Məktəbin “knyazı”
Niyazi Mehdi: “Bakıya gələndə
“rayonlu kompleksim” vardı
Xəyalpərəstdir. Deyir ki, yaşamımın birinci müstəvisi gerçəklikdirsə, ikinci müstəvisi fantaziyalarda qurduğu uydurma görüntülərdir. Qardaşının dediyi kimi, o, daha çox xəyali dünyada yaşadığı üçün hamıdan fərqlənib. Erkən yaşlarından böyüklərə aid romanlar oxumağı, fantaziyalar dünyasında yaşaması xarakterini formalaşdırıb. Deyir ki, darıxmaq hissinin nə olduğunu bilmir. Çünki darıxan kimi xəyallar mexanizmi işə düşüb.
Müsahibimiz tanınmış filosof Niyazi Mehdidir. Niyazi Mehdi ilə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq...
- Niyazi Mehdi necə ailədə dünyaya göz açıb?
- Kadrlar şöbəsinin vərəqəsində cavabım belədir: mən qulluqçu ailəsində doğulmuşam. Daha konkret desəm, atam Musa Mehdiyev, anam Rəfiqə Məmmədova ali məktəblərdə fəlsəfə müəllimi olub. Yeri gəlmişkən, onların fəlsəfi biliyi marksizm-leninizmin əsas müddəlarını gözəl bilməklə sınırlanırdı, yəni onların, tutalım, Heraklit, Platon, Arsiotel haqqında bildikləri ilkin qaynaqlara söykənmirdi, Marksın, Engelsin, Leninin deyimlərinə söykənirdi. Mənim bu dediyimdə ata-anaya qarşı nankorluq yoxdur. Sadəcə, öz əcdadlarını "bəzəyənlərdən” olmaq istəmirəm. Bir də o vaxtlar, elə sonralar da Sovet filosoflarının çoxu nə fəlsəfəni, nə də marksizm-leninizmi dərindən bilirdilər. Onların biliyi Marksdan, Engelsdən və Lenindən bir az oxuduqlarından qaynaqlanırdı (gözə alanda ki, Brejnevin marksist "biliyi” də elə idi, bu hala təəccüblənməzsən). Onlar (bir vaxtlar elə mən də) daha çox marksizmi dərslik tipli materiallardan, müntəxabatlardan öyrənirdilər. 1980-ci illərdə Kiyevdə ixtisasartırma kursunda oxuyanda gördüm ki, bütün SSRİ-də belə filosoflar qat-qat çoxdur.
Marksizmdən atamla anamın götürdüyü prinsipial nəsnə ateizm və burjuaziyaya nifrət idi. Onlar yalandan yox, səmimi olaraq ateist idilər. Atamda ateizm epataj səviyəsinə idi, yəni kənd-kəsək adamlarına, dindar tanış-bilişinə acıq vermək, onlara sataşmaq məzəsində idi. Kimsə Allahdan kömək diləyəndə atam ona sataşmaq fürsətini əldən verməzdi. Onun ateizmini nə qocalıq, nə "ölümdən sonra nə olacaq” sorusu sarsıtmamışdı. Atamı düşünəndə bir fakta mat qalmaya bilmirəm. Bir yandan, çox vasvası idi, xəstələnməkdən, deməli, ölümdən qorxurdu. O biri yandan, əgər ölənəcən Allaha inanmamışdısa, deməli, ölüm qorxusunu imanla yenməyə gərək duymamışdı, yəni ölümdən elə qorxmamışdı. Atamda bu paradoks indi də məni təəccübləndirir.
Sizin sualınız bir yöndən ilginc olduğu üçün məni bu cür dilləndirir. Həmin yönü belə düstrurlşadırardım: insan şəxsiyyət olaraq nədən və ya nələrdən başlayır? Yəni onun şəxsiyyət, düşüncə və duyğu kompleksi kimi başlanğıcı hansısa molekullardan, genlərdən başlayır, yoxsa, daha böyük "bloklardan” itələnib pardaxlanır? "İbadət düşüncələri” adlı kitabımda oxşar sorunu qoymuşdum: insanın suç əməlləri hansı qatlarda mənşəyini qazanır? Şüurunun-bilincinin nəzarət, kontrol etmədiyi molekulyar dəyişmələrdən, yoxsa nəzarət etdiyi xasiyyətlərdən? Lombrozonun "canilik” konsepsiyası cinayətkarlığı bilincin əli çatmayan xırda başlanğıc nöqtələrə aparırdı. Marksizm isə, tutalım, insanı mənsub olduğu sinfin psixolojisi ilə bağlayanda, onun başlanğıcını mühitə, ortama yerləşdirirdi. Bax, bu kontekstdə çoxdandır özü-özümdən soruşuram: mən, - "Niyazi” adında filankəs nədən başlamışam.
Froydun davamçısı Adler insanın kimliyinin formalaşmasında onun əskiklik kompleksini önə çəkmişdi. Balzakla ilgili deyirlər ki, köklüyünə görə qadınların xoşuna gəlməməsi onda əskiklik kompleksi yaratmışdı və yazar kimi ilhamını, həvəsini stimullaşdıran bu kompleks olmuşdu. O anlamda ki, Balzak qadınların xoşuna gəlmək, onların diqqət mərkəzində olmaq üçün romanlar yazmışdı. Onu da deyim ki, millətin uğurlarında estetik kompleksi olan kifirlərin rolu məni çoxdan düşündürür və haçansa bu haqda yazmağı planlaşdırıram. Adətən, "model” təkin oğlanlar toplumdan, kültürdən yaxşı nəsnələri "müftə”, əziyyətsiz aldıqları üçün uğur qazanmağın məşəqqətli yoluna düşmürlər. 30 yaşınacan hazırına nazil olurlar, sonralar isə qadınların gözündə "estetik dəyərdən” düşəndə, artıq gec olur ki, uğur qazanmaq üçün əziyyət çəkib özlərini düzəltsinlər. Sözsüz, istisnalar olur, ancaq yenə deyirəm, ulusu yaradan və gücləndirən, irəlidən adamlar kifirlər, və ya görünüşcə insanları ilgiləndirməyən oğlanlar və qızlardır. Hərçənd yeni dönəmdə yaraşıqlı kişi və qadınların toplum, kültür üçün dəyəri, təsirləri artıb. Öncələr, tutalım, gözəl qadınların urcahı, əsasən, hərəmlər və ya pullu kişilərin "uşaqlarının anası” olmaq olurdu. Ancaq liberal demokratiya qadınları geniş sosial sahəyə çıxarandan sonra gözəllərin təsir çevrəsi xeyli böyüdü. Gözəl qız və oğlanlar model olub qlamur dərgilərlə yayıldıqca təsirləri də genişləndi. TV, reklam və kino bu sürəci daha da gücləndirdi. Yaraşıqlı oğlan və qızlar öz gözəlliklərindən tavar kimi istifadə etdilər. İndi rəqəmsal texnologiyanın üzərinə qloballaşmanı gəlsək, deyə bilərik ki, artıq, gözəl qızlar dar məkandan çıxıblar, yaraşıqlı oğlanlar səhnələrdən, podiumlardan mədəniyyəti dəyərlərlə zənginləşdirirlər. Bunun, sözsüz, öz əziyyəti var, ancaq hər halda, rəssamın, yazarın, alimin, ixtiraçının əziyyəti deyil, pudralanmağın, yerişi, gülüşü, burunu düzəltməyin əziyyətidir. Həm də gözəllərdən şou yapan, fotoşəkillər çıxaran kişi və qadınların çoxu heç də yaraşıqlı deyillər, deməli, onlar da yaraşıqsızlıq kompleksi ilə formalaşmış adamlardır.
Bax, bu haşiyədən sonra sualı belə çevirərdim: mənim kimliyim hansı əskiklik komplekslərindən öz biçimini alıb? Yoxsulluqdanmı? Deyəmmərəm! Mənim uşaqlığımda Ağdamda, deyəsən, hamı yoxsul idi, daha doğrusu, varlılarla yoxsullar arasında uçurum fərqi yox idi. Əslində, nənəmin sayəsində biz ortabab yaşayırdıq, yəni tutalım, yeməkdən korluq çəkmirdik. Nənəmin dükanı vardı, sonra hamamda kassir işləyirdi, ona görə də ilkin təminatlarımız ödənilirdi. Nənəm Raxşəndə üçün bütün ağdamlılarda olduğu kimi, yemək sağlamlığa bərabər idi. Ağdamlıların ən qorxduğu nəsnə iştahasızlıq idi. Nənəm səhər-səhər çayımızı o qədər şirin edirdi ki, indi də şirin çay içmirəm. İştahamız pis deyildi, ancaq, bizə balıq yağı da içirdirdi. Pul məsələsi mənim uşaq dünyamda mərkəzdə deyildi, bircə yadımdadır ki, dayım (nənəmin boşandığı ikinci ərindən oğlu) tez-tez anasını pul üstündə incidirdi. Nənəmin bir bacısı vardı – Mahirə xala, o da dükanda işləyirdi. Yadıma düşür, dükandan keçəndə bir barmağımı qaldırıb "Mahirə xala, bir manat” deyərdim, o da gülümsəyib verərdi. Bir manat, deyəsən, indiki 10 qəpik idi. Sinfimizdə bir prokuror oğlu oxuyurdu, ancaq deyə bilmərəm ki, o başqalarından varlı görünürdü.
Kompleksim vardısa, atama görə vardı. Çünki
anamın üstünə qadın almışdı. O, ər
kimi yaman etibarsız idi. Məktəbi bitirəndə
bir qızla evlənmişdi və ondan Aqil adında
böyük qardaşım anadan olmuşdu. Sonra anamın üstünə Elmira xanımı
almışdı və ondan Fərhad, Mehdi adlı
qardaşlarım dünyaya gəlmişdi.
Ağdamdakı ana qohumlarım arasında incəliyi olmayanlar,
görürdün, rastıma çıxanda deyirdilər:
"Hə, atanın təzə arvadı var, nə təhərdir?”
Onlar sancmaq üçün deyil, guya məzə
üçün belə deyirdilər. Heç
qanmırdılar da ki, bu, uşaq üçün necə əzab,
necə yaradır. Bax, bu, məndə bəlkə
də ilk kompleksi yaratmışdı.
Ağdamdakı uşaqlıq çağında mən
muğamı –filanı sevməzdim. 1950-ci illərdə
Xan əminin "Həbibim” sözündə mahnısı
vardı, hər yerdən səsi gəlirdi və eşidəndə
ürəyim partlayırdı. Saat 2-də,
ya 4-də, indi yadımda deyil, radio həmişə muğam
konserti verirdi və bu konsertdən də
üzülürdüm. Görünür,
mən də avropalılar kimi bizim segahları ağıya
oxşadırdım. Mənə bizim
muğamları, segahları tələbə vaxtında Qədirin
"Sona bülbülləri” sevdirdi. Məktəbdə
isə Rəşid Behbudovun mahnılarından ləzzət
alırdım. Sonralar "Bitlz”, "Rolinq Stounz”
qruplarından.
1962-ci ildə Bakıya köçəndə qabaqca 199
saylı, sonra 158 saylı orta məktəblərdə oxudum. Bakıya gələndə
"rayonlu kompleksi” vardımı? Çox tezcə ləhcəmi
dəyişib "alə” ilə danışmağa
başladım, ona görə də "vayə”, "gələjəm”
deməyi tərgitdiyim üçün mənə gülmədilər.
Ancaq bütün rayonlular və xeyli
bakılılar kimi məndə də rusca aksentlə
danışmaqdan doğan kompleks vardı. Muğamı,
çay içməyi sevməməyim, estradanı sevməyim,
ruscanı tezcə öyrənməyim, aksentsiz
danışmağa çalışmağım mənə
sezdirir ki, rayonlu kompleksim varmış. Elə
bu kompleksə görə millətsevərliyim də yox idi.
Yalnız 2-ci kursda oxuyanda universitetdən
nümayəndə heyətilə Vilnüsə gedəndə
və oradakı litvalıların millətçiliyini görəndə
mən də dəyişdim, onlar kimi millətçi oldum.
O çağdan mən rusca danışmağı sevmədim,
hətta Moskvada oxuyanda da öz uşaqlarımızla dilimizdə
danışırdım. Bir-iki rusdilli dostumuz
vardı, onlara mən Miçurinin calaq Anton almasına eyham
vuraraq "Anton” deyərdim. Çox pərt
olardılar, çünki ürəklərində onlar Azərbaycan
dillilərə ləqəb qoyurdular və özlərini elit
kimi duyurdular. Birdən-birə xeyli
müasir olan oğlan onları Anton adı ilə doladı.
Mən Bakıya gələndən sonra azərbaycanca
başa düşən, ancaq pis danışan
tanış-bilişlə də dilimizdə
danışa-danışa onları dəyişdirdim. Mənim dilim çoxdan "uje”siz, "prosto”suzdur.
Rus dilli tanışımın balaca qızı mənə
"qlavnıy azerbaydjanets” demişdi…
İndi düşünürəm ki, mənim rayonlu
kompleksimin sonucu idi ki, Azərbaycan ədəbi dilindən (yəni
normativ dilindən) zəhləm gedirdi. Çox erkən
yaşlarımdan sevgi romanları oxumağa
başlamışdım. 7-ci sinifdənsə
oxuduqlarımın çoxu rusca romanlar idi. Kurs işlərimin dilində ədəbi qəliblərə
qiym kimi danışıq intonasiyasında üslubu
seçmişdim. Ona görə də
"və” bağlayıcısını işlətməzdim.
Bu xasiyyət elə qanıma işləmişdi ki, hətta
rusca yazdıqlarımda da həmin bağlayıcını az işlədirəm.
- Niyazi Mehdi necə
uşaq idi?
- Əslində, bu suala bir az cavab verdim. Yadıma gəlmir
ki, mənə heyranlıqla "yaman yaxşı
oğlandır” desinlər. 4-cü sinfəcən
əlaçılar sırasında idim, məktəbdə ləqəbim
"knyaz” idi, bəy uşağı aurasına görə
yox, "Niyazi”nin qafiyəsi olduğuna görə. Başqa bir ləqəbim də "pota” idi,
yaşıdlarımdan daha dolu bədənli olduğuma görə.
Ancaq bu ləqəb də mənə çox
yapışıb qalmadı. Yaman xəyalpərəst
idim, elə indinin özündə də eləyəm. Mənim yaşamımın birinci müstəvisi
gerçəklikdirsə, ikinci müstəvisi fantaziyalarda
qurduğum kompensator funksiyalı uydurma görüntülərdir.
Londonda yaşayan qardaşımın bir
maraqlı romanı var, magik realizm və ya post-modern cilvələrdə
qurulub. Orada Nuhun törəmələrindən
söhbət gedir və qardaşım bir törəməyə
mənim xasiyyətimi verib. Özü mənə
bunu deməmişdi, ancaq oxuyan kimi tanıdım. O daha
çox xəyali dünyada yaşadığı
üçün hamıdan fərqlənirdi. Deməli,
uşaqlıqda qardaşıma mən belə
görünürdüm. Erkən
yaşlarımdan böyüklərə aid romanlar
oxumağım, üstəgəl fantaziyalar dünyasında
yaşamam mənim xarakterimi formalaşdırıb. Mən heç vaxt darıxmırdım,
çünki darıxan kimi xəyallar mexanizmi işə
düşürdü (Ağdamda buna "aranı dağa,
dağı arana daşımaq” deyirdilər).
İndi keçmişimi düşünəndə
görürəm ki, ədəbiyyat sayəsində dilimdə
söz ehtiyatının böyük olması,
fantaziyalarımda dünya üzərində
nağılçı və sürrealist manipulyasiyalar
aparmağım, başqalarına oxşamamaq iddiası mənim
mentalitetimi formalaşdıran struktur çarpazlarını
törətmişdir. Atam özünü çevrəsindəkilərdən
fərqlənmək göstəricisində gerçəkləşdirmək
üçün ateist epatajı seçmişdi. Məndə isə bu funksiyanı universitetdə
semiotika və strukturalizm gördü. Bütün
marksist ədəbiyyat semiotik-struktur metodu düşmən
ideologiyası kimi söyürdü, ona görə də məndə
ona maraq yarandı. Struktur dilçilikdən
1970-ci illərin əvvəllərində Ağamusa Axundov dərslikdə
nəsə yazmışdı, Aydın Məmmədov isə
nəsə danışmışdı. Ancaq
düşünürəm ki, struktur-semiotik ideyaların sənət
və mədəniyyətlə bağlı uyğulanması
mənim ilk nəzəri addımlarımdan olub. Hətta bu yolda gülməli bir hal da baş verib.
Struktur dilçiliklə ilgili "aktual
paylaşma” nəzəriyyəsi vardı, Praqa dilçilik məktəbi
formalaşdırmışdı. Diplom
işimdə mən bu nəzəriyyənin rusca "aktualnoe
çlenenie” adını "aktual üzvlənmə” kimi
çevirmişdim. Və mənim bu
yanlış çevirməm Azərbaycan dilçiliyində
gəzməyə başladı. Halbuki
"çleneniye”ni "üzvlənmə” kimi tərcümə
etməyə fantaziya lazım idi. Niyə
"çleneniye” sözündə mən bölünməni
yox, "partiya üzvi” söz birləşməsindəki
"üzv”ü eşitmişdim?!
Mənim filfakda dilçilik şöbəsinə
düşməm, görünür, seçimim deyildi. Ancaq struktur
dilçiliyi sevib onunla bağlı rusca çoxlu ədəbiyyat
oxumağım, artıq, başqalarına oxşamamaq,
hamının getdiyi yolla getməmək prinsipində önəmli
seçimim idi və bu seçim indi də düşüncə
yönündə mənim kimliyimə biçim verir. Bir
yazımda xoşuma gələn deyimim var: "Allah ən
böyük strukturalistdir”. Bu deyim elə-belə
yaranmayıb, mənəvi dərinliklərimdən doğan
son düşüncələrimdəndir. Ancaq
mənim tənbəlliyim, dağınıqlığım
dilçiliyimdə də görünürdü. Evin böyük oğlu kimi məni dükana
yollayanda tənbəllikdən ürəyim partlayırdı.
Yalnız 9-cu sinifdə ruhumda devrim baş verdi,
mən dükana getmək və başqa bu tip buyruqlara
qarşı olan tənbəllik hiddətini tərgitdim. Öhdəliyi yerinə yetirməyi anlayan uşaq
kimi davranmağa başladım.
Universitetdə dilçilikdən çox oxusam da,
yazılarımda orfoqrafik xətalar bol idi və bunu heç
vecimə də almırdım. Yalnız 80-ci illərdə
çoxlu məqalələr yaza-yaza mən Azərbaycanda ən
düzgün yazan adamlardan birinə çevrildim.
İndi hamı ara sözü olan
"artıq” sözünü cümlədə
vergülsüz yazır, mənsə pedantcasına
vergülü saxlayıram. Ədəbi dilin
normativliyinə nifrətim ərəb-fars bəlağətindən
çiyrənməyimə gətirib çıxardı.
İndi ərəb-fars sözlərindən ən az istifadə edən mənəm, bəlkə
Nəriman Qasımoğlu mənlə yarışa bilər. Bəzi dilçi dostlarım isə mənim
yazılarımın sintaksisini yüksək dəyərləndirirlər,
bunun sirrini açım. Çünki mənim
sintaksisimdə danışıq dilinin ritmi və enerjisi var, hər
halda bunların olmasına çalışıram.
- Deyirlər, uşaqlıq illəri
insan həyatının ən gözəl illəri hesab
olunur...
-
Bilirsiniz, cücələr yumurtadan çıxanda hansı hərəkət
edən nəsnəni görürlərsə, onu ana
sayırlar və böyüyənəcən dalına
düşürər. Froydun nəzəriyyəsinə
görə də, 5-6 yaşınacan aldığımız təsirlər
bizim bilincaltımıza ən dərin işləyən təsirlər
olur. Ağdamda qabaqca bizim mənzilimiz
Qobunun üstündəki ikimərtəbəli hökumət
evində idi. Orada iki otaqdan ən az
olduğumuz otağa "ankı ev” deyərdik. Bu
miskin mənzil indi də mənim əziz xatirəmdir. Bu o çağlardı ki, ağdamlılar hələ
yerə sərilmiş süfrədən, mütəkkələrdən
stol-stula adlamamışdılar. Mən
heç vaxt bardaşqurma oturub yerdə yeməyə öyrəşmədim.
Otağımızda stol-stul vardı, ancaq
çörəyi yerdə yeyirdilər, mən də yarı
uzanılı yeməli olurdum. Ancaq bu
narahatlığa baxmayaraq, o mənzili mən indi də sevirəm.
İndi mən Bakının mərkəzində
böyük mənzildə yaşayıram, ancaq
uşaqlarımda 4-cü mikrorayondakı iki otaqlı balaca mənzil
uzun müddət əziz dünya kimi qalmışdı və
öz təcrübəmə görə, onları
yaxşı başa düşürdüm.
Mənim Londonda yaşayan qardaşım Elçində
nə millətsevərlik müşahidə etmişdim, nə
də Ağdama bağlılıq. Bakının mərkəzində
elit məktəbdə oxuyanda rusdilli olmuşdu. Ancaq bir dəfə
Skype-la danışanda Google-la Ağdama baxdığını
söylədi və dedi: sən bilirsənmi ki, Ağdam mənə
ən əziz yerdir?!
Mat
qaldım, çünki Ağdamdan lap uşaqlıqda
çıxmışdı. Sonralar, sadəcə,
hər yay nənəmizin yanında qalırdıq. İndi düşünürəm ki, Ağdam ona belə
əziz olduğu üçün romanlarında Ağdam izləri
belə çox gizlənib. Bir romanında
nənəm "Rax-Şəndə” kimi anılıb, guya yəhudilərdəndir.
Ağdam qobusu, Qar-qar çayı, ata babamın həyətindəki
it yalı üçün ovulmuş böyük daş
parçası romanlarda ordan-burdan peyda olur.
- Məktəb illəri… Necə şagird olmusunuz?
-
Beşinci sinifdən mən pis oxumağa başladım, daha
doğrusu, evdə dərs hazırlamaq yerinə meydançada
futbol oynayırdım. Futbolu sürətlə
oynamasam da, çox ağıllı və gözəl
oynayırdım. Braziliya futbolundan
yumşaq toxunmalarla topu aparmağı öyrənmişdim.
Futbolu yaxşı oynamaq üçün
özümdə özəl mənimsəmək
texnikasını, bəlkə də alqoritmini
formalaşdırmışdım. Yəni
mən futbolu kortəbii yolla öyrənməmişdim. Dərsə gələndə oxuduğum romanlar
üzündən danışıq qabiliyyətim yaxşı
olduğundan müəllimin jurnalı oxuduğu vaxt bəs
edirdi ki, tarixdən, coğrafiyadan dərsliyə göz gəzdirib
"4”, "5” qiymətləri alım. Sözsüz,
kimyadan, fizikadan bu yolla belə qiymətləri ala bilməzdim.
İki müəllimim olub ki, orta məktəbdən
mənə böyük təsir etmişdi. 199 saylı məktəbdə ingilis dili müəllimi
vardı, məndə bu dilə böyük həvəs
yaratmışdı. 158 saylı məktəbə
gələndə ingilis dilimə görə seçilirdim,
sonra isə həvəs öldü və ingiliscə dərsdə
hamıdan biri oldum. Bu məktəbdə
sinfimizə yaşlı bir kimya müəlliməsi gəlmişdi.
O da məndə kimyaya böyük maraq yaratdı, getdi və
maraq da söndü. Heyf ki, o iki müəllimin
adı yadımda deyil, yoxsa adları ilə yad edərdim.
Belə müəllimlər çox olsaydı,
bilirsiniz Azərbaycan nə qədər udardı?!
- Hansı fəndən çətinliyiniz
olurdu? Heç "şparqalkadan” istifadə etmisiz?
- Yaxşı yadımda deyil, bəlkə
də qəbul imtahanında "şparqalka”dan istifadə
etmişdim. Məktəbdə dəqiq elmlər üzrə fənlər,
dedim ki, mənə uzaq idi. Ancaq işə bax,
universitetdə semiotik və struktur metodlara marağım
göstərir ki, məndə dəqiq elmlərə gizli sevgi
varmış. Bu metodlara humanitar sahədə
"ssientizm” deyirlər. Humanitar elmlərin
boşboğaz, bəlağətli
danışığından fərqli olaraq, semiotika və
strukturalizm quru, bəlağətsiz söyləmlə sənətdə
yaxşıları və pisləri açırdı. Məhz açırdı, tərifləyib pisləmirdi.
- Tələbəlik illəri…
- Demək olar, əlaçı
olmuşam. Məsələyə formal
yanaşanda, bunda universitet müəllimi olan atamın
tapşırıqlarının rolu olub. Qeyri-formal
yanaşmayanda isə deyə bilərəm ki, mənim diplom
işim hər halda namizədlik dissertasiyası səviyyəsində
idi. Ancaq çoxlu kitab oxusam da, imtahanlara
hazırlaşmağı sevmirdim. İndinin
özündə də professor olsam da, məndən imtahan verən
və imahan götürən çıxmaz. Tələbələrimdə isə məni istedad
daha çox ilgiləndirir, yaddaş yox.
- İlk sevginizi necə
xatırlayırsınız?
- İlk sevgim bir rus qızı olub, bizim məktəbdə
oxuyurdu. Onun üstündə hətta bir rus
oğlanını da yumruqlamışdım. Ancaq bu sevgi elə də dəli olmayıb. Bütünlükdə mən dingiş məhəbbət
romanlarına görə "sevgi” sözünü sevməmişəm
və qadına "sevirəm” deməyi də
xoşlamamışam. Uşaqlara isə
deyirəm. Mənim xoşuma "səni
çox istəyirəm” demək gəlir.
İrəlidə "yumruqladım” deyəndə bir məsələ
yadıma düşdü. Mən əzazil
olmamışam, ancaq bütün gənclər kimi Jan Marenin təsiri
ilə vuruşqan olmağa çalışırdım.
O vaxt bu fransız aktyoru bizim üçün kişilik təcəssümü
idi, nə bilək ki, o gey imiş. Məktəbdə
güclü olmaq üçün kulturizmlə məşğul
olurdum, indi buna "bodibildinq” deyirlər. Kino
rejissoru Cahangir Mehdiyevlə bir sinifdə oxuyurdum və onu
kulturizmlə mən maraqlandırmışdım. Sonra mən "bodibildin”qi atdım, o isə indi də
kulturistdir.
- Niyazi Mehdi necə
atadır?
-
Atamın çoxlu arvadının olmasına baxanda, mən
daha yaxşı atayam. Hərçənd ata
kimi dədəmin bir yaxşı xasiyyəti vardı,
heç vaxt bizə əl qaldırmazdı.
Uşaqlarımla bağlı mən bu suça az batmışam, bəzi səhnələri
yadıma salanda isə indi də utanıram. Xanımım
deyir, uşaqlar səni yaman sevir. Özləri
də hərdən deyirlər, hətta qucaqlayıb
öpürlər də. Ancaq bizim
bir-birimizə çoxlu iddialarımız var və bu mənasız
konfliktlərin nədəni olur. Düzü,
mən bilmirəm, bu dünyadan köçəndən sonra
onlar mənim üçün uzun sürə darıxacaqlar,
yoxsa yox? Hər halda, xanımım Dilarə
öz anası üçün indi də darıxır.
- 34 il sonra
oğlunuz Ştefana qovuşdunuz? Ştefandan
öncəki həyatınızla indiki arasında fərq
varmı?
- Öncəki həyatımda həmişə
bir utanc vardı ki, Almaniyada oğlum var, mən isə bilmirəm
haradadır və necədir. Oğlanlarım, elə
Dilarə də tez-tez irad tuturdular ki, sən necə atasan?!
İndi hər şey qaydasındadır. İldə bir-iki dəfə bura gəlir. Demək olar ki, hər gün Skype-la
danışırıq. Bir dəfə
Ştefana demişdim ki, jurnalistlər məndən səni
soruşurlar, nə deyim? Cavab vermişdi,
de ki indiki həyatım daha maraqlıdır. Bizim hamımızın indiki həyatımız
tapışdıqdan sonra maraqlı olub.
Burada fürsətdən istiadə edib iki
dostuma sağ ola demək istərdim. Biri arada Akademiyanın fəlsəfə
institutunun direktoru olmuş Əli Abbasovdur (keçmiş rabitə
naziri ilə qarışdırmayın). Onun oğlu
Ştefanı mənə tapdı. O biri Kamal Abdulladır –
onun sayəsində Ştefanla birinci dəfə
görüşdüm. Maynsda konfransa gedəndə.
- Keçmişə qayıtmaq
şansınız olsa idi, həyatınızda nələri dəyişərdiz?
- Mən özümdən elə razı deyiləm ki, «hər şeyi təkrar edərdim» deyim. Kef və əyləncə günlərini xeyli azaldıb əski dilləri öyrənərdim. Məktəbi yaxşı oxuyardım, riyaziyyatı, fizikanı ləzzətlə öyrənərdim. Siqaret çəkməzdim (indi siqaretdən asılılığım yoxdur), idmanı atmazdım. İndi xəmir yeməkləri az yeyirəm. Öncələr yeməzdim ki, kök olmayım…
- Gənclərə məsləhətiniz…
- Siqaret
çəkməyin, köklüyə meyillisinizsə, xəmir
məhsullarını hərdən yeyin. Alkoqolik olmaq təhlükəniz
yoxdursa, eybi yox, için, ancaq həmişə qorxun ki, birdən
alkoqolik olarsınız. Boş vaxtlarınıza elə
şeyləri öyrənməyə sərf edin ki, sizə
pul gətirə bilsin. Hansı pul gətirən
peşədəsə seçilən adam olmaq
üçün öz üzərinizdə "eşşək
kimi işləyin”. Əgər yazar, şair, alim olmaq
istedadını özünüzdə şəksiz
duymursunuzsa, bu arzudan əl çəkin, yaxşı həkim
olmağın, usta olmağın əziyyətinə vaxt sərf
edin.
Aygün
ƏZİZ
Kaspi.-2017.-13 yanvar.-S.12.