Abdulla Tukay

 

Şeirlər

 

Huriyə

 

Əgər cənnətdə görsəm mən üzünü,

Görərəm ay üzündə öz-özümü

 

Bilirəm ki, məni məftun edərsən,

Sehrləyib məni əfsun edərsən.

 

Sənin hüsnün təbiidir, səmavi,

Və hər üzvi-lətifindir sənavi.

 

Sevirəm mən səni, həm çox anıram,

Sevə-sevə alışıram, yanıram.

 

Unudular mənim ərzi-sürurum,

Gələr cənnətə məxsus bir qürurum,

 

Sənin hər bir sözündür cana rahət,

Edər dil hər sözündən istirahət.

 

Sənin cismin yaradılmış səma çün,

Lisanın zikri-təsbeh çün, səna çün.

 

Səsin əla bülbülün səsindən,

Fəraq istərmi heç bir kimsə səndən?

 

Vücudun da müqəddəs, möhtərəmdir,

Toxunmaq biz günahkara irəmdir.

 

Qəşəngsən, gözəlsən sən, gözəlsən,

Gözəllərin gözəlindən gözəlsən.

 

Gözəlsən sən, zəbərcətsən, ləlsən,

Lakin sən yer qızı kimi deyilsən.

 

Sənin hüsnün aydın, özün görümlü,

Vəlakin yer qızı səndən sevimli.

 

"Yaşamağa dəyərmi?” deyə soran dostuma

 

Əlbət, dəyər: dayanmadan desən yalan,

Doğru sözlü insanlara yan almasan,

Vicdanından şeytan kimi uzaq qaçıb,

Sən aldatsan, başqasına aldanmasan.

 

Öz nəfsini qardaşından əziz bilsən,

Kasıbları kölə bilsən, kəniz bilsən,

Təkcə, bircə öz qarnını böyütməyi

Ömrü boyu özün üçün bir həzz bilsən.

 

Hər varlını qələminlə ulu etsən,

Tərifini yağlı, ballı, sulu etsən,

Bu söz qarın faydasına zərərdirsə,

Həqiqəti sən yalanın qulu etsən.

 

İçdən dinsiz olub, dışdan «din-din» desən,

Kasıbları düşmən görmək dindən desən,

Min məsləklə, min məzhəblə, min işləklə,

Hər ləyaqət çeşməsinə «mən-mən» desən.

 

Həyat ağır! – kapitala qul olmasan,

Hüzurunda dizə çöküb çul olmasan;

Dur, rahatlan, sən əyriyə «doğru» desən,

İstibdadın namusuna əl vurmasan!

 

Zinhar, dostum, sən haqq adlı yola girmə,

Yalan söylə, görmə zindan, görmə türmə;

Gəz! Dünyada nə acı, nə çılpağı gör,

Əski dünya tozunu at, gözə sürmə!

 

Lazım deyil insaf, vicdan – bir danə də,

Heç gərəkmi qeyrət etmək, mərdanə də;

Nə xeyri var, Quran oxu, təsbeh çevir,

Vəhşət ilə dolu olan bir xanədə.

 

Dur dünyada: imanı sat, vicdanı sat, –

Belə etsən, ömrün keçər xeyli asand;

Yalançıya, kafirlərə dünya cənnət, –

Ömrün ötsün kef içində rahat-rahat.

 

Məlumdur ki, mən deyəni sən etməzsən,

Yalan ilə, nifaq ilə yol getməzsən;

Candan qorxub, dovşan kimi tir-tir əsib,

Doğru yoldan azaraq sol getməzsən.

 

Öl! Torpaq ol, dön əslinə – əslin yaxşı,

Xəncər ilə kürəyinə qəsdin yaxşı;

Yer kürəsi! Nədən, bilməm, haq sevməzə

Min qat sənin altındansa üstün yaxşı?

 

Haqq-ədalət gömülmüşdür, üstdə deyil,

Onun üçün məni alta çəkir könül;

Ədalətlə məşhərəcən qalmaq üçün,

Durma sən də, tez ol, tez ol, yerə gömül!

 

Əlvida, dost! Mən də tezdən gedim dara –

Qoy yem olsun cansız bədən quzğunlara;

Yaşamaram, bu dünyadan doydum artıq!

Ağıl varmı, mən hara, bu dünya hara?

 

Altına qarşı

 

Allahım! Yer üzündən bircə bu altını al,

Müqəddəs yeri yaxan bu alovu-qanı al!

Mələklərə əmr elə: dünyanı pak etsinlər,

Yığaraq qızılları cəhənnəmə atsınlar.

 

Hamının qisasını qızıllardan alsınlar,

Bu sapsarı şeytanlar qoy orada yansınlar.

Qoy iblisdən, şeytandan azad olsun bu aləm,

Məhv olsun bu sarı üz, qoy yox olsun şər və qəm.

 

Bu xalqını pozaraq, o qudurdur, qızdırır;

Gözlərini kor edib, doğru yoldan azdırır.

Mən dolaşdım cahanı, haralarda yürmədim,

Bu altın tək bəlalı şeytan-filan görmədim.

 

Hər tərəfdə xalq olmuş bu metalın bəndəsi,

Haqqı görməz, çün altın hər həqiqət pərdəsi.

Xalq üçün zöhdü təqva, doğruluq da, din də bu!

Qurani-kərim, Zəbur, Tövrat da, İncil də bu!

 

Məsləhət

 

Yaxın dostum, sənə məndən məsləhət:

Sirr saxlamaq olsun səndə bir adət.

İçində nə yandığını özün bil,

Özün gizlə, özün ağla, özün gül.

 

Açıb gizli xəzinəni ürəkdən,

Söyləmə gəl artıq bir söz gərəkdən:

Adamlar yalnızca özün sevərlər,

Bəxtsizlərin düz üstünə gülərlər.

 

Onlar vəhşi, sən onlardan ol uzaq,

Onlar ilə bacarmaz heç yalquzaq.

Sirrin bilib, qızardarlar üzünü,

«Səfeh deyib, qorxudarlar gözünü.

 

Uçub get quş kimi sən təriflərdən,

Sənə tələ quran bu həriflərdən.

Əgər bassa səni qayğılar, həsrət,

Göz yaşı axmasa azalmaz möhnət –

 

Kimsəsiz yer tapıb sən orada çök,

Uşaq tək ağlayıb göz yaşını tök.

Gəlib görsə biri sənin halını,

Heç qoyma o verə öz sualını,

Sən söylə: "Gözlərim ağrıyır yaman,

Qızarıb sulanır heç dayanmadan!”

 

İki yol

 

İki yol var bu dünyada: biri budur – bəxt istəyir;

İkinci bu: elm eşqində olmaq – mərifət istəyir.

Əlindədir: dilərsən – mərifətli ol, bəxtsiz ol;

Və ya ki, çox bəxtli ol, eşşək ol, mərifətsiz ol.

 

Aldandım

 

Alçalmaram mən önündə o əvvəlki çağlar kimi,

Biz ayrıldıq, eşit artıq: fərqimiz var dağlar kimi.

 

Sənin sözün, iradən də, bil, ayəti-Quran deyil,

Şirin sözün, nazın-cilvən ürəyimə sultan deyil.

 

Sən unutdun; mən mehrimi qurban verməm ədalara,

Dəyişməm və dəyişdirməm boş, mənasız vədələrə.

 

Yetər artıq, çox xərclədim sənə neçə illəri mən!

Əfsus, qaçdım arxasınca tutamadım yelləri mən!

 

Ax, necə də çox incitdi məni o mavi gözlərin;

Gözüm yetdi, əlim yetməz: göylərdədir ulduzların!

 

Dünyadakı hər nəsnədən axır bezdi bu gənc ürək.

Düşmən saydı hamısını; buyur, bu da səni sevmək.

 

Ayaqların altında mən hey ağladım, ötdü günlər,

Mənasız ah-vahlar ilə boş-boşuna ötdü tünlər.

 

Onları bu millət üçün sərf edərdim, aldanmasan, –

Cavan olub, səfeh olub eşq oduna mən yanmasam.

 

Cisminə can qatsam əgər unutmazdı millət məni;

Ta qiyamət zikr edərdi dər təzimi-hörmət məni.

 

Necə yağlı vədələr vermədin sən ol zaman!

Niyə indiki surətin görsətmədin sən ol zaman?

 

Öz qüvveyi-şeirimi, öz canımı verdim sənə,

Söylə görüm, soyuq gözəl, bəs sən nələr verdin mənə?

 

Bitdi, canım, sevməm səni, nə də səndən başqasnı,

Sən yenə də sev birini, ancaq məndən başqasını!

 

Bütün qızlar aldadırlar, varmı biri aldatmasın?

Sən aldatdın, hansı qızlar, de, ey pəri, aldatmasın?

 

Bağışla ki, boyun əyməm, var məndə bir qürur indi,

Madam ki, sən məğrurəsən, mən özüm də məğrur indi.

 

İnsaf bitdi, başlayıran yalanlara, qandırmağa,

Göz qırpmadan hər adamı aldatmağa, yandırmağa!

 

Ağlamaram, yaş tökəsim gəlməz indi heç kim ilə,

İndi mən də hər kəs ilə oynayaram deyə-gülə.

 

Hazır idim ömür verəm tək əlini tutmaq üçün, –

Ağlıma da gəlməz idi, öpmək və ya qucmaq üçün,

 

Ağılsızdım! Uğrunda mən dağıdardım yer üzünü,

Düşünmədən bir saniyə, qurban edərdim özümü.

 

Nəticəsi: varlığımı mən elədim sənə fəda;

Neyləyim ki, sən bilmədin heç qədrimi, ey bivəfa!

 

Eşq bu ya!..

 

Bir gədayi-can fədayam, eşqinə pərvanəyəm,

Gəl, gözəl, ərz et cəmalın: yanəyəm, gəl yanəyəm.

 

Ey xudayım, ver əql, çün həbsə məhbus olmayım;

Bu qızın eşqində mən divanəyəm, divanəyəm.

 

Ey gözəl, gəl qarşıma, gəl, qıl təbəssüm, lütf edib,

Mən də hövlündə sənin dövranəyəm, dövranəyəm.

 

Əl-ayaq böylə, mühal qurtulmağım, məshurunam;

Ta əbəd dərdin ilə avarayəm, avarəyəm.

 

Aç niqabını üzündən – parlasın ruyi-zəmin,

Mən də ənvarın ilə parlanayım, parlanayım.

 

Surətim bənzər mənim bir qansıza, bir cansıza;

Qıl tərəhhüm halıma: qanlanayım, canlanayım.

 

Ver sürur məshurinə, bir kərrə bundan et mürur;

Xaki-payəndə sənin aylanayım, aylanayım.

 

Sallayar ahəstə-ahəstə məni bu mədhi-dərd,

Nə zərər? Ləhdə qədər sallanayım, sallanayım.

 

Yox ifaqət ta qiyamət, böylə bir məxmurəniz,

Göz və qaşından sənin aylanayım, aylanayım.

 

İş

 

Durma, işlə, ey uşaq! Bil, iş üçün xəlq oldu gün,

İşdən sonra verilmişdir gecə sakit yuxu üçün.

 

Etrə qalxıb, yaz yazını, dərsin oxu, yığ gücünü;

Sonra işlə dayanmadan, dincələrsən cümə günü.

 

Gör necə işləyir günəş, erkən qalxıb danı sökür,

Bütün günü göydə üzür, həm gün boyunca nur tökür.

 

Sonra isə yorularaq yavaş-yavaş dağa batır,

Yerdə hamı yatsın deyib o özü də rahat yatır.

 

Sən günəşdən örnək alsan, onun kimi olsan hər an,

Yer üzündə günəş kimi işıq saçarsan hər zaman!

 

Dərdmənd deyiləmmi?

 

Dərmənd məsul olarmı? Mübtəlayam, neyləyim?

Cismi-canımla bərabər bir bəlayam, neyləyim?

 

Neyləyim, əslim, əsasım dərdi etmiş ibtina,

Ta əzəldən dərdi-şövqə mübtənayam, neyləyim?

 

Tanrı eşqində şəhadət etsələr dər Kərbəla,

Mən şəhidəm dər məhəbbət, dər bəlayam, neyləyim?

 

Neyləyim, sarmış mənim ətrafımı qəm ləşkəri,

Guya məruzi-dəhani-əjdəhayam, neyləyim?

 

Dərməndani-cahanı mən təfavüq eylədim,

Çünki hər bir dərdə məbdeyi-mübtədayam, neyləyim?

 

Söylə, gördünmü mənim şəklimdə heç bir dərdmənd,

Dərdə sərdar olmağa mən mustafayam, neyləyim?

 

Gəl inan, xanım əfəndim, dərdməndəm bəndəniz,

Sənindir qəlbim və kəndim müştərayam, neyləyim?

 

Əqlimə heç gəlmədi ömrümdə səndən başqası,

Çünkü amalınla qəmli bir sərayam, neyləyim?

 

Yox təali-aşiqə beynəl-əhali ta əbəd,

Sanki mən təxt əs-səradi bir sarayam, neyləyim?

 

Bir rəsmə

 

Nə gözəldir, bir baxın bunun gözünə, qaşına,

Min və milyon afərin bu surətin nəqqaşına.

 

Bu uzun saçı, görən, hardan alıbdır bu günəş?

Gör xudanın qüdrətini, bir nəzər sal başına.

 

Ey günəş, çirkinliyindən sən utanarsan yəqin,

Gər qiyas etsən üzünü sən onun almasına.

 

Görsə hərgah bu gözəl qızın fəqət rəsmin birdən,

Şübhəsiz, üz çevirər Məcnun da öz Leylasına.

 

Olsaydı cənnət içində əvvəl gər rəsmi bunun,

İltifat etməz idi Adəm də öz Həvvasına.

 

Görsə Harut ilə Marut, yoldan azmazlar idi,

Bəlkə uymazlar idi şeytanların fitvasına.

 

Şirin ləbin bir dəfə öpən kövsəri neyləsin?

Çevrilər ol dünyanın ölməz Xızır İlyasına.

 

Görsəydi İblis ləin də, əl çəkib boş gəzməkdən,

Baş əyərdi, səcdəyə gəlib təkrar Allasına.

 

Olmasa nəğmələri mədhi-sənasında bunun,

Kəs bütün bülbülləri, gərək yoxdur nəvasına!

 

Tərəddüd və şübhə

 

Bir xışıltı, səs eşitsəm, ağzıma canım gələr;

Düşünürəm: "Məzəmmətə mənim bu vicdanım gələr”.

 

Heyrət, yoxdur əziz işim, nə yatanda, nə duranda;

Bəs nədən iş verməyə hər dəmdə şeytanım gələr.

 

Nələr gördüm bu cahanda? Nə bitirdim? Deyirəm:

Önümə düz yoldan-izdən kənar çıxanım gələr.

 

Vəsf edirəm, lakin bundan fayda varmı xalqıma?

Bir mələkdən, ya ki şeytandanmı ilhamım gələr?

 

Düzdür, bu şairliklə mən gerçəkdən də xəstəyəm,

Bir-bir adla düzülüb meydana divanım gələr.

 

Duyuram, dünya üzü duzəx,cəhənnəmdir mana;

Bir şeir yazsam ancaq cənnət və rizvanım gələr.

 

Hər qaralan kağızımda sanki bağ, bostan olur;

Hər hərfdən qarşıma vildan və qılmanım gələr.

 

Şeirimi yazdım, basıldı, mən yenə qəm-qayğıda,

Fikrimə var-yox ilə ismim və elanım gələr.

 

Heç razı qalmam özümdən, yazdığımdan sonra mən

Hər zaman göz önümə kəmlik və nöqsanım gələr.

 

Nə zamandır hər səadətdən ümidimi üzdüm, –

Məgər hardan burda iqbal adlı çolpanım gələr?

 

Parlayıb ol göylərimdə, çox ümidlər artıra:

Göz yaşım silməyə guya nazlı cananım gələr.

 

Təəssürat

 

Ömrümün ən çətin, ağır, ümidsiz bir minutunda,

Əgər yansam qatı həsrət və qayğının mən odunda.

 

Oxuram tez-tez könüldən bir əcaib surə Qurandan,–

Əzablar mənəvi bir əl ilən götürülür candan.

 

Uçar qəlbdən bütün şək-şübhələr, həm ağlayaram:

Yanaqları müqəddəs göz yaşımla dağlayaram.

 

Büsbütün saflanar könlüm; oxub iman, ollam mömin;

Gələr necə rahatlıqlar: xilas ollam ağır yükdən.

 

Xudaya, yasaqların təmam əqta və əbtər deyim;

Əyim baş səcdəyə: "Allahü həqq! Allahü əkbər!” deyim.

 

Tərcümə edən: Ramiz Əskər

 

Kaspi  2018.- 14-16 aprel.- S.14.