Ona dəfələrlə kömək edən
müəlliminə minnətdarlıq etməyən aktyor
Türkay Cəfərli: “Firəngiz
Mütəllimova məni görəndən sonra “bu tələbə
mənim olmalıdır” demişdi”
Bu günün
filmlərində, seriallarında yeni nəsil aktyorları,
simaları görürük. Təbii ki, film sahəsində
yeni simaların peyda olması sevindirici haldır.
Tamşaçıların diqqətini cəlb edən yeni
simalardan biri də hazırda "Xəzər”
televiziyasında yayımlanan "Lal yuxu” serialının mənfi
qəhrəmanı Türkay Cəfərlidir. Türkay buna qədər
çoxseriyalı "Qarabağnamə”, "Qaranlıqlar
içində açan çiçək”, "Səndən
sonra”, "İki ömür” kimi seriallarda müxtəlif
obrazlar canlandırıb. "Xənnas”, "ÇekPot” filmlərinin
baş qəhrəmanıdır.
- Türkay Cəfərlini bir aktyor olaraq daha yaxından tanımaq istərdik.
- Məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) beynəlxalq mədəni əlaqələr ixtisasına qəbul oldum. Açığı, özümü bu sahədə görə bilmirdim. Növbəti il yenidən sənədlərimi hazırladım və bu dəfə çex dili fakültəsinə daxil oldum. Özümü orda da görmədim. Fikrimi qətiləşdirib, ADMİU-nun kino və teatr aktyorluğu ixtisasını seçdim. Kurs rəhbərimiz mərhum sənətkarımız Yaşar Nuri rəhmətə getdikdən sonra məcburi olaraq bizi estrada aktyorluğu qrupuna keçirdilər. Universitetimizin müəllimi Firəngiz Mütəllimova məni görəndən sonra "bu tələbə mənim olmalıdır” demişdi. Ərizə yazdılar və mən yenidən teatr aktyorluğuna qayıtdım.
- İlk
uğurunuz haradan başladı?
- Tələbəliyimin ikinci ayında bir oğlan mənə yaxınlaşıb dedi ki, səni bir dayı çağırır. Həmin dayı da əməkdar artistimiz Vidadi Həsənov idi (gülürük). O, mənə məndən xəbərsiz çox kömək edib. Düzdür, bu günə qədər ona bir dəfə də olsun minnətdarlıq etməmişəm.
- Vidadi Həsənov
sizi nə üçün çağırmışdı?
- Mənə
sual verdi ki, aktyor olmaq istəyirsənmi? Mən də razılığımı bildirdim,
sanki ondan sonra bu sferada həyatımın yaşıl
işığı yandı. Yuğ
teatrında məşqlər etməyə başladıq.
Bir tamaşa hazırladıq və
Gürcüstana teatr festivalına getdik. Daha
sonra Qazaxıstanda teatr festivalında çıxış
etdik. Oradan Qran-pri ilə geri döndük.
Tələbəlik illərimin birinci və
ikinci kursu çox rəngarəng keçdi.
- Universitet sizə nə
qazandırdı?
- İnsan həyatda hər şeyi özü qazanır,
hörməti də, nifrəti də. Vidadi müəllimin mənə
verdiyi göstərişlər təbii ki, həyatımda
danılmazdır. Bizim dövrün tələbələri
daha çox əyləncəyə həvəs göstərirdi.
Aidiyyəti olmayan insanların gəlib
istedadlı tələbələrin yerini tutması məni həmişə
özümdən çıxarırdı. Bizim nəsildən
olan çox az tələbə indi bu sənəti
davam etdirir. Universitetin mənə yaxşı dostlarla bərabər,
eyni zamanda yaxşı müəllimlər də qazandırdı. Firəngiz Mütəllimova
kimi.
- Bu gün Firəngiz xanım sizi
görəndə reaksiyası necə olur?
- Onu
görən kimi qucaqlayıb öpürəm. Firəngiz
xanım deyir ki, sən mənim ən sevimli tələbəmsən.
Ortada səmimiyyət var. Mən hər işin
çətinindən yapışırdım və bu da onun
diqqətindən yayınmırdı. Firəngiz xanım mənə
etibar edirdi.
- Müəllimlərdən
söz düşmüşkən, "Lal yuxu” serialında
müəlliminiz Vidadi Həsənovla indi tərəf
müqabilisiniz...
- O, həmişə
tələbələrinə deyirdi ki, çalışın
həyatda əvvəlcə kişi olun,
sonra yaxşı ailə başçısı, daha sonra
aktyor olmasanız da olar. Bu sözün çox
böyük anlamı var. Bu söz mənim qulağımda
sırğa oldu. Onun hesabına mən
festivallara getdim. Bir tələbə
üçün çox böyük stimul oldu bu. Müəllimimin
etdiklərinin müqabilində heç vaxt ona minnətdarlıq
etmədim. Bu gün çevrəmizdə
yaltaq insanlar kifayət qədərdir. Əgər mən
gedib müəllimimə "çox sağ
ol” desəm, elə biləcəklər ki, başqa səfərlər
və qapılar üçün özümə yol
açıram. Mən öz daxilimdə ona hər
zaman minnətdar olacağam. Bəlkə də
o, buna görə məndən inciyir. Hesab
edirəm ki, bu sözü deyən insan məndən heç
zaman inciməz. Serialda da onunla
rastlaşırıq. Neçə ildən
sonra sənə istiqamət verən, sənə səndən
xəbərsiz yol açan bu insanla bir serialda oynamaq mənim
üçün böyük bir üstünlükdür.
- Bu
serialda mənfi obraz canlandırmağınızla
tamaşaçıların nifrətini də
qazandınız.
- Ayxan mənfi
obrazdır və mənim ən çox sevdiyim personajlardan
biridir. Hətta obrazın həqiqiliyinə
inanıb, yolda görərkən belə məni söyənlər
də var. Tamaşaçılar hansısa obrazdan qopandan sonra
çətin onu sevsinlər. Deməkdən
ki, rolu gözəl canlandırırsan, əksinə, deyirlər
ki, Allah sənin belini qırsın, niyə o qızın
başına oyun açırsan (gülürük). Müsbət obrazla sevilməyə nə var ki? Mənfi obrazı bir
aktyor olaraq da canlandırmağın çətin tərəfləri
var. Yeri gələndə, çox əsəbi olmalısan.
O pik nöqtədə əsəbi özündə boğub
sakit emosiya göstərməlisən.
- Yeni
filmlərdə daha çox yeni nəslin aktyorlarını
görürük. Özünüzdən əvvəlki nəsildə
özünüzə qarşı paxıllıq və
qıcıq hiss edibsiniz?
-
Açığı, bunu görməmişəm. Bizə qədərki
dövrdə serial və filmlər çox az
çəkilirdi. 2010-cu ildən etibarən yeni seriallar çəkilməyə
başladı. Bizdən sonra gələn nəslin
çoxunda eyniləşmə gedir. Yaradıcı
insan, aktyor cəmiyyət üçün nümunə
olmalıdır. İndiki tələbələrin
çoxu iş görmək üçün yox, əyləncəli
həyata atılmaq və nəinki aktyor olmaq, özlərini
qızlara göstərmək naminə bu sənəti
seçirlər.
- Sizcə buna səbəb nədir?
- Nə qədər
ki, bəzi dırnaqarası "vinerlər” özünə
aktyor deyir... Bizim ən bədbəxt tərəfimiz
odur ki, cəmiyyət onlara aldanır. Düzdür,
tükü tükdən seçənlər var və həmişə
də olacaq. İndiki aktyorları
"İnstagram”da izləmə sayına görə
tanıyırlar. Peşəkar
olub-olmamağında asılı olmayaraq, əgər sənin
"İnstagram”da 100 mindən çox izləyicin varsa, demək,
sən məşhursan və hansısa məkanın
açılışı üçün ödənişli
əsaslarla dəvət olunursan.
- Türkay bəy, tələbəlik
illərinizdə tamaşalarda rol alıbsınız. Bəs indi nə üçün teatrlarda yoxsunuz?
- Tələbəlik
illərimdə dayanmadan tamaşalarda oynayırdım. Hərbi
xidmətdən döndükdən sonra mənə teatrda çalışmaq
üçün çox söz verdilər, ancaq sözlərinin
üstündə durmadılar. Mənə
söz verən insanlardan bir dəfə məsələnin nə
yerdə olduğu ilə bağlı soruşaram, ikinci dəfə
qürurumu sındırıb o insana müraciət etmərəm.
Kim rejissorlara "sən mənim ustadımsan,
qardaşım, dostum, ürəyimsən” deyirsə, teatrda və
seriallarda onlar rol alır. Mən elə
biri olmaq istəmirəm. Vicdanın təmiz
olsun ki, kimsə "mənim hesabıma qabağa gedibsən”
deməsin. Teatrdan təklif alsam,
can-başla getməyə hazıram. O teatrın səhnəsində
əriyənə qədər çalışıram. Ancaq hansısa rejissora yaxınlaşıb, "mənim
üçün şedevrsiniz” demərəm.
- "Xənnas” filmindəki obrazınızla
tamaşaçıları təəccübləndirdiniz. Sizi dindar bir
obrazda görmək qəribə idi.
- Bu filmin
belə mükəmməl olacağını gözləmirdim.
Hər dəfə baxanda bir çox məqamlara
görə, özümdən asılı olmayaraq təəccüblənirəm.
Kinodan anlayışı olan insanlar tərəfindən
müsbət rəy alırıqsa, kinodan anlayışı
olmayan insanların bununla bağlı rəyləri maraqlı
deyil. "Xənnas” Azərbaycanda ilk mistik
treyler olduğu üçün ağır yüklü idi. Onu da qeyd edim ki, filmin
rejissoru Elvin Abdullayev Azərbaycanda ən yaxşı gənc,
istedadlı rejissorlardan biridir.
- Filmin
sonunda dua vasitəsilə şeytanı və pis qüvvələri
kənarlaşdırmaq kulminasiya nöqtəsi idi...
- Mənə o duaları Elvin öyrətdi. Mən muğamı bitirmişəm. O boğazlar məndə var idi. Dayanmadan məşq etdik və alındı.
- Daha çox
hansı muğamı sevirsiniz?
- Əsasən "Seygah” muğam dəsgahını ifa edirəm.
- Niyə sosial
şəbəkədə bunu paylaşmırsınız?
- Hər yerindən duran oxuyur deyə, mən də oxusam, ddodaq büzəcəklər. Kütləyə izah edə bilmərəm ki, sırf özüm üçün oxuyuram.
- Kompleksləriniz
var?
- Əsla. Bilirəm ki, o kütlə bunu ayırd edə bilməyəcək. Bəlkə də bir gün ifa edərəm.
- Sosial şəbəkələrdə
qızlar tərəfindən sevgi etirafları
alırsınızmı?
- Olur. Onu deyim ki, çox qarğış yiyəsiyəm (gülürük). Mən hər kəsə ümid verə bilmərəm. Sevgidən uzaq insanam. Hazırda həyatımda özəl biri yoxdur. İndi ailəm və işimlə məşğulam. Sevgi elə bir mövzudur ki, o, səni gözləmir, anidən gəlir.
- Necə bir
xanım arzulayırsınız?
- Əslində arzulamıram. Çünki insanın arzusunda olduğu insan gəlib çıxmır. İndiki xanımlar çox standartdır. Hamısı bir-birinə oxşayır.
- Sizi dünyaca məşhur "Taxt oyunları” serialının əsas obrazlarından biri Dinausa çox bənzədirlər.
- Əsas şansımız onun kimi olsun. Məni daha çox türk aktyoru Murad Yıldırıma oxşadırlar. Deyirlər ki, onunla bir almanın iki yarısısınız. Deyirəm ki, əsas odur ki, almanın o biri tərəfi çürük olmasın. Mən özüm baxmışam, həqiqətən Dinausa bənzəyirəm.
-
İndi kinoteatrlarımızı komediya filmləri zəbt
edib, sizi isə o komediyalarda görmürük.
- Komediyanın mənası düşündürücü tənqid deməkdir. Komediya mütləq şəkildə söyüşdən ibarət olmalı deyil. Danılmaz faktdır ki, bu gün çəkilən komediya filmlərinin 90 faizi söyüşdən ibarətdir. Ciddi komediya olsa, sevə-sevə oynayaram. Amma yenə də hər şeyin başında pul durur. Bəzən bizi türklərlə müqayisə edirlər. Onlarda kamera aktyora işləyir, aktyor kameraya işləmir. Bizdə çox güclü aktyorlar var ki, türklərə dərs keçər. Türk aktyorlarının çoxu modellikdən aktyorluğa gəliblər. Ancaq bizim aktyorlar bu işin kökünü bilirlər. Öz yaşıdım olan türk aktyorlarına baxıram ki, işdən başqa qayğıları yoxdur. Onlarda şirkət aktyordan istədiyini almaq üçün müəyyən mərhələlərdə kurslara göndərir. Bir serialda məni baş rola çağırdılar. Dedilər ki, sizə bir həftə vaxt veririk. Bu bir həftəyə kinq-boksun elementlərini öyrən. Bir həftəyə bu elementləri mənimsəmək olmaz axı. Bir dəfə mənə dedilər ki, at sürə, qılınc oynada bilirsən? Dedim bacarıram. Bəs motosiklet? Dedim onu bacarmıram. "Onda sizi baş rola çəkə bilmərik” dedilər. Sizin vəzifəniz nədir? Siz nə vaxt öyrətdiniz, biz öyrənmədik? Rejissorlarımız dəqiq qərar vermirlər. Əgər sən bu rolda məni görürsənsə, məni bu obraz üçün hazırlamalısan. Rejissorları da qınamıram. Çünki hər işin arxasında pul dayanır.
- Necə bir obrazı
canlandırmaq istəyərdiniz?
- Mənim ən böyük arzum Azərbaycanın hansısa tarixi şəxsiyyətini canlandırmaqdır. Tarixi personajlara marağım çox böyükdür. Bir də psixi personajları oynamağı çox sevərəm. Hesab edirəm ki, aktyorun gözəlliyi onun monitordakı eybəcərliyidir. Bu gün bizdə bu sahədə böyük bir problem var. Aktrisalar kiçik bir süjetə çəkildikdən sonra da, kadra dəfələrlə baxıb, gözlərinin, qaşlarının gözəl düşməsinə baxırlar. Aktrisanın eybəcərliyi kütlə tərəfindən daha çox sevilir, nəinki onun standart göz-qaşı. Çox istəyərəm ki, döyüş filmlərində çəkilim. Düzdür, bu yaxınlarda Qarabağ haqqında çəkilən bir filmdə rol aldım. Ancaq bu film ürəyimcə olmadı.
Xəyalə Rəis
Kaspi.-2018.-19 aprel.-S.14.