“Azərbaycanı layiqincə tərənnüm
edirəm”
Ukraynanın xalq artisti Qurban Abbasov:
Xalq musiqisinin köklərini bilməyən insanın ölkəsinin
musiqi mədəniyyətindən, incəsənətindən
xəbəri ola bilməz
O gecə
Truskavets şəhərinin "Karpatı”
sanatoriyasının konsert salonuna yığışanlar
sözün həqiqi mənasında zövq aldılar.
Ukraynanın müxtəlif şəhərlərindən,
ayrı-ayrı xarici ölkələrdən, o cümlədən
Azərbaycandan istirahətə və müalicəyə gələn
insanlar kurort-otelin salonundan dalğa-dalğa yayılan bu ecazkar
səsin sehrinə düşdülər. Ukraynanın xalq artisti Qurban Abbasov
Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının təşkilatçılığı
ilə keçirilən "Novruz konserti”ndə salonda olanlara
klassik vokal nümunələri, Ukrayna mahnıları, ən əsası
isə, ecazkar Azərbaycan musiqisi bəxş etdi. Azərbaycanın
milli libasında və sənət dostu Natalya Kudryaşova ilə
səhnəyə çıxan müğənninin dilindən
Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Müslüm Maqomayevin
musiqiləri süzüldükcə, tamaşaçılar həm
Azərbaycan, həm də Ukrayna dillərində bu
mahnıları dinləyərək heyran oldular.
"Novruz
bayramı şərq xalqlarının ən geniş
yayılmış və məşhur bayramıdır. Bizim
Truskavetsə qastrol konsertimizin də "Novruz” adlanması məhz
bu bayramla əlaqədardır” - deyə müğənni
"Kaspi”yə müsahibəsində söylədi:
- Novruz bayramının Ukraynada qeyd
olunması burada yaşayan insanları xalqımızın ən
qədim bayramı ilə tanış edir. Bu bayramın
tanıdılması isə bizim üzərimizə
düşür. "Novruz konserti” proqramı ilə
Ukraynanın şəhər və vilayətlərində
çıxış edirik. Bu silsilədən sonuncu konsert
proqramı Taras Şevçenko adına Kiyev Milli Universitetinin
türk dilləri fakültəsində keçiriləcək.
Həmin fakültədə Ukrayna və başqa xalqların tələbələri
türk mədəniyyətini və dilini öyrənirlər.
Biz də onların qarşısında "Novruz konserti” ilə
çıxış edib öz adət-ənənələrimiz
haqqında məlumat verəcəyik.
Azərbaycan
bəstəkarlarının mahnıları
-
Heç şübhəsiz, Ukraynanın xalq artisti adına
layiq görülənə qədər uzun və çətin
yaradıcılıq yolu keçmisiniz...
- Mən
Naxçıvanda doğulmuşam. Musiqini isə
uşaqlıqdan sevmişəm. Orta məktəbdə təhsil
ala-ala o vaxtlar çox dəbdə olan pionerlər evinə
gedirdim, uşaq xorunda oxuyurdum. Valideynlərim tərəfindən
bəzən buna qadağa da qoyulurdu, onlar daha çox dərslərimlə
məşğul olmağımı istəyirdilər. Mən
isə inadımdan dönmədim. İfaçılıq sənətinə
o qədər böyük marağım var idi ki, özümü
bu sənətdən kənarda təsəvvür edə
bilmirdim. Bir də onda ayıldım ki, bu maraq məni
böyük səhnələrə gətirib
çıxarıb. Orta təhsilimi başa vurduqdan sonra
Ukraynada Çaykovski adına Kiyev Dövlət
Konservatoriyasına qəbul olmaq istədim. Düzdür,
çoxları bu istəyimə şübhə ilə
yanaşdı. İmtahan və müsabiqələrdə
tanınmış və təcrübəli musiqiçilərin
səs imkanlarım haqqında səsləndirdikləri
yüksək fikirlər mənə təkcə stimul vermədi,
həm də gələcək həyatımı müəyyən
etdi. Bu nüfuzlu təhsil ocağını bitirdikdən sonra
Almaniyada işə dəvət olundum. 1986-1993-cü illərdə
Almaniyanın opera səhnələrinə çıxdım.
Həmçinin bu ölkədəki keçmiş
SSRİ-nin Silahlı Qüvvələrinin hərbi
ansamblında çalışdım. İstər Almaniyada,
istərsə də digər Avropa ölkələrinə
qastrollarım zamanı repertuarımda Azərbaycan
mahnılarına yer ayırdım. O zaman çox da
tanınmayan Azərbaycanı musiqisini tanıtmağa
çalışdım. Almaniyada səkkiz il fəaliyyət
göstərəndən sonra yenidən Ukraynaya
qayıtdım. Ukrayna Mədəniyyət və Turizm
Nazirliyinin azsaylı xalqların mədəniyyəti
şöbəsinə işə qəbul olundum. Həmçinin
Ukrayna Dövlət Sərhəd Xidmətinin mahnı və rəqs
ansamblında işlədim. Bununla yanaşı Kiyev, şəhərindəki
Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinə
rəhbərlik etdim. Bu illər ərzində demək olar ki,
Ukraynanın mədəni həyatında çox fəal
iştirak etmişəm. Yaradıcılığım da
heç vaxt diqqətdən kənarda qalmayıb. Beynəlxalq
festivalların, dövlət qurumlarının, ictimai təşkilatların
fəxri fərmanlarına, diplomlarına layiq
görülmüşəm. Ukrayna prezidentinin fərmanları
ilə 1999-cu ildə əməkdar artist, 2009-cu ildə xalq
artisti adını almışam.
- Ukraynadakı Müslüm
Maqomayevin adını daşıyan Mədəniyyət Mərkəzi
böyük müğənninin xatirəsinin
yaşadılması üçün hansı işləri həyata
keçirir?
-
Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi
2009-cu ildə yaradılıb. Mərkəzin fəaliyyətinin
əsas məqsədi Azərbaycan mədəniyyətini,
dilimizi, tariximizi bu xalqa göstərmək, həm də
Ukraynada yaşayan 124 xalqın qarşısında müxtəlif
tədbirlərlə çıxış etmək, öz mədəniyyətimizi,
tariximizi onlara aşılamaqdır. Azərbaycan Mədəniyyət
Mərkəzi 1999-cu ildə Ukraynada yaranan Azərbaycan
Konqresinin bir qolu kimi fəaliyyət göstərir. Mən, həmçinin
konqresin nəzdində fəaliyyət göstərən
"Azərbaycan” ansamblına rəhbərlik edirəm. 25
vilayətdə bu konqresin regional şöbələri var. Həmin
bölmələr yerləşdiyi ərazidə Azərbaycanın
mədəniyyətini, tarixini, diasporunu təbliğ edirlər.
Burada yaşayan azərbaycanlılar çalışırlar
ki, dövlətimizi bu ölkədə layiqincə təmsil
etsinlər.
- Siz Ukraynada
yaşadığınız və fəaliyyət göstərdiyiniz
üçün təbii ki, repertuarınızı müxtəlif
xalqların, həm də daha çox Ukraynanın
mahnıları bəzəyir. Bəs Azərbaycan musiqisinə
nə qədər yer ayırırsınız?
- Azərbaycan
musiqisi demək olar ki, o torpaqda doğulan və müğənni
kimi yetişən hər bir insanın qanındadır. Mən
dünyanın hansı bir ölkəsində olmuşamsa,
mütləq Azərbaycan mahnısı da ifa etmişəm.
Bizim mahnılarımız auditoriya tərəfindən məhəbbətlə
qarşılanır. Çünki mahnılarımız
çox şirindir, ürəyə yaxındır. Bizim bəstəkarlarımızın
mahnılarını ifa etməmək, tanıtmamaq
böyük qəbahət olar. Necə ola bilər ki, səhnəyə
çıxasan, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət
Əmirovun, Əşrəf Abbasovun, Müslüm Maqomayevin,
Tofiq Quliyevin mahnılarını oxumayasan? Repertuarımda
Müslüm Maqomayevin böyük şövqlə oxuduğu
"Azərbaycan” mahnısı xüsusi yer tutur. Bu gün hər
bir azərbaycanlının zəngin mədəniyyətimiz,
incəsənətimiz ilə qürur hissi keçirməyə
haqqı var. Azərbaycan dünyaya çox böyük bəstəkarlar
bəxş edib. Mən də bu ölməz sənətkarların
əsərlərini ifa edib Azərbaycanı layiqincə tərənnüm
edirəm. Onu da qeyd edim ki, Azərbaycan mədəniyyətini
təbliğ etdiyimə görə, dünya azərbaycanlılarının
Bakıda keçirilən ikinci qurultayında Azərbaycan
prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi”
medalına layiq görülmüşəm.
Böyük
müğənninin adına layiq
- Azərbaycanda
tez-tez musiqi aləmində şou sənətinin daha çox
yayılması ilə bağlı fikirlər səslənilir.
Hətta bayağı musiqilərin ciddi sənəti
sıxışdırdığı deyilir. Bu baxımdan
Ukraynada vəziyyət necədir?
- Mən
peşəkar musiqiçi kimi deyə bilərəm ki, bu
çatışmazlıqlar elə Ukraynanın incəsənətində
də mövcuddur. Hətta öz müşahidələrimə
əsasən qeyd edə bilərəm ki, bu gün
bütün dünyada vəziyyət eynidir. Hansısa bir
qüvvə sanki gözəl bəstəkar mahnılarına,
xalq mahnılarına, ümumiyyətlə səviyyəli sənətə
zərbə vurur. Nəticədə dəyərsiz,
bayağı musiqini insanların beyninə yeridirlər. Gənclər
korifey sənətkarları tanımırlar. Xalq musiqisinin
köklərini bilməyən bir insanın ölkəsinin
musiqi mədəniyyətindən, incəsənətindən
xəbəri ola bilməz. Biz peşəkar musiqinin, milli-mənəvi
dəyərlərimizin təbliğatını daha da gücləndirməliyik.
- Azərbaycanda konsert proqramı ilə
çıxış etməyi
düşünürsünüzmü?
- Təəssüf
ki, belə bir dəvət almıram. Hətta, deyərdim ki,
bizim təşkilatın fəaliyyəti ilə bağlı
da laqeydlik görürəm. Məsələn, biz ukraynalı
sənət adamları ilə birgə Azərbaycan musiqilərindən
ibarət ifalar təqdim edirik. Ancaq biz həmin ifalarla indiyə
qədər Azərbaycanda səhnəyə
çıxmamışıq. Hətta repertuarımız
üçün seçəcəyimiz əsərlərin
notlarını Azərbaycandan ala bilmirik.
-
Truskavetsdə noyabr ayında Müslüm Maqomayevin xatirəsinə
həsr olunan ilk beynəlxalq vokal festivalı keçirməyi
planlaşdırırsınız. Təşkilatçılıq
işləri hansı səviyyədədir?
-
Müslüm Maqomayev həmişə mənim kumirim olub. Artıq bir neçə ildir ki, onun adına festival təşkil
edirəm. Truskavetsdə isə belə
bir festival ilk dəfə
keçiriləcək. Bu festivalların təşkil
olunmasında Ukraynada yaşayan azərbaycanlıların,
xüsusən konqresin
rəhbəri Rövşən
Tağıyevin böyük
əməyi var. Ukrayna
dövləti də tədbirlərimizə həmişə
dəstək olub.
Vokal festivalına gəlincə,
bütün dünya Maqomayevi tanıyır.
Nə üçün
biz onun adına vokalistlərin beynəlxalq müsabiqəsini
keçirməyək? Nə
üçün Yurmalada
hər il
festival keçirilir və
dünyada məşhurlaşır,
biz isə Truskavetsdə
belə festivalı keçirib məşhurlaşdırmayaq?
Bunun üçün şəhərdə
hər cür imkan var. Vaxtilə vokalçıların müsabiqəsi
Yaltada keçirilib.
Əgər indi məqsəd Truskavetsi bütün festivalların
mərkəzinə çevirməkdirsə,
nə çün Müslüm Maqomayevin adına festival keçirməyək? Artıq konsertin
konsepsiyası hazırdır.
Elə təkcə Ukrayna ərazisində çox istedadlı vokalistlər
var. Biz Donetsk, Xarkov, Kiyev
konservatoriyalarının müəllimləri
ilə münsiflər
heyətinin seçilməsi
ilə bağlı məsləhətləşmələr aparacağıq. Münsiflər
heyəti Ukrayna ali məktəblərinin
musiqi kafedralarının
ən yaxşı müəllimlərindən və
opera solistlərindən seçiləcək.
Bu, həvəskar müsabiqə olmayacaq.
Hər bir istedadlı və peşəkar vokalist bu müsabiqəyə
qatıla bilər.
Biz bu festivalı
yüksək səviyyədə
həyata keçirmək
niyyətindəyik. Təbii ki,
Truskavets meriyası da təşkilatçılıq
işlərində bizə
kömək etməyə
hazırdır. Hesab edirik
ki, Azərbaycan musiqiçiləri də bu festivala laqeyd
qalmayacaq. Ümumiyyətlə, Truskavetsdə istirahət etməyə çoxlu azərbaycanlılar gəlir.
İnanırıq ki, onlar da bu festivalın
yekun tədbirində fəal iştirak edəcəklər.
Təranə Məhərrəmova
Truskavets
Kaspi 2018.- 3 aprel.- S.12.