Mədəniyyətlərarası dialoq,
plüralizm və mədəni müxtəliflik
Aktual sosial-fəlsəfi problem kimi öyrənilən multikulturalizm, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik anlayış və ifadələri müasir sosial-ictimai, siyasi düşüncədə mühüm yer tutmaqla, intellektual leksikonda geniş istifadə olunmaqdadır. Qeyd edim ki, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik anlayışlarının sosial-mədəni və ictimai-siyasi mahiyyəti rəsmi və yekun olaraq Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilərək "Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab”da müəyyən edilmişdir. "Ağ kitab”da "mədəniyyətlərarası dialoq qarşılıqlı anlaşma və ehtiram əsasında müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə və irsə malik fərdlər və qruplar arasında mövcud olan açıq və səmimi fikir mübadiləsini əhatə edən proses kimi başa düşülür. O, başqalarının fikirlərini dinləmək istəyi və bacarığını tələb etdiyi kimi, özünü ifadə etmə sərbəstliyi və qabiliyyətini də tələb edir. Mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial, mədəni və iqtisadi inteqrasiyasına və birləşməsinə imkan yaradır”. (Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab. (Strasburq, 7 May 2008-ci il)) Qəbul etməliyik ki, açıq şəkildə ifadə və izah edilən sözügedən anlayışlar burada pasportlaşdırılır. Lakin, mahiyyət, prosesin özü bir qədər dərindədir. Belə ki, mədəniyyətlərarası dialoq, multikulturalizm əvvəldən mövcud olan, ancaq problem kimi müasir qloballaşma tendensiyalarına müvafiq olaraq meydana gəlmişdir. "Qloballaşma – zaman və məkanı görünməmiş ölçüdə sıxışdırıb. Telekommunikasiya və mətbuatda inqilablar – xüsusən, İnternet kimi yeni kommunikasiya xidmətlərinin meydana gəlməsi – milli mədəni sistemləri get-gedə dərmə-deşik edib. Nəqliyyat və turizmin inkişafı mədəniyyətlərarası dialoq üçün get-gedə daha çox şərait yaradaraq həmişəkindən çox sayda insanın qarşılıqlı əlaqəsini təmin edir.” (Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab) Qloballaşan, bir başqa mənada kiçilən dünyada sivilizasiya isə mövcud yüksək texniki imkanlara baxmayaraq özünün ən keşməkeşli ruhi böhran dövrünü yaşayır. Qlobal informasiya məkanının formalaşması və informasiyanın sürətli axını nəticəsində ənənəvi milli sərhədlər dağılmış, elmi texniki tərəqqi məngənə effekti yaradaraq dünyanı daha da kiçiltmiş və müxtəlif mədəniyyətləri iç-içə yaşamağa sövq etmişdir. Bir tərəfdən əldə edilən elmi-texniki nailiyyətlər insanın komfort, təhlükəsiz həyat şərtlərinə xidmət etsə də, digər tərəfdən bəşəriyyəti təbii, sosial və mənəvi böhran, kataklizmlərlə qarşı-qarşıya qoymuşdur. Kiçilən dünyada iç-içə yaşayan müxtəlif mədəniyyətlər multikulturalizm mühitini yaratmaqla yanaşı, onların toqquşmasını qaçılmaz etmişdir. Belə bir şəraitdə sivilizasiyanın, bəşəriyyətin gələcəyi naminə yeni dövrün çağırışları məhz mədəniyyətlərarası dialoq və plüralizmdir.
İndi sivilizasiya adının nə
olmasından (Mədəniyyətlərin toqquşması,
çarpazlaşması, mübarizəsi, inteqrasiyası və
s.) asılı olmayaraq ümumən ruhi böhran
halını yaşayır. Ruhu böhran
"Ruhun parçalanması, onun böhranı əslində
həyat və düşüncə tərzinin, insanlar
arası münasibətlərin, insanın və cəmiyyətin,
bütövlüklə həyat və fəaliyyətin, mənəviyyatın,
ictimai şüur formalarının, mədəni, etik, estetik
dəyərlərin öz məcrasından
çıxması, patologiyaya məruz qalması deməkdir”.
(İsmayılov F. Müqəddəs od,
yaxud fəlsəfənin fəlsəfəsi. 2015) Mövcud
normalar sistemi, etik əxlaqi dəyərlər təzyiqlərə
tab gətirməyərək parçalanır və ya dəyişikliklərə
məhkum olur. Bəzən belə bir fikir
formalaşdırılır ki, Qərb mədəniyyəti
digər mədəniyyətləri əridərək öz mədəni
prinsiplərini diktə edir. Lakin, indiki dövrdə ən
qapalı müxtəlif cəmiyyətləri (hətta ən
mühafizəkar milli-dini etnik qruplar) ümumi sivilizasiyadan və
mədəniyyətdən ayrı təsəvvür etmək
mümkün deyil. Belə ki, müxtəlif mədəniyyətlərin
qarşılıqlı təsiri nəticəsində, sosial təcrübəni
bərpa edən, cəmiyyətin inkişafının hər
bir mərhələsində onun ardıcıl şəkildə
ötürülməsini təmin edən sabit strukturlar kimi
başa düşülən mədəni paradiqmalar dəyişilir.
Paradiqmaların dəyişilməsi nəticəsində isə
sivilizasiyanın özü qlobal dəyişikliklərə məruz
qalır. Bu
sistemli-dairəvi prosesdir. Tomas Kunun "Elmi
inqilabların strukturu” (Òîìàñ Êóí. Ñòðóêòóðà íàó÷íûõ ðåâîëþöèé. Ìîñêâà, 1977)
adlı kitabında "normal elm” və "elmi inqilablar”
haqqında fikirlərini sivilizasiyaya transformasiya etdiyimiz zaman
deyə bilərik ki, qarşıya çıxan problemlər
mövcud paradiqmalar çərçivəsində həlli
mümkünsüz olduqda köhnə paradiqma dağılaraq
yerini yeni paradiqmaya verir. Yeni paradiqma isə – yeni sivilizasiya, yeni mədəniyyət,
yeni cəmiyyət və nəhayət yeni normalar sistemidir.
Müasir dövrdə sosial-mədəni, hərbi-siyasi,
ictimai-iqtisadi böhranların yaşanması, əslində,
mövcud normalar sisteminin, beynəlxalq qanunların işləməməsinin
nəticəsidir. Yeni paradiqma, yeni normalar sistemini tələb edən
tarixi proses indi özünün elə bir mərhələsini
yaşayır ki, ümumən qlobal dəyişikliklər
fonunda prosesin özünə əvvəllər mövcud
olmayan gözlə baxılmasını tələb edir. Bu baxımdan yeni sivilizasiyaya keçidin
labüdlüyünü dərk edərək cəmiyyətin
terapiyası, yeni baxış bucağı məhz mədəniyyətlərarası
dialoq, plüralizm və mədəni müxtəlifliyə
tolerant münasibətdə əksini tapır. Beləliklə müasir dövrdə ağlabatan,
sağlam cəmiyyətin qurulmasına gedən yolun
konturları sağlam cəmiyyətin qurulmasından
keçir.
Hələ ötən əsrin əvvəllərindən
başlayaraq bir çox mütəfəkkirlərin
ictimai-siyasi görüşlərində sivilizasiyanın yeni
mərhələyə keçidi ilə bağlı fikirlər
yer almağa başlamışdır. Belə mütəfəkkirlərdən
biri alman filosof-sosioloqu Yurqen Habermas fəlsəfi
düşüncələrini ağlabatan cəmiyyətin
formalaşdırılması istiqamətə yönəltmiş,
fəlsəfi sistemini qurarkən rasionallıq, etika və
azadlıq anlayışlarına kommunikasiya
anlayışını əlavə edir və mədəni
birliyin universal əsasında kommunikasiya
anlayışını irəli sürürdü. Habermas müxtəlif
cəmiyyət və siyasi sistemlərin ortaq məxrəcini
axtararaq cəmiyyətin düzgün, ağlabatan idarə
olunma sistemini təklif edir və burada diskussiyanın önəmini
xüsusi vurğulayırdı. Eyni zamanda
qloballaşmanın xeyirdən daha çox zərər gətirdiyini
düşünən, bundan isə dönüşün
mümkün olmadığını anlayan Habermas hesab edirdi
ki, qloballaşan cəmiyyətdə ən aparıcı faktor
dialoqdur. Müxtəlif mədəniyyətlər,
qruplar arası münasibətlərin,
qarşılıqlı anlaşma və konsensusu məhz
dialoqdan keçir. Müasir dövrdə
dialoqun faydası yalnız uzlaşma ilə bitmir o,
sözün əsl mənasında, özgə dəyərlər
və etiqadlar haqqında dözümlü münasibət və
daha aydın fikir yaratmağa kömək edir. Vətəndaş cəmiyyətinin kökündə
dayanan dialoq bəşəriyyətin kəşfi onun
nicatıdır. Dialoqa alternativ olan siyasi
repressiya, siyasi və mədəni-ictimai ayrı-seçkilik və
digər qeyri-bəşəri aktlardır. Dialoq vasitəsilə müxtəlif qruplar
arasında müzakirələr nəticəsində
güclü qruplar qalib gələrkən, həmin
qrupların öz mənafelərini müdafiə etməsi ilə
əlaqədar olaraq, digər fundamental məsələlərin
açıq müzakirəsindən imtina edirlər. Bu kimi problemləri dərindən anlayan Habermas
plüralizm anlayışına keçid alır və
plüralizm vasitəsilə cəmiyyət modellərinin
sinergetik sintezini axtarır ki, onun vasitəsilə ağlabatan,
sağlam mühitin yaradılmasının
mümkünlüyünə diqqət ayırsın.
Şübhəsiz plüralizm və dialoq özgələşən
cəmiyyətlərin, toqquşan maraqların, sülhün
açarı, xəstə cəmiyyətin dərmanıdır. Kommunikasiya nəzəriyyəsi
vasitəsi ilə Habermas sağlam cəmiyyətin qurulması
üçün konfliktlərin güc yolu ilə həllini
tamamilə inkar edirdi. Onun fikrincə bunun
üçün tərəflərin bir-birini anlaması nəticəsində
qarşılıqlı anlaşmanın əldə edilməsi
vacibdir. Lakin ardınca onu da göstərməyi
unutmur ki, "çətin həyati şəraitdə
plüralist cəmiyyətdə belə cəhd
uğursuzluğa məruz qalacaq.” (Õàáåðìàñ Þ. Âîâëå÷åíèå äðóãîãî. Ñàíêò-Ïåòåðáóðã. 2001) Sağlam cəmiyyətin
qurulmasında zorun yaramadığını, kompromislərin
isə problemləri kökündən həll etmədiyini
göz önünə gətirsək o, zaman
çıxış yolunun harada olduğunu tapmaq lazım gəlir. Dialoq nə qədər
mühüm rol oynasa da onun istiqamətini bilmədən davam
etdirilməsi də mənasızdır.
Erix Fromma görə müasir insan sağlam cəmiyyətin
qurulması üçün ilahi kodunu itirmişdir. Fromm bu kodun
tapılmasını ideyada görür, ideya ilə insanın
aktivliyinin artmasını əlaqələndirir və bildirir
ki, ideya insanın gözünü açır. Görmə isə "linqivistik analitiklərə
görə, yalnız metafizika deyil, eyni zamanda metoddur”. (İsmayılov Fərman. Dilin
metafizikası. 2002) İdeya, insanları
yuxudan oyadır. İnsandan aktiv düşünməyi və
hiss etməyi tələb edir. Bu baxımdan ideya
ilə silahlanmış insan daha aktiv və deməli, inamla
dünya ilə bütünləşmiş olur. Həyatı məna qazanır.
Əgər XIX əsrin əvvəllərində insanlar
yanlış istiqamətə yönəldilmiş olsa belə
ideya ilə dolub daşırdılarsa və indi bu "status
quo”nu bərpa edə biləcək ideyalar mövcud deyil. İdeyalarsız
indi tarix özünün elə bir anına
yaxınlaşmaqdadır ki, biz ona tarixin heç bir mərhələsində
rast gəlməmişik. Müxtəlif mədəni
dəyərlərin daşıyıcıları, müxtəlif
qruplar bu gün bir-birinə daha dözümsüzdür.
Sanki onlar eyni dünyanın sakinləri deyillər.
Onlar arasında artan zorakılıq, işgəncə
və zülmlər topluluqları bir-birindən hər gün
daha da uzaqlaşdırır. Beləliklə,
münaqişələr kiçik qruplardan tutmuş mədəniyyətlər,
sivilizasiyalar münaqişəsinə doğru inkişaf edir.
Heç şübhəsiz "mədəniyyətlər
mübarizəsi” mövzusu Qərbin iyrənc
maraqlarının örtüyü rolunu oynayır. Bu baxımdan "Dünya müharibələri bir
sivilizasiyanın – Qərbin məhsuldur”. (Rüstəmov
Y.Sivilizasiyaların qarşılıqlı münasibəti:
2007) Bunun kim tərəfindən və
hansı formada ortalığa atılması isə tamamilə
başqa bir mövzudur. Etiraf etməliyik ki, əslində,
hər hansı bir mədəniyyətin digərindən
üstünlüyünə düşünmək
nöqsanlıdır. Həqiqət ondan
ibarətdir ki, "Qərb sivilizasiyası hissə-hissə,
damla-damla bütün planetə paylanmışdır və
getdikcə daha çox planetar hadisəyə çevrilmək
cəhdləri göstərir. Qloballaşma
da məhz bu dəyərlər sisteminin dünyaya
yayılması, hamı tərəfindən qəbul
olunması və ya hamıya qəbul etdirilməsi proseslərini
əhatə edir”. (Xəlilov S. Şərq və Qərb:
ümumbəşəri ideala doğru: 2004) Bəşəriyyət
isə öz mədəni müxtəlifliyi ilə daha cazibədar,
ağlabatandır. Birrəngli
dünyanın qurulması isə insanları daha passiv və
daha qəmgin edir.
Çoxları Qərb sivilizasiyasının bu gün
böhran dövrünü yaşadığını,
başqa sivilizasiyaya keçidindən bəhs edir və hesab
edir ki, XXI əsr müasir hegemon "Qərb” sivilizasiyası
öz yerini başqa sivilizasiyaya vermə mərhələsindədir. Bəşəriyyət
isə bir türlü "köhnə” sivilizasiyadan ayrıla
bilmir və onun yaşaması üçün sanki mübarizə
aparır. Burada isə hansının
"köhnə”, yoxsa "yeni” sivilizasiyanın, mədəniyyətin
"yaxşı”, qəbul edilən və ağlabatan
olması önəmli deyil. Bu yalnız
keçid mərhələsidir, keçid mərhələsi
isə ağrılı-acılı olur. İnsanın
mahiyyətinin dəyişməsi və yeni mahiyyət
qazanması da bundan irəli gəlir. Yeni
insanın formalaşması isə uzun zaman ala bilər. Məhz bu səbəbdəndir ki, bəzi gizli və
ya açıq fanatik meyllər əmələ gələrək,
insanın daxilində mövcud olan psixoloji boşluğu
tutmağa cəhd etməkdədir. Separatizm,
terrorizm və digər antihumanist meyllərin yaranması da bu qəbildəndir.
Digər tərəfdən isə müxtəlif
fanatik meyllərin yaranması sağlam cəmiyyətin
formalaşmasında mühüm rol oynayan dialoq və
qarşılıqlı anlaşmanı kənara atır.
Diqqətinizə
çatdırmaq istərdim ki, yuxarıda göstərilən
bu kimi problemlərin müzakirəsi məqsədi ilə
2011-ci ilin 10-11 oktyabr tarixində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
xüsusi himayəsi ilə ölkəmizdə "XXI əsr:
ümid və çağırışları” I Bakı Beynəlxalq
Humanitar Forumu təşkil edilmişdir. Həmin Forumun
"Multikulturalizm: nailiyyətlər və problemlər”
adlı tədbirində Bolqarıstan Respublikasının sabiq
prezidenti Jelyu Jelev "XXI əsr – dünyamız hara gedir? Bir qütblü, yoxsa çoxqütblü modelə
doğru?” məruzəsinə fikrinizi yönəltmək istərdim.
O, məruzəsində bildirir ki, XX əsrdə "totalitar
faşizm və kommunizm doktrinalarının həyata
keçirilməsi yolu ilə yeni insan və yeni cəmiyyət
yaratmaq cəhdləri” XXI əsrin fikir adamlarının
gözündə sadəlövh və gülməli
görünəcək. Belə ki, "Cisimlərin
daxili məntiqi elədir ki, demokratik məqsədləri
qeyri-demokratik vasitələrlə həyata keçirmək
olmaz. Məqsədlər və vasitələr
arasında ziddiyyət olduqda, ayrılmalar, ixtilaflar meydana gəlir,
onda qeyri-demokratik instrumentarilər demokratik məqsədləri
çəkib çıxarır,
sıxışdırır, özü isə məqsədə
çevrilir, beləliklə ilkin məqsədlər yox olub
gedir. Başqa sözlə desək, başqa cür
düşünənlər üçün konslagerlər,
qaz kameraları, gizli dinləmələr və donoslar,
bütöv xalqların deportasiya və genosidi ədalətli,
azad, demokratik cəmiyyət qurmağa yardımçı ola bilməz, əksinə, əxlaq və mənəviyyatdan
xəbərsiz bir cəhalətpərəstlər kütləsi
meydana gələr”.
(http://bakuforum.az/az/multikulturalizm-nailiyyetler-ve-problemler/?fid=2258) Göründüyü kimi yeni insanın, yeni cəmiyyətin
yaradılması bir layihə deyil, prosesdir. Bu prosesi sürətləndirmək və ya ləngitmək
humanitar faciələrlə nəticələnir və ya ifrat
antidemokratik meyllərin, müxtəlif məqsədlərə
xidmət edən terror qruplarının yaranmasına səbəb
olur. Dialoq, plüralizm və mədəni
müxtəliflik cəmiyyətə harmoniya və rifah gətirirsə,
onların yoxluğu xaos və fəlakətlərə
münbit zəmin yaradır. İndi biz
sivilizasiyanın elə bir mərhələsində
yaşayırıq ki, dünyanın hər hansı bir
nöqtəsində baş verən istənilən hadisə
dünya nizamına bu və ya digər formada təsir göstərir.
Bu baxımdan dünya nizamı mədəniyyətlərarası
dialoqdan və mədəni, milli, dini müxtəliflikdən
böyük ölçüdə asılıdır. Unutmaq olmaz ki, millətindən, dinindən
asılı olmayaraq biz hamımız bir evin sakinləriyik.
Bu evi isə qorumaq hər kəsin borcudur.
Görkəmli alman filosofu Y.Habermas bu mənada BMT-nin
dünyada oynadığı rola diqqət yetirərək
xalqlar arasında birliyin mühüm əhəmiyyət kəsb
etdiyini, dövlətlər arasında münasibətlərin
sivil yolla həll edilməsinin əhəmiyyətini
vurğulayır. Bildirir ki, BMT nizamnaməsi aqressiv
müharibələri tamamilə rədd etməklə
yanaşı, dövlətlərin daxili işinə
qarışmağı qəti surətdə qadağan edir və
istənilən dövlət hərbi özünümüdafiə
hüququnu özündə saxlayır. Habermas
hesab edir ki, (bu elə BMT-nin nizamnaməsidə də belədir)
"dövlətin suverinliyi, ərazi bütövlüyü
və milli birliyi BMT-nin nizamnaməsində bütövlükdə
nəzərə alınmalıdır”. (Õàáåðìàñ Þ. Âîâëå÷åíèå äðóãîãî. Ñàíêò-Ïåòåðáóðã. 2001) Lakin, BMT-nin heç bir
silahlı birlikləri yoxdur və o, onun üzvlərinin maddi
dəstəyindən asılıdır. Belə
olduğu təqdirdə isə böyük dövlətlərin
maraqlarına daha çox diqqət yetirilməsi, fövqəldövlətlərin
burada öz maraqlarını diktə etdirməsi təbiidir.
Hətta, bu fövqəldövlətlər
heç bir qanuni əsası olmadan öz məqsədlərini
birtərəfli şəkildə həyata keçirməsi
dünya nizamı və dialoquna ciddi zərbə vurmuş
olur. Habermas beynəlxalq hüququn məhz
fövqəldövlətlər tərəfindən
pozulmasının gələcəkdə xoşagəlməz
nəticələrə səbəb olacağını diqqətə
çatdırır və bildirir ki, ABŞ-ın İraqa
qarşı qeyri-qanuni müharibəsi arzu olunan normativ nəticə
versə belə beynəlxalq hüquqa zidd olaraq qalır.
(Õàáåðìàñ Þ. Ðàñêoëîòûé çàïàä. Ìîñêâà, 2008) Bununla da Amerikanın
İraqa müdaxiləsi beynəlxalq hüquqda yeni
situasiyanın yaranmasına şərait yaratdı. Ardınca
bütövlükdə Qərb sivilizasiyasının
Şimali Afrika və Yaxın Şərqə demokratiya adı
altında "sırıdığı” "Ərəb
baharı” dünya üçün çözülməsi
mümkün olmayan problemlər gətirdi. Dövlət çevrilişləri və hakimiyyət
strukturlarının zəifləməsi nəticəsində
meydana çıxan radikal terror təşkilatları və
müxtəlif maraqları təmsil edən qruplar bölgəni
xaos və humanitar fəlakətlərə sürüklədi.
Belə vəziyyətdə dialoq və
kompromisin yalnız müxtəlif mədəniyyətlərin
daşıyıcısı olan dövlətlər arasında
deyil, həm də müxtəlif qruplar və toplumlar
arasında mövcud olması qaçılmaz həqiqətdir.
Çünki, kiçik qruplar arasında
baş verən münaqişələr zamanla böyüyərək
daha böyük hərbi münaqişələrə
çevrilmək ehtimalını özündə saxlayır.
Hərbi münaqişə isə konfliktlərin
davamlı həlli üsulu deyil. Konfliktlərin
davamlı həllinin yeganə üsulu məhz dialoqdur. Ancaq bu dialoqun özünün də ədalətə,
beynəlxalq hüquqa, humanizm prinsiplərinə əsaslanmaqla
konkret parametrləri müəyyən edilməlidir.
Dialoq –
münaqişənin uzadılması,
münaqişələrin gizli yayılması və ya digər
formalara keçidi üçün çətir rolunu
oynamamalıdır.
Bu gün reallıq ondan ibarətdir ki, mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflikdən nə qədər çox danışılsa da birinin digəri üzərində hegemonluq niyyətləri şüur altında mədəniyyətləri, xalqları və toplumları bir-birindən daha da uzaqlaşdırmaqdadır. Bununla belə mədəniyyətlərin yaxınlaşması, xalqların, müxtəlif etnik qrupların dialoq və plüralizm şəraitində birgəyaşayışı qloballaşan dünyada zamanın tələbi, günün reallığıdır. Bu mənada "müasir beynəlxalq münasibətlərin strateji və qlobal vəzifələrindən biri və ən mühümü planetdə optimal birgəyaşayış formalarını və normalarını tapmaq, insanlığın gələcəyi naminə qarşılıqlı-faydalı əməkdaşlığa, səmərəli insan kooperasiyasına, təşkilati texnologiyalarına malik, daha az münaqişəli mühit formalaşdırmaqdan ibarətdir”. (Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. 2005) Sağlam beynəlxalq, bəşəri mühitin formalaşdırılması mədəniyyətlərarası dialoq və plüralizmdən keçir. Yeni sivilizasiyanın, yeni dövrün paradiqması isə multikulturalizmdir. Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gələn, mədəni müxtəlifliyi qoruyub saxlamaq və zənginləşdirmək, mədəniyyətlərarası dialoqun qurulması ilə yeni formaların axtarışıdır. Mədəni müxtəliflik digər dövlətlərin ərazilərinə, xalqların mədəni irsinə iddiaları, etnik təmizləməni, assimilyasiya və ksenofobiyanı tamamilə rədd edir. Müasir dövrün yeni dünya nizamının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş beynəlxalq siyasəti, xalqımızın tarixən yaratdığı və yaşatdığı multikultural ənənə verdiyi önəm ölkəmizi dünyanın mədəniyyətlərarası dialoqun episentrinə çevirmişdir. 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə ölkə başçısı tərəfindən irəli sürülən "Bakı prosesi” təşəbbüsü xalqımızın çoxəsrlik tolerant, birgəyaşama mədəniyyətinin dünya mədəniyyətləri arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi təqdim edilmişdir. Bu isə bəşəriyyətin plüralizm, mədəni müxtəlifliyin dəstəklənməsi çərçivəsində təhlükəsiz və birgəyaşayış mədəniyyətinə dəstəyin ən bariz nümunədir. Eyni zamanda "Bakı prosesi”nin davamı olaraq Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə 2011-ci ildən başlayaraq YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İSESKO və digər beynəlxalq təşkilatların tərəfdaşlığı ilə iki ildən bir paytaxt Bakı bəşəri sülhə, əmin-amanlığa, bütövlükdə sağlam dünya nizamının qurulmasına xidmət edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına yüksək səviyyədə ev sahibliyi etmişdir. Forumlarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti bildirir ki, Forumda aparılan müzakirələrin məqsədi "necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin. Qarşılıqlı inam artsın, qarşılıqlı hörmət artsın”. "Əgər biz hamımız istəyiriksə ki, millətlərarası, dinlərarası münasibətlər sağlam zəmində qurulsun.” ( http://president.az/articles/1845) Forumda iştirak edən insanları bir amal birləşdirir. Bizi multikulturalizmin inkişafı, mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı birləşdirir”. (http://president.az/articles/8406) Göründüyü kimi ölkəmizdə dünya sülhü, ədalətli dialoq, zamanın çağırışlarına ən yüksək kürsülərdən sistemli ardıcıl və real praktiki addımlarla cavab verilir. 2015-ci ilin 18 mayında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən ölkə başçısı bir daha vurğulayır ki, multikulturalizmin, mədəniyyətlərarası dialoqun alternativi yoxdur. Və buna əks olan kəsimlərə tutarlı cavab verərək qeyd edir: "Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”. (http://president.az/articles/15172) Buradan göründüyü kimi müasir sosial-mədəni, ictimai-siyasi düşüncədə mədəniyyətlərarası dialoq, plüralizm və mədəni müxtəliflik ölkəmizdə dövlət səviyyəsində xüsusi həssaslıqla yanaşılan məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında imzaladığı 17 noyabr 2017-ci il tarixli Sərəncamını dünyəvi tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycan hər nə qədər hərbi münaqişəyə cəlb edilsə belə, ölkəmizin mövcud multikulturalizm ənənəsi və mühiti, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dövlət siyasəti nəticəsində hərbi münaqişə və konfliktlərin davamlı həlli modeli kimi dünyaya təqdim edilir və bu model hər kəs tərəfindən qəbul olunur.
Faiq Xudanlı,
Fəlsəfə
üzrə fəlsəfə doktoru
Kaspi 2018.- 7-9 aprel.- S.20-21.