Atam-anamdır tənqidçilərim...
Bir yazıçının arvad-uşağı,
qardaş-bacısı onun
oxucuları ola
bilər. Normal şərtlər daxilində,
bunun ziyanı yoxdur.
Ancaq yazıçının
atası gərək onun oxucusu olmaya. İllah
da anası...
Mənimkilər oldular.
Gicgahlarıma qar yağdı. Yayım qışa
döndü.
Düz yolda çaşıb qaldım.
Biri dedi: "Analıq haqqımı, südümü
halal eləmərəm!..” O biri dedi:
"Atalıq haqqımı
haram elərəm. Övladlıqdan silərəm. Daşıdığın soyad mənimdir,
unutma ha!”
Atamın-anamın sıxdığı qədər
heç hökumət
sıxmazdı məni.
"Necə, üzümə
ağ olursan? Sən məndən
yaxşı biləcəksən?
Mənim
dediyim olacaq, necə desəm, elə də yazacaqsan, vəssalam!”
Yazı-pozunu da ata-ana haqqına
caladılar.
"Bir dəfə işimə qarışdın,
elmi dərəcəm
çıxdı əlimdən,
– dedim atama. – İndisə özümə
ədəbiyyatda bir cığır açmaqdayam,
yenə mane olursan.
Üzünə ağ olub-eləmirəm.
Ədəbiyyatın, hekayəçiliyin tələbincə yazıram.
Bir də, sən mənim hekayəmdəki obraz deyilsən ki! Lap olsan belə, nə dəyişəcək?
Onu yazan mənəm axı...” "Yoox,
olmaz, ola bilməz! Əvvəla, mən niyə
orada obraz deyiləm, hə? İkincisi də, sən məni olduğum kimi təsvir etməlisən, dəyişə
bilməzsən!”
Gördüm belə alınmayacaq, yazmağın, yazıçılığın
başını buraxdım.
"Yaxşı, ata,
– dedim, – mən yazıçılıqdan vaz
keçdim. Yazmıram daha”.
"Necə yəni
"vaz keçdim?!”
Kitablarıma baxdı.
"Bu yazdıqlarından pul qazanırsanmı”, – soruşdu.
"Yox” demək
keçdi ürəyimdən. İstədim deyəm, hələ üstəlik, pulum gedir bunlara.
"Verdiyim xərcliyi
naşirlərə yedirdirsən”
deməməsi üçün,
sözümü dəyişdim.
"Müəllif haqqı alıram”, – dedim.
Razı qalmadı.
"Bu uydurma kitablara görə pul verən naşirin ağlına keçə
yamayım, – dedi.– Bu qədər də avamlıq olarmı...”
Dinmədim.
"Yazıçılığın öz qayda-qanunu var, – dedi. – Yazmırıqsa, o demək
deyil ki, yaza bilmirik. Vaxtilə biz də girib-çıxmışıq o məşhur Babi-Aliyə...”
(Əvvəllər Türkiyədə mətbu
orqanların sıx yerləşdiyi, ədiblərin,
jurnalistlərin toplaşdıqları
məkana işarədir
– Tərc.)
Bu kişi "nəşriyyat sahibi, redaktor, senzor” imiş ki... Heç xəbərim olmayıb indiyəcən.
"Nədir, ay ata, o dediyin yazıçılıq
qayda-qanunu” – ağzımı
əyib-büzüb dedim
bunu. Ağzıma fikir vermədi,
səsimdəki hikkəni,
kinayəni də duymadı.
"Birincisiii, – dedi, – gərək adam
öldürməyəsən...”
"Mən qatil
deyiləm, ay ata, – dedim, – yazıçıyam. Həyatın içindəyəm həm
də. Bəs həyatda ölüm-itim
yoxdurmu? Var. Kimsə
kimisə öldürür,
mən də bunu yazıram...”
"Olmaaz, onda sən
təhrikçi sayılarsan,
– dedi. – İkincisiii:
gərək mayaya haram qatılmaya, oldumu?”
"Yəni?..”
"Yənisi budur,
gərək oğurluq
etməyəsən”.
"Oğurluq eləmirəm ki, – dedim. – Nə yazıramsa, hamısı özümündür.
Mətnlərarası gedişlər,
iqtibasçılıq (intertekstuallıq,
pastiş – Tərc.) yoxdur məndə...”
"Ondan danışmıram,
– dedi. – Oğurluq-quldurluq
olmasın yazdıqlarında!
Üçüncüsüüü: zinadan yazmamalısan, zinakarlığa
yer verməməlisən.
Heç
kimin məhrəminə
əl uzatmamalısan.
Kimsəni güdməməlisən...”
"Allah, sən saxla! Ay ata, peyğəmbərlikmi verildi,
vəhylə "On buyuruq”mu
gəldi, nə oldu sənə?”
"Mən bilirəm, – dedi. – Siz yazıçılar,
şairlər əvvəlcə
məsum tərzdə
bir-birinə yaxınlaşdırırsınız
adamları. "Səni sevirəm”, "Mən də səni sevirəm...” – dedirdirsiniz. Bir azdan əllər
birləşir, sonra baxışlar toqquşur.
"Nəhayət, xəlvət
bir guşəyə çəkirsiniz onları”
deyərdim, amma barı bunusa
da eləmirsiniz: eləcə parkın bir tərəfində, yaxud kitabxana küncündə başlı-başına
buraxırsınız. Onlar da hər cür qələt qarışdırırlar
orada. İndi gəl, tap kələfin ucunu... Bir tərəfdən, kimsə gizlincə telefonla çəkir onları, hədə-qorxuya
əl atır. O
biri tərəfdən
də polis nəfəri
gəlib çıxır
işin üstünə:
"Bu nə əxlaqsızlıqdır
belə... – deyir. – Düşün qabağıma,
gedirik bölməyə...”
Bölməyə aparılanda
bütün ölkəyə
hay düşür... Jurnalistlər gəlir, əhvalat dönür kriminal xəbərə. İnsanlarda abır-həya
qoymursunuz. Yoox, sizin
o "eşq” dediyinizin
nə hoqqa olduğu hamıya bəllidir artıq. Eşqi-məşqi yığışdırın.
Oldumu?
Daldaya çəkilmək
qadağandır! Bir qız-bir
oğlan dalda yerdə baş-başa verən kimi, şeytan özünü yetirir. Şeytan xəbər tutmasa
da, siz – yazıçılar çağırırsınız
onu. Bu da
olmasa, özünüz
şeytana çevrilirsiniz
yazdıqlarınızla. Dördüncüsüüü: xəyaldan əl çəkib, gerçəyi
görməlisən...”
"Naturalizm, realizm
– bunlar ədəbiyyat
dərsliklərində qaldı,
– dedim, – atacan. Bu anlayışlar hamısı
artıq ölüb-gedib.
İndi
postmodern dövrdəyik. Nə xəyal, nə gerçək? Daha bunları
bir-birindən ayırmırıq.
Xəyalımız gerçəkdir,
gerçəyimizsə xəyal...
"Beşincisiii...”
Anam qayıtdı atama ki, qoy beşincisini
mən deyim: "Oğlum, gəl sən özünə yeni bir dil
tap-düzəlt...”
"Atam-anam, bəs
mən neyləyirdim ki? Mən də elə
siz deyən işlə məşğul
idim də. Amma gəldiniz, dilimə kilid vurdunuz. Biz – yazıçılar, şairlər
əslində yeni bir dil yaratmağa
çalışırıq, başqa heç bir şey. Eşq, sadəcə,
bəhanədir bizdən
ötrü. Təbiət, cəmiyyət, fərd, duyğu, düşüncə
– hamısı bəhanədir.
İşimiz-gücümüz bir dil yaratmaqdır, amma siz o dilə yox, onunla təsvir
edilən mənzərəyə
fikir verirsiniz. Sonra da "Anlaşılmazdır”
deyirsiniz. "Eyhamlar uğursuzdur” deyirsiniz. "Arqodur, jarqondur” deyirsiniz. "Məcaz” axtarırsınız,
amma dilin özünü görmürsünüz.
Axırda durdum ayağa. "Atam,
– dedim, – anam, – dedim, – gəlin o istədiklərinizi özünüz
düzüb-qoşun, – dedim.
– Yumurtasız qayğanaq
bişirin. Siz yazın, yəni.
Mən yazmaqdan vaz keçdim daha...”
Yaxşımı elədim – bilmirəm. Amma yazıçılığımı
ata-anama qurban verdim. Əmdiyi süd burnundan tökülən, övladlıqdan
silinən bir adam olmaqdansa,
ədəbiyyatdan aralanmağı
üstün tutdum. Kaş ki, atamla anam
bu dediklərini vəsiyyətə çevirib
notariusda təsdiqlətməyələr.
Ümidim var ki, bəlkə onlar haqqa qovuşandan sonra yazı-pozuya qayıdam.
Oxuculardan xahişim budur ki, həm məndən,
həm də özlərindən ötrü
dua eləsinlər.
Məndən ötrü dua eləsinlər ki, ya atamla anam
daha işimə qarışmasınlar, ya da dediyim o vəsiyyət
məsələsi ağıllarına
gəlməsin.
Özlərindən ötrü də dua eləsinlər ki, mənim yazacaqlarımı oxumadan əcəl onları yaxalamasın.
Kamil Yaşıl
Tərcümə edən: Seyfəddin
Hüseynli
Kaspi.-2018.-14-16 aprel.-S.18.