Biz tarixi yaratmışıq, amma yazmamışıq

 

Ramiz Əskər: “Bizim “Koroğlu”muz sovet ideologiyasının təsiri ilə çox dəyişikliyə məruz qalıb”

 

Artkaspi.az görkəmli türkoloq alim, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərlə müsahibəni təqdim edir:

 

– Türk dünyasının ortaq mədəni dəyərlərindən danışaq. Bu dəyərlərin tanınması üçün nələr edə bilərik? Dövlətimizin və bizim üzərimizə düşən öhdəliklər nələrdir?

– Bizim qarşımızı şərqdə Çin mədəniyyəti kəsir, cənubda qələbəlik Hind və İran mədəniyyəti, daha irəlidə İslam və Quranla taclanmış ərəb mədəniyyəti, şimalda slavyan mədəniyyəti kəsir. Qərbdə isə Avropa mədəniyyəti ilə əhatələnmişik. Türklər orta zolaqda sıxışdırılmış vəziyyətdə olsa da, assimilyasiyaya məruz qalmayıb. Çünki mədəniyyətimiz çox köklü və qüdrətlidir. Həmçinin coğrafiyamız bəllidir – 17 milyon kvadrat kilometr torpağımız, 300 milyon da əhalimiz var. On altı böyük imperiya yaratmışıq. Türklər heç zaman topdan əsarətə düşməmiş,  kəsintisiz davam edən dövlət və mədəniyyət qurmuşlar. Ona görə də dünya tarixini bizsiz düşünmək mümkün deyil. Azərbaycan olaraq biz də bu böyüklüyün bir parçasıyıq. Dövlətimizin rəsmi xarici siyasət doktrinası türkçülükdür. Çünki taleyi təxminən bir olan (Türkiyə istisna olmaqla digər türk dövlətləri 20-25 ildir azaddır, bir hissəsi hələ də bunu gözləyir) bizlərin dərdi, problemi, yaşantıları eynidir. Daxili siyasətimiz isə azərbaycançılıqdır. Bu da çox lazımlı məsələdir. Şimallı, cənublu Azərbaycanı əlahiddələşdirməsək, lokallaşdırmasaq, məsələlər öz həllini tapa bilməz. Konkret suala gəlincə, düşünürəm ki, türk xalqları bir-biri ilə daha sürətlə inteqrasiyaya girərək, təxminən Ərəb ölkələri liqası kimi siyasi birlik meydana gətirməlidir. Bu isə bir neçə mərhələdən keçib formalaşmalıdır. Birincisi, mədəni birlik olmalıdır, yəni dilimiz, ədəbiyyatımız, mənəviyyatımız. İkincisi, iqtisadi birlik qurmalıyıq. Hazırda bu iki mərhələ arzu olunan səviyyədə deyil. Bütün bunları həll etdikdən sonra siyasi birlik barədə düşünməliyik. Yəni qarşımızda hələ uzun bir yol var. 

 

– Türk dilinə və türk kimliyinə çox önəm verirsiniz. "Elm dili türk dili olmalıdır” deyə düşünürsünüzmü?

– Düşünmürəm, çünki türk dili elə elm dilidir. Türkiyədə 200-ə yaxın universitet fəaliyyət göstərir.  Burada 10 ilə yaxındır ki, artıq məcburi orta təhsilə keçid baş verib. Dünyanın ən gənc elmlər doktorundan biri türkiyəli Oqtay Sinanoğlu  həmişə bu problemlə üz-üzə qalıb, "türk dili elm dili olmağa qabil deyil” deyənlərə etiraz edirdi. Türk dilinin termin yaratma qabiliyyəti çox qüvvətlidir. Çünki  türkcədə 15 şəkilçi eyni kökə artırıla bilir. Avropa türkoloqlarından biri "türkləşdirəbilmədiklərimizdənsinizmi” sözündə bu halı qeyd edib.  Həm də niyə türk dili elm dili olmasın ki? Bir halda ki Türkiyə sualtı qayıq, təyyarə istehsal edirsə, 40.000 detalın 20.000-i türk dilindədirsə. Nəzərə alın ki, dünyanın heç birində bu say tam deyil. Bəlkə, çin dilində ola bilər. Çünki çin dili heca dilidir, bu yükü qaldıra bilər. Avropa dillərinin çoxunda gəmiçilik terminləri əksərən holland dilində, iqtisad terminləri alman, incəsənət terminləri isə italyan dilindədir. Saf dil anlayışı mümkün olmadığı üçün bəzən yunancadan, latıncadan da terminlər alına bilir. Türk dili saf dil deyil, ola da bilməz. Ehtiyac duyduğu hallarda yabançı kəlmələri qəbul edib. Uzun sözün qısası, türkcə elm dilidir, həm də bal kimi.

 

– Yaxın gələcəkdə qaqauz, Krım tatarı kimi ləhcələrin "ölməsi” gözlənilir. Türkologiyada bu barədə fikirlər haçalanıb. Siz necə düşünürsünüz?

– Düşünmürəm ki, bu iki dil ölmək təhlükəsi ilə üz-üzədir. Krım tatarlarının milyondan çox əhalisi var. Qaqauzlar isə 250-300 min civarındadır. Krım tatarları yarımadadadır, mərkəzləşə biləcəklər, qaqauzlar isə səpələnmiş vəziyyətdədir: Böyük qismi Moldovada, bir hissəsi Ukrayna, digəri qismi isə Karpat dağlarında. Moldovada az da olsa qaqauz dili və ədəbiyyatı tədris olunur, orada dövlət qurumlarının dəstəyini almaq mümkündür. Digərlərində bu, bir az qəlizdir. Krım tatarları daha üstün mövqedə görünsələr də, hazırda orada qeyri-müəyyənlik müşahidə olunur. Bunlardan daha betər vəziyyətdə olanlar var. Məsələn, tofalar. Bildiyim qədəri ilə 586 nəfər idilər. Çindəki bəzi kiçik xalqlar, Uzaq Şərqdə, Sibirin yuxarı ərazilərində yaşayan türk xalqlarında bu problem daha böyükdür. Bizi assimilyasiyadan qoruyan bəzi məsələlər var. İlk baxışdan qloballaşma təhlükəli görünə bilər, lakin bunun da özünəməxsus faydaları mövcuddur. Məsələn, irəlidə televiziyalarda belə bir yenilik olacaq: dünyanın 12.000 dilindən hər hansı birində kanal izləyəcəksən və bir düymə ilə sinxron tərcümə prosesi gerçəkləşəcək. İspaniyadan hər hansı verilişə baxdıqda paralel şəkildə tərcüməsi də veriləcək. Deməli, elm və texnika həm də bizim xilaskarımızdır.

 

– Müasir dövrümüzdə türkologiya ilə bağlı hələ də həllini tapmayan mübahisəli məsələlər hansılardır?

– Çoxdur, hədsiz çox. Məsələn, tarixi aspektdən problemlərimiz hələ də qalmaqdadır. Firudin Cəlilovun "Urmiya” nəzəriyyəsi var. Onun fikrincə, türklər dünyaya Altaydan deyil, Urmiya-Van-Göyçə ətrafından yayılmağa başlayıblar. Türklərin ilkin beşiyi bura olub. Etrusk məsələsi həll olunmamış qalıb, şumer dili ilə türk dillərinin oxşarlığı da tam aydın deyil. Düşünürlər ki, tipoloji yaxınlıq olsa da, leksik yaxınlıq yoxdur. Digər tərəfdən isə Oljas Süleymanov özünün "Altmış söz” əsərində 60 şumer sözünün türkcə olduğunu iddia etmişdir. On üç ölkədə yayılmış qayaüstü "Orxon-Yenisey” abidələrinin əksəriyyəti bizə tam aydın deyil. Heç türkdilli abidələr də dilimizə tərcümə olunmayıb. Biz bəşər mədəniyyətinin ən nəhəng əsərini – "Manas”ı Azərbaycan dilində oxuya bilmirik. Bu məsələdə özbəklər bizdən öndədir. Tərcümə prosesini Türkiyə daha əlverişli şəkildə həll edir. Orada elmlər namizədi olmaq istəyirsənsə, sənə hansısa abidəni transliterasiya etmək tapşırılır və ya ərəb, fars dillərini bilirsənsə, tərcümə. Bundan başqa, həmin əsərə şərh yazmaq, lüğət tərtib etmək lazım gəlir.

Türk dillərinin diferensiasiya məsələsi də həll olmuş sayılmaz. Köhnə SSRİ-də türkologiya bir elm kimi inkişaf edirdi. Düzdür, əsasən, dilçilik istiqamətində idi, ədəbiyyat arxa planda qalırdı. Tarixdən isə söz belə açıla bilməzdi.  Aparılan araşdırmalar da çox soyuq, neytral idi. İcazə vermirdilər ki, türklərdə milli iftixar hissi baş qaldırsın. Çünki türklərin özlərini anlamasından, həqiqəti qavramasından qorxurdular. Kaşğarlının "Divan”ının müxtəlif türk dillərində nəşrinə icazə yox idi. Bu əsərin özbəkcə tərcüməsinin olması kafi sayılırdı. Bizim dilə 30-cu illərdə Səid Xaliq Xocayev tərcümə etmişdi. Aqibəti məlumdur. Güllələndi... Biz özümüzü qabaqcıl türkologiya məktəbi sayırıq. Amma belə deyil. Necə olur ki, "Divan” özbəklərdə 60-cı illərdə tərcümə və nəşr olunub, bizdə isə 2006-da? Bizim tərcümə qazax dilinə, uyğur, çin dillərinə, hətta fars dilinə tərcümədən sonra meydana çıxıb.

 

– Türkologiyanın bir elm kimi təməl qaynaqları nələrdir? Bu sahəyə marağı olanlar üçün hansı  kitabları məsləhət görürsünüz?

– Türkologiyanın 5 filoloji təməl əsəri var: "Orxon Yenisey” abidələri, "Kitabi-Dədə Qorqud”, "Manas”, "Qutadğu bilik” və "Divanü-lüğat-it-türk”. Əvvəlcə bu 5 filoloji təməllə tanış olmaq lazımdır. "Kitabi-Dədə Qorqud”u dərindən qavramaq, "Qutadğu bilik”dəki dövlət, cəmiyyət sistemini mənimsəmək lazımdır. Daha sonra "Manas”a keçmək gərəkdir. Bunlardan sonra "Divanü lüğat-it-türk”i oxumaq və öyrənmək gərəkdir. Bunlardan sonra elmi təmələ keçmək olar, yəni İbrahim Qəfəsoğlunun "Türk milli kültürü”, Osman Turanın "Türk cahan hakimiyyəti  məfkurəsi tarixi” əsəri ilə tanış olmaq lazımdır. Türk  tarixini bilmək çox vacibdir. Çünki biz tarixi yaratmışıq, amma yazmamışıq. Murad Acını, Firudin Cəlilovu da oxumaq vacibdir.

 

– Bir az da 46 kitab tərcüməçisi Ramiz Əskərdən danışaq...

– Mən, əsasən, türk dillərindən tərcümələr edirəm. Hazırda Nəvainin "Xəmsə”si üzərində işləyirəm. Təxminən bir ay əvvəl Nəvai şəhərinin fəxri vətəndaşı seçiləndə söz verdim və bu işi öz öhdəmə götürdüm. Daha sonra planımda "Goroğlu” dastanı var. Çünki bu dastan mifik obrazlarla, hadisələrlə çox zəngindir və elə gerçək "Koroğlu” da odur. Bizim "Koroğlu”muz sovet ideologiyasının təsiri ilə çox dəyişikliyə məruz qalıb. Hətta utanmasalar o dastana bir erməni, gürcü obrazı da daxil edərdilər. Bizdə yakut dilindən bircə sətir belə tərcümə yoxdur, "Alpamış”, "Koblandı Batur” da həmçinin. Mənə elə gəlir ki, böyük bir türkoloji mərkəz lazımdır bu işlər üçün. Türk dünyasında təxminən 300-ə yaxın dastan var ki, onlardan heç olmasa 30-u dilimizə tərcümə olunmalıdır. Türk dünyasında minimum 10.000 yazıçı, şair var. Bunlardan azı 100-dən biri tərcüməyə layiqdir. Biz heç qonşu xalqları da tam tərcümə etməmişik. Bu dəqiqə sosial sorğu keçirsək, heç kim bu xalqlardan bir ədib adı çəkə bilməz. Qonşulardan ən yaxşı bilinən elə ruslardır. Yəni işimiz çoxdur. Bir də bu sahədə dövlətdən qayğı gözləməmək lazımdır. Bütün bunlar, öncə, mədəni ehtiyacdır. İkincisi isə tədris ehtiyacıdır. Türk xalqları ədəbiyyatı kafedrasının müdiri olanda müşahidə edirdim ki, fənləri tədris etsək də, vəsaitimiz, dərsliyimiz çatışmır. Bu, bizim üçün çox böyük nöqsan idi.

 

– Özünüz ziyalı ailəsindənsiniz. Övladlarınızın da hər üçü ali təhsilli mütəxəssisdir. Sizcə, həqiqətən ziyalılıq qanla, genlə bağlıdırmı? Ot kökü üstündəmi bitir?

– Biz 4 nəsil ali təhsil almışıq. Deyim ki, 3 nəsil ali təhsil alandan sonra o nəsil tam ziyalı olur. Üç nəsil təxminən 100 il deməkdir. Adam var ki, orta təhsillidir, lakin qabiliyyətlidir. Ali təhsil almaq müəyyən bir ixtisasa sistemli şəkildə yiyələnmək deməkdir. Sistem olmadıqda insan öz-özünü yetişdirməyə məcburdur. Bizim xalqımız da elə 100 ilə yaxındır ki, ali təhsil alır. Sadəcə ali təhsilsiz insanın təsir dairəsi az olur.

 

– Bir çox xarici ölkələrdə olubsunuz. Azərbaycanlıların  elmə münasibətində hansı fərqləri müşahidə edibsiniz? Övladlarınızın xarici ölkələrə təhsil üçün üz tutması, deyəsən, buradakı təhsil səviyyəsinin sizi qane etməməsindən qaynaqlanır...

 – Zaman keçdikcə təhsil anlayışımızda, təhsil səviyyəmizdə də əsaslı fərqlər yarandı. Məsələn, biz təhsil aldığımız dövrdə (ötən əsrin 70-80-ci illərində) müəllim-tələbə münasibətləri tamam fərqli idi. Hər şey qarşılıqlı hörmət prinsipi üzərində qurulmuşdu, təlim daha fundamental idi. İndi bu məsələlərin məcrası bir az dəyişib. Həm də savadla, bilgi ilə irəli getməyə inam da zədələnib. Gənclər şikayət edir ki, mən savadlı, ali təhsilli ola-ola niyə geridə qaldım, lakin universitetinin həyətinə belə ayaq basmayan birinin həyatı daha parlaq oldu? Bu da ticarətə, biznesə meyllə bağlıdır. Bilirsən, iki insan – biri daha dünyagörüşlü, savadlı, digəri isə bir o qədər ziyalı olmayan biznesə atılsa, ikincilərin şansı daha çox olacaq. Çünki ağıllılar düşünəcək və risk etməyəcək. İndi, təəssüf ki, gənclər bu cür bəhanələri əllərində bayraq edirlər. Mənim övladlarım da belə bir dövrdə orta məktəbi bitirdilər. Qızım tibb universitetinə dövlət sifarişli əsaslarla qəbul olunmuşdu, Ankara universitetinə isə ödənişli əsaslarla.  Oğlum da eyni ilə Bakı Dövlət Universitetinə dövlət sifarişli, İstanbul Texniki Universitetinin mexanika fakültəsinə ödənişli əsaslarla qəbul olundu. Mən hər ikisini Türkiyədə öz hesabıma oxutdum. Dəqiq bilirdim ki, oğlum mənim işlədiyim yerdə oxusa, arxayın olacaq, tənbəlləşəcək, ancaq İstanbulda belə bir şansı və lüksü olmayacaq. Üstəlik, Türkiyə ali təhsilə diqqət yetirməyə gec başlasa da, bizi qabaqlayıb.

 

– Övladlarınızın heç biri ədəbiyyatla bağlı sahədə deyillər. Oğlunuz Atilla Əsgərov da müsahibəsində gənclərə texniki elmlərə yönəlməyi tövsiyə edir. Bu nə ilə əlaqədardır?

– Bilirsən, o, NASA-da, yəni elm və texnikanın ən yüksən səviyyədə tətbiq olunduğu yerdə işləyir və dünyada gedən proseslərdən yaxşı xəbərdardır. Yəqin ədəbiyyatın, ümumən humanitar elmlərin çox-çox geridə qaldığını gördüyü üçün belə düşünür.

 

– Nə zamansa böyük bir əziyyət bahasına ərsəyə gətirdiyiniz işin diqqətdən kənarda qalması halına təəssüflənibsinizmi?

– Yox. Mən elə böyük işlər görməmişəm. Sadəcə olaraq, bəzi mühüm tərcümə əsərlərinin nəşrinə sponsor tapa bilməmək məni üzür. Təsəvvür edin, "Divan”ın, "Baburnamə”, "Türklərin İranı”, "Türk cahan hakimiyyəti məfkurəsi tarixi”... kimi əsərlərin tərcüməsinə mən uzun müddət pul tapa bilməmişəm. Əvvəla, mən tərcümə üçün əsərləri özüm seçirəm, pulsuz tərcümə edirəm, amma hamısını öz pulumla nəşr etməyə gücüm çatmır. Bu diqqəti dövlətdən gözləmirəm, dövlətin problemi çoxdur, minlərlə vacib işi var, gəlib mənim kitablarımla məşğul ola bilmir. Bizdə biznesmenlər kitab çapına barmaqarası baxırlar. Təəssüf. Mənim fəaliyyətim ümumən yüksək qiymətləndirilib. 2014-cü ildə ölkəmizin başçısı məni "Şöhrət” ordeni ilə təltif edib. Həm də təltif üçün heç bir vəsatət, məktub-filan göndərilmədiyi halda...

 

– Müşahidə etdiyim qədəri ilə məişətdə diqqətsizsiniz. Doğrudanmı böyük şeylər barədə düşünəndə kiçiklər önəmsiz olur?

– Əlbəttə. Diqqət nədir, heç əhəmiyyət vermirəm. Məsələn, mən səhər işə gələndə qızım deyir ki, bu qalstukla bu köynək tutmaz. Mən gülüb keçirəm; tutmasa nə olacaq, dünya dağılacaq? Yeməyə, geyməyə qarşı da tam biganəyəm. Çünki bunlar əhəmiyyətsiz şeylərdir. Elmi dərəcələrə, adlara, şana-şöhrətə də dərin laqeydliyim var. Mənim istəklərim başqadır. Gündə yorulmadan 10 saat tərcümə, yazı ilə məşğul olmaq istəyirəm.

 

– Hazırda nə üzərində işləyirsiniz? Yaxın planlarınız nədir?

– İndi Nəvainin "Heyrət ül-əbrar” poemasını tərcümə edirəm. Bu, "Xəmsə”nin birinci əsəridir. Yaxın gələcəkdə Nəvainin "Leyli və Məcnun”, "Fərhad və Şirin  poemalarını tərcümə etməyə başlamalıyam. Hazırda Tatarıstanın məşhur şairi Robert Minnullinin 70 illik yubileyinə bir kitab hazırlayıram.  Onunla əlaqələrimiz var. Ad günü ilə bağlı bir məqalə yazmağımı istədi, dedim ki, məqalə nədir, gəl, sənin bir kitabını tərcümə edim. O da şeirlərini göndərdi tərcümə üçün. Bunlar önəmlidir, məişət məsələləri yox. Dil pəhləvanımız çoxdur, amma ortada da iş yoxdur. İşi görmək lazımdır. Türk dünyasının iki böyük şəxsiyyəti – Mahmud Kaşğarlı ilə Yusif Balasağunlu barədə monoqrafiya yazmalıyam. Bütün bunlara vaxt tapmaq olmur. Özbəkistanda Nizami adına Pedaqoji Universitetin tərkibindəki özbək dili və ədəbiyyatı fakültəsini ayırıb xüsusi bir universitet halına salıblar. Təxminən 10 kafedra ilə universitet yaradıblar. İndi onlar Beynəlxalq Türkoloji Tədqiqatlar Mərkəzi yaradırlar və məni də ora təsisçi kimi dəvət edirlər. Kaş biz də belə bir mərkəz aça biləydik. Çünki kafedra bu işləri görə bilmir, müəllimlər dərs qayğısına görə türkologiya ilə dərindən məşğul olmağa vaxt ayıra bilmirlər. Məsələn, bizim universitetlə müqaviləmiz var, hər gün 7 saat 11 dəqiqə burada olmalıyıq. Dərsimiz olsa da, olmasa da.  Ayrıca mərkəz olsa, bu olar əla. Mayın axırında Krımda Bəkir Çobanzadənin 125 illik yubileyi keçiriləcək. Onun adını daşıyan mükafatın laureatı kimi oraya dəvət olunmuşam. Avqustun 7-8-də Daşkənddə "Özbək ədəbiyyatının xaricdə tədqiq problemləri” mövzusunda böyük bir simpozium keçirilməsi nəzərdə tutulur. Gör nə qədər iş var...

 

– Bir neçə şeir müəllifi olsanız da müəllim olduğunuz filologiya fakültəsində, əsasən, "Su pərisi” şeirini səsləndirməyinizlə yadda qalıbsınız. Deyəsən, o şeirinizi xüsusilə sevirsiniz.

  Bu şeir mənim ən çox sevdiyim şeirlərimdən biridir. Həm də yeganə şeirimdir ki, əzbər bilirəm. Qoy onu deyim, oxucular da bilsinlər. Bəlkə kimsə bəyəndi:

 

SU PƏRİSİ

 

Ağ köpükdən sırğaları,

Gümüş kimi dərisi,

Yarıb gəldi dalğaları,

Yîsun saçlı su pərisi.

 

Heyrət ilə baxdım îna,

Alîvlanır içərisi,

Aşiq îlub bir insana,

Eşqə düşüb su pərisi.

 

Dedi: "Sevdim bu adamı”,

Gördüm î bir eşq dəlisi,

"Îlmaz məndən su adamı”,

Dinləmədi su pərisi.

 

Dedim îna: "Məndən vaz keç,

Ürəyimdə var birisi,

Öz sîyundan birini seç,

Sev înu sən, su pərisi.

 

Bu dünyanın hər şeyi var,

Uçarısı, köçərisi,

Tîrpağında insan yaşar,

Sularında su pərisi”.

 

Dedi: "Daha sevgi bitdi,

Yox könlümün müştərisi!”

Göy sularda gözdən itdi,

Qəlbi sınan su pərisi.

 

Bir səs qîpdu dîdağımdan,

Fəryad, nida: "Su pərisi!”

Dönüb öpdü yanağımdan,

"Get, əlvida, su pərisi!”

 

Îndan sînra görünmədi

Nə ölüsü, nə dirisi,

Hara getdi, bilinmədi,

Yîxa çıxdı su pərisi.

 

Söhbətləşdi: Aytac Quliyeva

 

Kaspi  2018.- 14-16 aprel.- S.12-13.