Türkiyə ilə Azərbaycan arasında daha bir körpü

 

Bu əməkdaşlıq hər iki ölkənin təhsilinə töhfə verəcək

 

Azərbaycan və Türkiyə universitetləri arasında təhsil əlaqələrini möhkəmləndirmək, tələbə mübadiləsi sahəsində mövcud olan geniş imkanları təqdim etmək məqsədi ilə keçirilən "Türkiyə-Azərbaycan təhsil körpüsü” adlı konfrans ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da konfransı ölkələrimiz arasında təhsilin inkişafına dəstək kimi dəyərləndirdi: "Təhsil konfransının keçirilməsi heç də təsadüfi deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin göstəricisidir. Bu münasibətlər heç də yaxın zamanlara aid deyil, Azərbaycan müstəqilliyini elan etdikdən - 1991-ci ildən bəri get-gedə daha da inkişaf edib. O vaxtdan indiyə qədər Türkiyədə təhsil alan azərbaycanlıların sayı təxminən 125 minə çatıb. Bu rəqəm təkcə universitet sahəsində deyil, orta təhsil, ixtisas təhsili, həmçinin hərbi, iqtisadi, mədəni sahələrə də aiddir. Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 14 min 800-dən çoxdur. Azərbaycanlı tələbələr Türkiyənin hər bir vilayətində təhsil alırlar. Bu, onlara təkcə təhsil aldıqları sahənin deyil, həmçinin Türkiyədə yaşayan insanların həyatını, ölkənin tarixini, mədəniyyətini, həyat dərsini öyrədir. Bunun Türkiyə və Azərbaycan arasındakı münasibətlərə böyük təsiri var. Bu, bizim bir millət, iki qardaş olduğumuzu, sevincimizin, kədərimizin bir olduğunu anladır. Bu, Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırır”. Özoral Türkiyə səfirliyinin əlaqələrimizə təsir edəcək, birliyimizə güc verəcək, ölkələrimizi bir-birimizə yaxınlaşdıracaq bütün müsbət amilləri dəstəklədiyini vurğuladı: "Bu baxımdan konfransın böyük əhəmiyyəti var. Çünki Türkiyə ilə Azərbaycan hər zaman birlikdə daha güclüdür».  

"Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva konfransa qatılan bütün iştirakçıları salamlayaraq «Siz doğru ünvana gəlibsiniz. Çünki «Kaspi» Təhsil Şirkətinin təşkilatçılığı ilə keçirilən bu tədbirin ünvanı ölkələrimiz arasındakı təhsil əlaqələrinin inkişafına yönəlib» dedi. Təsisçi ulu öndər Heydər Əliyevin milli təhsilimizin inkişafı ilə bağlı səsləndirdiyi fikirləri xatırladı: «Ulu öndər Heydər Əliyev "Təhsil bir millətin gələcəyidir. Əgər millətin gələcəyinin gözəl olmasını istəyiriksə onun təhsilinə şərait yaratmalıyıq» deyirdi. Prezident İlham Əliyev bu fikirləri daha da genişləndirərək «Qara qızıl kapitalını insan kapitalına çevirək” mesajını verdi”. S.Vəliyeva həm Türkiyə, həm də Azərbaycan dövlətinin inkişafının təhsilin yüksək səviyyədə qurulmasından asılı olduğunu qeyd etdi: "Sizi əmin etmək istəyirəm ki, təhsil adına üz tutduğunuz Azərbaycan sizin doğma məkanınızdır. Bu ölkədə təhsilə yüksək önəm verildiyi üçün doğru ünvandasınız». S.Vəliyeva rəhbərlik etdiyi şirkətin uğurlarından söz açaraq indiyə qədər KTŞ-nin bir neçə beynəlxalq sərgi təşkil etdiyini, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini söylədi: « ABŞ, Kanada, İngiltərə və s. ölkələrə göndərdiyimiz tələbələr təhsil alıb qayıdıblar. Onların bir qismi bizimlə çiyin-çiyinə çalışır. Biz təhsilin fundamental inkişafını nəzərə alaraq beynəlxalq universitetlərlə əməkdaşlıq çərçivəsində iş görürük. Ümid edirəm ki, Türkiyə universitetləri ilə də əlaqələrimiz də uğurlu olacaq. Əməkdaşlığımızın hər iki ölkənin təhsilinə töhfə verəcəyinə inanıram”. S.Vəliyeva konfransa qatılan türkiyəli təhsil təmsilçilərinə səsləndi: "İstərdik ki, öz imtahanlarınızı bizim məkanda keçirəsiniz. Biz təhsil alan tələbələrin sonrakı taleyinə də nəzarət edir, daim fəaliyyətləri, iş, yaşam şəraitləri ilə  maraqlanırıq. Siz gözəl bir işlə, təhsil işi ilə məşğulsunuz. Bu fəaliyyətinizdə sizə uğurlar arzulayıram!”     

Altınbaş Universitetinin rektoru Çağrı Erhan konfransın Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığa müsbət təsir edəcəyini qeyd etdi: «Azərbaycan tələbələri Türkiyədə təhsil alırlar. 125 minə qədər tələbənin bu günə qədər təhsil alması və bu siyahının get-gedə artması, gənclərin Türkiyə universitetlərində oxumağa can atması, ölkələrimiz arasında münasibətlərin möhkəm olmasından xəbər verir. Təhsil ölkələr arasında gözəl münasibətlər yaradır, körpü salır, yeni fəaliyyət imkanları ortaya çıxarır”. Rektor təhsil arasındakı əlaqələrimizin həmçinin Türkiyədən Azərbaycana gənclərin oxumağa gəlməsinə şərait yaratdığını qeyd etdi. Belə ki, bu fakt da ölkələrimiz arasındakı işbirliyinin daha da genişlənməsinə səbəb olub: "Türkiyə universitetlərində bu gün Azərbaycandan çox dəyərli professorlar çalışır. Həmçinin Azərbaycan ali məktəblərində də Türkiyədən gələn müəllimlər işləyirlər. Ortaq layihələrə imza atılır. Bu əlaqələr dövlət başçılarının ölkələrimiz arasındakı münasibətlərin daha da yaxşı olması üçün çalışmalarına sübutdur”. 

Altınbaş Universitetinin təsisçisi Alı Altınbaş təhsil ocağının Altınbaş ailəsinin qurduğu vəqf universiteti, həmçinin dövlətin dəstəklədiyi bir təhsil ocağı olduğunu diqqətə çatdırdı: "Bir iş adamı olaraq cəmiyyətə sosial öhdəliyimizi yerinə yetirməyi düşünürük. Yəni insanın faydalı olmasının yolunun təhsildən keçməsi düşüncəsi ilə sosial öhdəlik layihəsini təhsil yolu ilə həyata keçirməyə çalışırıq. Hazırda bizim universitetdə 71 ölkədən tələbə təhsil alır”. Təsisçi artıq 10 ildir ki, fəaliyyət göstərən universitetin çoxlu uğurlara imza atdığını qeyd etdi: "Bir iş adamı kimi həyatda gördüklərim təhsil dünyasında gördüklərimdən çox fərqlidir. İş mühitində gördüyün işləri bir-birinə göstərməmək, sirlərini bir-birindən gizlətmək kimi xüsusiyyətlər var. Ancaq təhsil sistemində belə gizlinlər yoxdur. Bütün dünya təhsil sistemində əldə etdiyi nailiyyətləri bir-biri ilə paylaşır. Ona görə, Türkiyə universitetləri dünya universitetləri ilə əlaqəli fəaliyyət göstərir. Bu gün Türkiyənin təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunmuş, onunla paralel vəziyyətdə çalışır. Buna görə də, Türkiyədə hər hansı universiteti seçərkən, könül rahatlığı ilə qərar verə bilərsiniz».  Alı Altınbaş təhsil əlaqələrinin təkcə bakalavr və magistr pillələri ilə məhdudlaşmadığını bildirdi: "Azərbaycanlı tələbələr həmçinin Türkiyə ali məktəblərində doktorantura təhsili alır, elmi araşdırmalarla məşğul olurlar. Elmi əlaqələrimiz get-gedə genişlənir. Əminəm ki, keçirilən bu tip konfranslar ölkələrimiz arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək”

"Hər bir ölkənin inkişafı onun insanlarının bilik və bacarığından və bu xüsusiyyətləri formalaşdıran sistemdən asılıdır” deyən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov  27 il bundan əvvəl müstəqilliyini bərpa edən ölkəmizin çətin dövrlər keçirməsinə baxmayaraq, qısa müddətdə böyük nəticələr əldə etdiyini diqqətə çatdırdı: "Sosial və iqtisadi inkişafına, ÜDM-in nəticələrinin artması tempinə görə, Azərbaycan bu gün dünya liderləri sırasındadır. Təbii ki, bu uğurların əsasında təlim və təhsil sahəsində qazanılan nailiyyətlər dayanır”. Təhsil sahəsində qazandığı uğurlara görə, «Kaspi» Təhsil Şirkətini xüsusi qeyd edən rektor bu şirkətin fəaliyyətinin sosial məsuliyyəti ifadə etdiyini bildirdi: "Kaspi Təhsil Şirkətinin fəaliyyəti ölkənin təhsil strategiyasına dəstək olur və təhsilin inkişafına töhfələr verir. Türkiyə təhsil ocaqları ilə əlaqələrin qurulması isə şübhəsiz ki, təhsilimizin inkişafına dəstək olacaq”.

 

Təhsil almağın, bir peşənin sahibi olmağın hər bir insan üçün vacib olduğunu bildirən Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva gənclərə tövsiyə verərək "təhsil alan zaman elə ölkələr seçin ki, Azərbaycana qayıdanda dövlətimizin inkişafında əlinizdən gələni edəsiniz” dedi: "Bütün dünyada təhsil mühüm rol oynayır. Bizim gənclərimiz dünyanın istənilən nüfuzlu universitetlərinə qəbul olunurlar. Türkiyədə yaşayan insanların milli-mənəvi dəyərləri, dünyaya baxışı, mövqeyi də bizim adət-ənənəmizə çox yaxındır”.

Millət vəkili Elman Nəsirov konfransın ölkələr arasındakı təhsil əlaqələrinin inkişafına müsbət təsir edəcəyini söyləyərək "Türkiyə dövlətində təhsil almaq üçün "Kaspi” şirkətinin yaratdığı imkandan istifadə edin” deyərək, gənclərə səsləndi: "Təhsil almaq sizin həyatınızda böyük əhəmiyyət kəsb edəcək. Bu nöqteyi-nəzərdən, Türkiyə ilə bu sahədə əlaqələrimizin böyük əhəmiyyəti var”.

Konfransda çıxış edən digər iştirakçılar "Azərbaycan və Türkiyə arasında təhsil-təcrübə mübadiləsi”, "Türkiyədə ali təhsil imkanları” və s. mövzularda müzakirələr apardılar. Tədbirə qatılan abituriyentlər Türkiyədə fəaliyyət göstərən texniki universitetlərdə təhsil imkanları ilə yaxından tanış olmaq, eyni zamanda ali təhsil ocaqlarının rəhbərləri ilə canlı ünsiyyət qurmaq imkanı əldə etdilər.

 

Konfransda iştirak etdi

Təranə Məhərrəmova

 

Kaspi 2018.- 24 aprel.- S.9.