Görkəmli jurnalist, unudulmaz insan
Ürəklərdə silinməz izi, xoş xatirəsi qalıb
Lerikin Zuvand mahalı Azərbaycana dövlət xadimləri, sərkərdələr, adlı-sanlı
alimlər, çoxlu ziyalılar bəxş edib. Quliyevlər də bu yurdun sayılan, seçilən hörmətli
tayfalarından biridir.
Keçən əsrin
30-60-cı illərində respublikamızın
ayrı-ayrı rayonlarında
partiya, sovet orqanlarında, Respublika Baş Prokurorluğunda rəhbər vəzifələrdə
çalışmış Ağa Quliyev təkcə bu nəslin deyil, elin-obanın təəssübkeşi, fəxri
olub. Bu nəslin
adını, şərəfini
ləyaqətlə yaşadanlardan
biri də Araz Quliyev idi. İti qələmi, kəsərli
sözü, yüksək
mədəniyyəti, xeyirxah
əməllərilə. Atası Hilal Quliyev Lerikin mərd kişilərindən, nüfuzlu
ağsaqqallarından olub.
Böyük Vətən Müharibəsində
iştirak edib. Rayonda sovet, partiya işində, 23 il isə
fasiləsiz rayon yol istismarı idarəsinin rəisi vəzifəsində
işləyib. Ömür-gün yoldaşı Rahilə xanımla Araz, Qəhrəman, Elman, Solmaz,
Sevda, Lələxan adlı ləyaqətli, gözəl övladlar böyüdüb, ərsəyə
çatdırıblar. Araz ixtisasca müəllim idi. Qonşu Kəlvəz kəndində,
Lerik qəsəbəsində
məktəbdə dərs
demişdir.
Ədəbi yaradıcılıqla da məşğul olur, qəzet və jurnallarda maraqlı, məzmunlu yazılarla çıxış
edirdi.
1970-ci ilin sentyabr
ayında "Bolluq uğrunda” (indiki "Lerik”) qəzetində işə düzəldi. Zəhmətkeş insanlar, tikinti-abadlıq işləri, kəndin qayğı və problemləri haqqında qələmə aldığı
yazılar diqqəti cəlb edirdi. Kəndləri qarış-qarış
gəzərək əməkçilərlə
iş başında görüşür, onların
qayğı və problemlərini öyrənir,
bütün bunları
böyük məhəbbətlə
oxuculara çatdırırdı.
Araz Quliyevin imzası sevilirdi. O,
redaksiyanın kənd
təsərrüfatı şöbəsinə
rəhbərlik edirdi.
Redaksiyada çalışdığı
illərdə rayon qəzeti
respublikamızın ən
hörmətli qəzetlərindən
sayılırdı. "Bolluq uğrunda” qəzeti dəfələrlə
müsabiqələrdə qalib
olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür. Müxbirlərlə aparılan
kütləvi işin
təşkilinə görə,
keçmiş SSRİ Jurnalistlər
İttifaqının Mariya
Ulyanova adına
I dərəcəli diplomu
ilə təltif edilib. Araz Quliyev redaksiyada
və yerli radio verilişlərində çalışan
gənc əməkdaşlara
məsləhətlər verir,
zəngin təcrübəsini
onlarla bölüşürdü.
Gənc jurnalistlərin püxtələşməsində
və neçə-neçə
jurnalist nəslinin yetişməsində onun böyük əməyi vardır.
Araz müəllim
sonralar Aqrar-Sənaye İşçiləri Həmkarlar
İttifaqı Lerik
rayon komitəsinin sədri
seçildi. Yenidən kənd əməkçilərinin
qayğıları ilə
yaşadı. Neçə imkansız ailəyə yardım göstərdi, müalicəyə ehtiyacı
olanları sanatoriyalara
yollayışla təmin
etdi. O, ömrünün
axırına kimi bu vəzifədə işlədi, təkcə
cənub bölgəsində
deyil, respublikada hörmət, nüfuz qazandı.
Uzun illər "Bolluq uğrunda” qəzetinin baş redaktoru işləmiş,
Lerik rayon ağsaqqallar
şurasının sədri,
respublikanın əməkdar
jurnalisti Həmzə Vəliməmmədov həmkarını
belə xatırlayır:
"Araz müəllimlə
17 il bir yerdə işləmişik.
İstedadlı, zəhmətkeş jurnalist, həssas, səmimi, təvazökar insan idi. Rayonun təsərrüfat həyatına
yaxından bələd
idi. Reportajları, analitik və
publisistik yazıları
həyatı dolğun
əks etdirir, oxucuların qəlbinə
yol tapırdı.
Vaxtsız ölüm onu
bizdən tez ayırdı. Nəcib əməlləri,
işıqlı arzuları
bu gün də yaşayır, zəngin həyat yolu, təcrübəsi gənc müxbirlərə
ən gözəl nümunədir. Ağacəfər
Həsənli, şair,
publisist: "Bolluq uğrunda” qəzetinin balaca kollektivində ilk tanış olduğum jurnalist Araz Quliyev olub. Araz müəllim
kənd təsərrüfatı
şöbəsinin müdiri
idi, olduqca dilli-dilavər, mehriban və istiqanlı olduğundan, adamı özünə çəkirdi.
O, əhval-ruhiyyə, ovqat
adamı idi. Hər kəsə yanaşmağın
tərzini ustalıqla
bilirdi, ondan inciyən, küsən yox idi, elə
bil daxili dünyası dilinin ucunda qərar tutmuşdu.
O, yaxşıların yaxşısı,
təkcə bizim deyil, bütün leriklilərin sevimlisi idi. Qəribədir, günü bu
gün də Arazın yoxluğunu hiss edir, ancaq ölümünə
özümü inandıra
bilmirəm. Görkəmli
türkoloq alim, Məmmədhüseyn Şəhriyar
irsinin yorulmaz tədqiqatçısı, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev qardaşı barədə
ürək ağrısı,
kədərlə söhbət
açır: "Araz
bizə ata əvəzi idi. Hər birimizin həyatında onun rolu və
yeri vardır. Bir nəslin, elin dayağı idi. Qayğı və çətinliklərimizi
onunla bölüşürdük.
Qohumların, dostların xeyrində
də, şərində
hamıdan əvvəl
özünü çatdırırdı.
Əl tutmağı, kömək
etməyi sevirdi.
Araz olan yerdə həyat adamın üzünə gülürdü,
heç nəyin xiffətini çəkmirdin.
İndi
12 ildir ki, özünə, sözünə
həsrət qalmışıq.
İstedadlı şair
Vüqar Əhmədin
qardaşımın ölümünə
yazdığı şeirində
dediyi kimi:
Bir mahalın ağsaqqalı,
Bir bölgənin öndəriydin,
Ağrımızın, acımızın,
Dərdimizin sipəriydin.
Araz qədər dərdli idin,
Araz idi adın sənin.
Hər bir kəsi isidirdi,
Sevgi dolu məhəbbətin.
Cəlil
Baxşiyev, Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini onu belə xarakterizə edir: "Araz müəllim bütün
varlığı ilə
dövlətçiliyimizə bağlı idi. Müstəqilliyimizlə qürur duyurdu.
Gənclərə Vətəni sevməyi,
dövlətçiliyimizi göz
bəbəyi kimi qorumağı tövsiyə
edirdi. Rayonun ictimai-siyasi və
mədəni həyatında
fəal çalışır,
nümunə göstərirdi.
Gözəl ailə başçısı
idi. Bu gün
övladları Mübariz,
Tahir və Səidə ata yolunu ləyaqətlə davam etdirir, onun arzularını həyata keçirirlər.
Ata ocağında Mübarizin Araz adlı oğlu babasının adını
fəxarətlə daşıyır”.
Altay Mirzəyev, Lerik rayon polis şöbəsinin istintaq
qrupunun müstəntiqi,
polis mayoru: "Araz dayı çox səmimi, ünsiyyətcil,
qohumcanlı bir insan idi. Kimin çətinliyi
olsaydı, ondan məsləhət alardı.
Respublikanın hər yerində
yaxşı dostları
var idi. Bəzən çətin işi bir telefon zəngi
ilə həll edib, yoluna qoyardı.
Atam 49 yaşında dünyasını
dəyişəndə 5 qardaş,
6 bacı taleyin ümidinə qaldıq.
Araz dayı ailəmizə dayaq oldu. Altı bacımı gəlin köçürtdü, iki
qardaşıma toy etdi.
Məclislərimizin yaraşığı, ağsaqqalı idi. Böyüklə böyük, kiçiklə
kiçik idi. Mənə, qardaşlarım Ruslan, Malik və Zaura
yol göstərib, həyat dərsi keçib. Qardaşlarının övladları Elvinin
və Elmarın adlarını özü qoymuşdu. Gələcəklərinə böyük ümid
bəsləyir, həyatda
layiqli mövqe tutacaqlarına inanırdı.
Hər ikisi onun etimadını
doğrultdu”.
"Lerik”
qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti İdris Şükürlü,
"Milli qürur” qəzetinin baş redaktoru Balaşirin Ağayev və qocaman müəllim Rəsul Quliyevlə Araz müəllimin məzarını ziyarət
etdik. Balaşirin
Ağayev bu unudulmaz insanın jurnalistlik fəaliyyətindən
söhbət açaraq
dedi: "Araz Quliyev Lerikin mətbuat tarixində izi qalan şəxsiyyətdir.
Gələcək nəsillər bu
qədim yurd yerimiz barədə məlumat almaq üçün mütləq
"Lerik” qəzetinə
müraciət edəcək,
Araz müəllimin yazılarından bəhrələnəcəklər.
Araz müəllim çox cəsarətli jurnalist idi, düzü düz, əyrini əyri yazırdı.
Mən onun yazılarını həmişə əvvəldən
axıra kimi oxuyardım.
"İllərin söhbəti” mövzusunda
qələmə aldığı
analitik yazılar diqqəti dərhal cəlb edərdi. Köhnə ili
yeni illə görüşdürüb görülmüş
işləri, statistik
rəqəmləri canlı,
bədii vasitələrlə
oxuculara çatdırırdı.
Araz müəllim mərd, sözübütöv, qayğıkeş
insan idi. Hər yerdə sözünü açıq, mərdanə
deyərdi. Onun nurlu
çöhrəsi, mənalı
baxışları indi
də gözümün
önündədir. Amansız
ölüm 2005-ci il yanvar ayının 25-də onu aramızdan apardı. Arzuları qırıldı, 60 illik yubileyini görə bilmədi. Ürəklərdə isə silinməz
izi, xoş xatirəsi qaldı”.
Əlisəfa Həsənov,
Kaspi.-2017.-25 yanvar.-S.15