Suraxanı rayonunun sosial-iqtisadi inkişafı

 

Görülmüş işlər, real vəziyyət və perspektivlər

 

Paytaxtın cənub-şərqində yerləşən Suraxanı  rayonu 1920-ci ildə təşkil edilib. Suraxanı Abşeron yarımadasında qədim yaşayış məskənlərindən biridir. Sovet dövründə rayon Orconikidze adlandırılıb. Rayon ərazisinin 13 km-i Xəzər dənizi ilə əhatə olunub. Suraxanı rayonu Xəzər, Sabunçu, Nizami və Xətai rayonları ilə həmsərhəddir.

 

Sönməz alov

 

Rayonun Əmircan qəsəbəsində yerləşən "Atəşgah məbədi”nin çox qədim tarixi var. Məbəd atəşpərəstliyin nişanəsi hesab edilir və dövlət tarix-memarlıq qoruğudur. Bu od məbədinin inşası XVII-XVIII əsrlərə aid edilir və təbii qazların çıxdığı sönməz alovların yerində inşa edilib. UNESCO-nun "Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş "Atəşgah” məbədi Bakının 30 kilometrliyində, Abşeron yarımadasında, Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Vaxtilə məbəddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məşhur alim və səyyahlar qalıblar. Qoruq 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib və 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatı gücləndirilib, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılmasına başlanılıb. 2012-ci ilin sentyabrından Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri həyata keçirilib. Burada kütləvi tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. 2015-ci ilin aprelin 26-da "Atəşgah Məbədi" ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının məşəlini alovlandırmaqla, şöləsini dünyaya yaydı. Bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak etdilər.

Yeni Suraxanı qəsəbəsində yerləşən 2 saylı Bərpa Xəstəxanasında kükürdlü su ilə oynaqların, fəqərələrin iltihabı və mübadilə xəstəlikləri müalicə olunur. Zığ qəsəbəsindəki "Duzlu göl” dəri və oynaq xəstəliklərinin müalicəsində faydalıdır. Gələcəkdə bu kimi təbii vasitələrdən istifadə etməklə, müalicə turizmi sahəsində bir sıra uğurlara nail olmaq mümkündür.

 

Azərbaycanın neft və qaz sənayesinin inkişafı tarixi də Suraxanı neft yatağının adı ilə bağlıdır. Dünyada quruda ilk dəfə neft yatağının sənaye üsulu ilə işlənməsinə 1904-cü ildə Suraxanıda başlanılıb. Azərbaycanda ilk dəmir yolu da Suraxanıda salınıb və bu, 1880-ci ilə təsadüf edir. 20 km-lik Bakı-Suraxanı polad magistralı o zamanın texniki tərəqqisi idi. Bu, Bakının neft erasına qədəm qoyduğu bir dövr idi. Neft bumunun fontan vurduğu əsas məkan da Suraxanı torpağı olub. Əmircanlı Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi şəxsiyyətlər savab əməlləri ilə tarixə qovuşublar. Onların elmin, mədəniyyətin inkişafına yönələn xeyriyyəçiliyi, inşa etdirdikləri memarlıq nümunələri tarixdə iz qoyub.

 

Quruculuq işləri

 

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına yönələn diqqət və qayğı nəticəsində, Suraxanı rayonunda son illərdə infrastruktur layihələri uğurla həyata keçirilir. Kommunal və sosial xidmətlərin keyfiyyət baxımından yaxşılaşması, abadlıq işlərinin geniş vüsət alması göz önündədir. Rayonda geniş quruculuq işləri görülüb. Küçə və meydanların, park və istirahət guşələrinin, yaşayış massivlərinin görkəminin daha da gözəlləşdirilməsi insanların müasir tələblər səviyyəsində rahatlığını reallaşdırıb, əhalinin həyat səviyyəsi yüksəlib. Rayonda neft-qaz sənayesi üstünlük təşkil edir, burada üç əməliyyat şirkəti ("Absheron Operating”, "Bahar Energy”, "Suraxanı Oil”) və bu sahəyə bağlı müəssisələr fəaliyyət göstərir. Lakin neft-qaz sənayesi ilə yanaşı, rayonun iqtisadiyyatında digər sahələr də öz töhfəsini verir. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində fərdi maldarlıq təsərrüfatları inkişaf edib. İqtisadi inkişafla yanaşı, rayonda müxtəlif sosial layihələr də həyata keçirilir. Bu baxımdan, ekoloji layihələrin icrasına başlanılan ilk rayonlardan biri də Suraxanıdır. 2010-cu il Azərbaycanda "Ekologiya ili” elan edildi. Bu sahədə bir sıra ekoloji layihələr həyata keçirildi.  Görülən işlər sırasında dövlət başçısının sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən, Bakı şəhərində göllərin, o cümlədən rayon ərazisindəki Bülbülə və Zığ göllərinin təmizlənməsi məsələsi də həllini tapdı.

 

Rayonun ətraf qəsəbələrində bir sıra yenidənqurma layihələri həyata keçirilib. Hövsan qəsəbəsində 9 ədəd çoxmənzilli yaşayış binası təmir edilib, rayonun mənzil-kommunal birlikləri tərəfindən 40-a yaxın çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılıb. Rayon ərazisində 20 "Nümunəvi abad məhəllə” salınıb. Rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən  çox sahədə cari təmir işləri aparılıb. Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Görülən işlər sırasında rayonda 19,2 kilometr  yeni qaz kəməri çəkilib, mövcud xətlər əsaslı təmir olunub. 534 ədəd yeni sayğac quraşdırılıb, 3 ədəd yüksək gərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 1 ədəd yeni KTM, 160 ədəd işıqlandırma dirəyi, 320 ədəd çilçıraq quraşdırılıb, 5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur. Kommunal xidmətlərin göstərilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət mərkəzi” mühüm rol oynayır. Mərkəzin  müasir texniki avadanlıqlarla təchiz edilən xüsusi avtobusları vasitəsilə ötən ilin fevral-mart aylarında Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində vətəndaşlara səyyar formada xidmət göstərilib.

 

Sosial rifah

 

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə də diqqət artırılıb. Belə ki, 8885 nəfər sosial müavinətlə təmin edilib, 1013 ailəyə ünvanlı sosial yardım təyin edilib. Rayonda 1435 yeni iş yeri açılıb. Məşğulluq səviyyəsinin artırılması baxımından yeni iş yerləri yaradılıb. Suraxanıda ötən il fevralın 15-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı ölkə başçısının tapşırığına da xüsusi diqqət göstərilib. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilib. Başqa sözlə, ötən il 15368 nəfər vətəndaşın və 138 kollektivin tibbi müayinəsi reallaşıb. Rayonun mədəniyyət və istirahət məkanlarında vaxtaşırı konsertlər, sərgilər təşkil edilir. Suraxanı eyni zamanda, paytaxtın ən çox park və bağları olan rayonlarından biridir.

 

"Ölkəmizi tanıyaq”

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən "Ölkəmizi tanıyaq” devizi ilə tur-aksiyalar təşkil edilir. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Məqsəd 9-11-ci sinif şagirdləri üçün ölkənin digər bölgələri haqda əyani təsəvvürlərin formalaşmasıdır. Ötən 4 il ərzində 7 istiqamət üzrə 8 tur-aksiya təşkil edilib. Həmin tur-aksiyalarda ümumilikdə 17 min məktəbli iştirak edib. Onların 299 nəfəri isə Suraxanı məktəbliləridir. Ölkənin digər bölgələrindən də Suraxanıya tur-aksiya səfərləri təşkil edilib. Belə aksiyaların iştirakçıları da buradan zəngin təəssüratla ayrılıblar. Son 14 ildə Suraxanıda digər sahələrlə yanaşı, turizm sənayesinin inkişafı istiqamətində də mühüm işlər görülüb. Rahat yollar, istirahət və əyləncə kompleksləri, sağlamlıq mərkəzləri əlbəttə, turistlərin diqqətini çəkməyə bilməz. Təkcə ötən bir il ərzində "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu 30751 nəfər ziyarətçini qəbul edib.

 

Tarixi şəxsiyyətləri

 

Suraxanı bir çox tarixi şəxsiyyətlər yetirib. Azərbaycan ədəbiyyatı və incəsənətinin bir çox görkəmli simaları məhz bu torpağın yetirməsidir. Böyük tarixçi, ədib Abbasqulu ağa Bakıxanov Əmircanda doğulub. Dünya şöhrətli rəssam Səttar Bəhlulzadə, məşhur satirik Səməd Mənsur, şair Tofiq Bayram, tarixçi, akademik Əlisöhbət Sumbatzadə, SSRİ Xalq artisti Mirzağa Əliyev və s. görkəmli şəxsiyyətlər mədəniyyət tariximizin dəyərli simalarıdır.

 

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun da adı tarixə qovuşub. Qarabağ müharibəsi  başlayarkən, Aqarunov cəbhəyə könüllü yazılmışdı. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Lakin Aqarunov könüllü olaraq cəbhəyə yollanmışdı. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper  gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Onun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar, ətraf  sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb. Eyni zamanda, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.

 

İməciliklər

 

Rayon ərazisində ətraf mühitin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, rayonda fəaliyyət göstərən neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib. Neftlə çirklənən 9,8 hektar torpaq sahəsi təmizlənərək istifadəyə verilib, burada qazon və ağaclar əkilib. Suraxanı rayonu ərazisində keçirilən iməciliklər ekoloji vəziyyətin yaxşılaşmasına öz müsbət təsirini göstərib. Bu cür iməciliklərin nəticəsi olaraq, ərazidə 7562 ədəd ağac əkilib.

 

Yeni yaşayış binaları

 

Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması yönündə xeyli işlər görülür. Belə ki, yararsız və ya qəzalı vəziyyətdə olan mənzillər və eləcə də şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binaları və digər obyektlər sökülərək yeniləri inşa edilir. Məsələn, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binaları  tikilir.

 

Zeynəb Əliqızı

 

Kaspi  2018.- 4 aprel.- S.10.