Türk düşüncəsinin əzəmətli
abidəsi
Bütün türklərin eyni
dildə birləşə biləcəyini sübut edən
arqument - “Tərcüman”
Türk dünyasının böyük dühası İsmayıl bəy Qaspıralı (1851-1914) mədəniyyət tarixində misilsiz xidmət göstərmişdir. Onun naşiri olduğu, XIX əsrin sonu, XX əsrin əvvəllərində çapdan çıxan "Tərcüman” qəzeti türk xalqlarının düşüncəsində əzəmətli yer tutur. Bu il aprel ayında "Tərcüman” qəzetinin 135 illiyidir.
"Tərcüman” qəzetini İsmayıl bəy Qaspıralının ən böyük əsəri adlandıran böyük mütəfəkkir Yusif bəy Akçura yazmışdır ki, "Tərcüman” qəzeti otuz ildir məsləyini, fikrini əsla dəyişdirmədən, fasiləsiz davam edir. "Tərcüman” hər nüsxəsində öz məsləyini belə ifadə edir: "Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan "Tərcüman”, müsəlmanlar arasında maarifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq, hər kəs anlayacaq surətdə qələm işlədir”.
Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp Mirzə Fətəli Axundzadəni və İsmayıl bəy Qaspıralını Rusiyada yetişən iki böyük türkçü adlandırmışdır. Mirzə Fətəli Axundzadənin "Azəri Türkcəsində yazdığı özünəməxsus komediyalar, bütün Avropa dillərinə çevrilmişdir. Krımda "Tərcüman” qəzetini çıxaran İsmayıl bəy Qaspıralının Türkçülükdəki prinsipi "dildə, düşüncədə və işdə birlik” idi "Tərcüman” qəzetini şimal türkləri anladığı qədər, şərq türkləri ilə qərb türkləri də anlardı. Bütün türklərin eyni dildə birləşə biləcəyinə, bu qəzetin varlığı canlı bir arqumentdir”.
"Tərcüman”
qəzeti bütün türk xalqlarının maariflənməsinə
çalışmış, onların dilinin,
mədəniyyətinin təbliğinə xidmət etmişdir. Yusif bəy Akçura "Böyük
Türklük” nəzəriyyəsindən
bəhs edərkən İsmayıl bəy
Qaspıralının və "Tərcüman” qəzetinin rolunu yüksək dəyərləndirmişdir.
Bu nəzəriyyəni
gizli bir surətdə
ilk əvvəl meydana
çıxaran, əski Krım xanlarının bugünkü tərk olunmuş
və unudulmuş, adətən dünyadan ayrı və uzaq
kimi yaşayan kiçik paytaxtlarında, həftədə bir dəfə intişar
edən balaca bir qəzet
olmuşdur. Otuz il əvvəl Bağçasarayda
çıxmağa başlayan bu kiçik qəzet
"Tərcüman”dır. "Tərcüman”ın
baş redaktoru və naşiri isə Krım mirzələrindən İsmayıl bəy
Qaspıralıdır. İsmayıl bəy, bütün
türk aləmini göz
önündə tutaraq, ona
görə çalışdı. "Tərcüman”a
görə, Kazan tatarları,
Orta Asiya sartları, tarançılar
filan yoxdur. Bir dinə inanmış, bir dil ilə
danışan türklər
vardır. "Tərcüman”
məhəlli türk
ləhcələrinin üstündə
ümumi bir türk dilinin öyrənilməsini tövsiyə
edir. İsmayıl bəyin Türklüyə
etdiyi böyük xidmətlərdən birincisi,
heç şübhə
yoxdur ki, milli ibtidai məktəblərin
Rusiya türkləri arasında yayılması
olmuşdur.
AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov "Tərcüman” qəzetinin
nəşrinin ilk dövrlərində
Rusiyanın türkdilli
xalqlarının tərəqqisi,
maarifçilik ideyaları
və s. bu kimi məsələləri təbliğ
etdiyi üçün rəğbət
qazandığını qeyd
etmişdir. Alim, qəzetin müsəlmanlar
arasında geniş yayıldığını, nəşrdə
Azərbaycan haqqında
yazıların müəlliflərinin
əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli,
Firudin bəy Köçərli, Ömər
Faiq olduğunu yazmışdır.
İsmayıl bəy Qaspıralının
məşhur araşdırıcısı
Sabri Arıkan "İsmayıl bəy Qaspıralıya görə
"Dildə-Fikirdə-İşdə Birlik” nə üçün şərtdir”
adlı yazısında
onu, gələcəyi
çox yaxşı görmə qabiliyyətli,
səbirli kimi xarakterizə etmiş, çox ehtiyatlı məziyyəti ilə
"Tərcüman”ın bu
dövrədə senzuraya
toxunmadan çapını
təmin etdirdiyini göstərmişdir. İsmayıl
bəy Qaspıralı
1905-ci ildə, bəziləri
buna islahat, bəziləri inqilab deyir,
məşruti idarəyə
keçiddən, bəzi
hürriyyətlərin tanınmasından
sonra zəmin yaradığını görərək,
yazılarında düşüncələrini,
fikirlərini və hazırlanmasını istədiyi
şeyləri daha açıq bir şəkildə yaymağa
başlamışdır. O tarixə qədər rusca çıxardığı
bir səhifəni də ixtisar edərək, bütün
"Tərcüman”ı türkcə
çap etdirmişdir.
İsmayıl bəy Qaspıralı
etmək istədiyini,
ideallarının nə
olduğunu, hansı hədəfə varmaq istədiyini yazılarında
açıqca, dəfələrlə
bildirmiş, israrla anlatmışdır.
Göründüyü kimi, İsmayıl bəy Qaspıralının
dərc etdiyi "Tərcüman” qəzeti müasirləri tərəfindən
yaxşı qarşılanmış
və təbliğ edilmişdir. Bu, öncə
onların da eyni amal, məqsəd
uğurunda çalışmaları,
türk xalqlarının
düşüncə tarixində
böyük xidmət
göstərmələri ilə
əlaqədardır.
Azərbaycanın ictimai xadimi, yazıçı, jurnalist
Cəlil Məmmədquluzadə
(1866-1932) də belə şəxsiyyətlərdəndir. Onun irsinin görkəmli araşdırıcısı, akademik
İsa Həbibbəyli
Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə nəşr olunmuş
"Molla Nəsrəddin”
jurnalında Azərbaycan
xalqı ilə yanaşı, Qafqaz xalqlarının, Avropa və Şərq ölkələrinin həyatı,
milli azadlıq mübarizəsinin əksini
tapdığını qeyd
etmişdir.
Cəlil
Məmmədquluzadə 110 il
öncə - 1908-ci ildə
"Molla Nəsrəddin”
jurnalında dərc edilmiş "Tərcüman”
qəzetinin çapının
25 illiyi münasibətilə
"Milli bayram” adlı məqaləsində, "bir müsəlman qəzetinin
faydalı və səmərəli bir yolda 25 il davam
etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə
görülən bəxtiyarlıqlardan”
olduğunu yazmışdır.
Görkəmli yazıçı
göstərmişdir ki, mətbuat
aləmində 25 il qələm çalan böyük yoldaşımız İsmayıl bəy Qaspıralı həqiqətən bəxtiyardır:
"İsmayıl bəy
25 il çalışıb
min zəhmətlə əkdiyi
toxumun meyvəsini fərəh və şadlıqla görür.
İsmayıl bəyin millətimizə,
insaniyyətə etdiyi
böyük-böyük xidmətləri
burada saymaq bizim üçün çox çətindir.
İsmayıl bəy mahir həkim kimi millətimizin dirilməyini məktəbdə,
maarifin nəşrində
gördü: qüvvətinin
ən çoxunu bu yolda sərf
etdi. Üsuli-cədidəsini, üsuli-cədidə kitablarını Bağçasaraydan
Çinə, Kazandan İrana qədər nəşr etdi”.
XX əsrin əvvəllərində
Türk xalqları arasında sözlər kimi terminlərin də ortaq olmasına,
yəni bütün türklərin ortaq bir ədəbiyyat və elmi dilinin
olması məsələsi
diqqət çəkir. Belə ki,
1926-cı ildə Bakıda
keçirilən Birinci
Türkoloji Qurultayında
öz dillərində
- türkcə, tatarca,
özbəkcə, çuvaşca,
başqırdca, qazaxca
və b. türk dillərində çıxış
edən alimlər bir-birlərinin danışıqlarını
başa düşürdülər.
Bu dövrdə bütün türk xalqları bir-birlərinin
dillərini anlayırdılar.
"Bir qövmü udmaq üçün parçalamaq
lazımdır” mülahizəsini
göstərən Ziya
Gökalp milləti parçalamaq üçün
də öncə onun dilini bölüb
parçalamağın zəruri
olduğunu, bunu edənlərin bəzilərinin
bilərəkdən, bəzilərinin
isə bilmədən
etdiklərini bildirmişdir:
"Türk dili məhz bu yoldan
parçalanmağa, birdən
artıq ədəbiyyatlar
yaranmağa başlandı.
Bu durumun təhlükəsini
duyan Qazi Rzaəddin və Musa Bigiyev əfəndilər kimi türkçülər
yazılarını həmişə
ümumi türkcədə
yazmağa davam etdilər. Krımda çap edilən
"Tərcüman” qəzeti
də ənənəvi
"fikirdə birlik, dildə birlik, işdə birlik” prinsipini sürdürür”.
Sabri Arıkan
İsmayıl bəy Qaspıralının hər
birliyin təməli
və böyük sərmayə kimi dil birliyi məsələsi
üzərində geniş
dayandığını göstərmişdir. Alim fikrini
əsaslandırmaq üçün
"Tərcüman” qəzetinin
"Rusiya müsəlmanlarının
tərəqqisi” adlı
məqaləsini təqdim
etmişdir: "Ümumi
ədəbi dili olmayan millət, millət sayılmır.
Türk övladlarından olan tarançe, sart, özbək, qırğız,
qazax, kumuk, noqay, Azərbaycan və sair tayfalar
türkcə danışdıqları
halda, şivələri
başqadır. Bir-birlərini çətinliklə anlarlar.
Bu hal birləşməyə,
birliyə, bilgilərin,
elmlərin hər kəsə duyurulmasına,
tərəqqiyə, ədəbiyyata,
dostluğa və qaynaşmağa əngəldir.
Buna görə ən
əvvəl və ən ziyadə hamımız üçün
ehtiyac və lüzumlu olan, ümumi dil, ədəbi türkcə dildir. Buyurun, mərhəmət edin qardaşlar, buna ayrıca əzmlə çalışaq.
Bu iş lap o qədər
qalibiyyət deyilsə
də, çarəsi
tapılmaz və müşkül də deyildir. "Tərcüman”
qəzeti Bağçasaraydan
ta Kaşğara qədər oxunduğu, yəni anlaşıldığı
halda, dillə birləşmənin mümkün
olduğuna böyük
dəlildir.
İyirmi
beş ildən
bəri əziz millətimə əldən
gəldiyi qədər
acizanə xidmət etdim. Bu sayədə ən böyük nişan, aldığım
"Təşəbbüs və Sebat” medalıdır. Ömrümün
qalan illərini, dil birliyinə fikir birliyinə və iş birliyinə fəda edəcəyəm”.
İsmayıl bəy Qaspıralının
mədəniyyət tarixindəki
fəaliyyətini yüksək
qiymətləndirən Cəlil
Məmmədquluzadə qeyd
etmişdir: "İndiyə
qədər millətin
ehtiyacını, gələcəyini
haqqı ilə nəzərə alıb ciddi və səmərəli
yolda çalışan,
türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı. İsmayıl bəyin böyüklüyünü, xidmətini
tarix və gələcək bizdən
daha yaxşı tədbir edəcək və
adını qızıl
xətlə yazacaq, bizsiz də o uca mərtəbəsinə
çatacaq.
Beləliklə, İsmayıl bəy
Qaspıralının 135 il öncə dərc etdirməyə başladığı "Tərcüman”
qəzeti türk xalqlarının maariflənməsində,
düşüncəsinin yüksəlişində
əvəzsiz xidmət
göstərmiş, tarixdə
özünəməxsus iz
qoymuşdur.
Aytək
Zakirqızı,
fəlsəfə
doktoru
Kaspi 2018.- 3 aprel.- S.15.