Salam Qədirzadənin ömürdən
keçən günləri
O, yaradıcılığı ilə
Azərbaycan ədəbiyyatında həmişəlik yaz nəfəsidir
Bizim nəslin çox sevdiyi və müntəzəm oxuduğu ədiblərdən biri idi. Kitabları çapdan çıxan kimi satılardı. Sovet dövründə yazıb-yaratsa da, əsərləri quruluşun diktəsindən çox uzaqda qala bildi. Son yazdığı nəsr əsəri "Ömürdən keçən günlər” olub, amma çapını görmək sevincini yaşamayıb. Ömürdən keçən günlərin ona bəxş etdiyi ən böyük mükafat ədəbiyyatda əbədi qalması, onu tanıyanların, oxuyanların qəlbində yaşamasıdır.
Ötən əsrin 50-ci illərində ədəbiyyata gələn yazıçı Salam Qədirzadə o dövr oxucularının böyük maraq göstərdiyi və sevdiyi nasirlərdən idi. Cəmi 64 il yaşamış görkəmli ədibin bu bahar 95 yaşı tamam olur. O, 1923-cü ilin 10 aprelində Bakıda dünyaya gəlib. Uşaqlıq və gənclik dostu, bizim nəsil jurnalistlərin müəllimi Nurəddin Babayev xatirələrində bildirirdi ki, onlar yeniyetmə çağlarında dörd dost olublar. Şıxəli Qurbanov, Bəşir Səfəroğlu, Salam Qədirzadə və Nurəddin müəllim. Onların ağıllarına da gəlməzdi ki, illər keçəcək, bu dostların hər birinin Azərbaycan mədəniyyətində, ədəbiyyatında, ictimai-siyasi həyatında öz yeri olacaq. Şıxəli Qurbanov dövlət xadimi, yazıçı kimi seviləcək. Bəşir Səfəroğlu Azərbaycan səhnəsinin parlaq ulduzuna çevriləcək. Hətta dostu Salam Qədirzadənin tiplərini yaradacaq. Yazıçının povest və romanları minlərlə oxucunun qəlbinə yol tapacaq, seviləcək. Nurəddin Babayev uzun illər jurnalistika fakültəsində dərs deyəcək, əsərləri ilə bədii publisistikaya yeni nəfəs gətirəcək.
Salam Qədirzadənin gəncliyi İkinci Dünya Müharibəsinin odlu-alovlu səngərlərində keçib. Müxtəlif cəbhələrdə faşistlərə qarşı ölüm-dirim mübarizəsində igidlik göstərən bu vətən oğlu, döyüş hünərinə görə üçüncü dərəcəli "Şöhrət" ordeni və 12 medalla təltif olunub. Müharibədən sonra Bakıya qayıdan Salam Qədirzadə ADU-nun filologiya fakültəsinə daxil olsa da, üçüncü kursdan Moskvaya - M.Qorki adına Ədəbiyyat İnstitutuna köçürülüb. O, burada şeir bölməsində təhsil alıb. Bu ali məktəbdə Nəbi Xəzri, Əli Kərim, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov, Salam Qədirzadə birgə oxuyublar. Belə bir fakt da var ki, yataqxanada yer olmadığından, azərbaycanlı tələbələr yazıçı A.Fadeyevin Moskva kənarındakı bağ evində qalıblar. Xalq şairi Səməd Vurğun da Moskvaya yolu düşəndə tələbələrə baş çəkər, onların dərd-səri ilə maraqlanar, bəzən də restorana aparıb qonaqlıq verər, nəyə ehtiyacı olduqlarını öyrənər, ciblərinə pul qoyar, hətta qışda birinə şərfini, birinə paltosunu, birinə də papağını bağışlayarmış... Salam Qədirzadə şairin bu xeyirxahlığını həmişə minnətdarlıqla xatırlayardı. Tale elə gətirdi ki, həyat yoldaşını da elə bu institutda təhsil alan qızların arasından tapdı Salam Qədirzadə.
Onun ilk əsəri 1948-ci ildə "Pioner" jurnalında işıq üzü görən "Oqtay" adlı hekayəsi olub. Həmin vaxtdan ömrünün sonuna kimi dövri mətbuatda müntəzəm çıxış edən Salam Qədirzadənin ictimaiyyət arasında ədəbi nailiyyəti, oxucular tərəfindən çox sevilən, haqqında tənqidçilərin xoş sözlər dediyi "Qış gecəsi" romanı isə böyük müvəffəqiyyət qazandı. Bu roman bir yaz nəfəsi kimi gəncliyin mənəvi dünyasına yol tapdı. Burada gənclərin sosial həyatları ilə bağlı mətləblərə toxunulurdu. Müharibədən sonrakı gənclərin arzularından, xüsusilə də kolxozda çalışanların həyatından bəhs edilirdi. O dövrdə gənclərin ən çox oxuduğu, müzakirə etdiyi, mübahisəyə, bəzən də tənqidə məruz qalan yazıçılardan biri idi Salam Qədirzadə. Müəllifin "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar", "Ulduzlar sayrışanda" kitabları əl-əl gəzərdi. Bu əsərlərin adları, təsvir olunan hadisələr, mövzunun əlvanlığı, gənclərin duyğu və düşüncələri o qədər səmimi, şirin və təsirli dillə qələmə alınmışdı ki, kitabı əlinə alan kəs ondan ayrıla bilmirdi. Salam Qədirzadə oxunan və sevilən yazıçı idi. Yazıçı üçün də oxucu rəğbəti və məhəbbəti qazanmaq ən böyük mükafatdır. Çünki yazıçının canı elə oxucudadır. Onu yaşadan da oxucudur. Salam Qədirzadənin əsərlərinin həyatiliyinə, inandırıcılığına, təbiiliyinə, qəhrəmanlarının reallığına heyran olmamaq mümkün deyildi. "Ülkər Aytəkin", "46 bənövşə" povestlərini oxuduqca adama elə gəlirdi ki, hər gün rastlaşdığı, ünsiyyət bağladığı yüksək duyğulu, dəyanətli, mətanətli insanlarla görüşür. O dövrdə Azərbaycan ədəbiyyatında güclü ənənəyə malik olan hekayə janrının bir növ zəifləməsi, seyrəlməsi hiss olunurdu. Hətta vaxtilə gözəl hekayə müəllifləri olan nasirlər də sanki bu janrda yazmağı unutmuşdular. Bax, belə bir vaxtda Salam Qədirzadənin hekayələrdən ibarət kitabları bu solmuş gülüstana yeni həyat gətirdi. "Mənim ceyranlarım", "Həyat lövhələri", "Hekayələr", "Bir qız bir oğlanındır", "Təbəssümün mükafatımdır" və başqa əsərləri insanları həm güldürdü, həm də düşündürdü. Salam Qədirzadə yumoristik üslubda hekayələr, dramlar yazan müəllif idi. Elə bu baxımdan da Azərbaycan teatrları onun yaradıcılığına tez-tez müraciət edir, dramlarına səhnə həyatı verirdilər. Xüsusilə də komediyaları rejissorların diqqətini çəkirdi. Bakının, Gəncənin, Naxçıvanın, Dağıstanın, Şəkinin teatr səhnələrində tamaşaya qoyulmuş "Şirinbala bal yığır", "Hardasan, ay subaylıq", "Həmişəxanım", "Gurultulu məhəbbət", "Gözəllik ondur" kimi komediyaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Salam Qədirzadə cəmiyyətdəki qüsurları gülə-gülə islah etməyi bacaran yazıçı idi.
Onun mətbuatımızın inkişafında da böyük xidmətləri olub. 1952-1953-cü illərdə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib vəzifələrini daşıyıb. Salam Qədirzadə uzun müddət "Kirpi" satirik jurnalında məsul katib, baş redaktor vəzifələrində çalışıb. Yazıçı və jurnalist kimi sovet nümayəndə heyətinin tərkibində İtaliya, Fransa, Yunanıstan, Rumıniya, Finlandiya, Belçika, Türkiyədə səfərlərdə olub. O zaman Azərbaycan yazıçısının çox sayda xarici ölkədə olması hər kəsə qismət deyildi. Səfərdən sonra Salam Qədirzadənin qələmə aldığı təəssüratlar müxtəlif mətbuat orqanlarında dərc edilərdi. Yazıçının müşahidələri ya hekayə, ya da məqalə və oçerk vasitəsilə oxuculara çatdırılardı. Salam Qədirzadənin əsərləri, eyni zamanda keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Sağlığında 18 kitabı işıq üzü görən Salam Qədirzadənin son əsəri "Hər gün ömürdən gedir" adlanır. Keçirdiyi ağrı-acılar sanki yazıçıya həyatdan tez gedəcəyini agah etmişdi. Bütün yarımçıq işlərinə əl gəzdirərək, yazılarını tamamlamağa çalışarmış. Təəssüf ki, "Hər gün ömürdən gedir" kitabının çapını görmək ona qismət olmayıb. Həmişə deyib-gülən, şən ovqatlı, oxucularına da gülüş dolu əsərlər bəxş edən Salam Qədirzadə üç dəfə insult keçirib. Dünyaya "əlvida" dediyi gündən 26 il ötür. Adını çəkdiyimiz və çəkmədiyimiz əsərləri isə yazıçını yaşatmaqdadır. Salam Qədirzadə yaradıcılığını sevən bir oxucu kimi düşünürəm ki, biz belə unudulmaz yazıçıların əsərlərinin gələcək nəslə təbliği sahəsində üzərimizə düşən vəzifələri ləyaqətlə yerinə yetirməliyik. Bu missiyanın birinci yolu kimi yazıçının seçilmiş əsərlərinin latın qrafikası ilə çapı çox vacibdir. Çünki oxucular "Sarmaşıqlı aynabənd", "Şərəfnisə qışqırır", "Başabəla Paşabala", "Burada insan yaşamışdır", "Qar üstə qızılgül", "Sən olmasaydın", "Sevginin ünvanı ürəkdir" və s. əsərləri mütləq oxumalıdırlar.
Azərbaycan nəsrində öz imzasını bitkin əsərləri ilə əbədiləşdirən Salam Qədirzadə repressiyanın, müharibənin, quruluşun dəhşətini görmüş, acılarını yaşamış, dəfələrlə haqsızlıqla üzləşmiş qələm sahiblərindən biri idi. Belə bir fikir var ki, güldürməyi, gülə-gülə düşündürməyi bacaran sənətkarlar həmişə ən çox qəm çəkən, içində dərd gəzdirən və az yaşayan olurlar. Amma onların əsərləri həmişə gələcəyə doğru inamla addımlayır. Salam Qədirzadə də bu qismətdən uzaq düşmədi. Povest, roman, hekayə və dramları ilə Azərbaycan ədəbiyyatında həmişəlik yaz nəfəsidir!
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
Kaspi 2018.- 7-9 aprel.- S.7.