Tərlan Rəsulov “Bundan
sonra da biz onların yanında olacağıq”
Fiziki
qüsurlu insanların özlərini realizə etmələri
üçün “İcma Teatrı” ən ideal məkandır
İnsanlar səs, görkəm, fikir və düşüncələrinə görə bir-birindən seçilirlər. Kimisi həyatın bütün gözəlliklərindən zövq alaraq sağlam bir həyat sürür, kimisi isə əksinə ya anadangəlmə, ya da hansısa bir səbəbdən fiziki qüsurlu olur. Belə insanlar da bizdəndir. Onların da bizim kimi yaşamaq, əylənmək, yeri gələndə çalışmaq hüququ var. Bir sıra inkişaf etmiş ölkələrdə belə fiziki qüsurlu insanların özlərinə məxsus teatrları, toplaşaraq tamaşa, səhnəcik hazırlamaq üçün məkanları var. İndi isə deyə bilərik ki, ölkəmizdə də fiziki qüsurlu insanların özlərini realizə etmələri üçün "İcma Teatrı” yaradılıb.
Belə ki, ötən həftə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən "İcma Teatrı”nın təqdimatı oldu. Əslində belə bir layihənin başlayacağını eşidəndə çox sevinmişdik. Çünki həmin insanlar da səhnəyə çıxıb, bir neçə saat olsa belə dərdlərini unudub, özləri ilə fəxr etmək imkanı əldə etmiş oldular.
Layihənin təşkilatçısı isə teatr camesindən yaxşı tanıdığımız Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov idi. Sözügedən teatr "Məndən də yaxşı et” layihəsi çərçivəsində yaradılıb. Layihənin məqsədi əlilliyi olan insanlara peşəkar teatr vərdişlərini aşılamaqdan ibarətdir. Bu işdə onlara peşəkar aktyorlar, rejissorlar və psixoloqlar yardımçı olub.
Biz də imkan tapıb Tərlan müəllimlə həmsöhbət olduq. Onunla "İcma Teatrı” haqqında danışdıq.
- Tərlan müəllim,
bu layihə necə ərsəyə gəldi? Layihənin meydana
gəlməsi hansı zərurətdən yarandı?
- Layihənin məqsədi əlilliyi olan insanlara bizim cəmiyyətə dəstək olmaq, onları cəmiyyətin bərabər hüquqlu üzvləri kimi təqdim etmək, onlarda buna inam və güvən yaratmaqdan ibarət idi.
Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə "Culture and Menegement Lab” təşkilatı tərəfindən həyata keçirilib. Həmin təşkilatın "Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb. Layihəni onlara təqdim etmişdim,və onlar bu layihəni təsdiq etmişdilər. Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı insanlar üçün nəzərdə tutulub. Təqdim etdiyimiz ilk səhnə əsəri ailə-məişət mövzusunda idi. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunan tamaşa səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlmişdi. Uşaqlardakı həvəsi gördükdə biz özümüz də həvəsləndik. Bu tamaşanı biz iki həftəlik mütəmadi məşqlərlə ərsəyə gətirdik. Belə qısa zaman ərzində gözəl tamaşa alınmasına özümüz də təəccüb etdik. Bu "İcma Teatrı”nın ilk çıxışı idi. Ümid edirəm ki, bundan sonra teatr davamlı fəaliyyət göstərəcək.
- Hazırlanan tamaşa gözlədiyiniz nəticəni verdimi?
- Mən bunu uğurlu
hesab edirəm. Faktiki olaraq biz həmin uşaqlarla tamaşa hazırlamağı nəzərdə
tutmamışdıq. Burada heç bir tamaşa iddiası da yox idi.
Biz sadəcə olaraq "İcma Teatrı”nı insanlara təqdim etdik. Çalışdıq ki, fiziki qüsurlu insanları bir araya toplayıb,
onların əldə
etdikləri bacarıqları,
qabiliyyətləri cəmiyyətə
göstərə bilək. Tamaşada gördüyünüz hər
şeyi həmin uşaqlar özləri ediblər. Belə ki, ssenarisini
özləri yazıb,
quruluşu özləri
veriblər. Musiqisindən tutmuş işığına
qədər həmin uşaqların özləri
təşkil etmişdilər.
Nəticəsi isə heç
də pis olmadı. Biz sadəcə
olaraq onlara istiqamət
vermişik. Tamaşa zamanı da
uşaqlar ssenaridən
çox kənara çıxıb, improvizələr
etdilər. Bu teatrın yaranması onlar üçün böyük stimul oldu.
- Bəs, fiziki qüsurlu insanlarla peşəkar tamaşa necə hazırlamaq istəyiniz varmı?
- Bizim heç bir peşəkarlıq iddiamız yoxdur. Biz sadəcə onların
cəmiyyət üçün
nə dərəcə
önəmli insan olduqlarını göstərmək
istəyirik. Cəmiyyətlə teatr vasitəsilə ünsiyyət qurmalarına
şərait yaratmağa
çalışırıq. Bu cür həyat
eşqi hər kəsə nəsib olmur. Onlardakı bu həyat eşqi bizi heyrətləndirdi, həvəsləndirdi.
Bunu onlar öz çıxışlarında
da ifadə etdilər. İlk vaxtlarda özləri
də belə uğurlu bir tamaşa alınacağına
inanmırdılar. Proses
bizə göstərdi
ki, sadəcə zaman lazımdır. Bu zaman ərzində
onlarda aktyorluğa, poeziyaya, sənətə böyük həvəs yarandı.
- Bu layihədə
iştirak etmək üçün yaş məhdudiyyəti neçə
yaşa qədər idi?
- Layihədə iştirak etmək üçün heç bir yaş məhdudiyyət qoyulmamışdı. Nəinki yaş,
hətta irq, din, dil, cins məhdudiyyəti
belə yox idi. Əsas məqsəd layihədə
iştirak etmək istəyi idi. Müxtəlif insanlar müraciət
etdilər, bundan əlavə biz əlillər
cəmiyyətinə müraciət
etdik. Onların köməkliyi ilə
iştirakçılarla əlaqə
saxladıq. Nəticədə gözəl bir layihə gerçəkləşdi.
- Hazırda bu layihə davam edirmi?
- Layihənin özü davam etmir. Layihənin əsas
məqsədi belə
bir teatrın yaradılması idi.
3 ay ərzində iştirakçılarımıza teatrda işləmək, tamaşalar hazırlamaq bacarıqlarını aşılamağa
çalışdıq. Əsas məqsəd "İcma teatrı”nın yaradılması
və daha sonra onun müstəqil
fəaliyyət göstərməsi
idi. Təqdimat tamaşası onların
ilk müstəqil işləri
oldu. Heç bir müdaxilə
olunmadan hər şeyi özləri yaratdılar, hazırladılar
və özləri də oynadılar.
- Bir rejissor kimi onlarla
işləyərkən çətinliklərlə
üzləşdinizmi?
- İstənilən insanla
işləyəndə çətinliklərlə
üzləşirsən. Əgər
kiminsə teatr haqqında anlayışı
yoxdursa, o insanla işləmək hər zaman çətinlik törədir.
Normal olan insanın
belə öz psixoloji problemi olur. Deməzdim ki, böyük
çətinliklə üzləşdim,
xeyr. Onlarda başqa şəxslərdə
olmayan həvəsi müşahidə etdik və bu da
bizə böyük stimul verdi.
Bu onlarda həm
mənəvi, həm də intellektual baxımdan həvəs yaratdı ki, biz də uğurla layihəni başa çatdırdıq. Biz indi də onlarla
əlaqə saxlayırıq.
Onlar yenidən toplaşmaq və layihədən kənar tamaşa hazırlamaq istəyirlər.
Bundan sonra da biz onların
yanında olacağıq.
Xəyalə Rəis
Kaspi.-2017.-19 yanvar.-S.11.