Hər daşında tarix yatan Ankara

 

Ankara hər tərəfi tarix qoxulu bir şəhərdir. Türkiyə cümhuriyyətinin paytaxtı olan Ankara ölkənin ən böyük ikinci şəhəridir. Anadolunun mərkəzində, böyük Anadolu yaylasının şərq hissəsində, dəniz səviyyəsindən 900-1300 metr yüksəklikdə yerləşir. Şimaldan Çankırı və Bolu, Qərbdən Əskişəhər, cənubdan Konya və Aksaray, şərqdən isə Kırıkkale və Kırşəhər ilə həmsərhəddir.

Daşı, torpağı dil açıb sizə uzun yol gəldiyi danışır sanki. İnsanları gülərüz, mehriban və dostcanlıdır. Ankaranın marşında deyildiyi kimi:

 

Ankara, Ankara, gözəl Ankara!

Səni görmək istər hər bəxti qara,

Səndən yardım umar hər düşən dara,

Yetərsən onlara, gözəl Ankara.

 

Yurduma göz tikən dik başlar ensin,

Türk gücü orada hər gücü yensin,

Yoxdan var edilmiş ilk şəhər sənsən,

Var olsun torpağın, daşın, Ankara!

 

 

Bir ölkənin tarixinə daha yaxından bələd olmaq üçün onu tanımağa muzeylərindən başlamaq gərəkdir.  Biz də qonağı olduğumuz şəhərə daha yaxından bələd olmaq üçün elə gəzintimizə muzeylərdən başladıq.

 

22 martda Ankarada keçirilən turizm sərgisində mədəniyyət və turizm naziri Numan Kurtulmuş bildirmişdi ki, Türkiyədə Romadan daha çox, yunan dövrünün əsərləri mövcuddur.  Ankaradakı muzeyləri gəzdikcə nazirin sözlərini xatırlayır və buranın necə qədim, eyni zamanda öz ənənəsinin olmasına bir daha şahidlik edirdik. Bu şəhərin tarixi sanki dil açıb bizimlə danışır və o dövrün yaşantılarını göz önünə sərirdi.

 

Anadolu Mədəniyyətləri Muzeyi

 

İlk olaraq Anadolu Mədəniyyətləri Muzeyində qonaq olduq.  Özünə xas kolleksiyaları ilə dünyanın sayılıb-seçilən muzeyləri arasında yer alan  Anadolu Mədəniyyətləri Muzeyi xatirəmizdə dərin izlər qoydu. Bu muzeydə Anadolu arxeologiyası, paleolit dövründən başlayaraq, Osmanlı dövrünün tarixi məkanlarına qədər xronoloji bir sıra ilə sərgilənib. Muzeydə təqdim olunan kolleksiyalar paleolit, neolit və tunc, qədim hit, Friq, Urartu krallığı, Lidiya dövrü və Miladdan öncə 1200-cü illərdən bu günümüzə qədər gəlib çatan tarixi məqamları əks etdirir.

 

Muzeyin qurulma tarixi də kifayət qədər diqqət çəkir. Belə ki,  muzey Mustafa Kamal Atatürkün təşəbbüsü ilə qurulmuşdur.  Türkiyədə tapılan hitit əsərlərinin Ankaraya göndərilməsi bu muzeyin yaranmasına böyük töhfə verib. Muzey Ankaranın Atpazarı adlı hissəsində, Ankara qalasının çöl divarının cənub-şərq tərəfində yerləşir. Mərkəzində böyük hovuzu olan tikilinin bağçalı həyətində Anadolunun qədim mədəniyyətinə aid arxeoloji tapıntılar, daş heykəllər, küplər və digər nümunələr yer alıb. Burada daş dövründən başlayaraq Hitit, Finikiya, Urartu dövlətlərinin mövcud olduqları dövrlərin mədəniyyət nümunələri var. Öz qədimliyi və orijinallığı ilə seçilən qədim əsərlər məhz bu muzeydə qorunur.

 

Qonağı olduğumuz muzey 19 aprel 1997-ci ildə İsveçin Lozanna şəhərində 68 muzey arasında birinci seçilərək, Avropada "İlin muzeyi” adını alıb. Türkiyənin demək olar ki, tarixi mirası olan bu muzey universal dəyərlərə sahibdir. Qədim tarixi, mədəniyyət kodları, coğrafi araşdırmaları və zənginlikləri ilə muzey, dünya üçün olduqca qiymətli bir dəyərə sahibdir.

Muzeyə turistlərin də diqqəti kifayət qədərdir. Qonağı olduğumuz zaman muzeydə çinli, koreyalı turistlərlə yanaşı, yerli məktəblilərin ziyarətinə şahidlik etdik.

 

Gordion muzeyi

 

Sizə bəhs edəcəyim növbəti muzey isə Gordion muzeyidir. 1963-cü ildə Yassıhöyük kəndinin yaxınlığında qurulub. Bu gün Gordion muzeyində xronoloji bir sərgiləmə var. Hər dövr xarakterik nümunələrlə təmsil edilib. Muzeyə daxil olarkən böyük monitorda onun yaranma tarixi və kimlər tərəfindən necə kəşf edildiyi, bu günə qədər gəlib çıxdığı dövrləri izlədik. Burada üç vitrin var. Birində qədim tunc dövrü əsərləri nümayiş olunur. Hansı ki, bunlar kral Midasın yaşadığı dövrə aiddir. Bu əsərlərin içərisində erkən dəmir dövrünə aid nümunələr də mövcuddur. Bu dövrdə olan alətlər də muzeydə sərgilənir. Digər bir salonda Miladdan öncə 6, Miladdan sonra 4-cü yüzilliyə aid olan yunan keramikləri nümayiş olunur. Yan salonda isə Ellinizm və Roma dövrünə aid nümunələr sərgilənməkdədir.

Muzeyin 180 kv. metrlik yeni depo binası, 150 kv. metrlik nümayiş salonu, 30 kv. metrlik laboratoriyaları, 35 kv. metrlik görüntülü məlumatlandırma salonu və 5 min kv. metrlik açıq nümayiş salonu var.

 

Muzeydəe eramızdan əvvəl dünyasını dəyişən insanların necə dəfn olunduqları nümayiş olunur. Belə ki, ölmüş insanların bir hissəsinin cəsədi böyük küplərə yerləşdirilir, bir hissəsini isə torpaqda basdırırmışlar. Qəbirlərə baxdıqda ölən insanın kasıb və yaxud varlı olduğunu da müəyyənləşdirmək olur. Dünyasını dəyişən insan öz əşyaları ilə birlikdə dəfn edildiyi üçün, məhz əşyalar vasitəsilə onun varlı və ya kasıb olduğu bilinir.

Gordionda 4000 ildən çox bir tarixi var.  Burada diqqət çəkən, Midasın qəbrinin böyük bir təpənin altında yerləşməsidir. Hər tərəfi taxtalarla, böyük dəmir halqalarla  qorunur. Onu ziyarət etmək üçün turistlər uzun və dar bir keçiddən keçməli olurlar.

 

Ankara qalası

 

Ankaraya gəlib Ankara qalasına getməsəniz, deməli, bu şəhəri görməyibsiniz. Hansı ki, bu qalanın təpəsindən bütün Ankara ayaqlarınızın altında qalır. Buranın nə zaman və kimlər tərəfindən tikildiyi bəlli deyil. Ancaq bizim eranın 2-ci yüzilliyində mövcud olduğu bildirilir. Belə ki, qalanı ələ keçirən hər bir hökmdar buraya əlavələr etdirmişdir. Ankaranın ən əhəmiyyətli simvollarından biri olan Ankara qalasının üstünə çıxdığınız zaman şəhərin möhtəşəm görüntüsü ilə qarşılaşırsan. Sanki Ankara ovuclarınızın arasındadır. Başqa bir versiyaya görə, qalanın Bizans imperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir.

Qala 1073-cü ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçən qala, 1227-ci ildə təkrar Səlcuqların ərazisinə qatılmışdır. Səlcuqlar dövründə təmir və əlavələr edilən qala, Osmanlı dövründə - 1832-ci ildə Kavalalı Məhmət Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir.

 

Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalandığını göstərir.

Qalanın yerdən yüksəkliyi 110 metrdir. Ankara qalası çöl görünüşünə görə daha böyükdür. Qala hər il müxtəlif festivallara də ev sahibliyi edir. Qalanın əsas girişində, Ankara Saat Qülləsi yanında olan Hisar Kapısı mövcuddur.

Ankara qalasına getmək üçün qədim Ankara evlərinin yanından keçirsiniz. İnsan özünü bir anlıq o dövrdə yaşamış kimi hiss edir.  Bu gün evlərin əksəriyyəti bərpa edilir, amma bəzi evlər öz qədimliyini qoruyub saxlayıb. Yol boyu suvenirlər satan satıcılar da var. Satıcılar dükan kimi məhz qədim evlərindən istifadə edirlər. Müxtəlif şəkillər sərgilənən qalereyalar kimi istifadə edilən evlər də var.

 

Ankara qalasına gedən yolda Kınacızadə qona evi diqqətimizi çəkdi. Bu kiçik qonaq evində bir tarix yatır. 1800-cü ildə hazırlanan bu bina 2007-ci ildə Kıvırcık usta tərəfindən orijinalına sadiq qalmaq şərtilə, restovrasiya edilib. Bu məkan antik əşyaların toplandığı muzey və ya kiçik bir restoran kimi fəaliyyət göstərir. Kıvırcık usta qədim əşyalara   həyat verən və can qatan ustalardandır.  Qədim əşyaları təmir edir, onları restovrasiya edib həyata qaytarır.

30 ildir ki, bu sənətlə məşğul olan  usta Ankaranın tanınmış sənətkarlarındandır. 

Bu məkanda qədim maqnitofonlar, kiçik kasetlər, köhnə model telefonlar, qədimdə işlətdiyimiz əşyaları görmək mümkündür. İnsan sanki bu qapıdan içəri girərkən öz uşaqlığına geri dönür. Bu məkanda o illəri xatırlamamaq mümkün deyil.

 

Ardı var

Xəyalə Rəis

 

Kaspi  2018.- 5 aprel.- S.14.