Tuncər Cücənoğlu: “Əsərlərimlə
dünyaya mesaj ötürməyə
çalışıram”
Tuncər
Cücənoğlu... Bu ad teatr camesinə çox
yaxşı tanışdır. Bu gün Türkiyəli
yazarın dövrümüzün ən aktual problemlərindən
bəhs edən əsərləri dünyanın müxtəlif
ölkələrində səhnəyə qoyulur. T.Cücənoğlunun
əsərləri rus, ingilis, alman, fransız, bolqar, yunan,
makedon, isveç, gürcü, yapon, azərbaycan, tatar,
çin, ərəb, fars, ukrayna, macar, çərkəz,
litva, özbək olmaqla 30 xarici dilə tərcümə
edilib.
Dünya
teatr aləmində dramaturq kimi məşhur olan müsahibimin
"Uçqun”, "Matruşka”, "Rəngsaz”, "Gözəlçələr”,
"Qızıl çay”, "Çıxmaz küçə”,
"Sənət”, "Təyyarə”, "Şapka”,
"Ziyarətçi”, "Qadın sığnağı” və
s. əsərləri 40-dan çox ölkədə səhnə
həllini taparaq bu gün də repertuarlarında yer alır.
Əsərləri
Azərbaycanda da sevilə-sevilə tamaşaya qoyulan dünya
şöhrətli dramaturqla bu dəfə virtual olaraq söhbət
etdik. Söhbətimizi sizə təqdim edirik.
- Tuncer bəy, 50 ilə
yaxındır ki, teatr səhnələri üçün əsərlər
yazırsınız. Bu da yarım əsr deməkdir. 50 il! Bu, əsərləri
dünyanı gəzən bir yazar üçün nə məna
daşıyır?
- Bəli, teatr yazarı olaraq 48 ildir
ki, fəaliyyətdəyəm. İki il sonra 50
ilim tamam olacaq. Bu nöqtəyə gəlib
çatdığım üçün özümü
xoşbəxt hiss edirəm.
- Müəllifi olduğunuz pyeslər
nəinki Türkiyədə, dünyanın bir çox
ölkələrində səhnəyə qoyulub və hələ
də oynanılmaqdadır. Bu uğura necə nail olmusunuz?
- Əsərlərimi yalnız Türkiyə
üçün deyil, dünya xalqları üçün də
yazıram. İnsanlığın problemləri ortaqdır.
Əgər sağlam bir hekayəniz, xarakterləriniz
və insanlığı maraqlandıran bir mesajınız
varsa, bu zirvəyə çatmaq mümkündür.
- Normalda
yazar sadəcə bir əsərinin səhnəyə
qoyulması üçün illərlə gözləyir.
-
Yazdığım ilk əsərimlə teatr səhnəsinə
çıxan bir yazaram. Əsərlərim mənə
bu şansı yaradır.
- Türkiyənin teatr həyatını
necə dəyərləndirirsiniz? Və
hazırda Türkiyə teatrında hansı proseslər gedir?
-
Türkiyənin aktyor baxımından bir problemi yoxdur. Amma bir qədər rejissor sıxıntımız
var. Növbəti önəmli problemimiz də dövlət və
bələdiyyə teatrlarının tamaşa seçimində
daha sərbəst bir ortama sahib olmasıdır. Bu çox vacib məsələdir.
- Teatr yazarı olaraq fərdi
saytınız fəaliyyət göstərir, bu sizə
hansı avantajlar yaradır?
-
Haqqımda bütün materialları özündə
daşıyan Web səhifəm mənə böyük
avantajlar təqdim edir. Çünki
bütün dillərə çevrilmiş əsərlərimi
tez bir zamanda saytıma yerləşdirirəm. Beləliklə tamaşalarımı və əsərlərimi
izləmək çox asan olur. Mənə
sadəcə, saytımın adresini teatr cameəsindən olan
insanlara vermək qalır. Əvvəl
poçt vasitəsi ilə tamaşaların diskini göndərirdik
və ünvana çatma işi aylarla sürürdü.
Bu da bizdən ayrı bir maliyyə tələb
edirdi. Hər göndərdiyin yer
üçün tamaşaların bir nüsxəsini
çıxarmaq və poçtalyonun pulunu ödəmək məcburiyyətimiz
var idi. Ancaq indi bir neçə dəqiqə
içində sayta daxil olub, tamaşalara baxmaq
mümkündür.
- Ötən ay Gəncə Dövlət
Dram Teatrında sizin "Matruşka” əsəriniz səhnəyə
qoyuldu. Tamaşa sizi qane etdimi?
- Gəncə
Dövlət Teatrında "Matruşka” adlı əsərimin
uğurlu səhnələşdirildiyini deyə bilərəm.
Rejissor Elşad Əhmədli və aktyorlar
olduqca yaxşı performans göstərmişdilər. Buradan onları da təbrik edirəm.
- Hazırda isə İrəvan Teatrında Sərvər Əliyev tərəfindən
başqa bir əsəriniz səhnəyə qoyulur. Bir ildə iki əsəriniz Azərbaycan
teatrlarında səhnə həlli tapır. Sizcə də bu Azərbaycanın sizə bir yazar
olaraq verdiyi dəyərdən xəbər vermirmi?
- Sərvər
Əliyev çox yaxşı bir rejissordur və mənim ən
yaxşı dostlarımdan biridir. İnanıram
ki, İrəvan teatrında hazırlanan "Matruşka”
tamaşası da çox uğurlu olacaq. Azərbaycan
xalqı məni sevdi. Çünki bu günə qədər
"Kor döyüşü”, "Ziyarətçi”, "Ah,
bir yoxsul olsam”, "Uçqun”, "Gözəlçələr”
və "Boyaçı” adlı
əsərlərim dost və qardaş Azərbaycanda səhnələşdirilib.
Və digər əsərlərim də səhnələşdiriləcəkdir.
Çünki mən Azərbaycan xalqı ilə
ruh əkiziyəm.
Bunu da əsla unutmayın ki, böyük dünya
şairimiz Nazim Hikmətin ən yaxın dostu,
ölümündə belə baş ucunda Əkbər Babayev
olub. Yenə Nazim ustamın "Fərhad və Şirin”
baletinin kompozitoru da dünyanın ən böyük
musiqiçilərindən Arif Məlikovdur. Mən
"Qızıl çay” əsərimin balet liberotosunu
yazdım və Azərbaycanın tanınmış bəstəkarı
Cavanşir Quliyev buna səhnə həlli verdi.
Bu əsər Türkiyə ilə bərabər
bir çox ölkələrin repertuarına daxil oldu. Ümid edirəm ki, Türkiyə və Azərbaycan
xalqlarının ortaq bir məhsulu olaraq Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsində də bu
tamaşa nümayiş olunar. Mən
artıq bir dünya yazarıyam. Amma bilinməlidir
ki, xüsusilə Azərbaycan və Türkiyə
xalqlarının yazarı kimi fəaliyyət göstərirəm.
- 2008-ci
ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
sizin "Uçqun” əsəriniz Bəhram Osmanovun
quruluşunda səhnəyə qoyuldu. Türkdilli
ölkələrin bir çoxu bu əsərə müraciət
edib. Sizcə türkdilli xalqlarda bu əsərə
maraq oyadan səbəb nədir?
-
"Uçqun” yalnız türk dilində danışan
ölkələrdə deyil Rusiya Federasiyanın Muxtar Respublikalarında,
Balkanlarda (Bolqarıstan, Rumıniya, Ukrayna), Qafqazda, daha sonra
Gürcüstan, İran, Fransa, Litvada səhnə üzü
görüb. Bu günlərdə Belarusiyada Minsk M.Qorki adına Dövlət Dram Teatrında
"Uçqun”un məşqlərinə başlanıb. Xüsusilə də Rusiya Federasiyanın 24 şəhərində
"Uçqun” tamaşası tamaşaya qoyulub. Əsərlərimin
bu qədər çox ölkələrin teatr səhnələrinə
yol tapmasının səbəbi isə cəmiyyətin
ümumi bir mövzusu olan: "Susma, danış! Çünki susmaq əlac gətirməz”
ismarıcıdır.
Bu günlərdə Gürcüstanda maraqlı bir layihə
həyata keçirildi. 5 ayrı ölkədən 5 rejissor mənim
"Uçqun” əsərimin tamaşasını qurdu. Azərbaycanlı rejissor İradə Gözəlova
da orada iştirak edirdi. Bu tamaşa
dünyanın bir çox ölkəsində
Gürcüstanı təmsil edəcək.
- Hazırda Azərbaycan
teatrını necə dəyərləndirirsiniz?
- Azərbaycan
müasir standartlara uyğun teatr binalarına sahib olan
dünyanın ən zəngin ölkələrindən
biridir. Xüsusilə də Bakıda saysız və
mükəmməl teatr binalarına sahib olmanız təbii ki,
təqdirəlayiq haldır. Bu vəziyyət
Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin sənətə
və xüsusilə də teatrlara verdiyi diqqətin göstəricisidir.
Yenə də nazirliyinizin beynəlxalq qurultaylar
keçirməsi də çox önəmli qərardır.
Mədəniyyət nazirliyinizdən də əvvəl
sizin prezidentiniz cənab İlham Əliyev və onun dəyərli
həyat yoldaşı Mehriban Əliyevanı təbrik edirəm.
İlham Əliyevin və onu həyat
yoldaşının teatr sənətçilərinə
önəm verəcəyini və onları sosial baxımdan da
məmnun edəcəyini bilirəm. Çünki
İlham Əliyev çox önəmli bir adamın, Ulu
öndər Heydər Əliyevin oğludur. Bu səbəbdən mədəniyyətin dəyərini
biləcək və öz dəstəyini əsirgəməyəcəkdir.
- Sizin
yaradıcılığınıza nəzər
yetirdikdə daha çox ümumi problemlərdən yazdığınızı
və həmin problemlərin bütün dünya
üçün aktual olduğunu görürük.
- Mən
insanlığı ulu öndərimiz Mustafa Kamal Atatürk
kimi, eynən onun gözü ilə görməyə
çalışıram. Yəni
dünyadakı bütün xalqlar böyük insan bədəninin
parçaları kimidir. Qəlbi bir
xalqdırsa, beyni, əlləri, ayaqları, ayrı bir
xalqdır. Ancaq hamısı birlikdə bir
bütündür. Yəni tək
insanı bütövləşdirir. Əlində,
ya da başında problem olan insanın acısını
bütün insanlıq hiss edir. Beləliklə
insanlığı maraqlandıran bir mövzunun bütün
dünyada səhnələşdirilməsi vacibdir. Bu gün Şekspirin əsərləri Afrikadan
Amerikaya, Avropadan Asiyaya yayılıb, oynanılmasının əsas
səbəbi budur. Mən də əsərlərimlə
bütün dünyaya mesaj ötürməyə
çalışıram. Bu səbəblərdən
də əsərlərim daha çox ölkəyə
yayılır.
- Sizcə hər bir teatrın öz
yazarı olmalıdırmı?
- Şübhəsiz ki, hər teatr öz
dünyagörüşünə uyğun əsərlər
axtarır və səhnəyə gətirir. Əlbəttə,
yazarın keyfiyyəti teatrın səviyyəsini daha da
qaldırar.
- Müəllifi olduğunuz "Matruşka” əsəri
15- dən çox ölkənin
teatr səhnəsində oynanılıb. Bir
müəllif olaraq hansı hissləri keçirirsiniz?
- Bu məni
təbii ki, sevindirir. Əsərimin daha çox
yayıldığını görmək gözəl hissdir.
Bunun bir çox səbəbləri var. Birincisi, tamaşada iki
nəfər oynayır - bir qadın, bir kişi.
İqtisadi baxımdan da çox əlverişlidir.
İkincisi, asanlıqla daşına bilən alətləri
var. Üçüncüsü, mobil bir oyundur. Dördüncüsü isə cəmiyyəti bir
mövzu ilə güldürərək insanlara əyləncəli
şəkildə izah etmək kimi xüsusiyyəti var. Bu
tamaşanın daha çox oynanılmasının onlardan
qaynaqlandığını bilirəm.
"Matruşka”nın mövzusu da maraqlıdır:
"Eşq bütün ümidsizliklərə baxmayaraq
gözəl və yaşanılası bir şeydir”.
Onu da əlavə edim ki, bu günlərdə Türkiyədə
İstanbul şəhər teatrı və İzmirdə
özəl bir teatr da bu tamaşanı hazırlayıb.
- Teatrın çox da dəbdə
olmadığı bir dövrdə nə üçün məhz
teatr yazarlığını seçdiniz? Axı
Türkiyədə serial yazarları daha çox pul
qazanırlar?
- Mən
teatr yazarlığını 48 il bundan
öncə bilərək seçmişdim. Çünki
bu sahədə mütləq şəkildə uğur
qazanacağımı bilirdim. Serial yazmaq
insanı tükədir. Serial yazmaq onu buza
yazmaq kimi bir şeydir. Yazarsan və əriyər
gedər. Serial yazarları hər həftə
bir oyun yazmağa məcburdurlar. Üstəlik
hər bölüm üçün bir dəfə pul
alırlar. Ancaq qalıcı və cəmiyyətə
bir mesaj ötürə biləcəyiniz əsər
yazmış olarsanız bir çox ölkə teatrları da
bunu oynayacaq və siz daha çox pul qazanacaqsınız.
Beləliklə, dünya teatr ədəbiyyatına
tanınan və daima xatırlanan bir yazar olaraq daxil olursunuz.
Qaldı ki, teatr yazarı insandan dəqiqlik tələb
edir. Mən bu 48 ildə 28 pyes
yazmışam. Amma bu əsərlərimin
hamısı dünyada tanınıb və dəfələrlə
səhnəyə qoyulub. Teatr
yazarlığı serial yazarlığından daha çox gəlir
gətirir.
- Dramaturq kimi
çalışdığınız bu illər ərzində
cəmi 1 dəfə aktyor kimi səhnəyə
çıxmısınız. Təfəkkürünüzün
məhsulu olan qəhrəmanı yazarın özünün
canlandırması necə hissdir?
- Bəli,
yalnız bir dəfə səhnəyə çıxdım. Bu tamaşa Türkiyə aktyor və
rejissorlarından Avni Dilligilin teatrında illərcə səhnələnən
"Qırmızı fənərlər” tamaşası idi.
Bir yunanlı yazarın tamaşası idi. Heç bir aktyor tamaşada oynadığı insan
deyildir. Hamleti oynayan aktyor Hamlet, yat da Kral
Lirdirmi? O ki qaldı sualınıza, mən aktyor deyiləm
və məcburiyyət qarşısında qalıb, bir gecəlik
səhnəyə çıxdım.
Bu yaxınlarda yuxumda belə bir şey gördüm. Mənim əsərlərimdən
biri səhnələşdirilirdi. Teatrın direktoru
böyük həyəcanla yanıma gəlib dedi ki,
bütün biletlər satılıb və baş rolu oynayan
aktyor ağır bir xəstəlik keçirib. Bunun
üçün xəstəxanada yatır. Çox xahiş edirəm səhnəyə
çıxıb onun rolunu sən oyna, yoxsa biabr
olacağıq. Onsuz da bu əsəri siz
yazmısınız. Aktyorun monoloqunu da
bilirsiniz. Yuxudan qorxu ilə oyandım.
Qan-tər içində idim.
Özlüyümdə dedim ki, yaxşı ki, yuxu
imiş. Yoxsa qorxu ilə qalxıb infarkt
keçirərdim. Aktyorluq çox çətin
bir işdir. Yazarlıq isə tamam
başqa bir şeydir. Bu baxımdan, hər
kəs yerini bilməlidir. Doğrudan da məndən
bəhs edən bir əsərim yoxdur. Amma
öz yaşamımdan parçalar olan əsərlərim var.
- Müsahibələrinizin birində
"Bir ölkənin məşhur olması üçün
onun teatr yazarı olmalıdır” demisiniz. Niyə
məhz teatr yazarı?
- Təbii
ki, bütün mövzularda yazarların olması bir ölkəni
tanıdar. Ancaq davamlı olaraq
oynanılırsa, ölkəsini daha çox tanıdar. Onun əsərləri dünyanın müxtəlif
səhnələrində oynanılsa, müəllifin ölkəsi
hər zaman gündəmdə qalacaq.
- Sizin oxucu və
tamaşaçılarınızı yeni hansı əsərlər
gözləyir?
- Ən son yazdığım "Brut ya da Yuli Sezarın
qatili” əsəridir ki, bu əsər hələ ki, səhnəqoyulmayıb,
amma bir çox dilə tərcümə olunub. Bu əsərin
dünyada ilk premyerası Tiflisdə olacaq. Tamaşanın rejissoru İrakli Gogiadır. İyunun əvvəlində Tiflisdə
tamaşanın dünya qalası keçiriləcək.
Hazırda üzərində çalışdığım əsər isə "Sarı gəlin”dir. Xalqların düşmən olmadığını və olmamağın vacibliyini izah etməyə çalışdığım bir musiqi əsəridir. İnşallah, bu ay onu bitirəcəm.
Xəyalə Rəis
Kaspi.-2018.-2018.-19 aprel.-S.11.