Türkdilli ölkələrin jurnalistləri bir-birilərini tanımalıdırlar

 

Qazaxıstanlı Naziya Joyamergen deyir ki, azərbaycanlılar kənardan çox ciddi görünə bilərlər, ancaq danışdıran kimi, gözəl qəlblərini göstərirlər

 

Qazaxıstanda "Türk dilində danışan Jurnalistlər Vəqfi”nin rəhbəri, onun nəzdində fəaliyyət göstərən "Qazaxıstan Qadın Jurnalistlər Klubu”nun direktoru Naziya Joyamergen ötən həftə paytaxtımıza qonaq gəlmişdi. Biz onunla görüşüb türkdilli ölkələrin jurnalistlərini bir araya toplamağa çalışan qazax jurnalistlə söhbət etdik. Müsahibimiz dedi ki, təsisçisi olduğu vəqf 4 il əvvəl qurulub. Məqsəd isə türkdilli jurnalistlər arasında həmrəylik yaratmaqdan ibarətdir.

 

- Bizi bir araya yığa biləcək qurum yox idi. Ona görə belə bir vəqfin qurulmasını çox istəyirdik. Düşündük bu layihəni həyata keçirdik. Silsilə şəkildə türkdilli dövlətlər, onları təmsil edən mətbuat nümayəndələri ilə işləməyə başladıq. Türkdilli jurnalistləri bir-birinə tanıtmaq istəyirik. Misal üçün, qazaxıstanlı jurnalistləri Bakıda, azərbaycanlı jurnalistləri Qazaxıstanda tanımırlar. Bizim dilimiz, dinimiz birdirsə, niyə bir-birimizi tanımayaq? Məqsədimiz mədəniyyətimizi bir-birinə tanıtmaq, turizmimizi inkişaf etdirməkdir. Bu türkdilli dövlətlərin vətəndaşları bir-birilərini yaxşı tanımırlar. Çünki jurnalistlər arasında heç bir birlik yoxdur. Bir-birimizin sənət adamlarından, tarixlərimizdən bixəbərik. Misal üçün, qazaxıstanlıların çoxu 20 Yanvarı, Xocalı faciəsini, 31 Mart soyqırımını bilmirlər. Çünki bu hadisələri bizim jurnalistlərimizə təqdim etmirlər. Ümumi olaraq Xocalıda baş verib, hansı qətliamlar olub, bizim qardaşların başına gəlib - heç birimiz bilmirik. Onlardan xəbərdar olanda insan dəhşətə gəlir. Biz öz dostumuzu-düşmənimizi ayırd etməliyik. Əgər türkdilli dövlətlərin vətəndaşları bundan xəbərsizdirlərsə, bunların hamısının günahı jurnalistlərdədir. Türkdilli dövlətlərin jurnalistləri bu kimi mövzularla bağlı heç bir xəbər vermirlər. Bizim ölkəmizdə olan xəbərləri jurnalistlər çatdırır. Onun üçün həmkar dəstəyi mütləqdir. Misal üçün, biz Rusiyadan informasiya götürürük. Təbii ki, rus hökuməti öz siyasətinə uyğun şəkildə bizə material göndərir. Biz onu öz dilimizə çevirib vətəndaşlarımıza ötürürük. Beləliklə, bizim jurnalistlər Rusiyanın mənafeyinə xidmət edilən xəbərləri vətəndaşlara çatdırır. Biz isə doğru xəbəri doğru qaynaqdan alıb, heç kimin mənafeyinə uyğun olmayan şəkildə millətə çatdırmalıyıq. Bunun üçün həmkar dəstəyi mütləqdir. Bir-birimizi tanımalıyıq ki, öz ölkəmizi tanıdaq. Vəqfimiz dövlət tərəfindən dəstəklənmir. Yaxud hər hansı lobbiçiliklə məşğul deyilik. Özümüz sponsor tapırıq tapdığımız sponsorla da öz layihələrimizi həyata keçiririk.

 

- Bu gün türk dövlətləri arasında əsas məsələ ortaq türk dilinin yaranmasıdır. Bu mövzu ilə bağlı düşünürsünüz?

- Təbii ki, biz ortaq dilimizin yaranmasını istəyirik. Ancaq hazırda qazaxıstanlılar kiril əlifbasından istifadə edirlər. Hər birimizin ayrı-ayrı dillərimiz var. Bələ olan halda biz bir-birimizi necə başa düşəcəyik? Düzdü, 80 milyonluq Türkiyə dilinin bir ortaq dil olmasını dəstəkləyirik. Hamımız öz aramızda anlaşırıq. Çünki soyumuz, boyumuz, kökümüz, dinimiz birdir. Müstəqil şəkildə yaşayırıq. Bizim ortaq işlətdiyimiz çox söz var. Bunları yığıb bir dil yaratmaq təklifi irəli sürüldü. Ancaq bu, sözdə qalır hazırda ortalıqda bir şey yoxdur. Türkiyənin əhalisi ərazisi böyükdür. Bu məsələdə qazaxlar, özbəklər - hər bir millət öz dilinin ortaq dil olmasını istəyir. Türk dili ümumi bir dil olsaolacaq ki?

 

- "Qazaxıstan Qadın Jurnalistlər Klubu”nu hansı zərurətdən yaratdınız?

- Bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da qadınlara qarşı bir ayrı-seçkilik var. Qazaxıstanda hər işi kişi jurnalistə həvalə edirlər. Düşünürlər ki, qadın jurnalistin işi və məsuliyyəti çoxdur. Belə ki, ailə qayğıları, uşaqlarının problemləri onlara işləməyə imkan verməyəcək. O, işdən əlavə, eyni zamanda, evdə də işləyir. Qazaxıstan Respublikasının Konstitusiyasında qadınlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Ancaq bəzi yazılmamış qanunlar var ki, bu da ayrı-seçkiliyə zəmin yaradır. Əgər bir üçün bir kişibir qadın CV verərsə, böyük ehtimalla kişini işə götürürlər. Baxmayaraq ki qadının təcrübəsi daha böyükdür.

  

- Bəs xanım gözəl olarsa?

- Hər xanım özünə görə gözəldir. Əsas odur ki, insanın beyninin içi gözəl olsun, təcrübəsi çox olsun. Qadınlar dünyaya uşaq gətirir. Bir millətin çoxalmasında müstəsna rol oynayır. İş yerindən çıxaram deyə, qadınların çoxu dünyaya uşaq gətirməkdən qorxurlar. Mən feminist deyiləm. 4 uşağım var və işimlə birgə ailəmi də çox gözəl idarə edirəm. 

 

- 4 uşaqla necə çatdırırsınız?

- İki oğlum, iki qızım var. Qadın istərsə, hər şeyi bacarar. Uşaqlarımı bağçaya, məktəbə aparıram və onların hər işi ilə özüm maraqlanıram. Gəlin, qəbul edək ki, anaların məsuliyyəti daha çoxdur. Əgər mənə desələr ki sən iki işi çatdırmırsan, ya , ya da uşaqları seç - təbii ki, uşaqlarımı seçərəm. Hansısa bir biznes quranda kişilər demirlər ki, qoy bu barədə həyat yoldaşımla məsləhətləşim. Öz bildiklərini edirlər, sonra da müflis olurlar. Ancaq qadınlar belə deyil. Onlar bir işi görməmişdən əvvəl hərtərəfli ölçüb-biçirlər. Ona görə də biznes quran xanımlar çox az iflasa uğrayırlar.

 

- Qazaxıstanda jurnalistlərin durumu necədir?

- Qazaxıstan Jurnalistlər Birliyi var. Azərbaycanda bu birlik daha güclüdür. Bəlkə bu, Qazaxıstanda yeni nəsil gənclərlə bağlıdır. Başqa ixtisası bitirən gənclər özlərini jurnalist kimi təqdim edirlər. Avropa Amerikada olmuşam. Onların da özlərinə görə qadağaları var. Bizim qanunlarımızda mətbuatın söz azadlığı var.

 

- Bakıda sizin diqqətinizi çəkən əsasən oldu?

- Bakı maraqlı şəhərdir. Burada mənə qəribə gələn çox şey var. Misal üçün, ötən gün avtobus bələdçisinin (konduktor) «Gənclik, Gənclik» deyə qışqırdığını eşitdim. Bizdə belə şey yoxdur. 4-5 il əvvəl var idi. Ancaq hər şey müasirləşdi. Burada avtomobil yolları çox bərbaddır. Bizdə isə 4-5 il bundan əvvəl o qədər böyük bir cəza kəsdilər ki, heç kim qanunları pozmur, yolları dağıtmır. Qazaxıstanda əngəlli insanlar üçün maşın parkovkası var. Orada başqa maşın saxlayanlar üçün 100 min təngə – 300 dollardan çox cərimə cəzası var. İnsanlar cəza almaqdan qorxurlar. Avtobusa minəndə düşündüm ki, görəsən «Formula 1» yarışması başlayıbmı? Metroya pik saatı deyilən bir vaxtda getdik. Canımızı güclə qurtardıq. Küçə gözəldir, insanlar gözəldir. Bu, Bakıya 4-cü gəlişimdir. Hər dəfə gələndə Bakıya vuruluram. Bakıda insanlar çox qonaqpərvərdilər. Baxırsan ki, insanların üzü gülmür, qaşqabaqlı gəzirlər. Amma yaxınlaşıb haranısa soruşanda, səni mənzil başına aparırlar, üzləri gülməyə başlayır. Bu, sizə məxsus bir şeydir. İnsanlar zamanım yoxdur deyə başından etmirlər. Çox istiqanlısınız. Kənardan çox ciddi görünür, ancaq danışanda çiçək kimi açılırlar və gözəl qəlblərini göstərirlər. Çox köməksevər və qonaqpərvərsiniz.

 

Xəyalə Rəis

 

Kaspi  2018.- 10 aprel.- S.12.