İstanbul, Ankara və
Bağdadı birləşdirən Bəybazarı
Burda xanımları qızıla
yox, gümüşə tuturlar
Türkiyənin paytaxtı Ankara ilə yanaşı, onun bölgələri də özündə tarix yaşadır. Ankaranın iç Anadolu bölgəsində yerləşən Bəybazarına gedəcəyimizi eşidəndə, düşündüm ki, bəylərin şanına layiq olan müasir və böyük bir bazara düşmüş olacağam. Amma gördüklərimdən sonra yanıldığımı anladım. Qədim tarixlə üz-üzə qaldım.
XXI əsrdə Osmanlı dövrünü xatırladan kənd
Bəybazarı şəhərin qərbində, orta hesabla, dəniz səviyyəsindən 700 metr yüksəklikdə qərar tutub. Osmanlı İmperatorluğunun silahlı qüvvələrinin əsasını təşkil edən qüdrətli sipahi mərkəzlərindən olub Bəybazarı. Sipahi beyninin yerləşməsinə və iqtisadi və ticarət həyatının qaynar olmasına Beg Bazarı adlandırılmış, daha sonralar Bəybazarına uyğunlaşdırılmışdır.
Roma dövründə Bəybazarı İstanbulu Ankara və Bağdadı birləşdirən əsas tarixi keçid marşrutunun üzərində yerləşmişdir. Şəhərin tarixi ilə bağlı qısa məlumat əldə etdikdən gəzintiyə başladıq.
Bəybazarını
gəzdikdə Osmanlı ab-havası yaşadıq. Burada insanlar arasında isti münasibət var. Xanımlar,
bəylər qədimi geyimlərlə
şəhərdə rahat
şəkildə gəzirlər.
Şəhərin qədimliyini təkcə
insanların geyimləri
deyil, eyni zamanda onun infrastrukturu
da qoruyub saxlayır. Küçə boyu qədim
evlər, köhnə
bazarlar buralara hakim kəsilib.
Bəybazarı kiçik mərtəbəli
evləri ilə məşhurdur. Nimdaşlığını qoruyub-saxlayan bir
kənddir. İki və
ya üç mərtəbəli, funksional
və mədəni detallar ilə bəzədilmiş evlər
qədim türk məmləkətlərinə bənzəyir.
Bu evlərin alt qatları daş, üst qatları taxta və ya
kərpiclə inşa
edilib. Bəybazarı həm də
tarixi İpək Yolunun üzərində yerləşən yaşayış
məntəqələrindən biridir.
Bəybazarının məşhur bağ evi
Bəybazarına daxil olarkən bizi bağ evi
deyilən kiçik bir restorana qonaq
etdilər. Restoran demək bir
qədər böyük
səslənsə də,
qədim və böyük köhnə evləri xatırladır.
Taxtadan tikilmiş bu qədim evin içərisində qonaqlar
üçün ağac
kötüklərindən oturacaqlar
hazırlanmışdır. Evin tam mərkəzində iki böyük ağac kötüyü uzanır
ki, bu da
bağ evinə xüsusi gözəllik qatır.
Tarixiliyini qoruyub saxlayan restoranın sahibi Hüsnü Bayramoğlu gələn qonaqlara ağacları göstərərək,
uşaqlıq xatirələrindən
və ağacların
onun üçün nə qədər əziz olduğundan bəhs etdi. Məkan müştəri
qıtlığı çəkmir.
Maraqlıdır ki, müştərilərin
çoxunu xanımlar
təşkil edir.
Yaşlı xanımların
üstünlük verdiyi
bu məkanda onlar bir-birləri ilə ünsiyyət quraraq, bizim təbirimizcə desək,
"qeybət” edir, öz gəlinlərindən,
nəvələrindən danışır
və problemlərini bölüşürlər. Hətta analar
oğlanlarına qız
axtararkən bu məkana üz tutur, ailə həyatı qurmayan qızların anaları da tez-tez bu
məkana gəlirlər.
Burada bizə Baryamoğlu ailəsinin xanımlarının
ev üsulu
ilə hazırladığı
təamlar təqdim olundu. Təbii məhsullardan hazırlanan
süfrədə bulaqdan
götürülmüş su, elə yanımızda
hazırlanan yeməklər,
inək südü təqdim edildi. Kənd məhsullarını yenicə
dadmışdıq ki,
gözəl ifa səsləndirildi. Belə ki,
restoranın sahibi ailəsi ilə birlikdə gələn qonaqlara buranın yerli adətlərindən
danışır və
xalq musiqiləri ilə qonaqları bir-bir rəqsə dəvət edirdi.
600 illik yaşı olan bazar
Nahar etdikdən
sonra Bəybazarının
küçələrini gəzdik. Küçələrdə salınmış bazarın 600 illik yaşı var. Burada tarixi əşyalarla bərabər, Türkiyə
mətbəxinə xas
olan yeməklərə,
şirniyyatlara da rast gəldik. Belə ki, bu bazarda
daha çox tərəvəz lokumları
və quru meyvələr, kəndlilərin
hazırladığı ədviyyatlar
satılır. Bazarın dar
keçidlərində duran
xanımlar müştərilərə
tut, kök suyu təklif edirdilər.
Onlar turistlərə yaxınlaşır,
yerli ədvalarından
dadmalarını məsləhət
görürdülər.
Bura dünyanın hər yerindən turistlər gələrək, canlı
tarixlə tanış
olurlar. Dəmirçilər, qalayçılar müxtəlif əşyalar
hazırlayıb elə
evlərinin önündəcə
satırlar.
Qədim geyimdə bardaş qurub muncuqlardan boyunbağılar, sırğalar
düzəldən nənələr
"əl əməyi,
göz nuru” deyib əl işlərini
evlərinin önündə
satışa çıxarırlar. "Siz bunları Bəybazarından başqa
heç yerdə tapmazsınız” deyərək,
müştəriləri cəlb
edirlər.
Bəybazarı dolması, gümüşü,
güvəçi, lokumu,
paxlavası ilə də məşhurdur. Bəzək əşyalarına
gəlincə, burada gümüşdən demək
olar ki, bütün növ bəzək əşyaları
hazırlanır. Əşyalar böyük səbr və diqqətlə işlənir. Türkiyənin ən məşhur gümüşülərinin məhz
buradan ixrac olunduğu da deyilir. Bəbazaranın çox məşhur
gümüş ustaları
var. Hansı ki, onlar əldə hazırlanan gümüşlərə
görə çox məşhurdurlar. Burada hazırlanan
gümüşlər öz
keyfiyyəti ilə də seçilir. Gümüş məhsulları Türkiyənin
digər bölgələrinə
və Səudiyyə Ərəbistanı başda
olmaqla 18 xarici ölkəyə göndərilir. Burada əsasən gümüş
kolleksiyası: kəmər,
bilərzik, boyunbağı,
sırqalar, iynə və başlıqlar hazırlanr. Təbii ki, bu sənətkarlıq məhsullar
xanımlar üçün
qiymətli cehizlik də sayılır.
Daxil olduğumuz
bir mağazada gəlinlə qaynananın
gümüş seçiminin
şahidi olduq. Qaynana gəlinə
nə qədər çox dəyər verirsə, ona o ağırlıqda gümüş
hədiyyə edir.
Haradasa, 200 ildir
ki, gümüş istehsalı baxımdan ən önəmli kənd olan Bəybazarında xanımlar
qızıldan çox,
gümüşə üstünlük
verirlər. Evdən adi bazar adı ilə belə çölə çıxanda, ən ağır gümüş
bilərziklərini taxırlar.
Bəybazarının ən məşhur
gümüş seriyası
isə Telkaridir.
Gümüş dükanlarının birində
sırğanın necə
ərsəyə gəlməsini
izlədik. Nazik bir simi müxtəlif formalara salaraq Telkari gümüşlərinin hansı
proseslərdən keçdiyini
gördük.
Türkiyənin yerkökü ehtiyacının
60 faizini ödəyir
Bəybazarının gümüşləri
ilə tanış
olduqdan sonra müxtəlif çay evlərində oturur, yaşlı insanlardan şəhərin tarixi ilə bağlı hekayələri dinləyirik.
Deyilənlərə görə, burdakı
əhalinin təxminən
67 faizi kənd təsərrüfatı ilə
məşğuldur. Bəybazarının Trona mədən (soda külü) ehtiyatı 237
milyon tondur və dünyanın ən böyük ikinci ehtiyatıdır.
Yüksək texnologiya sayəsində
qazma üsulu ilə yuyulur və çıxarılır.
Bütün bu zənginliklərlə
bərabər, Bəybazarında
mədəniyyət və
tarix muzeyi də fəaliyyət göstərir ki, bu muzeydə də Osmanlı dönəminin əşyaları,
əsərləri saxlanılır.
Həmçinin burada Roma, Bizans
dönəminə aid əsərlər
də qorunur.
Bölgə Türkiyənin yerkökü
ehtiyacının 60 faizini
ödəyir. Elə Bəybazarının girişində yerkökü
abidəsi də buna işarədir. Bu abidə Bəybazarının
simvolu hesab olunur. Ümumilikdə isə Ankaranın
meyvə və tərəvəz məhsullarına
olan tələbatını
əsasən Bəybazarı
ödəyir. Eyni anda,
buranın camaatı heyvandarlıqla, xüsusən
də keçi saxlamaqla məşğuldur.
Son olaraq isə Bəybazarının mərkəzində
Atatürk parkında zaman keçiririk. Bu parkda Atatürkün abidəsi ucaldılıb.
Atatürkün "Ne mutlu türküm
diyene” sözləri həkk edilmiş bu abidə, Bəybazarı vətəndaşları
üçün çox
önəm daşıyır.
Bu parkın qərar
tutuğu yerdə bütün dağlıq ərazilər aydın şəkildə görünür.
Ona görə də turistlər bu parkda daha çox
şəkil çəkdirir
və zaman keçirirlər.
Bu bölgəni sözün əsil mənasında, Türkiyənin "yaşayan tarixi” də adlandırmaq mümkündür. Biz də bu məmləkətdən xoş təəssüratlarla ayrılırıq.
Xəyalə Rəis
Kaspi 2018.- 12 aprel.- S.12.