Azərbaycan elminin fenomenal şəxsiyyəti

 

Onun elmi nəticələri imkan verir ki, təbiəti daha dolğun və düzgün dərk edək

 

Hər zaman dəyanəti, səxavəti, qüruru, qonaqpərvərliyi ilə seçilən, qüdrətli və vüqarlı olan Azərbaycanımız çox böyük milli qəhrəmanlarla yanaşı, həm də müdrik tarixi  şəxsiyyətlər, yazıçılar, şairlər, alimlər, professorlar, akademiklər, pedaqoqlar yetişdirib. Belə insanlardan biri  fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Hətəm Quliyevdir.

 

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Hidayət oğlu Quliyev 06 yanvar 1947-ci ildə Füzuli rayonunda dünyaya göz açmışdır. 1969-cu ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətə başlayır. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini və AMEA-nın "Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

 

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cisim mexanikası, tətbiqi riyaziyyat və kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir. Dünyanın əksər ölkələrində olub, elmi məruzələrlə çıxışlar edibdir.

 

Hətəm müəllimin  elmi həyatı bir müddət Kiyev şəhəri ilə bağlı olub. 1990-cı ildə akademik Midhət Abbasovun dəvəti ilə vətənə qayıdıb və elmi fəaliyyətini AMEA Dərin Neft Quyuları İnstitutunda davam etdirib.

 

... İnsanlar həmişə yerin necə yaranması, necə inkişaf etməsi, insanların yaşaması üçün zəruri şəraitin nə qədər davam edəcəyi və bu kimi yüzlərlə aktual suallarla maraqlanırlar. Bu problemlər Geologiya elmində böyük tədqiqat obyektləridir. Yerin öz daxili inkişafının və ətraf kosmosun təsiri nəticəsində onun insan yaşayan üst qatında böyük və təhlükəli geoloji proseslər baş verir və belə hadisələrin tətbiqi də həmişə gündəmdə duran məsələlərdəndir. Bu məsələlərin tədqiqat üsullarının çox hissəsini geofiziki axtarışlar təşkil edir.  Geofiziki tədqiqatların əsasını fundamental fiziki sahələrin müasir riyazi üsullarla tədqiqi, bu tədqiqatlar bazasında yer, günəş sistemi və kainatın konkret problemlərinin çözülməsi üsulları, tədqiqat texnikasının və texnologiyalarının hazırlanması, ayrı-ayrı məsələlərin həlli və nəticələrin şərhi təşkil edir. Son illər müasir informasiya texnologiyalarının geniş tətbiqi bu istiqamətdə ciddi inkişafa səbəb olmuşdur. Sevindirici haldır ki, bu sahədə Azərbaycan alimləri də ciddi işlər aparırlar. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının çox böyük seqmentini təşkil edən neft və qaz sənayesinin axtarış-kəşfiyyat, yataqların təhlili, layihələndirilməsi, istismara hazırlanması, işlənilməsi və monitorinqi məsələlərinin həlli geoloji və geofiziki tədqiqatların nəticəsindən birbaşa asılıdır. Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarında bu istiqamətlərdə geniş tədqiqatlar aparılır, onların nəticələri geniş surətdə praktikada tətbiq olunur və bir sıra hallarda dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu istiqamətdə aparılan tədqiqatlarda, alınmış nəticələrdə və əldə olunmuş uğurlarda AMEA-nın Geologiya İnstitutunun "Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri akademik Hətəm Quliyevin əvəzolunmaz xidmətləri vardır.

 

Akademik Hətəm Quliyevin əsas elmi nəticələrinə yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttləşdirilmiş yanaşmanın işlənib hazırlanması, yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturunda dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cisimlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir. Akademik H.Quliyev 5 monoqrafiya, 267 elmi əsər (139-u xaricdə), 2 ixtiranın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 21 fəlsəfə doktoru yetişdirilmişdir. H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra respublika təşkilatlarının (ARDNŞ, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHIRVAN OIL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və ARDNŞ-in Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

 

Hətəm müəllim Beynəlxalq geofizika İttifaqının Azərbaycan bölməsinin vitse-prezidenti,  "Amerika neftçi mühəndislər cəmiyyəti”nin üzvü, "Amerika neftçi geoloqlar cəmiyyəti”nin Azərbaycan bölməsinin üzvü, Mühəndis geoloqlar və geofiziklərin Avropa Assosiasiyasının üzvü,  İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın üzvü, Azərbaycan geoloqlarının və geofiziklərinin milli komitələrinin üzvü, Beynəlxalq Geofiziki jurnalın beynəlxalq redaksiya heyətinin üzvü, T.Şevçenko adına Kiyev Milli Universitetinin "Vestnik” jurnalının, "Geodinamika" jurnalının redaksiya heyətinin üzvüdür.

 

Hətəm müəllimin elmi nailiyyətləri dünyanın bir sıra aparıcı alim və mütəxəssisləri tərəfindən qəbul olunur və bəyənilir. Həmin  alimlərin rəylərindən qısa sitatlar gətirməklə Hətəm müəllimin elmi fəaliyyətinə çıraq tutmağı lazım bildik.

 

Ukrayna EA-nın Geofizika İnstitutunun direktoru, akademik B.U.Starostenko: "Ukrayna geofizikləri arasında akademik H.H.Quliyev böyük elmi nüfuzu olan görkəmli alim kimi məşhurdur. Onun elmi araşdırmaları geologiyanın, geofizikanın, seysmologiyanın, geomexanikanın, deformasiyaya uğrayan bərk cisim mexanikasının və kosmologiyanın inkişafına mühüm töhfələr vermişdir".

 

Norveçin Bergen Universitetinin geofizika üzrə fəxri professoru Karsten M. Stortbedet: "Professor H.Quliyevin işləri yerin daxili dinamikasının öyrənilməsində çoxdan mövcud olan qarmaqarışıqlığı, pərakəndəliyi və qeyri müəyyənliyi aradan qaldırmışdır. Onun elmə verdiyi töhfələri: süxurların daxili qeyri-dayanıqlığı, deformasiyaların mexanikası, kütlə axını və axın problemləri, mineral sistemlərdə deformasiya prosesləri və digərləri böyük əhəmiyyətə malikdirlər. Onun nəticələri imkan verir ki, biz təbiəti daha dolğun və düzgün dərk edək və onun faydalı resurslarından yararlanaq".

 

"New Concepts in Global Tectonics Newsletter" jurnalının Avstraliyadan olan baş redaktoru, prof. D.Choi: "O, nəzəri geologiya sahəsində dünyanın aparıcı alimlərindən biridir. Onun məqalələri rəyçilər tərəfindən çox təriflənir və yerin tektonik proseslərinin dərk edilməsində dəyərlidir. Onun qeyri-klassik xətti yanaşması tektonik hadisələrin geniş aspektlərinə uyğundur. Hindistanda görüşərkən onun tektonika, geofizika və geologiya sahələrindəki geniş və dərin biliyinə heyrət etdim".

 

Almaniyanın Fredrix-Aleksandr Universitetinin geofizika professoru Y.Rohn: "O, yer dinamikası və daxili strukturun modelləşdirilməsi üzrə müasir geofizikanın ən mürəkkəb məsələlərinin tədqiqinə müxtəlif mexanika və riyaziyyat metodlarını uğurla daxil edib. Anizotrop mühitdə elastik dalğaların yayılması üzrə nəticələri, seysmik və geofiziki məlumatların interpretasiyası və emalında qeyri-klassik modelin əsasını qoyub. Hətəm Quliyev geofizika və geologiya sahələrində məşhur alim kimi Qərbdə çox yaxşı tanınır".

 

BP şirkətinin işlənmə üzrə vitse-prezidenti Dr. Greg Riley: "H.Quliyevi fundamental elmi nəticələri neft problemlərinin geofiziki tədqiqatlarına tətbiq edən böyük alim kimi tanıyırıq. Biz onunla 15 ildən artıq bir müddətdə Cənubi Xəzər hövzəsinin müxtəlif sahələrində birgə elmi tədqiqatları müvəffəqiyyətlə yerinə yetirmişik. Bu əməkdaşlıq iki və üçölçülü geofiziki məlumatların geniş istifadəsinə, seysmik anizotropiya probleminin həllinə və öyrənilən sahələrin petrofiziki modellərinin qurulmasına imkan vermişdir"...

 

Akademik Hətəm müəllim görkəmli elm xadimi olduğu qədər də, dərin ədəbiyyat, incəsənət, musiqi, folklor, tarix, adət-ənənə  xiridarıdır. O, xalqımızın mənəvi tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alimdir. Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, bu gün də sıralarımızda olan, fəxrlə adını çəkdiyimiz əvəzsiz insan, müəllim, alim çox hörmətli Hətəm müəllimin 70 illik yubileyi münasibəti ilə onun dostlarının, həmkarlarının hamısının öz ürək sözləri, fikirləri vardır. Onların hamısı Hətəm müəllimi ürəkdən təbrik edir, onun xeyirxahlığını daim xatırlayırlar. Hətəm  müəllim heç vaxt insanlara öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman onların qeydinə qalıb. Onlara dəyərli və ağıllı məsləhətlər verib.

 

Akademik Hətəm müəllim gözəl və mehriban bir ailənin başçısıdır. Xeyirxah ata, mehriban babadır.

 

Hətəm müəllim çox ünsiyyətcil və incə yumora malik şəxsdir. Ətrafdakı insanlara, hadisələrə qarşı obyektiv fikir söyləməkdən heç zaman vaz keçmir. Əhəmiyyətli hesab etdiyi məsələləri cəsarətlə gündəliyə çıxara, onu müdafiə edə bilir. Onun ətrafında öz həmyaşıdları ilə bərabər, həmişə orta və gənc yaşlıları da görmək olar. O, Azərbaycan elminin fenomenal şəxsiyyətlərdəndir. Biz, bu gün, qürurla deyə bilərik ki, Hətəm  müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alimdir!

 

Sevimli müəllimimiz, dostumuz, qardaşımız, əzizimiz Hətəm müəllim! Biz hamımız Sizi sevirik, Sizi böyük alim və gözəl, xeyirxah insan kimi tanıyırıq. Sizi yubileyiniz münasibəti ilə təbrik edirik. Biz Sizdə gənclik enerjisi, hərarəti, istəyi, sağlamlığı duyuruq. Biz Sizə Azərbaycan və dünya elminin inkişafında daha böyük nailiyyətlər və sağlam həyat, uzun ömür arzulayırıq!

 

Bir daha Sizi ürəkdən təbrik edir, "70 illik yubileyiniz mübarək” deyirik!

 

Akif Musayev,

AMEA-nın müxbir üzvü, professor

 

Əlövsət Qaraca  ƏLİYEV,

Azərbaycan İnformasiya və Cəmiyyət  İctimai Birliyinin rəhbəri

 

Kaspi.-2017.-17 yanvar.-S.15.