Ağır və qısa sənət yolu
Səhnəni tərk etdikdən sonra balet artistlərini
hansı tale gözləyir?
Ötən həftə xalq artisti, baletmeyster Mədinə Əliyevanın Azərbaycan Opera və Balet Teatrında işdən çıxması böyük rezonans doğurdu. Yanvarın 11-də rəsmi şəkildə teatrdakı işindən ayrılan baletmeysterlə bağlı məsələ sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb oldu. Məsələ öz məcrasından ayrılaraq tamam başqa istiqamətə doğru yol aldı.
Bəs görəsən, uzun illər opera səhnəsində balet artisti kimi fəaliyyət göstərən, yaşlanmış baletmeysterləri işdən azad olduqdan sonra hansı tale gözləyir? Opera və Balet Teatrında baletmeystlər 20 ilə qədər səhnədə fəaliyyət göstərmək imkanına sahibdirlər. Ən çətin peşə növü olan bu sənətdə artistlərin yaş həddi başa çatdıqdan sonrakı taleyi bizim də diqqətimizdən yayınmadı. Məsələ ilə bağlı araşdırmalar apardıq. Görünən mənzərə bir qədər fərqlidir.
Səhnə gənclik tələb edir
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bizimlə söhbətində bir çox məsələlərə aydınlıq gətirdi. İlk olaraq teatrın adının belə qalmaqalda hallanmasına təəssüf hissimizi bildirdik. Çünki Opera və Balet Teatrı böyük tarixə malik bir teatrdır və bu teatrda indiyə qədər belə halların baş verdiyinin şahidi olmamışıq. Söhbətimiz zamanı aydın oldu ki, hər zaman öz imici və tamaşaçı kütləsi ilə seçilən teatrla bağlı bu məsələdə o qədər də şişirdiləcək heç nə yoxdur. Daha sonra mövzumuzla bağlı Şükufə xanımın da təcrübəsindən yararlandıq. Uzun müddətdir ki, bu teatrda çalışan, teatrda baş verən bütün proseslərin mərkəzində olan müsahibimiz deyir ki, Opera Teatrında tamaşalarda daha çox gənc balet artistlərinə müraciət edirlər: "Teatrda çalışan balet artistlərimizin əksəriyyətini gənclər təşkil edir. Yaşlı nəslin nümayəndələri isə daha çox pedaqoji fəaliyyətlə məşğuldurlar. Səhnədə çıxışlarını başa vurandan sonra pedaqoji fəaliyyətə başlayırlar. Bəziləri də teatrda çalışa-çalışa düşünürlər ki, ömürlərinin sonuna qədər bu sənətdə qala bilməyəcəklər. Ona görə də başqa istiqamətlərdə ali təhsil alırlar. Misal üçün, bizdə Dillər Universitetində, Bakı Dövlət Universitetində və digər təhsil ocaqlarında təhsil alıb, ikinci ixtisas kimi çalışan rəqqaslar da az deyil. Onları cəlb edən istiqamətlərdə təhsil almaqdan çəkinmirlər. Bizim truppamız 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində formalaşmış truppadır. 35 yaşı ötən artistlərimiz var. Onlar özləri istəsələr belə, fiziki qüvvələri çatmır ki, səhnədə fəaliyyətlərini davam etdirsinlər. Digər tərəfdən də səhnə gənclik tələb edir. Onun üçün səhnədə gənclər çıxış etməlidirlər”.
Sovet dönəmində yaşından asılı olmayaraq, balet artisti kimi səhnədə fəaliyyət göstərənlərə 20 il müddət qoyulurdu. Ondan sonra rahat şəkildə pensiyaya çıxa bilərdilər. Şükufə xanım qeyd edir ki, Azərbaycanın müstəqillik illərində pensiya haqqında qanun qəbul olunandan sonra bu limit ləğv olundu: "İndi bizim balet artistlərimiz bu limitə yaxınlaşıblar. 20 illik əmək stajı, hətta bundan o tərəfə keçən artistlərimiz də var. Bəzən görürük ki, onlar çox böyük çətinliklərlə üzləşirlər. Yaş həddini keçdikdən sonra balet artistlərinin oynaqlarında, dizlərində müxtəlif zədələr meydana gəlir. Bununla əlaqədar fəaliyyətlərini davam etdirməyib, baletdən ayrılanlar da var. Öz yaşlarından qat-qat cavan görünsələr də, fiziki qüvvələri tükənir. Belə bir çətinliklərlə üzləşirlər. Balet truppasında ən yaşlı aktyorun 37 yaşı var. Hansı ki, biz onları 17 yaşlarından teatra dəvət etmişik”.
Təhsil təcrübənin ən gözəl tətbiq metodudu
Bakı Xoreoqrafiya
Akademiyasının İnformasiya və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq
Əbülfəz Babazadə istənilən sahədə peşəkarın
öz karyerasının davam
etdirə biləcəyini dedi: "Prezidentimiz İlham
Əliyev Bakı Xoreoqrafiya
Akademiyasını yaradanda məhz bu kimi amilləri nəzər almışdı.
Belə ki, bizim
nizamnamədə yüksək ixtisaslı kadrların
hazırlanması kimi xüsusi
bir qayda var. Hansı ki, bu nizamnaməyə əsasən, Akademiya hal-hazırda təhsilin bütün pillələrini özündə
ehtiva edir. Sənətdə
sözlərini demiş balet
mütəxəssisləri burada öz səhnə fəaliyyətləri ilə
bərabər, təhsillərini də davam
etdirə bilərlər. Bu da o deməkdir ki, bu günün artisti sabahın müəllimidir. Onlar səhnədə əldə
etdikləri bütün
nailiyyətləri sabah öz tələbələri ilə
bölüşə bilərlər.
Əslində bu ən gözəl tətbiq metodudur. Ancaq məsələ burasındadır
ki, hər artist müəllim ola
bilməz. Bunun üçün xüsusi qabiliyyət lazımdır. Bizim savadlı
kadrlara çox böyük ehtiyacımız
var. Savadı əldə
etmək üçün
ən gözəl metod isə təhsildən yararlanmaqdan
ibarətdir”.
Ə.Babazadə Akademiyanın məzunlarının
çox olması və onların gələcəkdə işlə
təmin olunması haqqında da danışdı: "Doğrudur,
tələbələrimizin hamısının işlə
təmin olunması bəlkə də mümkün deyil. Amma düşünürəm
ki, hazırda ölkədə mədəniyyət
sahəsində gedən
islahatlar təkcə paytaxtda deyil, bölgələrdə də
həm bu sahənin təbliğ olunması, həm də iş yerlərinin açılması,
truppaların fəaliyyətə
başlaması, kollektivlərin
yaranması, özfəaliyyət
səviyyəsində də
olsa peşəkar kadrlarımızın işlə
təmin olunması deməkdir. Nazirlik sistemində keçən
ildən başlamış
struktur dəyişiklikləri
yanvarın 1-dən qüvvəyə
mindi. Regional mədəniyyət və
turizm idarələri yarandı. Bununla yanaşı, həmin
regional idarələrin yerləşdiyi
məkanlarda yeni incəsənət məktəblərinin
yaradılması nəzərdə
tutulur. Bu da uşaqlar üçün
asudə vaxtın təşkili, yüksək
ixtisaslı kadrların
hazırlanması, digər
tərəfdən, xoreoqrafiya
məktəbinin məzunlarına
iş yerlərinin açılmasıdır”.
Hər adam bu işlə məşğul
ola bilməz
Opera və Balet Teatrında
balet truppasını müdiri Yuri Lobaçov bildirdi ki, ən
çətin peşə
bizim sənət hesab olunur: "Bizim sənətimiz çətin olduğu qədər də ağırdır. Hər bir adam
bu işlə məşğul ola bilməz. Əslində bu bizim öz seçimimizdən irəli gəlir. Bu sənətə gəlmək üçün
ilk növbədə rəqqasın
dözümlülüyünə, onun bu sənətə
olan sevgisinə baxırlar. Bu sənətdə həyatımız
qısa olsa da, çox maraqlı bir peşəyə sahibik.
O ki qaldı səhnə fəaliyyətimizin
sona çatmasından
sonrakı prosesə, bu, insanın özündən asılı
olan bir şeydir. Sənətdə səhnəni bitirəndən
sonra kimsə pedaqoji fəaliyyətə
başlayır, kimsə
repetitor kimi fəaliyyət göstərir.
Müəllimlik də çətin
işdir. Hər
adam bunu
bacara bilmir. Çoxları ikinci ixtisas
seçirlər. Bu onların öz istəklərindən asılıdır.
Hər adam
öz yolunu öncədən seçir.
Ölkəmizdə fəaliyyət göstərən
Xoreoqrafiya Akademiyasında
bizim sənətə
məxsus bir çox ixtisaslar var. Bu sənəti seçən
gənclər seçdikləri
ixtisasa dərindən
yiyələnirlər”.
Y.Lobaçov deyir ki, bəzən 6-7 saat məşq edirlər:
"Hər adam
ona dözə bilmir. Elə vaxtlar olur ki, durmadan çalışırıq.
Bizim sənət həyatımız
çox qısadır.
Zaman keçdikcə sümüklərdə
zədə almalar da olur. Balet artisti cavankən zədə alanda önəm vermir, ancaq bir qədər
yaşlı olanda, bu, təsirsiz ötüşmür”.
Xəyalə Rəis
Kaspi.-2017.-17 yanvar.-S.12.