“Azərbaycan beş-on
belə adamın vətəni deyil”
Telli Pənahqızı:
"Ölkəmiz həm də
multikultural dəyərlərə qiymət vermək
bacarığı, tolerantlığı ilə
çoxlarına örnəkdir”
Əliqismət
Lalayev: "Bu siyasi proses ölkə
əhalisindən, hər bir
seçicidən böyük məsuliyyət və həssaslıq
tələb edir”
Bu söhbət-müsahibə iki ziyalımızın - tanınmış jurnalist, şair –publisist Telli Pənahqızı ilə Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevin ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri öncəsi düşüncələridir.
-
Əliqismət müəllim, bu gün sizinlə söhbətimiz
rəhbərlik etdiyiniz Azərbaycan Dövlət Musiqili
Teatrında yaradılmış seçki qərargahında
gerçəkləşir və bayaqdan bəri hər ikimiz
seçicilərin, ən çox da ilk dəfə səs verəcək
gənclərin müxtəlif suallarla qərargaha müraciət etdiklərinin
şahidi oluruq. Açığı, mən çox sevinirəm
ki, bir neçə gündən sonra ölkəmizdə
keçiriləcək seçkiyə belə böyük maraq var və məncə bu, təsadüfi
deyil. Seçicilərin siyasi aktivliyi artdıqca hər bir
sakinin Vətənimizin gələcək taleyinə cavabdehlik
hissi, məsuliyyəti də
artır.
- Başqa cür də ola bilməz və məncə, olmamalıdır da! Çünki insan, vətəndaşı olduğu ölkənin, təmsil etdiyi cəmiyyətin və bütövlükdə, dünyanın gələcəyi üçün hər zaman cavabdehlik daşıyır. Hər bir fərd özünü başa düşəndən çalışır ki, firavan həyatı olsun, arzularını reallaşdıra biləcəyi bir dövlətdə yaşasın, övladlarının rahat sabahını təmin etsin, qocalığının qarantı ola biləcək maddi durumu olsun.
- Əslində, normal
insanın bundan artıq bir umacağı da yoxdur. İqtisadi sahədə ədalət, bərabərlik, normal və
planlı tənzimləmə bərqərar olandan sonra
insanların sosioloji və psixoloji vəziyyəti də yaxşılaşır.
Heç kim özünün,
övladlarının taleyi, sabahı üçün
narahatlıq keçirmir.
- Biz indi
dünyada sabitliyin pozulduğu, güvənin və inamın
azaldığı bir dönəmdən keçirik. Özlərini
indiyədək fövqəldövlət kimi təqdim edən və öz daxilindəki bir
çox narahatlıq yaradan problemləri məharətlə
gizlədib (məsələn, ABŞ kimi super dövlətdə
hər kəsin silah gəzdirmək hüququ var və bunun nəticəsidir
ki, son illər bu ölkədə qətllərin, orta məktəblərdə
törədilən qətliamların sayı artıb, polis
onun əmrinə tabe olmayan qaradərilini küçənin
ortasında, hər kəsin gözü qarşısında
güllələyə bilir və bunun üçün
heç bir məsuliyyət daşımır), digər
dövlətlərdən haqq, ədalət tələb edə,
maddi resurslarının çatışmazlığı
ucbatından hələ ki, zəif və inkişafdan geri
qalmış dövlətlərə istədiyi tələbləri
irəli sürə bilər. Və bunları
haqq, ədalət, demokratiya, insan azadlığı ilə pərdələmək,
insanları inandırmaq, qandırmaq istər.
- Haqlısınız, indi bu
qloballaşan, sosiallaşan dünyada yaşamaq və onun hər
gün yenilənən və bir az da gərginləşən qanunları
ilə ayaqlaşmaq çox böyük güc, ağıl,
siyasi hazırlıq, dünyanın nəbzini tutmaq
bacarığı tələb edir və inanırıq ki,
xalqımız özünün düzgün seçimini edəcək,
həyatının və gələcəyinin təminatçısı
olan siyasi liderə səs verəcək.
- Mən
məşhur atalar sözümüzü xatırlatmaq istəyirəm:
görünən dağa nə bələdçi?! Əslində,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir vaxtda ölkəmizdə
növbədənkənar Prezident seçkilərinin
keçirilməsinin özü də böyük bir rəmzi
məna daşıyır. Bir əsr əvvəl Azərbaycanda
qurulan müstəqil dövlətin
ömrü cəmi 23 ay olsa da, bu millət 70 illik imperiya
boyunduruğundan xilas olmağı bacardı və dövlətinin
müstəqilliyini bərpa etdi. Biz indi öz sərhədləri,
öz bayrağı, gerbi, himni, ordusu, Azadlığı olan
bir ölkənin vətəndaşıyıq və məncə,
bunun nə qədər böyük nemət və qazanc
olduğunu 20 Yanvar, Xocalı qırğılarından
keçən, Qarabağ savaşında minlərlə şəhid
verən bir xalq kimi biz daha
gözəl anlamalı, onu qorumalı və
yaşatmağı bacarmalıyıq. Yenidən öz
baxımsızlığını
bərpa edən Azərbaycanın memarı və qurucusu
təbii ki, ümummilli liderimiz Heydər Əliyev oldu və
onun əməlləri, arzuları dünyanın siyasi
arenasında ölkənin maraqlarını bacarıqla
müdafiə edən İlham Əliyev cənablarının
uğurla həyata keçirdiyi və cəsarətlə
reallaşdırdığı
strateji, iqtisadi, sosial, humanitar əhəmiyyətli məsələlərin,
taleyüklü problemlərin həlli ilə davam etdirilir. Artıq 27 illik yeni müstəqillik tarixini
yaşayan Azərbaycanda kimin ölkəyə rəhbər
seçiləcəyi, bu millətin maraqlarının nəhəng
və güclü dövlətlərin yüksək
toplantılarında hansı siyasi liderin təmsil və
müdafiə edəcəyi indi daha vacib, daha aktualdır.
Bu siyasi proses
ölkə əhalisindən, hər bir seçicidən
böyük məsuliyyət və həssaslıq tələb
edir. Sabah bu məmləkətin müstəqilliyini qoruyub
saxlayacaq, onun xarici və daxili
siyasətini uğurla yönəldəcək olan yeganə
şəxs İlham Əliyev cənablarıdır ki,
yalnız o, yaraları sızlayan, torpaqlarının 20 faizindən
çoxu şərəfsiz qonşunun işğalı
altında olan bu müstəqil və gənc ölkənin
taleyini yazmalıdır, onu hər cür təhdidlərlə
gücdən salmağa çalışan qüvvələrə
qarşı inamla mübarizə aparmalıdır. Mən ömrünü teatr sənətinin
inkişafına xidmətə həsr edən bir fədaiyəm.
Şəxsi müşahidələrimə istinadən inamla
deyə bilərəm ki, cənab İlham Əliyev
üçün işin böyük və ya kiçiyi,
vacibi, yaxud ikinci dərəcəlisi yoxdur! O ölkə əhəmiyyətli
və beynəlxalq səviyyəli hər bir layihəni şəxsi
nəzarətində saxlayır, işin gedişi ilə
mütəmadi maraqlanır, tövsiyələr verir,
iradlarını bildirir. Məsələn, indi
gözəlliyindən və memarlıq baxımından hər
kəsin məmnun qaldığı Azərbaycan Dövlət
Musiqili Teatrının binası yenidən bərpa ediləndə
mən ölkə başçısının bu tikintiyə
necə böyük diqqət və həssaslıqla
yanaşdığının şahidi oldum. O
açılış öncəsi də teatra gəlib
mütəxəssislərlə söhbət etdi, bir arxitektor
və memar səriştəsi ilə hər kiçik detalla
maraqlandı, tamaşa salonuna, məşq və qrim
otaqlarına baxdı, məsləhətlərini verdi, kollektivə uğurlar arzuladı.
- Bu diqqət
və qayğı təkcə milli mədəniyyətimizə
və incəsənətimizə göstərilmir. Ölkəmiz həm
də multikultural dəyərlərə qiymət vermək
bacarığı, tolerantlığı ilə
çoxlarına örnəkdir. Məhz Azərbaycanın
yardımı və bilavasitə köməyi ilə çox
xarici ölkələrdə dini ocaqlar, tarixi abidələr bərpa
edilir, məktəblər açılır, xəstə
uşaqlara, ehtiyacı olan ölkələrin əhalisinə
humanitar yardım göstərilir, mənəvi dəyərlərimizin
qorumasına və inkişafına böyük diqqət
yetirilir. Mən əmin deyiləm ki, prezidentliyə namizəd
olanlardan hər hansı birinin bu qədər böyük
nüfuzu, təsir arealı, beynəlxalq arenada
sözünün və siyasətinin kəsəri, fövqəladə
bacarığı, tükənməz enerjisi və
böyük humanizmi, xalqa məhəbbəti və inamı
olsun!
-
Çox təəssüf ki, bəzi adamlar ölkənin bu inkişafını, tərəqqisini,
nəhəng dövlətlər sırasında
dayanmağımızı, böyük siyasi savaşlarda
duruş gətirmək qabiliyyətimizi görməzdən gəlməyə
cəhd edirlər. Hər dəfə də cəhdləri
fiaskoya uğrayır, ancaq yenə şakərlərindən əl
çəkmirlər. Onlar bu Vətəni
sevməyən, yalnız ağalarının əmri ilə
idarə olunanlardır.
-
Əliqismət müəllim, siz də vaxtaşırı
xarici ölkələrdə işgüzar səfərdə
olursunuz və çox güman ki, belə bir ciddi nüansa
diqqət yetiribsiniz ki, bizim
xalqı bir çox xarici dövlətlərin vətəndaşlarından
fərqləndirən bir maqam var; biz daha çox siyasiləşməyə
can atırıq, xüsusilə orta nəsli təmsil edən
insanlarımız: burada hər kəsin siyasi yanaşması,
öncədən fikir söyləmək həvəsi var, hər
kəs özünü, ömrünün çoxunu siyasət
elminə sərf edən, dünyanın siyasi nəbzini
tutmağa qadir olan və düzgün proqnoz verən mütəxəssislərdən
daha ağıllı sayır, daha çox danışır,
dükanda, bazarda, ümumi nəqliyyatda, qonaqlıqda, toyda,
yasda. Ancaq xaricdə yaşayan vətəndaşın
belə bir məcazı və marağı yoxdur, orada hər
kəs öz bildiyi, bacardığı, xeyir verə biləcəyi
və gəlir əldə edəcəyi işlə məşğuldur.
Hərdən düşünürəm ki, bu, bəlkə
də bizim insanlarımızın bu gözəlim məmləkətdə
həddindən çox rahat və sərbəst
yaşaması ilə bağlıdır. Bizim
insanımız, hər hansı bir problemini həll edə bilmədiyi
idarənin işindən narazı qalanda, hansısa bir məmurdan
" küsüb” ölkəni tərk edəndən
sonra orada bu dövlətin, bu xalqın ünvanına hədyanlar
yağdırır. Məncə, onların bu
"cəsarəti”, "mən də siyasətdən
anlayıram” düşüncəsi ilə özünü təsdiqetmə
xülyası da məhz bundan qaynaqlanır.
- Telli
xanım, mən
düşünürəm ki, Azərbaycan beş-on belə
adamın vətəni deyil! Fərdlərin
miqrasiya problemi hər zaman olub. Hətta
dünyada heç sərhədlər indiki qədər dəqiq
cızılmadığı bir vaxtda da adamlar, tayfalar, nəsillər
haralarasa köç edib. Əminəm ki,
onların heç biri doğma yurd yerindən küsməyiblər,
göz açdıqları torpaqlardan imtina etməyiblər,
keçmişlərindən, uşaqlıq, gənclik xatirələrindən
üz çevirməyiblər.
- Bu
müasir dövrün bizim üçün ən
ağrılı problemlərindən biridir. İndi bəzi
adamlar, xüsusilə də gənclər, xarici ölkələrin reklam
xarakterli TV verilişlərində, müxtəlif saytların
yaydığı video-materiallarda izlədikləri başgicəlləndirən,
ağıl qamaşdıran "sərbəst həyat”ın
parıltısına uyub qürbətdə səadət,
var-dövlət, rahatlıq axtarmağa tələsirlər. Biz heç kəsə "getmə, qal!” deyə
bilmərik. Kimlərsə bu seçimi edirsə, yolu
açıq olsun! Lakin
gələcək taleyi heç özünə də
o qədər bəlli olmayan bir
adam, yad yerdə
doğmalarına, qan yaddaşında müqəddəs
bildiyi nələrəsə çirkab atırsa, bu artıq
bağışlanılmaz günahdır və belələrinə
qarşı bir millət kimi hər birimiz öz
etirazımızı bildirməliyik!
-
Düzdür, indi dövlətimiz maksimum
çalışır ki, yeni açılan iş yerlərinə
daha çox mütəxəssis cəlb edilsin, ali
təhsilli gənclərə öz bacarıq və biliklərini
nümayiş etdirmək şansı qazandırsan. Amma ürək
ağrısı ilə etiraf edək ki, bu gün gənclərin böyük əksəriyyətinin
savad səviyyəsi iş təklif edənin-yəni
sahibkarın tələblərini ödəmir. Yüksək texnologiyalarla təchiz
olunmuş müasir tipli müəssisələrdəki
avadanlıq və modern sistemli qurğularla işləməyi
bacaran mütəxəssislərə böyük ehtiyac duyulsa
da, 4-5 il ali məktəb yollarına ayaq döyən və
çantası, dəftər-kitabı, mühazirə qeydləri
yalnız əlindəki telefon və qarşısındakı
kompüter olan gənc, bu iş yerləri üçün
elan edilən
müsabiqələrə sənəd göndərməyə ya cəsarət
etmir və ya da elə ilk söhbətdəncə anlayır
ki, 4-5 il, necə deyərlər "papağını günə
yandırıb!”
-
Haqlısınız, amma görün, kimsə günahı
özündə axtarırmı? Xarici ölkələrdə
məskunlaşıb oranın vətəndaşlığını
almağa can atanlar bu torpağa nifrət edənlər,
söyüş yağdıranlar var ha, onların bir çoxu məhz
belə "bəxtigətirməyənlər, diqqətdən
kənarda qalanlar , iş tapmayanlar, hüquqları tapdananlar”
zümrəsinə aiddir. Əslində, təkcə
Bakının timsalında ölkədə gedən nəhəng
dəyişiklik və quruculuq işlərini görməzdən
gəlmək ən azından nankorluqdur.
Düşünürəm ki, qaçıb
sığındıqları yerlərdə ən çirkli
və ağır işlərdə çalışmağa
razı olan, ancaq doğma şəhərində, rayonunda
"maaş az verirlər,
iş tapa bilmirəm” deyənləri bizə qarşı bir təbliğat
aləti kimi istifadə edənlər, bu satqınların
"nə mal olduqlarını” yaxşı bilirlər və
belələrinin "söyüş limiti" tükənəndə,
onlar da gərəksizləşəcəklər.
Bizim bu siyasiləşən toplumda populist
çıxışları ilə özünə xal
yığmaq istəyənlər hər zaman olub, indi də
var. Bu adamlar üçün qaradan başqa rəng, şərdən,
böhtandan, haqsızlıqdan o yana söz
yoxdur. Onlar dövlət başçısının da,
ölkənin birinci xanımı, Azərbaycanın
vitse-prezidenti Mehriban xanım Əliyevanın da həm ölkə
daxilində, həm də xaricdə gördükləri
işləri mütləq hədəfə alırlar,
onları öz prizmalarından şərh edirlər,
camaatın fikrini əsas məsələdən
yayındırmağa çalışırlar. Təsəvvür
edin ki, Prezident humanistlik edir, jurnalistlər üçün ev tikdirir və ya mədəniyyət
işçilərinə fəxri adlar, təqaüdlər
verir, yaradıcılıq təşkilatlarının üzvlərinə
qayğı göstərir, qəzetlərin dövlətə
olan borcunu sildirir, bir çox mətbuat orqanları
üçün öz fondundun vəsait ayırır. O dəqiqə
bir qrup "hüquq müdafiəçisi” özünü
atır meydana ki, bəs dövlətdən, onun liderindən qayğı , dəstək görən bu
adamların azadlığı boğuldu, qələmi əlindən
alındı, nə bilim, nələr, nələr... Təbii
ki, bu belə deyil! Məncə, hər kəs
öz xislətini ortaya qoyur, öz daxili aləmini sərgiləyir,
bu Vətən, millət qarşısında övladlıq,
insanlıq borcunu yerinə yetirir.
- Amma inanın ki, yel qayadan heç nə aparmır. Bu günlərdə xalqımız Aprel döyüşlərinin iki illiyini qeyd etdi, millətin ruhunu yenidən dirçəldən, onun inamını bərpa edən, öz döyüş rəşadətləri, igidlik və hünərləri ilə gənclərin qəhrəmanlıq örnəyinə çevrilən şəhidlərimizi ehtiramla andıq. Bu torpağı sevən hər kəs bir daha əmin oldu ki, rəhbər və xalq birliyi sarsılmazdır. Elə bilirəm ki, Prezident seçkilərində bu mübariz və yetkin xalq yenə öz sözünü deyəcək, inandığı, güvəndiyi Liderini yenidən Prezident kürsüsündə görəcək. Biz öz Rəhbərimizlə yanaşı inamla gələcəyə addımlayacaq, Ali Baş komandanla çiyin-çiyinə düşmən üstə gedəcək və "Qarabağ bizimdir, bizim olacaq!” sədası ilə erməni işğalında olan əzəli və əbədi torpaqlarımıza Zəfər bayrağı sancacağıq! Bu gün uzaqda deyil!
Söhbəti qələmə
aldı: Telli Pənahqızı
Kaspi 2018.- 5 aprel.- S.13.