Günəşin ən gözəl doğduğu və batdığı ada- Reportaj

 

Şimali Kipr turistlər üçün cəlbedici məkandır

 

Bu ada tarixin bütün dönəmlərində strateji əhəmiyyətə sahib olub. Bu ada ilk mədəniyyət nümunələrinin məskənidir. Bu adada Roma dönəminin izlərini tapa bilərsiniz. Bu ada xaç yürüşləri zamanı sığınacaq yeri olub. Bu ada Osmanlının Aralıq dənizində ən böyük qalası sayılıb. Və Uilyam Şekspir "Otello” əsərini bu adada yerləşən Liman qalasından ilhamlanaraq yazıb. Bura Şimali Kipr Türk Cümhuriyyətidir. Tarix boyu Aralıq dənizindəki ən strateji ada. Bu gün isə Aralıq dənizinin turizm mirvarisi. Bu dəfə Şimali Kiprdə yunanların törətdikləri qətliamlardan, türklərin məruz qaldıqları zorakılıq və təzyiqlərdən, dünya ictimaiyyətinin bir xalqa qarşı göstərilən soyqırımına biganəliyindən yazmayacağam. Bu dəfə bütün bu çətinliklərə, embarqolara, ikili standartlara rəğmən, Şimali Kipr Türk Cümhuriyyətinin turizm cənnətinə çevrilməsindən bəhs edəcəyəm.

 

 

Yüksək infrastruktur, əla xidmət

 

Qarşıdan yay fəsli gəlir. Təbii, yay istirahətini planlaşdıranlar ilk növbədə dəniz, çimərlik, narın qum haqda düşünürlər. Elə isə ilin 300 günü Günəşin bərq vurduğu Şimali Kipr Türk Cümhuriyyətini seçə bilərsiniz. Bunun üçün sizə 100 səbəb göstərə bilərəm. Şimali Kipr eşq və gözəllik tanrısı Afroditanın doğulduğu, Adonislə eşq yaşadığı adadır. Bəlkə elə buna görədir ki, bu adaya bircə dəfə ayaq basmaq kifayətdir. Kifayətdir ki, adaya eşq elan edəsən. Təkcə təbiətinə yox, insanlarına, bu insanların turistlərə göstərdiyi xidmətə də valeh olursan. Azərbaycanlı turistlər yay tətilini keçirmək üçün Şimali Kipri seçməklə, üstünlüyə sahib olurlar. Hansı üstünlüyə? Şimali Kiprdə sizin dil probleminiz olmayacaq. Özünüzü Azərbaycandakı kimi hiss edəcəksiniz. Azərbaycana böyük sevgi və məhəbbətin şahidi olacaqsınız. Yolçuluğunuz da o qədər uzaq olmayacaq. İstanbuldan təyyarə ilə cəmisi saat yarımlıq məsafədə yerləşir Şimali Kipr. Adaya düşüncə qonaqpərvər insanların köməyinə arxalana bilərsiniz. Ən müasir otellər və tərtəmiz dəniz sərəncamınızda olacaq. Xidmətin keyfiyyətinə heç bir şübhə olmasın. Turizm sahəsində inkişafa nail olmaq üçün infrastrukturun qurulması olduqca vacibdir. Özü də yüksək səviyyəli infrastrukturun. Bunun ardınca isə xidmət sahəsi önə keçir. Turistləri müasir infrastrukturla cəlb etmək işin başlanğıcıdır. Ancaq xidmət yüksək səviyyədə olmasa, o turisti itirəcəyinizə şübhə olmasın. Şimali Kiprdə bu amillər peşəkar səviyyədə nəzərə alınır. Hətta  dəniz kənarında yerləşən kiçik kafelərə belə baş çəkdikdə, sizə göstərilən xidmətin keyfiyyətindən məmnun qalacaqsınız. Əmin olun, eyni sualı 100 dəfə təkrar versəniz də, eyni məhəbbətlə, səbirlə cavab alacaqsınız. Şimali Kipr turistlərin özünü tam təhlükəsiz hiss etdiyi bir ölkədir. Burda insanlara dilinə, rənginə, inancına görə fərq qoyulmur. Şimali Kipr olduqca sağlıqlı bir iqlimə sahibdir. Burda qış çox qısa olur. Ən soyuq ayı yanvar hesab olunur ki, onda da orta temperatur 10 dərəcə olur. Ən isti ay iyulda isə havanın hərarəti 40 dərəcəyə yüksəlir. İllik orta temperatur isə 19 dərəcədir.

 

 

Balıq sevən turistlər üçün "akulaolmaq imkanı

 

Şimali Kiprin mətbəxi isə ayrı bir aləmdir. Türk mətbəxinin ən ləziz yeməkləri böyük ustalıqla hazırlanır. Onu da qeyd edim ki, bir azərbaycanlıya bu mətbəxə alışmaq üçün vaxta gərək yoxdur. Demək olar ki, Azərbaycan mətbəxidir. Üstəlik, Avropa mətbəxinin inciləri və sırf adanın özünə məxsus yeməkləri. Balıq sevən turistlər burda özlərini okeana düşmüş "akulakimi hiss edə bilərlər. Hər gün fərqli bir balıq yesəniz, ay ərzində adada təklif olunan balıqlardan heç 10 faizinin dadına baxa bilməyəcəksiniz. Çörəkdən olduqca az istifadə olunur ki, bu da artıq çəkidən əziyyət çəkənlər üçün əla fürsətdir. Şimali Kiprdə olmaq həm də çeşid-çeşid zeytun dadmaq deməkdir. Süfrəyə o qədər çox zeytun çeşidləri verilir ki, hansının dadına baxmaq məsələsində tərəddüd etməli olursan. Kababların müxtəlif növlərini sifariş verə bilərsiniz. Əmin olun ki, dadı damağınızdan getməyəcək. Hə, bizim çox sevdiyimiz ayran da adada olduqca populyar içkidir. Dadı da öz yerində. Şimali Kipr mətbəxində tərəvəzlərdən də geniş istifadə olunur. Şirniyyatlarından isə danışmasaq yaxşıdır... Bu şirniyyatları sadəcə, dadmaq lazımdır. 

 

 

Qədim mədəniyyətlə üz-üzə

 

Yeməklərdən keçək mənəvi qidalara. Tarixiliyə maraq göstərən turistlər üçün adadakı qədim mədəniyyət nümunələrinin hamısına baş çəkmək üçün bir səfərin kifayət etməyəcəyi dəqiqdir. Təxminən 300 min əhalinin yaşadığı Şimali Kiprin hər köşəsi bir tarixdir və görülməyə dəyər. İstər Lefkoşaya gedin, istərsə Girnəyə, ya da Mağusaya - qədim mədəniyyətlə üz-üzə qalacaqsınız. Lefkoşada olarkən mütləq 1567-ci il tikilisi olan Girnə Qapısına, Mövlavi Təkkəsinə, şəhərin simvollarından olan Venedik Sütununa, 1208-1326-cı illər aralığında inşa edilən Selimiye Camisinə baş çəkin.

Şimali Kiprdə turistləri ən çox çəkən yer isə şübhəsiz ki, Girnədir. Bu şəhəri həm də Aralıq dənizinin xarakterini özündə cəmləmiş məkan kimi də qəbul edirlər. Girnə qalası, Aralıq dənizinin ən gözəl limanlarından hesab olunan Girnə limanı, dəniz səviyyəsindən 732 metr hündürlükdə yerləşən Hillarion qalası, Bellapais manastırı. Bunlar Girnədə baş çəkə biləcəyiniz tarix və memarlıq abidələrinin az bir qismidir. Girnə Beşbarmaq dağı ilə dəniz arasında yer alıb. Beşbarmaq dağı isə eynən Azərbaycandakı Beşbarmaq dağının oxşarıdır. Kiprdəki Beşbarmaq dağının Azərbaycandakı eyni adlı dağla hansı bağlılığının olduğunu deyə bilmərik, amma oranı ziyarət edərkən eyni hissləri yaşayacağınıza inanın. Gazimağusa isə başqa bir aləmdir. Bu şəhəri açıq hava muzeyi də adlandırırlar. Burda nəinki hər küçədə, hətta hər daşda tarix yatır. Adanın ən böyük Antik Şəhər Krallıqlarından olan, uzun illər Kiprin paytaxtı sayılan Salamis Antik Şəhəri burda yerləşir. Campanopetra Bazilikası, Aqora, Salamis Nekropolu, Kral Məzarları kimi tarixi məkanlar turistlərin ziyarəti üçün açıqdır. Lələ Mustafa Paşa Camisi, Sinan Paşa Camisi, 1522-ci ildə inşa edilmiş Venedik Sarayı, 1600-cü illərin əvvəlində tikilmiş Cəfər Paşa Hamamı, Çələbi Mehmet Türbəsi, Əkiz kilsələr, Latın kilsəsi, Yunan kilsəsi, 1837-1876-cı illərə aid Namiq Kamal zindanı, İncirli mağarası da burda yerləşir.

 

Təbii, Şimali Kiprdə turistləri ən çox cəlb edən amil türkyunan tarixi-mədəni abidələrinin olmasıdır. Bu fərqlilik adanın cəlbedici özəlliyidir ki, dünyanın başqa bir yerində belə fərqliliklə rastlaşmaq mümkün deyil. 

Şimali Kiprdə turistlərə bir neçə xidmət növləri təklif olunuryürüş turları, göy turizmi, inanc turizmi, sağlıq turizmi, macəra turizmi. Bundan başqa, ada qolf oyunu, su idman növlərinin həvəskarları üçün də cəlbedici məkandır.

 

 

Azərbaycanlı sahibkarlar üçün gör-götür fürsəti

 

 

Şimali Kiprdə olarkən gəldiyim qənaətlərdən biribudur: adaya təkcə azərbaycanlı turistlər getməməlidir. Şimali Kiprə turizm sektoruna yatırım etmək istəyən sahibkarlar da getməlidirlər. Birincisi, Şimali Kiprdə turizm sahəsinə yatırım etsəniz, heç şübhəniz olmasın ki, uğurlu alınacaq. Çünki ada heç vaxt turist qıtlığı yaşamır. Elə Azərbaycanın turizm sektorunda çalışan sahibkarların da adaya baş çəkməsi vacibdir. Dünya gör-götür dünyasıdır. Bir halda ki, Azərbaycanda turizmin inkişafı prioritet vəzifədir, onda dünya təcrübəsindən də yararlanmalıyıq. Bunun üçün ən münasib yer isə Şimali Kiprdir. Sahibkarlar orda xidmət sferasının necə qurulduğunu öyrənib, Azərbaycandakı fəaliyyətlərində tətbiq etməlidirlər. İl ərzində Azərbaycandan Şimali Kiprə nə qədər turistin getdiyini deyə bilmərəm. Ancaq onu bilirəm ki, türklərin yaşadığı bu adada Avropaya səyahətləriniz zamanı aldığınız zövqdən daha artığını yaşayacaqsınız. Qədimlik və müasirlik. Fantastik mətbəx və möhtəşəm qonaqpərvərlik. Bir sözlə, sizə heç kimin yuxarıdan aşağı baxmayacağı, "gözün üstə qaşın var” deməyəcəyi bir yer.  Hə, yeri gəlmişkən, axı ola bilməz ki, siz, Günəşin ən gözəl doğduğu və ən gözəl batdığı anı görmək istəməyəsiniz. Günəşin ən gözəl doğduğu və batdığı yer isə Şimali Kiprdir!

 

Natiq Muxtarlı

 

Kaspi  2018.- 11 aprel.- S.11.