“Tələbə vaxtı gecələri
işləmişəm”
Azad Şükürov: “Dedi ki,
qadam, gopa basma, çıx səhnəyə”
Ötən illərinin hər bir dövrünü gözəl anlarıyla xatırlayır, danışanda da xoş olanları ilə yada salır. Uşaqlıq, tələbəlik, hərbi xidmət və iş həyatı... Bəs heçmi çətinlik görməyib? Deyir ki, çətinlikləri də olub, çox əziyyətli yollardan keçib. Amma bu gün onlara köklənmir, əsas olan o çətinliklərin həll olunması, artıq arxada qalmasıdır. Nə qədər çətinliklə üzləşsə də, heç vaxt namərdlik, satqınlıq etmədiyini deyən müsahibimiz aktyor və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti Azad Şükürovdur.
1959-cu il fevralın 11-də Ağdam rayonunun Muğanlı kəndində anadan olub. Elə uşaqlıq illəri də orda keçib: "Bütün kənd uşaqları kimi ot da çalmışam, at da çapmışam, ilan da öldürmüşəm. Kəndə kino gələrdi, məktəbin həyətində göstərirdilər. Firuz adında bir kinomexanikimiz var idi. 8-ci sinifdən başlayaraq onun yanında şagirdlik edirdim. Görünür, mədəniyyətə, incəsənətə bağlılığımdan irəli gəlirdi. Bütün yayı axşamlar kino verirdik. Çox yaxşı kənd idi, hamı bir-birini tanıyırdı. Bir adam rəhmətə gedəndə ehtiyac yox idi ki, gedib kiməsə deyəsən. Kəndin özünün qəbirqazanı var idi, filankəsin rəhmətə getdiyini eşidəndə heç ölü yiyəsindən soruşmazdı, bilərdi ki, o ölüsünü qəbiristanlığın hansı tərəfində basdıracaq. Səhər tezdən gedib işini görərdi. Yaxud, toy təyin olunanda atın üstündə bir nəfər kəndin içi ilə gəzib, hamıya xəbər verərdi. İki-üç gün əvvəldən hamı yığışıb gəlirdi, kimdə nə var idisə, gətirirdi, biri palaz, o biri qab və s. Toylarımız da maraqlı olurdu, bəzi vaxt 2 gün 2 gecə, 3 gün 3 gecə toy çalınardı. Ölüsü də, dirisi də urvatlıydı”.
Orta məktəbdə oxuyanda Məhəmməd
Füzulidən xoşum gəlmirdi
Deyir ki, kitab oxumağa həvəsli olub, məktəbdə dərsdən yayınmayıb: "İnternet, kompüterimiz yox idi, əsas məşğuliyyətimiz kitab oxumaq olurdu. Kənddəki kitabxanada olan bütün kitabları oxuyardıq. Hətta sonra yoldaşlarla mübahisə də edərdik ki, sən filan kitabı oxumusan, yoxsa yox? Məktəbdə də məsuliyyətli idim, valideynlərimin ikisi də müəllim idi. Hətta atam uzun müddət məktəb direktoru da işləyib. Bu, mənim üstümə əlavə məsuliyyət qoyurdu. Şairlər içərisində ən çox Məhəmməd Füzulini sevirəm, amma orta məktəbdə oxuyanda ondan xoşum gəlmirdi. Çünki o şairi keçəndə müəllim mütləq məni qaldırırdı, çətin əzbərlənən şeirləri öyrənə bilmirdim deyə, aşağı qiymət yazırdı. Buna görə də bizim evdə əməlli-başlı narazılıq yaranırdı, atam deyirdi ki, mənim oğlum ədəbiyyatdan 3 alıb gəlib”.
Müsahibimiz kənd mühitində yaşasa da, kəndə qapanıb qalan uşaq olmayıb: "Rayonda müəllimlər evində bir dram dərnəyi fəaliyyət göstərirdi. 9-cu sinifdə oxuyanda mən rayonda teatra gedib-gəlir, rayon tədbirlərində iştirak edirdim. Adətən, orta məktəbi qurtarıb İncəsənət Universitetinə gedən uşaqların əksəriyyəti bəyaz arzularla gəlir. Ya Rasim Balayev olmaq istəyir, ya da Rac Kapur. Amma, mən uşaq vaxtımdan o mühitdə olduğum üçün orta məktəbi qurtaranda şüurlu surətdə bilirdim ki, hara gedəcəyəm”.
Mənə 2
yazdı
İncəsənət Universitetinə qəbul olmaq üçün Bakıya gəlir, amma ilk cəhdi uğurlu alınmır: "İmtahana qədər çoxlu dondurma yemişdim deyə, dişim şişmişdi. O halda getdim, imtahanı bizdən rəhmətlik Ədil İsgəndərovla Rza Təhmasib götürürdü. Ədil müəllim üçün kurs yığırdılar. İmtahana yaxşı hazırlaşmışdım, özümü xalq artisti kimi hiss edirdim (red-gülür). Ədil müəllim mənə dedi ki, qadam, bir çıx ora. Amma dişim şişdiyi üçün yaxşı danışa bilmirdim. Ədil müəllim dedi ki, qadam, sən deyəsən ovurduna qoz qoymusan, get, qozu çıxaranda gələrsən. Mənə 2 yazdı. Kəndə getməyə də utanırdım, çünki məktəb vaxtından dram dərnəyinə, teatra filan gedirdim rayonda elə bilirdilər ki, qəbul olacam. Bakıda qalıb, tikintidə işə düzəldim. Axşamlar ekskavatorçu kursuna yazıldım. 3-4 aydan sonra 6-cı dərəcə üzrə ekskavator-maşinist vəsiqəsi aldım. Ekskavatorçu işləməyə başladım”.
Ekskavarotçu kimi çalışıb
yaxşı pul qazanır, həftə sonları isə ali təhsil
almaq istədiyi istiqamətlə məşğul olur:
"İndiki "Xətai” metrostansiyasının yanında
dram dərnəyi var idi. Şənbə-bazar ora məşqə
gedirdim. Sonra
Milli Dram Teatrında kiçik rollar oynamağa başladım,
televiziyaya ayaq açdım. İkinci ili
imtahana möhkəm hazırlaşdım. Yenə
Ədil və Təhmasib müəllim imtahan
götürürdü, bu dəfə Təhmasib müəllim
üçün kurs yığırdılar. Ədil
müəllim mənə baxdı, dedi: Qadam, deyəsən,
qozu ovurdundan çıxarmısan. O
sözlər mənim üçün İncəsənət
İnstitutunun diplomuna bərabər idi. "Ədil müəllim,
əgər, siz yenə 2 yazıb, burdan çıxarsanız,
mənə bir o qədər təsir eləməz, əsas
odur ki, məni tanıdınız”,- deyib
şirinlik etməyə başladım (Gülür). Dedi ki,
qadam, gopa basma, çıx səhnəyə. Qəşəng
bir imtahan verdim, iki 5, bir 4 yazdılar”.
Hər adam mənim
bişirdiyim xörəyi hazırlaya bilməz
Bakıda
tək qaldığı müddətdə yemək bişirməyi,
ev işlərini görməyi öyrənir:
"Bakıda bacılarım var idi, həm tələbəlik
illərində, həm də sonralar subaylıq dövründə
deyirdilər ki, gəl bizdə qal. Amma fikirləşirdim
ki, özü yıxılan ağlamaz, ona görə zəhmətlərin
hamısına qatlaşırdım. Hər
yeməyi bişirməyi öyrənmişdim. Hər adam mənim bişirdiyim xörəyi
hazırlaya bilməz. Ailə qurandan sonra hərdən
istirahət günlərində uşaqların istəyi ilə
bu qabiliyyətimi nümayiş elətdirərdim. İndi isə qız köçüb, oğlan da
xaricdə işləyir. Yoldaşımla tək
yaşayırıq. Lap evliliyimizin ilk illəri
kimi. Lazım olanda mən elə indi də
ev işləri görməkdən çəkinmirəm”.
1982-ci ildə hərbi xidmətə yollanır. Deyir ki, o illər qəribə
keçib: "82-ci il SSRİ-nin yaranmasının 60 illik
yubileyi idi. Mən də rus dilini yaxşı
bilirdim. Hərbi hissədə həyata
keçirilməsi mümkün olan yaxşı bir ssenari
yazdım. Mövzu belə idi ki, Orta Asiyadan
bir əsgər hərbi xidmətə gəlir, nə rus
dilini, nə bu adət-ənənəni yaxşı bilir.
Təbii ki, onun başına gülməli və
pis əhvalatlar gəlir. Nəticədə
başqa millətlərdən olan insanlar buna kömək edirlər
ki, hərbi xidməti yaxşı başa vursun. Rəhbərliyin xoşuna gəldi, bu ssenarini bir
neçə hərbi hissədə hazırlamağı təklif
etdilər. Əsgər deyil,
yaradıcı bir həyat yaşayırdım”.
Tələbə vaxtı daim gecələri
işləmişəm
İnstitutu
bitirəndən sonra təyinatını Lənkəran
Teatrına verirlər, 4 il orda
çalışır, sonra karyerasını Bakıda davam
etdirir: "Biz oxuyanda institutda tələbələrdən 16
nəfərinə aktyorluqla bərabər özfəaliyyət
rəqs kollektivinin rəhbəri diplomu da verildi, onlardan biri də
mən idim. Bu hadisə institutun tarixində az-az
olmuş bir şeydir. Aktyorluqla bərabər
rəqslə də məşğul olurduq. Lənkəranda
4 il çalışdıqdan sonra məni
instituta işə dəvət etdilər. Orda
saat hesabı dərs deyirdim, həm də Tədris
Teatrında işləyirdim. 90-cı ildə
tam ştata keçdim, səhnə danışığı
kafedrasında dərs deməyə başladım. O
vaxtlar Şuşa Teatrı qaçqın
düşmüşdü. Bu teatrın kollektivi
demək olar ki, hamısı mənim dostlarım idi. Biz
yığışıb Şuşa
Teatrının fəaliyyət göstərməsi
üçün müəyyən işlər gördük. İki ilə yaxın universitetlə yanaşı, o
teatrda da işlədim. 1992-ci ilin sonunda
Bakı Bələdiyyə Teatrı açıldı,
93-cü ilin yanvarından ora getdim. Orada
uzun müddət işlədim. İnstitutda
da işlərim pis getmirdi. Baş müəllim,
dosent, 2001-2006-cı illərdə kafedra müdiri oldum. Yaradıcılıq işlərim çox olduğu
üçün rəhbərlikdən mənə imkan
yaratmağı xahiş etdim. Sonra müəyyən
xoşagəlməz hadisələr baş verdi
və gördüm ki, ən yaxşısı universitetdən
getməkdir. Teatrdan da getdim. İki
ilə yaxın işsiz qaldım. Sonra
universitetdən xahiş etdilər qayıtdım. Yenə də kafedra müdiriyəm. Heç bir teatrda yoxam. Filmlərə
çəkilirəm, mütəmadi olaraq bədii qiraətlə
məşğulam. Bədii qiraət həmişə
çətinə düşəndə köməyimə
çatır. İndi həm də «Vicdan
haqqı» serialına çəkilirəm”.
Bütün illərdən gözəl
danışır. Bəs heç çətinliklərlə
rastlaşmayıb? "Bir mahnı var,
deyir ki, gileylənmək zirvələrə ar gələr.
Özümü zirvə hesab eləmirəm,
amma gileylənmək təbiətimdə yoxdur. İnstitutda oxumağa gələndə atam, birinci
kursda oxuyanda anam rəhmətə getdi. Allah
bacı-qardaşlarımın hamısının
canını salamat eləsin, yanımda idilər, amma geyimlə,
dolanışıqla bağlı problemlərim var idi. Tələbə vaxtı daim gecələri işləmişəm.
Bakıya gəlib qeydiyyata düşmək,
işə girmək də o vaxt çətin idi. Çox əziyyətli yollardan keçib gəlmişəm,
amma heç vaxt namərdlik, satqınlıq eləməmişəm.
Şükürlər olsun Allaha, o, həyatımın
bütün çətin məqamlarında başımın
üstündə, arxa-dayağım olub”.
Uşaq yeməyini
tanışlıqla alırdım
28 yaşında isə ailə həyatı qurur. Gec ailə qurmasının
səbəbi isə özü üçün müəyyən
şərait qurmaq istəyi olur: "İmkanlı adam üçün ailə qurmaq problem deyil,
çünki valideynləri onun üçün hər
şeyi edirlər. Amma mən hər şeyi
özüm qurmalı idim, bunları edincə, yaş 28 oldu.
Bu yaşda isə adam bir az
ağıllanır deyə həyat yoldaşı tapmaq da
çətin olur (Gülür). Rəcibə
Heybətova adlı tələbə yoldaşım var. Ailə
qurmuşdu, mən də onun həyat yoldaşı ilə
dostluq edirdim, onlara gedib-gəlirdim. Bir
gün indiki həyat yoldaşımı onlarda gördüm.
Qəribə bir istilik yarandı. Tələbə
yoldaşım dedi ki, onun da valideynləri rəhmətə
gedib. Görüşdük, ailə qurmaq istədiyimi dedim. Mən
söhbətdə bir az rəngsiz,
boyasız danışan adamam, amma razılıq aldım və
evləndik. Bir qızımız, bir oğlumuz
var”.
Ailə həyatı
respublikada qarışıq dövrlərə
düşdüyü üçün ilk vaxtlar çətinlikləri
olur: "90-cı illər, ərzaq çatmırdı,
uşaq yeməyini tanışlıqla alırdım. Hər səhər çantama bir torba qoyurdum ki,
qarşıma nə çıxsa alım. Ətlə yağ talonla idi. Ayda bir dəfə
gedib alırdıq. Bazardan almaq imkanında
da deyildik. Ailəni təzə
qurmuşduq, aktyor məvacibi nədir ki? Xanımım
əvvəl işləyirdi, sonra uşaqların ikisi də
körpə olduğu üçün işləyə bilmədi.
Sonra yavaş-yavaş tanınmağa
başladım, konsertlərə, el şənliklərinə
dəvət olunurdum, əlimə pul gəlirdi”.
Ailəliyin medalı olsa idi, onu təntənə
ilə yoldaşıma verərdim
Deyir ki, uşaqlarının ikisi də mükəmməl
təhsil alıblar. Bunda isə xanımının rolu böyükdür:
"Qızım Tuğra Musayeva Prezident yanında İdarəçilik
Akademiyasını bitirib, ADA Universitetində magistratura oxudu,
indi orda müəllim kimi çalışır. Oğlum də İT üzrə mütəxəssisdir,
indi Polşada yerləşən Amerika şirkətlərinin
birində işləyir. Həyat
yoldaşım uşaqların təhsili ilə çox ciddi məşğul
olub, ikisi də rus və ingilis dillərini mükəmməl
bilirlər. Evdə də biz onlarla
xüsusi proqramla işləyirdik. Bəlkə
də bu kiməsə gülməli görünə bilər.
Uşaqlar folklorumuzu, adət-ənənəmizi
yaxşı bilsinlər deyə, həftədə bir dəfə
bu istiqamətdə onlara əməlli-başlı dərs
keçirdik. Orta məktəbi rusca
oxuyurdular və eyni zamanda ingilis dili ilə məşğul
olurdular. Fikirləşdik ki, zamanın nəbzini
tutmağın başqa yolu yoxdur. Bunlar
yoldaşımın xidmətidir. Ailəliyin
medalı olsa idi, onu təntənə ilə yoldaşıma
verərdim. İndi o, nənədir, mən
də baba. İki nəvəmiz var”.
Sonda müsahibimizin gənclərə məsləhətlərini də aldıq: "Çox oxusunlar, çünki mütaliənin insana verdiyi qabiliyyəti heç nə əvəz etmir. İkincisi, ağıllı olsunlar, addım atanda ətraflarına baxsınlar. Boş olanda diqqətlə güzgüdə özlərinə nəzər yetirsinlər ki, mən kiməm, hara gedirəm? Hamı vəzifə sahibi olmur ki. Hansı sahədədirlərsə, işlərini ən yaxşı surətdə görməyə çalışsınlar və bildikləri işi görsünlər. Bildiyi işlə məşğul olmaq insanın ömrünü uzadır, adamın üzünü ağ edir, işindən zövq alırsan. Vətəni sevsinlər, vətənpərvər olsunlar, baxsınlar, görsünlər bu vətəni sevmək olar, yoxsa yox? Təbii ki, bir yerdə ki, sənin valideynlərinin, babanın qəbri var, nəslin, kökün o torpaqda basdırılıb, sənin adın o torpaqla bağlıdır, sən onu sevməlisən. Teatra tez-tez getsinlər. Teatr adamın zövqünü formalaşdırır”.
Aygün
Asimqızı
Kaspi 2018.- 20 aprel .- S.12.