boyu öyrənəcək və həm də təcrübə qazanacaq. Müsahibimiz Niderland Krallığında çalışan azərbaycanlı gənc Emin Ələsgərovdur.
Qeyd edək ki, Emin Ələsgərov 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 6-cı sinfə qədər 145 nömrəli tam orta məktəbdə alıb. Daha sonra təhsilini Dədə Qorqud adına liseydə davam etdirib. Sonra Bakı Dövlət Universitetinə daxil olub. Bir il orada oxuduqdan sonra dövlət proqramı çərçivəsində təhsilini Cənubi Koreyanın KAİST universitetində komyuter elmləri fakültəsində davam etdirib. 4,5 il orada oxuduqdan sonra Azərbaycana qayıdıb, bir müddət sonra magistr təhsili üçün Niderland Krallığının Eindhoven Texnologiya Universitetinə üz tutub.
- Hazırda harada
işləyirsiniz?
- Bol.com adlı onlayn satış sahəsində formalaşmış bir şirkətdə proqramçı kimi çalışıram. Sayt Niderland və Belçika ölkələrinin bir nömrəli İT elektron ticarət şəbəkəsidir. Həmin ölkələrdə elektron ticarət çox genişdir. Nəinki alqı-satqı ilə bağlı proqram təminatı yazırıq, həqiqətən daha təkmilləşmiş proqram təminatını hazırlayırıq. Çünki rəqabət aparacağımız şirkətlər çoxdur. Onların arasında seçilmək, birinciliyi qoruyub saxlamaq çətin məsələdir. Mənim çalışdığım şirkət 1999-cu ildə fəaliyyətə başlayıb. Bu şirkət sadəcə, onlayn kitab satışını həyata keçirirmiş. Bu gün isə 25 milyon növ məhsulun elektron ticarəti həyata keçirilir.
- Bundan əvvəl
Philips şirkətində çalışırdınız.
Başqa iş təcrübəniz varmı?
- Bakalavr təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, 6 ay Bakcell şirkətində telekommunikasiya sahəsində proqramçı vəzifəsində çalışdım. Kompyuter elmləri geniş sahə olduğu üçün həmin müddət hiss etdim ki, bu istiqamətdə biliklərimi daha da genişləndirmək istəyirəm. Ona görə magistr təhsili almağa qərar verdim. Bir çox universitetlərə üz tutdum, amma sonda mənim istəklərimə daha uyğun olduğu üçün qərarım Niderland Krallığındakı Eindhoven Texnologiya Universiteti oldu. Orada təhsil beləydi ki, bir il oxuduqdan sonra "müdafiə işi” yazmaq istəyirsənsə, regionda yerləşən şirkətlərdən birinə müraciət edib həm "müdafiə işi” yaza, həm də müəyyən qədər təcrübə qazana bilərsən. Mən olduğum regionda BOSCH, Philips kimi şirkətlərin nümayəndəlikləri varıydı və onlar həm də tədqiqatla məşğul idilər. Philips şirkətinə müraciət etdim və 8 ay müddətində orada iş təcrübəsi keçdim, həm də "müdafiə işi”mi yazdım. Bundan artıq uzunmüddətli iş təcrübəm olmayıb. Azərbaycanda audit şirkətlərin birində təcrübədə olmuşam. SOCAR şirkətində proqramlaşdırma departamentində 2 ay müddətində təcrübəm olub. Bundan başqa, Cənubi Koreyada oxuduğum müddətdə 3 ay təcrübə proqramı keçmişdim. Bunlara iş yox, qısamüddətli təcrübələr deyək.
- Təcrübə
müddəti bitdikdə Philips şirkətində niyə
qalıb işləmədiniz?
- Tədqiqat fəaliyyətimə bir növ fasilə verib, real sənaye mühitində çalışmaq istədim. Çünki tədqiqat ortamı başqa, real sənaye ortamı başqadır. Biri var sən tədqiqatla məşğulsan. Buna çox vaxt gedə bilər. Bəzi şirkətlərdə buna kifayət qədər vaxt sərf edilir və ayrıca departamentlər yaradırlar. Amma bir də var, sən elə şirkətə keçirsən və gördüyün işin nəticələri anında özünü büruzə verir. Bu zaman həm tədqiqat olur, həm də bildiklərini tətbiq edə bilirsən. Amma müddət fərqi var. Burada daha çevik olmalısan. Daha dinamik bir ortamı sevdiyim üçün indiki işimi seçdim. Müştərilərlə birbaşa işləmək, öz əziyyətini birbaşa görmək ayrıca zövqdür.
- Amma feysbuk səhifənizə baxanda məndə belə təəssürat yaranmışdı ki, tez-tez iş dəyişirsiniz...
- İndiyə qədər çalışdığım yerlərin hamısını özüm üçün təcrübə hesab edirəm. Ciddi iş həyatına ötən ilin sentyabr ayından indiki işimə başlayandan sonra gəldiyimi deyə bilərəm. İndiki işimə qədər özümü tələbə kimi görürdüm. Biliklərimi müəyyən aspektdə özüm üçün araşdırır, daha nələrsə öyrənirdim. Konsultasiya şirkətində də çalışdım, sırf tədqiqatla da məşğul oldum, proqram təminatı da yazdım. Bütün bunların hamısını etdim və nəticədə həqiqətən nə istədiyimə qərar verdim.
- İş
rejiminiz necədir?
- Kağız üzərindəki qaydalara baxsaq, 9:00-18:00 arası işdə olmalısan. Amma Niderlandda bu, belə deyil. İstədiyin zaman işə gələ, istədiyin zaman da gedə bilərsən. Təki sənə verilən işi vaxtında çatdırmaq məsuliyyətini hiss edəsən. Ona görə bir çox insanlar saat 8:00-da gəlib 17:00-da çıxa bilirlər. Bəziləri 9:00-da gəlib 16:00-da çıxırlar. Bəziləri evdən də çalışa bilirlər. Biz komanda şəklində çalışırıq. Hər komandada 5-6 nəfər olur. Əsas odur ki, sənin iş performansın komandanın işinə mənfi təsir göstərməsin. Evdən də çalışa bilərsən. Çoxlu görüşlər olduğu zaman artıq şirkətə gəlmək vacib olur.
- Siz hansı
saatlarda işdə olursunuz?
- 8:00-da gedib, 17:00-da çıxıram. Öz şəxsi həyatıma vaxt ayırmaq üçün işə tez gedib, tez çıxıram.
- Amma bəzən işçiyə sərbəst rejim veriləndə gec gəlib, gec gedirlər...
- Günümü səmərəli keçirməyə çalışıram. Bunu niderlandlılardan özümə nümunə kimi götürdüyümü də demək olar. Çünki həqiqətən onlar gördükləri işləri çox gözəl bacarırlar. Həm şəxsi, həm iş həyatlarına kifayət qədər gözəl vaxt ayırırlar. Bunu Cənubi Koreya ilə müqayisə etsək, orada tamam başqadır. Orada şəxsi həyata vaxt qalmırdı, insanlar daha çox tədqiqatla məşğul olurdular, stress də çox idi, daim rəqabət içindəydilər. İşə tez gedib, gec çıxmaq kimi konsepsiyalar insanın şəxsi həyatından birbaşa vaxtın kəsilməsi demək idi. Niderlandlılar üçün ailə və şəxsi vaxt çox önəmlidir. Qeyri-iş vaxtlarında kiməsə zəng edib hansısa işin görülməsini istəyə, tətil zamanı heç kəsi işə çağıra bilməzsən. Tətil müddətində işdə baş verənlərə görə səndən heç kim nəsə tələb edə bilməz.
- Bizdə bəzən hansısa işçi məzuniyyətdə olursa, işə çağırıldığı da olur. Tez-tez əlaqə də saxlayırlar. "Sənsiz iş keçmir, filan” deyirlər...
- Mənə görə əvəzolunmaz işçi yoxdur. Bizim ofisdə iş elə bir sistemli şəkildə qurulub ki, komanda ilə bir ay əvvəldən hər şeyi müzakirə edirsən. Artıq komanda nə iş görəcəyini bilir. Şirkət isə elə balanslaşdırılmış siyasət aparır ki, bir insan olmadığı müddətdə onun işini görəcək kifayət qədər kadr olur. Bu da komandanın balanslaşdırılmış şəkildə fəaliyyət göstərməsinə təminat yaradır.
- Azərbaycan və
Niderland iş mühitini müqayisə edəndə əsas fərq
kimi nəyi görürsünüz?
- Böyük fərq odur ki, iş zamanı niderlandlılar əsas fikirlərini işə fokuslayırlar. İşdə şəxsi həyatlarını müzakirə etmirlər. Bizim mədəniyyətə görə, bu, bir az maraqsız ola, yorucu gələ bilər. Amma bu prinsip, işi optimallaşdırılmış şəkildə görməyə imkan verir. Azərbaycandan olan biri üçün o cür iş rejiminə uyğunlaşmaq bir az vaxt alır. Öyrəşdikdən sonra görürsən ki, ən yaxşısı odur.
- Uyğunlaşmaq
sizə çətin oldu?
- Xaricdə çox vaxt keçirdiyim üçün çətin gəlmədi. Amma Azərbaycandan birbaşa ora iş üçün gedənlərə çətin olar və bir az vaxt alar. Həm şəxsi, həm iş həyatı arasında balans tapmaq bir az vaxt alır. Məsələni anladıqdan sonra iş asanlaşır.
- Gələcəkdə
də xaricdə fəaliyyət göstərmək istəyirsiniz?
- Bakalavr və magistr təhsilimi dövlət proqramı ilə aldığım üçün ölkəyə qayıtmalıyam. Mən spesifik bir sahə üzrə təhsil almışam. Hazırda çalışdığım sahə üzrə topladığım təcrübə ilə Azərbaycana qayıdacağam. Düşünürəm ki, hazırda təcrübələrin ən böyüyünü keçirəm. Bu ortamı görüb, ən müsbət cəhətləri alıb, ölkəmizə dönmək fikrim var.
- Xaricdə karyera quran adamın yenidən ölkəmizdə işə başlaması çətin olmayacaq?
- Məncə, çətin olacaq. Bu, hər bir keçidə aid olan məsələdir. Həm xaricə gedən, həm də ölkəyə gələnlər yenidən başlayırlar. İş bildiyimiz bir şeydir. Amma əlaqələr yenidən qurulmalıdır. Mənə görə, ən ciddi iş, çətinlik insan şəbəkəsini qurmaqdır. Bu, iş həyatında çox vacibdir. Amma təcrübəmə əsasən deyim ki, mənim üçün o qədər də çətin olmayacaq.
- Pozitiv insansız. Pozitiv insanların ünsiyyət qurma problemi çox olmur.
- Mən
sizinlə razılaşacam. Bu, çətin
deyil. Əgər müsbət cəhətləri
görməyə çalışsan, bunların üzərində
öz karyerana davam etsən, məncə, heç bir problem
olmaz.
- İT sahəsində
çalışanlar adətən ünsiyyətcil olmurlar,
yaxud sual verəndə nadir hallarda istədiyimiz cavabı ala
bilirik. Sizdə tam əksini
görürük. Sizcə, niyə bu sahənin
adamları bir az başqa tərzdə
olurlar? Bu işin yorğunluğundan ola bilərmi?
-
Yorğunluq deməzdim. İT elə spesifik sahədir
ki, çox hallarda o işi görənlər insanların edə
bilmədiklərini onların etdiyini, bir çox insanların
onlardan asılı olduğunu düşünürlər.
Əslində həqiqətən də belədir.
Dünya siyasəti İKT tərəfə
gedir. Bu sahədə özlərini
göstərmiş insanlarda bir çox hallarda insanlara
yuxarıdan aşağı baxma halları da olur, ünsiyyətdə
müəyyən bir sərhədləri olanları da görə
bilərik. Məndə isə bu, heç
vaxt olmayıb. İnsanlarla çox
ünsiyyətdə olduğum üçün düşünürəm
ki, o hiss bu hissi üstələyə bilməyib.
- Azərbaycanda hansı şirkətdə
çalışmaq istəyərsiniz?
- Bakcell
şirkətində 6 ay çalışdığım
müddətdə çox gözəl vaxt keçirdim. Orada yenidən çalışa bilərəm.
Ümumilikdə bir neçə şirkət
adı çəkə bilərəm. Azercelli, EY, KPMG
kimi şirkətləri qeyd edə bilərəm. Belə şirkətlərdə professionallıq
yüksək olur. Buna görə orada
İT consulting sahəsində işləməyi nəzərdən
keçirə bilərəm. Sadəcə,
qabaqcıl ölkələrdə bu şirkətlərdə
daha geniş miqyaslı proyektlər həyata keçirilir, Azərbaycanda
isə yox. Həm də mənim sahəm
"Big Data” ilə əlaqəli olduğu üçün,
Azərbaycanda daha çox tədqiqat yönümlü işlər
görmək olardı, sənaye mühitində bizlər hələ
də o sahədə geridəyik. Bir də
öz işimi qurmaq kimi fikrim də var. Amma bunun
üçün təcrübə lazımdır. Burada yalnız öz sahəni bilmək kifayət
deyil. Şirkəti qurmaq, biznesin idarə
olunması, insanlarla münasibətlər kimi məsələləri
də dərindən bilmək lazımdır. Hiss edirəm
ki, hələ buna tam hazır deyiləm. Buna
görə də təcrübə yığmaq
üçün bir müddət keçməlidir.
- Ölkəmizdə
işləsəniz, indi Niderlandda aldığınız məvaciblə
burda alacağınız arasında fərq çox olacaq yəqin…
-
Manatın kursu düşdükdən sonra deyirsinizsə, ola bilər (Gülür – A.A.). Amma onu da deyim
ki, xaricdə maaş yüksək
olduğu kimi xərclər də böyükdür. Bir
çoxları düşünür ki, gedib xaricdə iş
tapsa, yaşayış fərqini gözəl şəkildə
hiss edəcək. Amma həqiqətə gələndə,
Niderlandda heç bir yerli vətəndaş öz puluna mənzil
ala bilmir. İpoteka ilə 25 il ərzində
yavaş-yavaş ödəyirlər. Azərbaycandakı
kimi valideyn yardımı, əlavə gəlir məsələsi
orada mümkün deyil. Sənin xərclərin
həqiqətən böyükdür. Orada
şəxsi sığortana kifayət qədər
böyük pul ödəyirsən və bu, məcburidir.
Mənzil ala bilmirsən və kirayədə
qalmaq məcburiyyətindəsən. Niderlandda
kirayə pulu da kifayət qədər yüksəkdir. Azərbaycanda
gözəl bir iş tapıb, öz evində qalıb işə
getsən, demək olar ki, bu iki ölkə arasındakı
yaşayış səviyyəsində elə də fərq
olmur. Sadəcə, o işlərin sayı Azərbaycanda
məhdud olduğu və rəqabət o qədər
olmadığı üçün karyera baxımından bizdə
istədiyinə nail olmaya bilərsən. Buna görə
bizim ölkədə bir az gözləmək,
səbirli olmaq kimi məsələlər ortaya çıxa
bilər.
- Rəqabətli
mühitdə işləməyi sevirsiniz deyəsən...
- Rəqabət
nə qədər çox olsa, işləməyə o qədər
çox motivasiyam olur, daha yaxşı nə isə görməyə
məndə stimul yaranır. Çünki ortam bir az zəif olduqda, adam tənbəlləşə
bilər. Bir neçə dəfə həyatımda
olub. Azərbaycanda təhsil alanda çox
yaxşı oxuyurdum və düşünürdüm ki
müəyyən bir səviyyəyə gəlib
çatmışam. Amma 4 il cənubi
koreyalı tələbələrlə bir mühitdə
oxuduqdan sonra başa düşdüm ki, hələ də
özümü inkişaf etdirməliyəm. Müqayisədə
bir çox şeylər ortalığa çıxır.
Hesab edirəm ki, insan daim özünü
güclülərlə müqayisə etməlidir. Amma bu, onun üçün prioritet olmamalı, həyatını
müqayisələrlə keçirməməlidir. Sadəcə, müəyyən bir müddətdən
sonra özü üçün müqayisələr
aparması yaxşı olar. Bu, yeni
motivasiya və stimul mənbələrini özün
üçün tapmağa kömək edə bilər.
- Qazanc, yoxsa sevdiyin işlə məşğul
olmaq?
- Sevdiyim
işlə məşğul olmaq daha vacibdir. Bu,
təcrübə də qazandırır, qazanc da. Həyatımın indiki mərhələsinə qədər
belə olub. Belə davam etsəm, yəqin
ki, bu prinsip özünü həmişə doğrultacaq.
- Özünüzü uğurlu hesab
edirsiniz?
-
Müqayisədə bəli. Amma bu, dəyişən
bir hissdir. Çünki bəzən elə
nəticələr əldə edirəm ki, özümlə
qürur hissi keçirirəm. Bəzən
isə nəyisə istədiyim şəkildə ya
qavramıram, yaxud nəyisə çatdıra bilmirəm.
O zaman bunun nəyə görə baş verdiyini özüm
üçün müəyyənləşdirməyə
çalışıram. Problem məndədirsə
çox gözəl, bir şəkildə bunu həll edə
bilərəm. Ətrafımdan gəlirsə, o bir az çətin olur. Çünki
o, məndən asılı olmayan məsələdir, bunu
birlikdə həll etmək lazımdır. Ümumiyyətlə, mənə görə,
uğur dəyişən hissdir.
-
Niderlandda insanların şəxsi həyatlarına çox
vaxt ayırmağa çalışdıqlarını dediniz.
İnsanın ailəsi, şəxsi həyatındakı
münasibətləri, sizcə, uğurlu karyeraya nə dərəcədə
təsir göstərir?
- Məncə,
birbaşa təsir göstərir.
- Ailəsində xoşbəxt olmayan
insan uğurlu karyeraya sahib ola bilməz?
- Ailəsi
olmayan insan da gözəl karyera qura bilər. Bu,
problem deyil. Amma ailən varsa, burada
artıq bir-birini anlamaq məsələsi önəmlidir.
Bunu yeni mərhələ adlandıra da bilərik.
Ailən səni başa düşürsə, sən
ailən üçün kifayət qədər vaxt ayıra
bilirsənsə, burada heç bir problem yoxdur. Azərbaycan
mühitində biz adət etmişik ki, kişi
qazanc gətirməlidir. Prioritet karyera
qurmaqdır, amma işlə yanaşı, sən ailəyə
kifayət qədər vaxt ayıra bilmirsənsə, tez və
ya gec, problemlər qaçılmaz olur. Bu
kimi problemlər olmamış öz həyatını
düzgün şəkildə balanslaşdırmağı
öncədən öyrənmək lazımdır. Bu cəhətdən niderlandlılardan öyrəniləsi
çox şey var.
- Kişinin qazanc gətirməsi məsələləri
niderlandlılarda necədir?
- Onlarda qadınlar
kişilərlə eyni hüquqlara sahib olmağa
çalışırlar və o cəhətdən kifayət
qədər aktivdirlər. Bir çox şirkətlər
iş mühitində gender bərabərliyini qoruyub
saxlamağa çalışırlar. Qadının
cəmiyyətdə rolu onlar üçün kişiylə
eynidir. Bizim şirkət İT şirkəti
olsa da, personalın haradasa 45 faizi qadınlardan ibarətdir.
Mənim işimi yoxlayan və mənə
kompyuter mühəndisi kimi yetişməyə yardım edən
baş proqramçı da qadındır.
- Sizə görə uğurlu olmaq
üçün nələr olmalıdır?
- Səbir və istək. İstək bizim bir
işə motivasiyamızdır. Həqiqətən bu işi
görməyi istəyirəm, bu işdən zövq
alıram. Səbir ona görə ki, istədiyimiz bir çox
şeyləri anında qazana bilmirik. Nəticələri
anında göstərə bilmirik. Bu, təcrübəsizlikdən,
səhv düşdüyün ortamdan da əmələ gələ
bilər. O cəhətdən səbirli olmaq
lazımdır. Əgər həqiqətən öz məqsədinə
inanıransa, o istək səndə varsa, onu anında əldə
edə bilməsən belə, səbirli olub bir müddət
sonra öz yoluna çıxa biləcəksən. Həyatımda
bu, dəfələrlə baş verib. Böyük
korporasiyalarda, şirkətlərdə çalışanda
bu, özünü daha qabarıq büruzə verir.
Çünki sən tək deyilsən, sənin
gördüyün iş digər insanlardan asılıdır.
O cəhətdən səbirli və istəkli olmaq mənim
üçün uğur komponentidir.
Aygün
Asimqızı
Kaspi.-2017.-13 yanvar.-S.8.