Naxçıvanın məktəb və pedaqoji fikir tarixinə işıq salan nəşr

 

Bu tədqiqat əsəri pedaqoji mahiyyəti ilə yanaşı, sosial-siyasi əhəmiyyətə də malikdir

 

Qısa bir zaman ərzində müstəqilliyimizin siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi nailiyyətlər ulu öndər Heydər Əliyevin elmimizin qarşısında qoyduğu vəzifələrin həllinə, tapşırdığı, tövsiyə etdiyi məsələlərin tədqiqinə diqqətin artırılmasına, bu istiqamətdə araşdırmaların gündən-günə aktuallaşdırılmasına zəmin yaratmışdır. Ümummilli lider vaxtı ilə Akademiyanın işçiləri qarşısında çıxış edərək tariximizin XIX əsr və XX əsrin əvvəllərini öyrənməyi bir məqsəd kimi qarşımıza qoymuşdu. Həqiqətən də, bu dövr Azərbaycan xalqının siyasi, ictimai, mədəni həyatında çox mürəkkəb və ziddiyyətli bir dövrdür. Çarizmin müstəmləkəçilik siyasəti  nəticəsində rus dövləti Şimali Azərbaycanın digər xanlıqları ilə yanaşı, İrəvan və Naxçıvan bölgəsində də yeni idarəçilik sistemi, inzibati ərazi vahidləri yaratmağa nail ola bilmişdi. İşğalın ilk günlərindən regionda çarizmin müstəmləkəçilik siyasəti daha fitnəkar, məkrli, iyrənc bir şəkil aldı. Rus dövləti bu ərazilərdə öz mövqeyini möhkəmlətmək məqsədilə yeni bir vasitədən - erməni kartından istifadə etdi. Ermənilərin kütləvi şəkildə bu torpaqlara köçürülməsi başlandı ki, bu da Rusiyanın müstəmləkə zülmü, həqarəti ilə yanaşı, ermənilərin torpaqlarımıza sahiblənmək kimi  bədnam niyyətlərinin başlanğıcını, sonrakı faciələrin əsasını qoydu.

 

Tariximizin 200 ilə yaxın belə bir ümumi mənzərəsi Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyevin tapşırığı, bölgə alimlərinin qarşısında qoyduğu çox mühüm vəzifələr tələb edir ki, tarixi, etnoqrafik, mədəni, ədəbi, pedaqoji və digər istiqamətlərdə tədqiqatların hazırlanmasına xüsusi diqqət yetirilsin. Düşünürəm ki, Vahid Rzayevin bölgənin məktəb və pedaqoji fikir tarixinin öyrənilməsinə aid tədqiqatı da ("Naxçıvanda məktəb və pedaqoji fikir, XIX əsr və XX əsrin əvvəlləri”, Naxçıvan,”Əcəmi”, 2017) məhz belə bir məqsəd və niyyətləri izlədiyinə görə, elmi mühitdə maraq doğura biləcəkdir.

 

Əsərin məziyyət və  məzmun keyfiyyətinin yüksək səviyyədə olmasını şərtləndirən cəhət onun ilk mənbələrə əsaslanması ilə birbaşa əlaqədardır. Arxiv sənədləri, dövrü nəşrlərə ( Rusiya Maarif Nazirliyinin, Qafqaz CanişinliyininQafqaz Tədris Dairəsinin əmr və sərəncamları, statistik və təqvim nəşrləri, elm, dövlət, hərb və maarif xadimlərinin yol qeydləri, memuar və xatirələri) tənqidi  yanaşma nümayiş etdirilməsi, hadisə və faktlara müəllif münasibətinin elmi həqiqətə xidmət etmək səyləri kimi üzə çıxması təqdirəlayiqdir. Bu cəhəti, son illərin bir çox tədqiqatlarında görə bilmədiyimiz keyfiyyət kimi qiymətləndirirəm.   

 

Tədqiqatın predmet sahəsi kimi götürülmüş XIX əsr və XX əsrin əvvəlləri siyasi-iqtisadi, ictimai-mədəni həyatımızın çox mürəkkəb və ziddiyyətli dövrüdür. Rusiyanın Qafqazdakı yeni sistemi, inzibati idarə quruluşu xristianlarla müqayisədə bizə daha fərqli, daha aqressiv münasibət idi. Hər sahədə olduğu kimi məktəb, maarif sahəsində də rus hökumətinin siyasəti müstəmləkə məqsədlərinə tabe edilmişdi. Çarizm min illərin məscid məktəblərinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını, burada təlim-tərbiyə işlərinin yeniləşdirilməsi siyasətini yox, özününrus təəbəsi” yetişdirmək niyyətlərini həyata keçirə biləcək tədris müəssisələri yaratmağı üstün tutdu. Nəticədə azərbaycanlıların, ümumən müsəlmanların bu məktəblərdə təhsil almaq imkanlarının məhdudlaşdırılmadığı haqqında təsəvvürlər yaratmağın  heç bir əsasa malik olmadığı aydın oldu.

 

Hökumətin məktəb siyasətindən bəhs etmişkən, qeyd edək ki, müəllifin XIX əsr və XX əsrin əvvəllərində İrəvan və Naxçıvan məscid məktəblərinə aid araşdırmaları, onların məzmun xüsusiyyətləri, yayılma arealı, cəmiyyət həyatında, milli  mənafelər baxımından verdiyi fayda  haqqında fikirləri xüsusi maraq doğurur. Bizə görə, müəllif ilk dəfə olaraq elmi fikirdə məscid məktəblərinə və mədrəsə təhsilinə, necə deyərlər, yeni həyat verə bilmişdir. Bu məktəblər Bəhmənyardan tutmuş M.F.Axundova, Cəlil Məmmədquluzadə və M.Ə.Sabirə qədərki böyük mütəfəkkirlərin ilk təhsilinin əsasını təşkil etmişdir. Həqiqət buduriftixarla deməliyik ki, min ildən artıq bir dövr ərzində bu məktəblər Azərbaycan xalqının  təhsil mədəniyyətini təmsil etmişdir.

 

Bölgədə fəaliyyət göstərən  məscid məktəbləri və mədrəsələrin struktur quruluşuna, tipinə və təhsilləndirmə səviyyəsinə münasibətdə müəllifin həqiqi tədqiqatçı yanaşmasının digər bir müsbət cəhəti isə ondan ibarətdir ki, bu dövrdə fəaliyyət göstərən məktəb və mədrəsələrə çarizmin münasibəti və özünün müstəmləkə məqsədlərinə uyğun gələn təhsil siyasətinin həyata keçirilməsinə göstərdiyi səyləri yalnız ilk mənbələrin verdiyi imkanlar əsasında sistemlielmi şəkildə işıqlandırılmışdır. Müəllifin problemə aid fikirlərinin elmi izahı düzgündür, gəldiyi qənaətlər real əsasa malikdir. Müasir tarixşünaslığımızın da təsdiq etdiyi kimi çarizm öz siyasi mövqelərinə uyğun olaraq, bölgədə ənənəvi təhsil müəssisələrinin ( məscid məktəbləri və mədrəsələrin) təhsilləndirici, tərbiyəedici imkanlarının öyrənilməsi, onların zamana, şəraitə uyğun olaraq yeniləşdirilməsi qayğısına qalmamış, əksinə arxiv sənədləri və dövrü nəşrlərdə göstərildiyi kimi bu tədris müəssisələri sərt və çox zaman əsassız tənqidə məruz qalmışdır. Çarizm bu tədris müəssisələrində islahatlar yolu ilə təhsilin inkişaf etdirilməsi əvəzinə, özünün müstəmləkə məqsədlərinə  xidmət edə biləcək, həm də mürəkkəb struktura və məzmuna malik təhsil sistemi yaratmağı üstün tutmuşdur. Bütün bunlar haqqında fikir və düşüncələr tədqiqatın ümumi ruhunda və məzmununda zəruri keyfiyyət kimi üzə çıxır və müəllifin tədqiqatçılıq, yaradıcılıq prinsipi kimi  təzahür edir. Müəllifin bu dövrün ənənəvi məktəb təhsilinin mahiyyətinə, məzmun istiqamətinə aid münasibəti gələcək tədqiqatlar üçün fayda verəcəyi şübhəsizdir.

 

Xüsusi olaraq qeyd etməliyik ki, əsərdə təhsil müəssisələri, onların məzmunu və mahiyyəti, quruluşu, funksiyası, məktəblərin tipi və fərqli xüsusiyyətləri dəqiq ifadə olunmuş, anlayışların məna və mahiyyətinin izahında elmi həqiqət ciddi şəkildə gözlənilmişdir. Bu cəhəti sözün həqiqi mənasında müəllifin və dövrün elm, təhsil, mədəniyyət və maarif tarixinin öyrənilməsi istiqamətində görüləcək işlər üzrə yeni nailiyyət kimi qiymətləndirmək olar. Bu cəhət ( nailiyyət) müəllifin  həm də  təkcə təhsil tarixinə aid arxiv sənədləri, dövrü nəşrlər və mənbələrlə dərindən, hərtərəfli tanışlığı, həmçinin belə bir mürəkkəb pedaqoji problemə dair fundamental elmi-pedaqoji tədqiqatlara bələdliyi sayəsində mümkün olmuşdur. Biz inanırıq ki, müəllifin tarixən formalaşmış təhsil təcrübəsinə elmi yanaşma və münasibəti sonrakı tədqiqatların düzgün məcrada inkişafına, bu istiqamətdə aparılan araşdırmaların metadoloji əsaslarının düzgün qurulmasına əsaslı təsir göstərəcəkdir.

 

Əsərin bütün fəsilləri ağır əmək tələb edən günlərin və yüksək intellektual səviyyənin məhsuludur. Burada  Naxçıvan qəza məktəbinin yaranma tarixi, müxtəlif dövrlərdə inkişaf xüsusiyyətləri, təhsilin məzmunu, şagird kontingenti, onların millisilki tərkibi, azərbaycanlı və qeyri-millətlərdən olan müəllimlər, məktəbin kitab fondus. məsələlər arxiv materialları əsasında ilk dəfə olaraq geniş, əhatəli və məzmunlu şəkildə şərh olunur. Əlbəttə, bu tədris müəssisəsini beş  yarımfəsildə şərh edə bilmək üçün çoxlu arxiv sənədləri, dövrü nəşrlər kolleksiyası, problemin buya digər şəkildə işlənmə səviyyəsini əks etdirən tədqiqatlar toplusunun araşdırılıb üzə çıxarılması ilə mümkün ola bilər ki, tədqiqatçının belə bir səviyyəyə və məzmuna malik işi təqdirəlayiq hesab oluna bilər. Fikrimizcə, Ordubad şəhər məktəbi haqqında ilk elmi oçerk məhz bu əsərdə verilir. Həmçinin, burada böyük maarifçi M.T. Sidqinin milli məktəbləri haqqında indiyədək elmi dövriyyəyə çıxarılmamış sənədlər təqdim edilir. Tədqiqatlarda yalnız adı çəkilən, dolaşıq fikirlər söylənilən Naxçıvan rus - Azərbaycan oğlan və qız məktəbləri, eyni zamanda tədqiqatlarda dumanlı şəkildə adı çəkilən "Xeyriyyə” cəmiyyəti və  "Xeyriyyə” məktəbi elmi həqiqətə əsaslanmaqla, ilk dəfə əhatəli şəkildə, lazımi səviyyədə üzə çıxarılır.

 

Bir cəhəti də qeyd etməyi vacib bilirəm ki, tədqiqat problemi bugünkü gündə pedaqoji mahiyyəti ilə yanaşı, sosial-siyasi əhəmiyyətə də malikdir. Əsərdə müəllif  Naxçıvan və İrəvan bölgəsini bir-birindən təcrid etmir, əksinə çox doğru olaraq hər iki bölgəni ümummilli birliyin regional xüsusiyyət və keyfiyyətlərinin ləyaqətli daşıyıcısı kimi təqdim edərək qiymətləndirir. Və beləliklə də, bu bölgələrdə tarixən fəaliyyət göstərən məktəb və mədrəsələrin, bəhs olunan dövrdə yaranmış milli tədris müəssisələrinin nümunəsi əsasında bu torpaqların kimə, hansı xalqa mənsub olduğunu sübut etmiş olur ki, bu cəhət əsərin dəyərini bir daha artırmış olur.

 

Müəllifin uğurları çoxdur. Saymaq fikrində deyiləm. Yalnız bu iki cəhəti qeyd etmək istəyirəm. Birincisi, Vahid müəllim öz tədqiqatını hazırlamaq üçün  İrəvan, Tbilisi, Bakı və  Naxçıvan arxivlərində günlərlə işləmiş alimlərdən biridir. Bu arxivlərin qovluqlarında akademik Hüseyn Əhmədov, akademik İsa Həbibbəyli ilə yanaşı onun da imzası var. İkinci mühüm cəhət kimi   deyim ki, uzun müddətli axtarışların nəticəsi kimi topladığı zəngin materiallar toplusuna müəllif "mən”i iddialılıq, mənəmliklə deyil, əksinə üzə çıxardığı faktları təmkinlə, səs-küy qoparmadan şərh edir, məntiqi ardıcıllıqla hadisələrin təsvirini verir, onları məna-mahiyyətcə aydınlaşdırmaq yolunu tutur. Bu isə əsl tədqiqatçıya yaraşan bir keyfiyyətdir. Belə yaxşı keyfiyyətlərə malik müəllifə yeni-yeni uğurlar diləyirəm.

 

Zəhmət Şahverdiyev

AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor

 

Kaspi  2018.- 19 aprel .- S.15.