Kamran Əliyev – 65  

 

Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, professor, Kamran Əliyevin 65 yaşı tamam olur. Görkəmli alim haqqında ziyalıların fikirlərini təqdim edirik:

Fəal elmi müzakirələrdə iştirak edən ədəbiyyatşünas alim

 

 Professor Cəfər Cəfərov

 (Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru)

 

 

 AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Kamran Əliyev 70-ci illərin sonu və 80-ci illərdən etibarən elmi-bədii yaradıcılığa başlamış, müasir ədəbiyyatşünaslıq elmimizin tərəqqisində, ədəbi tənqidimizin inkişafında, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığının tədqiqində fəal iştirak edən çoxcəhətli bir istedad sahibidir. O, elmi fəaliyyətinin bütün dövrlərində ədəbi tənqid sahəsində öz sözünü demişdir. Bədii yaradıcılıqla yanaşı, ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsində də ardıcıl və səmərəli işləmiş, romantik üslubun tədqiq edilib öyrənilməsində, klassik irsimizin, folklorumuzun mühüm ədəbi-ictimai problemlərinin işıqlandırılmasında böyük əmək sərf etmişdir.

 Romantik üslubun tədqiqatçısı kimi Kamran Əliyevin yaradıcılığı çoxcəhətli olduğu kimi, həm də çoxsahəlidir. O, demək olar ki, romantizmin və romantik cərəyanla bağlı nəzəri problemlərin əsas müddəaları haqqında professional mühakimələr yürütmüşdür. Biz həqiqi tədqiqatçıya xas olan bir qisim keyfiyyətləri Kamran Əliyevin yaradıcılığında görürük. Bu mənada Kamran Əliyevin ədəbiyyatımızın müxtəlif məsələlərinə həsr olunmuş külli miqdarda məqalələrinin əhəmiyyətini, filologiyamızın inkişafındakı rolunu azaltmadan deməliyik ki, Azərbaycan romantik ədəbiyyatının əsas simaları bu görkəmli tədqiqatçının yaradıcılığında mərkəzi mövqedədir. Azərbaycan romantik ədəbiyyatının elə bir mühüm və ciddi hadisəsi yoxdur ki, Kamran Əliyev tədqiqatının maraq dairəsindən kənarda  qalsın. Kamran Əliyev XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri haqqında ciddi yaradıcılıq söhbətinə də məhz həmin dövrün poetik təcrübəsinin ümumiləşdirilməsindən başlamışdır. Təqdirəlayiq haldır ki, Kamran Əliyev öz dəyərli əsərlərində Azərbaycan romantiklərinin poetikası ilə bağlı mühüm məsələlər qaldırır, onların əsas yaradıcılıq simasını meydana çıxarmağa çalışır, ədəbiyyatımızda romantizm poetikasının köklü problemlərini izah edir, ona konkret və aydın elmi-nəzəri münasibət bildirir.

 Kamran Əliyev romantik ədəbiyyatımız haqqında silsilə məqalələrlə, fundamental monoqrafiya və kitablarla çıxış edir, ədəbi cərəyanların əsas meyllərini, axtarışlarını sənətkarlıq kimi geniş və əhatəli şəkildə mənalandırır. O bu müqəddəs missiyanı indi də uğurla davam etdirir.

 Kamran Əliyev XX əsr Azərbaycan romantiklərinin, onların görkəmli nümayəndələrinin yaradıcılıq simasını və poetik axtarışlarının səmərəli nəticələrini dərindən təhlil edir, bədii mətnlərin professional tədqiqini yüksək səviyyədə tamamlayır. Müəllifin Azərbaycan romantizminin inkişaf yolu haqqında tədqiqat əsərləri və onun bir peşəkar ədəbiyyatşünas kimi ədəbiyyatımızın yaradıcılıq problemləri ətrafındakı fikirləri bir məsələni dəqiqliklə söyləməyə əsas verir: Kamran Əliyev fəal elmi müzakirələrdə iştirak edən ədəbiyyatşünas alimdir.

 Kamran Əliyevin ədəbiyyatşünaslıq və romantik ədəbi irsimizin, folklorumuzun öyrənilməsi sahəsində səmərəli, məhsuldar və tükənməz enerji ilə işlədiyinin canlı şahidiyik. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri dahi Hüseyn Cavid haqqında ən sanballı tədqiqat əsərləri də məhz Kamran Əliyevin qələmindən çıxmışdır. "Hüseyn Cavidin şəxsiyyəti və poetikası”, "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”, "Cavid möcüzəsi”, "Hüseyn Cavidin həyatı və yaradıcılığı” kimi dəyərli tədqiqat əsərləri alimin həmin mövzu üzərində böyük və gərgin əməyinin nəticəsidir. Bu misilsiz elmi tədqiqatlar bir daha göstərir ki, Kamran Əliyev maraq dairəsi, tədqiqat imkanları geniş olan ədəbiyyatşünaslarımızdandır. "XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri”, "Azərbaycan romantizminin poetikası”, "Azərbaycan romantizminin nəzəriyyəsi”, "Romantizm və folklor”, "Òåîðèÿ Àçåðáàéäæàíñêîãî ðîìàíòèçìà”, "Abbas Zamanov olmasaydı”, "Eposun poetikası: Dədə Qorqud və Koroğlu”, "Tənqidin poetikası” və s. monoqrafiyaları onun bu sahədəki fəaliyyətinin ən mənalı hissələrindəndir.

 Kamran Əliyevin tərcümeyi-halı ilə bağlı bu faktlar çox şey deyir: 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1976-1979-cu illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub, 1980-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib. Deməli, gənclik illərindən başlayaraq elmin içərisində olub.

 Kamran Əliyev Azərbaycan elmi cəmiyyətində tanınan və seçilən ədəbiyyatşünas alimdir. O, müxtəlif şuraların, birliklərin ən fəal üzvüdür. Kamran Əliyev Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının, Folklor İnstitutunun Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi filologiya sahəsinin alimləri tərəfindən qəbul olunur, dəyərləndirilir.

 Kamran Əliyev təcrübəli filoloq-ədəbiyyatşünasdır. O, müxtəlif illərdə orta məktəbdə, liseydə və ali məktəbdə dərs demişdir. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiridir. Azərbaycan Universitetinin professorudur. Kamran Əliyevin xidmətlərinə dövlətimiz tərəfindən verilən qiymət bizi məmnun edir və razı salır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə ona Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi” fəxri adının verilməsi elmə xidmət edənlərə olan qədirbilənlikdir. Eyni zamanda Kamran Əliyevin AMEA-nın müxbir üzvü seçilməsi onun zəhmətinin nəticəsidir.

 Kamran Əliyev ömrünün 65-ci baharına qədəm qoydu. Yaşın üstünə yaş gəldi. Kamran müəllim 65 yaşın içərisində yenə də gənclik enerjisi ilə kitablarını, məqalələrini yazır, elmi-pedaqoji fəaliyyətini davam etdirir. Onu 65 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Kaspi  2018.- 7-9 aprel.- S.16.

 

 

 Cəlal Qasımov

 Filologiya üzrə elmlər doktoru, professor

 

 Müdrikliyin zirvəsində

 

 Azərbaycanın ictimai ədəbi və mədəni həyatında özünəməxsus yeri və rolu olan görkəmli alimlərimizdən  biri də Professor Kamran Əliyevdir. Onun yazdığı hər bir əsəri yalnız ədəbiyyatşünaslıq sahəsində deyil, bütövlükdə mədəniyyət  sahəsində böyük bir hadisədir.

 Kamran Əliyev görkəmli dramaturq Hüseyn Cavidə, Mollanəsrəddinçi ədiblərə, romantik  şairlərə, ayrı – ayrı görkəmli tənqidçilərə və müasirləri olan gənc  alimlərə həsr etdiyi məqalələr bu qəbildəndir.

Kamran müəllim elmi əsərlərində faktı təqdim etməklə kifayətlənmir, əksinə onun elmi nəzəri təhlilini verir və müasir elmi dövriyyəyə gətirir. Və yaxud da o problemi göstərməklə kifayətlənmir, əksinə mövcud problemi elmi-nəzəri  təhlil edərək, onların həlli yollarını göstərir.

 Kamran Əliyevin elmi yaradıcılığının gücü mövcud faktları elmi təfəkkür süzgəcindən keçirərək, müasir elmi nəaliyyətlərin daha doğrusu  şərq və qərb mədəniyyətlərinin vəhdətində vermək bacarığında və ən başlıcası güclü məntiqindədir.

 Professor Kamran Əliyev hazır stereotiplərdən oturuşmuş sovet düşüncə tərzini mütləq həqiqət hesab edən alimlərdən deyil, əksinə  hazır qəlibləri  dağıdan, yeni düşüncə tərzi ilə seçilən görkəmli alimlərdəndir. Məsələn, atdan danışan alim, onun hamıya məlum cəhətlərindən danışır və naməlum tərəflərinə işıq salaraq göstərir ki, əgər əruzun yaranması ilə bağlı məsələlərdə dəvə və onun davranışı arasında bir harmoniya varsa, bizim milli poeziyanın, eləcədə heca vəzninin yaranması arasında bir harmoniya vardır. Kamran Əliyev iddialarında tamamilə  haqlıdır. Çünki dəvə ərəbin yaşam tərzində mühüm rol oynadığı kimi at da türkün ictimai siyasi və ədəbi həyatında təsirsiz qalmamışdı. Heç kəsə sirr deyildir ki, o, geniş yaradıcılıq diapazonuna malikdir. Belə ki o, yalnız elmi yaradıcılıqla məşğul olmur, eyni zamanda bədii publisistik yaradıcılıqla  da məşğul olur. Onun "Sədərək döyüşləri” əsəri vətən uğrunda mübarizə aparan şəhidlərimizə sözdən ucaldılmış abidədir. Yazıçının hekayə və povestləri isə həyat həqiqətlərini, bəlkə də belə demək daha doğru olar, həyatın özünün bədii təqdimatıdır.

 Alim və yazıçı Kamran Əliyevin alimliyindən və yazıçılığından ucada duran bir mühüm xüsusiyyəti də vardır ki, o da onun insanlığıdır. Fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, Kamran müəllim böyük hərflə yazıla biləcək alim, böyük hərflə yazıla biləcək yazıçı, böyük hərflə yazıla biləcək insan və yüksək mənəvi əxlaqi dəyərə malik olan, müdrikliyin zirvəsində dayanan şəxsiyyətdir. Elə böyük ədəbiyyatı da, böyük şəxsiyyətlər yaradır. Mən müasirimiz olan bu canlı klassiki doğum günü münasibəti ilə təbrik edir, milli-mənəvi təfəkkürümüzün inkişafına təkan verən yaradıcılıq yolunda uğurlar diləyirəm.

 

 

 Çapar Fərid Kazımlı

 (müstəqil araşdırıcı)

 

 Professional dəst-xətə malik alim

 

 

 1982-ci ilin şaxtalı yanvar günlərindən biri idi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin digər fakültələrində olduğu kimi, filologiyasında da qış imtahan sessiyası davam edirdi. Növbəti imtahanımız "XX əsr Azərbaycan ədəbiyyatı” fənnindən idi. Bu fənnin mühazirə və seminarlarını professor Xeyrulla Məmmədov apardığından imtahanı da o götürürdü. Növbə mənə çatanda bəxtimə düşən bileti götürüb fikirləşmək və qeydlər aparmaq üçün tələbələrə ayrılmış stulların birində əyləşdim. Suallarımdan birincisi "Hüseyn Cavidin dramaturgiyasında romantik qəhrəman” adlanırdı. Bir qədər qeydlər edib suallara cavab vermək üçün Xeyrulla müəllimin qarşısında əyləşib danışmağa başladım. Danışdıqca həmişə zəhmli görünən, tələbələrin sevimlisi bu müəllimin sifətində sanki bir təbəssüm yaranır, deyəsən sevinirdi. Qəflətən danışığımı saxlatdı və soruşdu:

 – Bunları haradan oxumusan?

 – "Qobustan  jurnalında dərc olunmuş Kamran Əliyevin "Hüseyn Cavid dramaturgiyasında romantik qəhrəman” məqaləsindən – dedim.

 – Ayağa qalx, qiymət kitabçanı ver – dedi.

 

 

 

 İkinci və üçüncü sualları soruşmadan mənə "əla” yazdı və əlavə etdi ki, Kamran Əliyev istedadlı tədqiqatçıdır, gələcəkdə o çox böyük Cavidşünas olacaq, onu mütaliə etməkdə davam elə!

 O vaxtdan həm Xeyrulla müəllimə, həm də məqalə müəllifi Kamran Əliyevə böyük məhəbbətim, hüsn-rəğbətim yarandı və Kamran müəllimin yaradıcılığının izinə düşdüm, bu istedadlı tədqiqatçının "Kommunist”, "Ədəbiyyat və incəsənət”, "Azərbaycan müəllimi”, "Bakı”, "Azərbaycan gəncləri”, "Sovet kəndi” və s. qəzetlərində, "Ulduz”, "Azərbaycan, "Müxbir”, "Qobustan”, "Mədəni-maarif işi”, "Təşviqatçı”, "Azərbaycan kommunisti” və s. jurnallarında vaxtaşırı dərc etdirdiyi çoxsaylı və müxtəlif səpgili məqalələrini acgözlüklə oxudum. Kamran Əliyev haqqında ilkin təəssüratı məndə sevə-sevə oxuduğum məqalələri yaradıb.

 Cəbrayıl rayonu erməni vandalları tərəfindən işğal olunduqdan sonra biz də ailəliklə Bakıya köçməli olduq. Çoxsaylı məqalə və kitablarından tanıdığım bu görkəmli alimi mənimlə istəkli dostum, tarix üzrə fəlsəfə doktoru Maarif Xalıqov əyani olaraq tanış etdi. Həmin gün sevincimin həddi-hüdudu olmadı. Bu tanışlığımız ailəvi dostluğa çevrildi. Özü bütöv, sözü bütöv, danışığı təmkinli, hərəkətləri ağır, baxışından nur, gül, çiçək yağan, mənəviyyatı zəngin, dostluğa sədaqətli, istedadlı alim, bacarıqlı pedaqoq, elmi məntiqi ilə adamı heyran edən bu ziyalının elmi, ədəbi-bədii yaradıcılığı, zənnimcə, xüsusi tədqiqata layiqdir.

 Filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm xadimi Kamran  Əliyevin 65 illik ömür yolunda qazandıqlarının mənəvi çəkisi olduqca ağır və sanballıdır. Bəli, ömrünün 50 ildən çoxunu Azərbaycan ədəbiyyatşünas-lığının inkişafına sərf etmiş bu istəkli dostumun 65 illik yubileyini eşidəndə mən də ürəkdən sevindim. Professional dəsti-xəttə malik, poetik və ictimai fikir tariximizin ayrı-ayrı maraqlı, lakin nisbətən az öyrənilmiş səhifələrini araşdıran və araşdırmaqda davam edən bu cəfakeş alimin 65 yaşına mübarək deyir, 100-nə salam göndərirəm!

 

 Hazırladı: Aysu Kərimova

0