Əbədi iz qoyan sənətkar – ABDULLA TUKAY
Tatarıstanın
xalq şairi, ədəbi tənqidçi, publisist, ictimai xadim
və tərcüməçisi Abdulla Tukay 26 aprel 1886-cı
ildə Kazan quberniyasının Quşlauç kəndində
dünyaya gəlib. İlk şeirlərini mədrəsədə
təhsil alanda yazıb. "Fikir", "Əl-islax"
("Reforma") qəzeti, "Əl-əsr əl-cədid"
("Yeni əsr"), "Yalt-Yult" ("Şəfəq")
jurnallarında çalışıb, "Yaşen"
("İldırım", 1908-1909) jurnalını Kamal
Əliəsgər ilə birlikdə buraxmışdı.
Yaradıcılığına Molla Nəsrəddin
jurnalının, Mirzə Ələkbər Sabir
satirasının güclü təsiri olub. Bununla
yanaşı, Nəriman Nərimanov Həştərxanda
sürgündə olarkən, 1911-ci ildə Abdulla Tukay ilə
tanış olub dostlaşıblar. N.Nərimanov gənc
yaşlarında vərəm xəstəliyinə tutulan Abdulla
Tuqakın ilk həkimi olub.
1907-ci ilin payızından başlayaraq düz beş il yarım müddətində Abdulla Tuqakın həyatında xalqına, vətəninə ilhamlı xidməti özünü daha çox büruzə verib. Kazan şəhərində o, müxtəlif qəzet və jurnallarda çalışaraq həyatını tamamilə ədəbiyyata, jurnalistikaya həsr edib. Bundan başqa, yeni ədəbi mühitdə yeni dostlar qazanıb, biliklərini genişləndirərək şifahi xalq ədəbiyyatını dərindən öyrənib. Həftəlik çap olunan "Əl-İslah" qəzetində işlədiyi müddətdə Fatih Əmirxanla (tatar yazıçısı, publisist – 1886-1926) dostlaşır. Və, əlbəttə ki, Avropada təhsil alan F.Əmirxanın onun dünyagörüşünə, düşüncələrinə, poetik istedadının formalaşmasına böyük təsiri olub. Kazanda Tukayın gəlişinə qədər xalq və uşaq ədəbiyyatı heç vaxt vacib məsələlər kimi gündəmdə olmayıb. Bəzi müəlliflərin geniş yayılmış kitabları olsa da, bu sahənin inkişafı, yenilənməsi barədə düşünən olmayıb. Amma Tukay bir çox yaradıcı fikirlərinin içindən özü üçün başlıca ikisini seçir: şifahi xalq ədəbiyyatının dəyərini yüksəltmək və uşaqlardan ötrü yeni ədəbiyyat yaratmaq. Və o, Kazanda şifahi xalq ədəbiyyatı, onun tədqiqatı, təbliğatı və uşaq ədəbiyyatının inkişafının əsasını qoyur. Qısa ömrü ərzində məktəb yaşlılar üçün otuzdan çox kitab, xalq ədəbiyyatının tədqiqatıyla bağlı dörd kitab çıxardıb. Tukayın yaradıcılıq enerjisinin geniş fəaliyyət meydanına ehtiyacı vardı. O, xalqının inkişafı üçün daha çox şeylər etmək niyyətindəydi. Fikirlərini, ideyalarını, düşüncələrini reallaşdırmaqdan ötrü yaşayırdı.
Abdulla Tukayın 1910-cu ildən çap olunan "Yalt-yult" jurnalında da zəhməti əvəzsizdir. Satirik şerilərinin çoxunu da elə məhz bu jurnalda çap olunub. O, yazıçılarla, jurnalistlərlə birlikdə ədəbi gecələr, konsert və mühazirələr təşkil edirdi. Xüsusilə də, "Xalq ədəbiyyatı" mühazirəsi gənclərdə güclü təəssürat yaratmışdı.
Abdulla Tukay Tatar Milli Teatrının formalaşmasına, inkişafına böyük əhəmiyyət verirdi. Teatrın yaranmasında önəmli yeri onun gənclik dostu Abdulla Kariyev (tatar aktyoru, rejissoru – 1886-1920) tutur. Qeyd etmək lazımdır ki, Tukay Kazana gələndən sonra ilk şeirlərindən birini – "Teatr" adlı şeirini məhz teatra həsr edib. Teatrın ictimai əhəmiyyətini təkcə əxlaqi məsələlərdə deyil, daha dərində – sosial məsələlərdə görürdü. Bu sahənin də inkişaf etməsindən ötrü əlindən gələni edirdi.
Saman bazarı... XX sərin əvvəllərindən söhbət gedirsə, deməli, Kazanda hər həyətdə mal-qara saxlayırdılar. Samanı ətrafdakı kəndlərdən gətirirdilər. Kəndlilər bu saman bazarında samanlarını satıb əvəzində başqa məhsullar alıb aparırdılar. Burda hər şey satılırdı. Və həmçinin də fırıldaqçılardan tuturmuş düz adamlara qədər hər cür tip insana rast gəlmək olurdu. Kimsə bazardan keçib Tukayın yanına gələndə saman iyindən nəfəsi tutulur, halı pisləşirdi. Lakin bu saman bazarı da Abdulla Tukay yaradıcılığında öz yerini tutub və o, tatar satirik poeziyasının əvəzsiz nümunələrindən biri olan "Saman bazarı və ya Yeni Kisekbaş" əsərini yaradır. Şair burada amansızcasına cəhalətpərəstlərin və irticaçıların üzündən müqəddəslik maskasını dartıb çıxarır. Klubda poemasını oxuyan şairə oxucular heyran qalır. Naşirlər – Şərəf qardaşları artıq on gündən sonra bu əsəri çap edirlər. Əsər böyük uğur qazanır.
Kazanda yaşamağı bir çox şeylərə Tukayın gözünü açdı. Onun ruh əhval-ruhiyyəsi dəyişdi. Əvvəlki illərdə qəlbindəki yaradıcılıq yanğısını darıxmalar, xiffətlər, ürək sıxınları əvəz etdi. Bir müddət sonra isə, artıq onuncu illərdə onda inqilaba yeni işıqlı ümidlər yarandı...
Kazanda onu sıxan mühitindən uzaqlaşmaqçün arada bir gəzintilərə, səyahətlərə çıxırdı. Nijni Novqoroda, Simbir quberniyasına, Həştərxana gedirdi. Kazan şəhərindəsə hər zaman aktiv fəaliyyəti davam edirdi: gah "Şərq klubu"nda konsertdə çıxış edir, gah şagirdlərlə görüşlərdə olur, gah da zavod, fabrik fəhlələriylə tanış olmağa gedirdi. 1911-ci ilin sonu, 1912-ci ilin ilk aylarını Uçildə keçirir. Burada xalqının əzabları qələmə alır. Günü gündən şairin xəstəliyi artır. 1912-ci ildə tatar xalqının böyük oğlu Hüseyn Yamayevin vaxtsız ölümü ona olduqca pis təsir edir. Və Tukay öncül tatar gənclərindən ötrü böyük itki olan bu insanın ölümünə iki şeir həsr edir.
Şair ölümünün çox da uzaqlarda olmadığını artıq hiss edirdi. Xalqa son sözlərini deməkdən ötrü bir dəqiqəsini belə boş oturmurdu. 1912-ci ilin yayında F.Əmirxanla yeni ədəb-bədii jurnal çap etmək istəyirlər. Jurnalın naşiri Ahmədqaraya Həsəniylə birlikdə qərara gəlirlər ki, jurnalın adı "Anq" ("Şüur") olsun. Jurnalın ilk nömrəsində Tukay yazır:
Dostlar, hər necə olsa da zülmət dağıldı
Haydı iş başına! Bizə aydınlıq lazımdı –
Gözlərin aydını, zehnin aydını...
1913-cü ildə Abdulla
Tukayın səhhəti qəflətən pisləşir. Lakin buna baxmayaraq, yazmağına ara vermir.
Son aylarında yaratdığı əsərlər
şairin daxilindəki
böyük vətənpərvəri,
vətəndaşı daha
da açıb göstərə bilib.
Dəfələrlə şeirlərində L.N.Tolstoya müraciət edir, alim və
mütəfəkkir olan
Şəhabəttin Mərcanidən
(1818-1889) yazır. Onun
"Oyanış haqqında
ilk iş", "Yubileylə
əlaqədar", "İki
xatırlatma" publisistik
məqalələri, "Böyük
yubileylə bağlı
xalqın ümidləri",
"Şaxta" şeirləri
əsl sənət nümunələrdir. Quran kitabından etdiyi "Nəsr" surəsinin poetik tərcüməsində
şair Allaha ehtiramını, sitayişini
və İslama səmimi sadiqliyini göstərib. Şair sanki
yaradıcılığının yekununu çıxarır,
böyük arzularını
dilə gətirir.
"Amur" mehmanxanasından xəstəxanaya gedərkən
Tukay bu yolun onun sonuncu
"səyahəti" olduğunu
artıq yaxşı başa düşür. Və dostu
F.Əmirxanla vidalaşır.
Fatih ona deyir:
– Tez sağal ki, yaxın vaxtlarda yenidən görüşək!
Tukay ona cavab verir:
– Sən mənlə görüşməyə tələsmə,
çox yaşa!
Dahi şair
1913-cü ildə aprelin
15-də vərəm xəstəliyindən
dünyasını dəyişir. Onun ölümü
tatar xalqıyçün
ağır faciə olur. Dəfninə böyük izdiham
gəlir. Bu haqda nəinki Tatarıstanın, həm də bir çox
ölkələrin nüfuzlu
mətbuat orqanlarında
məqalələr çap
olunur.
Bu gənc oğlan
tatarlarçün hər
şey idi. Həyatın mürəkkəb suallarına
cavab verə bilən müdrik ağsaqqal, düzgün fikirləri səsləndirən
natiq idi. O, tək özü öz dövlətini təmsil edirdi. O, sanki başqalarının
arasında ruhdan düşməyən, ağlamayan,
gözəl gələcəkçün
mübarizə aparan şair idi. O, başqalarını ardınca
zirvələrə doğru
apara bilən, cəsarətlə həqiqəti
deyən yenilməz və məğrur xalq qəhrəmanı idi. Abdulla Tukay
elə bir nəğməkar idi ki, oxuduğu insanların öz musiqisinə çevrilərək
ruhuna, canına hopurdu. Onun mahnılarını bütün
xalq oxuyurdu...
Gənc yaşında vəfat etməsinə baxmayaraq, Abdulla Tukay tatar xalqının ədəbiyyat, incəsənət, mədəniyyətinin mənən, ruhən inkişafının bütöv bir dövrdür. Şair əbədi olaraq insanların yaddaşında qalıb. Ölümündən indiyə qədər əsərləri dəfələrlə nəşr olunub. Hətta Böyük Vətən müharibəsinin ağır illərində (1943) nəşriyyatlardan biri onun kitabını çap edir. Şairin şeirləri həmvətənləriylə birgə cəbhələrdə döyüşürdü. Abdulla Tukayın yaradıcılığı elə indi də o vaxtlardakı kimi maraqlıdı, aktualdı, öz təsir qüvvəsini qətiyyən itirməyib. Bəs, görəsən, bunun səbəbi nədir? Çünki onun əsərləri dünya mədəni irsinin bir hissəsini təşkil edir. Dahi Tukayın poema-nağılı əsasında bəstəkar Fərid Yarullinin (1913-1943) yazdığı "Şurale" baleti Tatarıstanın sərhədlərini aşaraq bir çox Qərb ölkələrində səhnədə oynanılıb və çox yüksək dəyərləndirilib. Onun sözlərinə bəstələnmiş mahnılar Tatarıstan Dövlət Filarmoniyasının solistləri tərəfindən İtaliya, Malta və uzaq Afrika ölkələrinin konsert salonlarında ifa olunub. Qeyd etmək lazımdır ki, Tukayın yaradıcılığı incəsənətin bütün qollarını zənginləşdirir və inkişafına xüsusi təsir göstərir. Bunun təsdiqi olaraq Abdulla Tuqakın əsərləri əsasında yaranmış F.Yarullinin "Şurale", R.Qubaydullinin "Kisekbaş", A.Bəkirovun "Su adamı" baletləri, N.Jiqanovun "Kırlay" simfoniyası, B.Urmanç, İ.Kazakov, B.Almenonov, F.Aminovun heykəltəraşlıq vərəsm əsərlərini və s. göstərmək olar.
Abdulla Tukay teatr səhnəsində də, tarixi romanlarda da yaşayır. Tatarıstanda ən yaxşı ədəbiyyat və incəsənət əsərlərinə görə Abdulla Tukay mükafatı təsis olunub. Mərkəzi meydan və Kazanın ən qədim küçələrindən biri, Tatarıstanın keçmiş Çelninski rayonu onun adını daşıyır. Şəhərdə Abdulla Tukay adına ədəbiyyat muzeyi də fəaliyyət göstərir. Bundan başqa Qazaxıstanda, Özbəkistanda adına küçələr var. Hər il aprelin 26-da onun şərəfinə ölkə boyu poeziya bayramı keçirilir, görüşlər, konsertlər, ədəbi gecələr təşkil olunur.
Abdulla Tukayın əsərləri böyük tirajlarla rus və başqa xalqların dillərində bir çox ölkələrdə çap olunur. Şair xalqıyla, onu sevənlərlə birlikdə yaşamağa davam edir.
Onun yolu – ölümsüzlüyə və şöhrətə gedən yolu davam etməkdədir...
İnternet materialları əsasında
hazırlayan: Xanım
AYDIN
Kaspi 2018.- 14-16 aprel.-
S.15.