Opera müğənnisindən “Cümhuriyyət İli”nə töhfə

 

Xalq artisti dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynovanın yaradıcılığına müraciət edib

 

Tanınmış opera müğənnisi Fidan Hacıyeva "Cümhuriyyət İli” çərçivəsində silsilə konsert proqramına start verir. Müğənni dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynovanın yaradıcılığına müraciət edib. "Kaspi”də qonaq olan müğənni yaradıcılığında klassik bəstəkarlara üstünlük verməsinin səbəbini açıqlayıb: "Üzeyir bəyin tələbələri olan ilk bəstəkar qadınlara - Şəfiqə xanım Axundova, Ağabacı Rzayeva, Ədilə Hüseynzadəyə yaradıcılığımda yer ayırmaq istədim. İlk olaraq bəstəkar Ədilə Hüseynzadənin yaradıcılığına müraciət etdim. Onun əsərlərinə vaxtilə Bülbül, Şövkət Ələkbərova, müəllimim Hüseyn Əliyev müraciət edib. İndi də həmin romansları ifa etmək mənə nəsib oldu”. Ədilə Hüseynzadənin vaxtilə tanınmış vokalist və ifaçı kimi tanındığını söyləyən F.Hacıyeva "Sanki onun bütün əsərləri mənim üçün yazılıb”, - deyə hisslərini ifadə etdi: "Ədilə Hüseynzadənin 16 romansını ifa edəcəm. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə bu əsərlər daxildir”.

 

Xalq artistinin Azərbaycan Xalq Cümhuriyyəti-100 adı altında təqdim edəcəyi ilk konserti mayın 6-da Filarmoniyada baş tutacaq: "Bu konsert Ədilə Hüseynzadənin əsərlərindən ibarət olacaq”. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək: "Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiyaharmoniyalar üzərində qurulubNigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün üçün yazılıb”. Müğənni yaradıcılığında romanslara üstünlük verməsini bu janrın unudulmaqda olması ilə əlaqələndirir: "Romanslar artıq unudulub. İllər öncə efirlərdə romanslar Bülbülün, Şövkət xanımın, Firəngiz xanımın, FidanXuraman Qasımovaların ifasında səslənirdi. İndi daha müğənnilər bu janrda yazılan əsərləri ifa etmirlər. Mən də romansları bərpa etmək istədim. Qoy bizim gənclərimiz də bu romansları tanısınlar, eşitsinlər. Bacardığım qədər bu əsərləri həm öz vətənimdə, həm də dünyada tanıtmaq istəyirəm. Bəstəkarın «Mənim arzum», «Yaşamaq», «Günəşdən gənclik istədim», «Gül», «Bahar», «Əziz ana» və s. mahnıları layihədə yer alıb”. F.Hacıyeva konsertləri öz maddi imkanları hesabına gerçəkləşdirəcəyini deyir. Belə ki, bəstəkarın ailə üzvləri öz məsləhətləri ilə müğənniyə dəstək göstərirlər: "Bu konsertləri təqdim etmək mənim  istəyimdir. Ədilə xanımın ailəsi mənəvi dəstəyini əsirgəmir. Məqsədim bir opera ifaçısı kimi Azərbaycanın klassik musiqilərini, mədəniyyətini dünyada tanıtmaqdır”.

 

Müğənninin Cümhuriyyət İli çərçivəsində İsveçrədə keçirəcəyi konsert Respublika Gününə həsr olunacaq. F.Hacıyeva konsertdə Ədilə Hüseynzadə, Üzeyir bəy, Tofiq Quliyev, Qara Qarayev və Fikrət Əmirovun romanslarını ifa edəcək: "Həmçinin dünya bəstəkarlarının əsərlərini ifa edəcəm. Əsərlər ifamda yeddi dildə – Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dilində səslənəcək”. Opera müğənnisi konsert proqramının daha sonra İtaliya, Fransa, Türkiyə və s. ölkələrdə təqdim edəcəyini də bildirdi: "Böyük ölkələrin səhnələrində Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Azərbaycanın mədəniyyətini dünyada tanıtmaq mənim bir vətəndaşlıq borcumdur”.

 

F.Hacıyeva rəhbəri olduğu musiqi məktəbinin fəaliyyətindən də danışdı: "Məktəbə gözəl səslər müraciət edirlər. Yaş məhdudiyyəti yoxdur. Məktəbdə klassik Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən söhbət gedir. Mən onları elə yetişdirirəm. Bu yaxınlarda Qara Qarayev adına məktəbdə beynəlxalq müsabiqə keçirildi. Tələbələrim həmin müsabiqədə ilk yerləri qazandılar. Artıq tələbələrim beynəlxalq müsabiqələrdə laureat olur, festivallarda çıxış edirlər. Bir pedaqoq kimi məndən sonra klassik janrda davamçılarımız olmasını istəyirəm. Universitetlərdə də konsert proqramları ilə çıxış edirik. Məqsədimiz gəncləri maarifləndirməkdir”.

Xalq artisti solo konsertləri ilə bağlı detalları mayın 25-də saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

 

Təranə Məhərrəmova

 

Kaspi 2018.- 24 aprel.- S.11.