“ALMA – 2018” mükafatının qalibi
"Astrid Lindgren Memorial Award” (ALMA) 2018-in qalibi
amerikalı yazıçı
Cekuelina Vudson oldu. İki ildən
bir verilən mükafat bu il Nyu-York
ştatına yola salındı. Mükafatın
rəsmi internet ünvanında
yer alan
xəbərdə bildirilir
ki, uşaq və yeniyetmə ədəbiyyatının ən
yaxşı nümunələrinin
müəlliflərinə təqdim
olunan mükafatın builki qalibi də
30-dan çox roman, şeir
və şəkilli hekayə kitabının müəllifidir.
Vudson Amerikada ən
çox oxunan uşaq ədəbiyyatı
yazarıdır. Ona dünya
şöhrəti qazandıran
kitabı "Qəhvəyi
saçlı qızın
xəyalları” ("Brown girl dreaming”) Vudson üçün həm də janrı üzrə işıq üzü görən nümunələrə
verilən ən nüfuzlu mükafata yol açdı. Martın 27-də
mükafat uğrunda mübarizəyə "Başqa
Bruklin” ("Another Brooklyn”) kitabı ilə qoşulmuş müəllif
qalib elan edildi.
Ənənəyə uyğun olaraq,
mükafatın qalibi və ya qalibləri
üçün nəzərdə
tutulan məbləğ
5 milyon İsveç kronudur (613 min dollar – red.). Cekuelina Vudson mükafatın ən şanslı qaliblərindən sayılır,
çünki builki seçimdə onun şəriki yoxdur. Uşaqların yumşaq ünsiyyət
dilini, danışmadıqları,
lakin gördüyümüz
hekayələrini, duyğularını
bütün zənginliyi,
rəngləri və dərinliyi ilə çatdıra bildiyi üçün bu mükafata layiq görülən Vudson mükafatlandırma mərasimində
"kədər və
ümid arasında bölünmüş gündəlik
reallıqların özünəməxsus
poetik notlarla çatdırmağın öhdəsindən
uğurla gəlmiş”
müəllif kimi təqdim olunub.
Vudsonun yazdıqlarına üstünlük qazandıran
əsas nüanslardan biri də hekayələrin,
adətən, bir qəhrəmanın dilindən,
xüsusilə də,
qadın qəhrəmanın
dilindən çatdırılmasıdır.
Onun balaca, yeniyetmə qəhrəmanları böyüklərin
duyğularını, düşüncələrini,
davranışlarını müşahidə edir, onları səhvə-düzə
bölür. Vudson müəyyən
yaş qrupunun altında olan bir auditoriya üçün yazsa da, rasizm, dini
ayrı-seçkilik, iqtisadi
sinifləşmə, sosial
uzaqlaşdırma, cinsi
fərqliliyin mahiyyəti
kimi dərin mövzulara toxunmaqdan da boyun qaçırmır,
bu mövzuları oxucu sinfinin dilinə, tərzinə uyğun işləyir.
Mükafat və qalib haqqında ətraflı məlumatı fondun rəsmi səhifəsindən
"www.alma.se/en”əldə
edə bilərsiniz.
Elcan
Salmanqızı
Kaspi 2018.- 7-9 aprel.- S.24.