Mehriban ana, gözəl insan, görkəmli alim

 

Ədilə Namazova: “Zərifə Əliyeva böyük fəlsəfi fikirlərə malik şəxsiyyət idi, həmişə sadə insanların arasında olurdu”

 

"Zərifə xanım Əliyevanın timsalında öncə ideal qadın və əsl Azərbaycan xanımı obrazı canlanır. Zərifə xanımın bu obrazı və keçdiyi həyat yolu gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Onun şəxsiyyəti, həyat və fəaliyyəti geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər”. Görkəmli oftalmoloq alim Zərifə Əliyeva haqqında söhbət düşəndə təkcə onu tanıyanlar, onunla ünsiyyətdə olanlar deyil, həmçinin həyat yolu haqqında oxuyanlar, eşidənlər də bu mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim haqqında eyni cür düşünürlər. Akademikin anım günündə onu yaxından tanıyan həmkarı, akademik Ədilə Namazova ilə söhbətləşdik.

 

Gənc həkimlərin pənahı

 

- Ədilə xanım,  aprelin 15-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın  anım günüdür. Bir insan kimi Zərifə Əliyeva yaddaşınızda necə qalıb?

- Zərifə xanım daxilən çox gözəl, məzmunlu insan idi. Onunla görüşəndə elə bilirdin ki, ən yaxın və əziz insanınla görüşürsən. O, adama elə bir münasibət göstərirdi ki, bütün ürəyini ona aça bilirdin. O, insanın qayğısına qalırdı. Öz övladlarını böyüdəndə onun necə nümunəvi ana olmasının şahidi olmuşam. Sonra da nümunəvi nənə oldu. Zərifə xanım övladlarının hər bir uğurunu görəndə sevincinin həddi-hüdudu olmurdu. O, övladlarının uğurları ilə yaşayırdı. Zərifə xanım həyat yoldaşına sadiq insan idi, ona mənəvi dayaq olurdu. O, ətrafındakı bütün insanlara kömək edirdi, problemlərinin həllinə çalışırdı. İşlədiyi kollektivdə də gənc həkimlərin pənahı idi. Məsələn, məşhur oftalmoloq Çingiz Cərullazadənin bir alim kimi uğur qazanmasında Zərifə xanımın böyük rolu olub. O zaman ulu öndərin göstərişi ilə 25 nəfər gənc alim peşəkarlıqlarını artırmaqdan ötrü Rusiyaya göndərildi. Onlar ittifaqın məşhur alimlərinin yanında təcrübə keçəcəkdilər. Onlardan biri də Çingiz Cərullazadə idi. Mən onların hamısını Moskvaya aparıb məşhur alimlərə təhvil verdim və xahiş etdim ki, respublikamız üçün peşəkar həkimlər yetişdirilməsinə köməklərini əsirgəməsinlər. Alimlərin çoxu məmnuniyyətlə razı oldu. Bəzi akademiklər isə «bu gəncləri elmlər doktoru kimi yetişdirmək üçün gərək bizi lazımi müasir avadanlıqla təmin edəsiniz» şərtini qoydular. Mən Moskvadan qayıdıb Zərifə xanımla görüşdüm və akademiklərlə olan söhbəti danışdım. «Darıxma, nə qədər baha da olsa, biz respublika hesabına həmin avadanlığı alıb təmin edəcəyik» - dedi. Bir neçə gündən sonra zəng edib "narahat olma, avadanlıq alınıb» - deyə məni sevindirdi. Beləcə, Çingiz Cərullazadə elmlər doktoru kimi yetişdi. İndi o hazırda təkcə respublikada deyil, bütün dünyada məşhur oftalmoloqdur. Onun alim kimi yetişməsinə isə Zərifə xanım dəstək oldu. Zərifə xanım böyük fəlsəfi fikirlərə malik insan idi. Zərifə xanım həmişə insanların arasında idi. Baxmayaraq ki o vəzifəli bir insanın həyat yoldaşı idi, sadə insanlardan heç vaxt ayrılmırdı. Bizim çox yaxşı münasibətimiz var idi. Mən SSRİ Tİbb Elmləri Akademiyasına üzv seçiləndə, ilk zəng edib təbrik edən o oldu. Çünki o vaxt həmin akademiyaya seçilmək çox çətin idi. Daha sonra biz onunla birlikdə əməkdar elm xadimi adına layiq görüldük. Mən Dövlət mükafatına layiq görüləndə isə, o, məndən də çox sevinirdi. Zərifə xanım kimi insanlar nadir hallarda dünyaya gəlirlər. Onun insanlara yanaşması, onlarla rəftarı xüsusi idi. Onunla işləyən oftalmoloqlar onu öz anaları kimi bilirdilər. Zərifə xanımın qardaşı Tamerlanla da bir yerdə işləyirdim. Onlar Əziz Əliyev kimi görkəmli alim və şəxsiyyətin ailəsində tərbiyə almışdılar.

 

Azərbaycan oftalmologiyasının əsil fədaisi

 

- Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında böyük xidmətləri var. Onun elmi fəaliyyəti cəmiyyətimizə hansı töhfələr verib?

-  Zərifə xanım bütün həyatını, fəaliyyətini tibb elminin inkişafına həsr edib. Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq, dünyada onun tanınmasında həlledici rol oynayıb. Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətlərini hər zaman qeyd etmək lazımdır. Şamaxı yaxınlığında Məlhəm adlı yaşayış məntəqəsində 11-ci əsrdə mədrəsə fəaliyyət göstərib. Həmin mədrəsədə ilahiyyat, astronomiya, riyaziyyat, həmçinin təbabət üzrə mütəxəssislər hazırlanıb. İlk dəfə o məktəbdə tibbi etikadan dərslər keçilib. Təbabəti öyrənməyə Çin, Hindistan və s. ölkələrdən tələbələr gəliblər. Təkcə Azərbaycanın zənginliyi deyil, eyni zamanda təhsili də əcnəbiləri cəlb edirmiş. Əfzələddin Xəqaninin dayısı Ömər Osmanoğlu o mədrəsəyə rəhbərlik edib. Zərifə xanım ilk dəfə olaraq bu faktı araşdırıb və bütün dünyaya sübut edib ki, Azərbaycanda təbabətin belə qədim tarixi var. XX əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyinin yayılması ciddi bir problem olub. Akademik Zərifə Əliyeva traxomaya qarşı mübarizədə fəal iştirak edib, ona həvalə edilmiş Əli Bayramlı rayonunda çətinliklərə baxmayaraq, traxomaya qarşı tədbirlər kompleksini inadla yerinə yetirib. Zərifə xanımın bu fədakar əməyinin respublikada traxomanın ləğv edilməsi işində mühüm rolu olub. Aparılan böyük praktiki iş Zərifə xanımın ilk elmi əsərlərinin əsasını qoyub. Traxomanın sintomisinlə müalicəsi mövzusunda namizədlik dissertasiyası işləyib. Zərifə xanımın elmi fəaliyyətinin ən maraqlı və perspektiv istiqamətlərindən biri iridodiaqnostika və iridoterapiya problemi olub. İridodiaqnostika çox dəyərli bir ekspress üsuludur. Bu istiqamətdə aparılmış elmi axtarışların nəticəsi tayı olmayan «İridodiaqnostika əsasları» və «İridodiaqnostika monoqrafiyası» olub. O, müxtəlif peşə zərərlərinin, o cümlədən toz, talk, his, kanifol kimi toksik amillərin təsirini öyrənib. Bu tədqiqatlar respublikanın 10-dan çox iri sənaye müəssisələrində, məsələn, Bakı şin və yod, məişət kondisionerləri zavodlarında, Sumqayıt «Üzvi sintez» istehsalat birliyində, digər müəssisələrdə aparılıb. Görmə üzvünün peşə patologiyası problemləri ilə yanaşı, Zərifə Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində «Gözün və görmə sinirinin yaşla əlaqədar dəyişiklikləri», «Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri», «İridodiaqnostika», «Şəkərli diabet zamanı gözün patologiyası», «Oftalmologiyanın aktual problemləri», «Terapevtik oftalmologiya» və başqa monoqrafiyalar çap edilib. Ümumiyyətlə, onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var. Kimya istehsalında görmə üzvünün profilaktikasına həsr olunmuş orijinal elmi əsərlərin çap olunması ilə əlaqədar olaraq, 1981-ci ildə akademik Zərifə Əliyeva keçmiş Sovet İttifaqının Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı ilə təltif edilib. Zərifə xanım bu yüksək mükafata layiq görülən ilk alim qadın idi.

 

- Zərifə xanım ictimai işlər sahəsində də fəal idimi?

- Akademik Zərifə Əliyeva böyük ictimai iş də aparırdı. O, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, «Bilik» Ümumittifaq Cəmiyyətinin sədr heyətinin üzvü, Ümumittifaq Oftalmioloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, «Vestnik oftalmoloqii» jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olub. Zərifə xanımın vətən oftalmologiyasının inkişafında qiymətsiz xidmətləri çoxdur, onlardan biri 1977-ci ildə Bakıda yeni Oftalmoloji mərkəzin tikintisi haqqında irəli sürülmüş təşəbbüsüdür. Vaxtilə Heydər Əliyev və Zərifə xanım bu arzunun həyata keçirilməsi üçün böyük səy göstəriblər. 2001-ci ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna akademik Zərifə Əliyevanın adı verildi. Görkəmli alimə xas olan vətənpərvərlik, sadəlik akademik Zərifə Əliyevaya məxsus idi. Zərifə xanım Əliyeva ölkəmizdə və bütün dünyada oftalmoloqların və pasiyentlərin hörmətini və məhəbbətini, bütün Azərbaycan xalqının etimadını qazanmışdı. Akademik Zərifə xanım Əliyeva sözün yüksək anlayışında insan olub, onun həyatı bizim üçün əbədi nümunə qalacaq, xatirəsi ürəyimizdə həmiºə əziz tutulacaq. Biz indi o ailədə dünyaya gələn prezident İlham Əliyevin yenidən ölkəmizin rəhbəri seçilməsinin sevincini yaşayırıq. Bu qələbəyə bütün ölkə sevinir. Əminik ki, ölkəmiz bundan sonra da inkişaf edəcək. Mən respublikamızın 2000-dən çox pediatrı, 43,5 faiz uşaq və onların valideynləri, Tibb Universitetinin professor və müəllim heyəti, eləcə də 8000-dən çox tələbəsi adından prezident İlham Əliyevi təbrik edirəm! Biz ona səs verməklə öz gələcəyimizin təminatına səs verdik.

 

Təranə Məhərrəmova

 

Kaspi  2018.- 14-16 aprel.- S.8.